Füzuli Sözünün heyranı

 

TANINMIŞ ƏDƏBİYYATŞÜNAS GÜLŞƏN ƏLİYEVA-KƏNGƏRLİNİN 50 YAŞINA

 

Gün ki, sayən düşdüyü yerdən durar,

bir vəchi var,

Gəlsə aliqədrlər,

fəqr əhli durmaqdır ədəb.

 

Dahi Füzulinin bir qəzəlindəki beytin mənası budur ki: Kölgə olan yerdən Günəş çəkilir, kölgəli yerə düşə bilmir. İnsan hərəkət etdiyi zaman kölgəsi də yerini dəyişir, Günəşin şüalarını yerdən rədd edir. Füzuli bununla sevgilinin kölgəsini Günəşdən də üstün tutur, onu "aliqədr", Günəşi isə "fəqr əhli" hesab edir. Şair sevgilinin kölgəsi düşən yerdən Günəş şüasının çəkilməsini tam qanuni sayır. Çünki aliqədrlər gələndə adi adamlar ayağa durmalıdır.

Bax Füzuli haqqında söz deyəndə də, bir fəqr əhli kimi sən öz gücsüzlüyünü dərk edirsən.

Füzuli haqqında, onun yaradıcılığı barədə Azərbaycan, Türkiyə və dünya ədəbiyyatşünaslığında çox söz deyilib. Amma gəlin etiraf edək ki, sahilləri və dibi görünməyən, yeri-göyü əks etdirən mühit dənizindən hər tədqiqatçı, olsa-olsa, bir neçə inci toplaya bilib. Ona görə elə Azərbaycan ədəbiyyatşünaslığında "bir nömrəli füzulişünas kimdir" sualına cavab vermək çox çətindir. Amma bununla yanaşı, F.Köçərlinin, S.Mümtazın, Mir Cəlalın, H.Araslının, M.Cəfərin, M.Quluzadənin, Fuad Qasımzadənin, Sabir Əliyevin, Lalə Əlizadənin, Ə.Səfərlinin, S.Əlizadənin, A.Rüstəmovanın, Ə.Dəmirçizadənin, K.Vəlinin xidmətlərini heç cür unutmaq olmaz. Onların topladığı incilər nəhayətdə füzulişünaslıq elminin yaranmasına səbəb olub. Keçən əsrin sonlarından başlayaraq bu füzulişünasların sırasına istedadlı bir ədəbiyyatşünas - Gülşən Əliyeva-Kəngərli də qoşuldu və onun tədqiqatları ilə füzulişünaslıq elmi daha da zənginləşdi. Bu ilin mayında Gülşən Əliyeva-Kəngərli öz ömrünün ekvator xəttini keçir - 50 yaşı tamam olur. Bu 50 ilin tən yarısı Füzuliyə həsr olunub. Gülşən xanım, Füzuli yaradıcılığı haqqında bir neçə monoqrafiya yazıb, onun namizədlik və doktorluq dissertasiyaları, onlarla məqaləsi, Azərbaycanda və xaricdə milli və beynəlxalq konfranslarda məruzə və çıxışları Füzulidəndir - onun neçə əsrdən bəri qəlbləri ehtizaza gətirən poeziyasındandır.

Füzuli haqqında söz demək çətindən çətindir. Ona görə çətindir ki, ilk növbədə, Füzulinin əsərlərini təkcə mütaliə etməklə iş bitmir, bu əsərlərin gərək hər birinin ruhunu tutasan. Anlayasan ki, beş əsrdən artıq milyonlarla oxucunun ürəyinə yol tapmış bu ustadi-əzəm hansı hünərin sahibidir. Onu duyduqca duyasan, onu sevdikcə sevəsən. İkincisi, XX-XXI əsrdən XVI əsrə boylanasan, özünü o uzaq keçmişdə hiss edəsən. Füzulini zorla "müasirləşdirməyəsən". Füzulinin yaşadığı ictimai-tarixi şəraiti, Bağdad mühitini sanki öz gözlərinlə görəsən, seyr edəsən. Füzulinin Azərbaycan mühitindən ərəb mühitinə necə alışdığının şahidi olasan. Üçüncüsü, onun dilinin, mənəvi varlığının bütünlüklə türk-Azərbaycan təfəkküründən doğduğunu şəksiz qəbul edəsən. "Düşvarı asan eyləyən" bir şairin Azərbaycan dilini elita-dil səviyyəsinə qaldırdığını özün dərk edəsən. Dördüncüsü, Füzulinin mənəvi sərvətini-küllən bütün yaradıcılığını mənimsəyəsən, qəzəllərindəki çoxmənalı qatları teleskopla yox, fəhminlə, idrakınla dərk edəsən. Beşincisi, onun yaradıcılığını təkcə alim-mütəxəssis kimi yox, həm də estetik zövq sahibi kimi araşdırasan. Altıncısı, Füzulinin özündən əvvəlki ədəbi ənənələrlə bağlılığını və eləcə də özündən sonrakı ədəbiyyata təsir dairəsini tədqiq edəsən, niyə Füzuli beş əsrdən artıq şüurlara hakim kəsilib sualına cavab verəsən, Füzuli möcüzəsinin sirrini, sehrini, ölməzliyini, yaşarılığını izah edəsən.

Öncə qeyd etdiyimi kimi, Füzuliçilər, yəni Füzulini tədqiq edən alimlər, filosoflar çox olub. Şərqdən tutmuş Qərbə qədər. Hər bir alimin də, filosofun da öz Füzulisi olub. Heç kimin zəhmətini yerə vurmaq olmaz. Əksinə, Füzuli təkcə onu sevən insanların qəlbində, ruhunda deyil, həm də alimlərin, filosofların tədqiqatlarında yaşayır. Füzulidən həmişə yazıblar, indi də yazırlar, gələcəkdə də yazacaqlar. Ümmana, dəryaya yol aldıqca bitib-tükənən deyil ha...

Gülşən Əliyeva-Kəngərli də bunu yaxşı dərk edir, amma o, Füzulini tədqiq etməkdən yorulmur. "Çağdaş poeziya və klassik irs", "Füzuli poetikası", "Füzuli sehri", "Azərbaycan füzulişünaslığının təşəkkülü", "Azərbaycan füzulişünaslığı", "Poetika məsələləri", "Bədii düşüncə. Tarixi gerçəklik və estetik ideal", "Sufizm" - bu monoqrafiyalar onun Füzuli dünyasına son dərəcə məhrəm, onu duyduqca duyan bir tədqiqatçının gərgin zəhmətindən doğub. O, Azərbaycan füzulişünaslığının təkcə tarixini yazmayıb, həm də mənbələrini, qaynaqlarını (bütün füzulişünasların əsərlərini) da üç iri topluda əbədiləşdirib. Bir kimsə Füzulini tədqiq etmək istəsə, bu üç kitab (hələ ardı yazıla da bilər) qiymətli bir mənbə olacaq. Bir füzulişünas alimin - Əkrəm Cəfərin Füzuli ilə bağlı məqalə və çıxışlarını bir kitab halında nəşr edib. Doğrudan da, əsl fədakarlıqdır.

Filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin elmi, daha çox füzulişünas alim kimi fəaliyyəti haqqında bu söhbətə mən onun "Bədii düşüncə. Tarixi gerçəklik və estetik ideal" kitabından qısaca söz açsam kifayətdir. O səbəbdən ki, müəllifi müasir Azərbaycan ədəbiyyatşünaslığının tanınmış bir nümayəndəsi kimi oxuculara təqdim etmək üçün bu kitab mənə tam səlahiyyət verir. Çünki onun digər kitablarında əks olunan problemlərin bir qismi bu kitabda daha mükəmməl şəkildə diqqəti cəlb edir.

Keçən əsrin sonlarından başlayaraq gənc və istedadlı bir alimin - Gülşən Əliyeva-Kəngərlinin Füzuli yaradıcılığı ilə bağlı araşdırmaları diqqəti cəlb etməyə başladı. Şəxsən mən belə düşünürdüm ki, bu araşdırmalar ötəri və təsadüfi ola bilər, bəlkə bu, bir namizədlik işinin sübutuna xidmət edir. Elmdə belə təsadüflər azmı olur? Ancaq Gülşən xanım bununla kifayətlənmədi, Füzuli yaradıcılığı ilə bağlı tədqiqatlarını davam etdirdi, bununla əlaqədar təkcə Azərbaycanda deyil, bir sıra beynəlxalq konfranslarda da Füzuli sənətindən söz açdı. Və indi deyə bilərəm ki, o, Azərbaycan füzulişünaslığında etiraf olunmuş bir alimdir. Adını çəkdiyim kitabda müəllif bir neçə problemin həllinə çalışır. Füzulidə eşq məsələsinə tamam yeni aspektdən yanaşır, ilahi eşq dastanı "Leyli və Məcnun" haqqında füzulişünaslığın son qənaətlərini oxucularla bölüşür, Füzulidə mübahisəli irfan və təsəvvüf məsələsinin doğru izahını verməyə çalışır. Füzuli ilə bağlı bütün tədqiqatlarını onu sufi şair kimi təqdim edir və bu nöqteyi-nəzərdən füzulişünaslarla mübahisəyə də girişir.

Gülşən Əliyeva-Kəngərli Azərbaycan füzulişünaslığının tarixini ilk dəfə mükəmməl şəkildə yazıb ortaya qoyub. "Azərbaycan füzulişünaslığı" monoqrafiyası ilə kifayətlənməyib, füzulişünaslığın tarixini mənbələr və qaynaqlar üzrə üç kitab (burada orta əsrlər təzkirələrindən tutmuş XX əsrə qədərki füzulişünasların əsərləri toplanıb -monoqrafiyalardan seçmələr öz əksini tapıb) müasir füzulişünaslar və ümumiyyətlə ədəbi-elmi ictimaiyyət üçün ən mötəbər mənbələrdir. Haqqında söz açdığım kitabda da füzulişünaslığın tarixinə müxtəsər bir baxış var.

Müəllif dünya füzulişünaslığından söz açaraq yazır ki, bu sahənin beş əsrlik tarixi var. O, ingilis şərqşünası E.Gibbin "Osmanlı poeziyasının tarixi" kitabından belə bir misal gətirir: "Heç bir türk şairi Füzuli kimi gözəl qəzəllər yaratmamışdır. Onun qəzəllərində daxili ahəng qüvvətlidir. Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən alırdı, o, öz düşasının işığı ilə parlayaraq özünə xas olan yeni bir yol tapmışdır". Və Gibbin belə bir sözü də var ki, bütün eşq və məhəbbət şairləri səmadakı ayrı-ayrı ulduzlardır, Füzuli isə günəşdir. G.Əliyeva-Kəngərli nəinki Avropa alimlərinin, rus və türk alimlərinin də Füzuli sənəti ilə bağlı tədqiqatlarından söz açır, hətta özbək füzulişünaslarını da unutmur. Amma təbii ki, daha çox Azərbaycan füzulişünaslarının əsərlərindən söz açır. "Füzuli poetik sehrinin sirri" bölümündə Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyasını doğrudan da, dahi şairin sənətkarlıq dünyasına, poetikasına ilk elmi-nəzəri baxış kimi səciyyələndirilir. Mir Cəlal müəllimin dilindən təvazökarlıqla səslənən bir fikri xatırladır: "Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta, bəlkə də bir elmi nəslin işi deyildir". Amma Mir Cəlal müəllimin bu kitabı sonrakı bütün füzulişünaslar üçün əvəzedilməz bir mənbə oldu. "Füzulişünaslıqda Araslı səbki" bölümündə isə akademik Həmid Araslının Füzuli irsinin tədqiqi və öyrənilməsi ilə bağlı əsərlərindən söz açır, onun "Böyük Azərbaycan şairi Məhəmməd Füzuli" monoqrafiyasını "bütün dünyaya Füzulini sevməyin və onu dərk etməyin yolunu göstərən" bir əsər kimi səciyyələndirir.

Daha sonrakı bölümlərdə akademik Məmməd Cəfərin "Füzuli düşünür", professor M.Quluzadənin "Füzulinin lirikası", görkəmli əruzşünas Əkrəm Cəfərin Füzuliyə həsr etdiyi məqalələri, professor Sabir Əliyevin "Füzulinin poetikası" əsərləri təhlil olunur. Və Füzuli sənətinə həsr olunan digər füzulişünaslar da unudulmur. Bir sözlə, müəllif, Füzuliyə ömrünün ən gözəl anlarını sərf etmiş alimlərin əsərlərini sistemli şəkildə təhlil obyektinə çevirir. Ancaq Gülşən Əliyeva-Kəngərlini təkcə Füzuli tədqiqatçısı kimi məhdudlaşdırmaq istəməzdik.

O, Füzulidən sonra ədəbiyyat tariximizin digər görkəmli sənətkarlarını da unutmur, Cəlil Məmmədquluzadənin (və onun redaktor olduğu "Molla Nəsrəddin" jurnalının), Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın,Vaqif Səmədoğlunun, Ramiz Rövşənin ədəbi portretlərini yaradır. Hiss olunur ki, müasir ədəbi prosesə də yaxşı bələddir, xüsusilə, M.Araz, V.Səmədoğlu və R.Rövşən haqqında təzə söz deyə bilir. Mənim də çox sevdiyim Ramiz Rövşən haqqında yazır: "Bu, adi poeziya deyil, heç adiliyin poeziyası da deyil. Bu, səssiz-küysüz, fəqət qəzəbli və inadkar bir fəryaddır. Onun şeirində ağaclar saçlarını yolur, daşlar hıçqırıb ağlayır, çap yaddaşı daş yaddaşından süzülüb burulur, saflaşır. Onun şeirlərində bir bütövlük var, bu şeirlər normal doğulmuş körpə kimi bütöv, əlli-ayaqlıdır. Onlardan hansısa hissəni ayırıb misal gətirmək olmur. Bu şeirlər elə məntiqi bir poetik sistemdir ki, burada forma özü məzmun kimi çıxış edir..."

Dəyərli alimimiz Gülşən Əliyeva-Kəngərliyə bu 50 yaşının tamamında könül xoşluğu, yaradıcılıq uğurlarından başqa daha nə arzulaya bilərəm ki...

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2020.- 2 may.- S.17.