Beynəlxalq aləm:
ziddiyyətlər,
münaqişələr, müharibələr
(Əvvəli ötən şənbə
sayımızda)
Mühafizəkarların belə qəti qələbəsi
yalnız 1980-ci illərdə, Marqaret Tetçer baş nazir
olanda mümkün olmuşdu. Bunu hər şeydən
əvvəl Boris Consonun şəxsi qələbəsi hesab
etmək olar, son seçki əhalinin iradəsini onun
düzgün anladığını sübut etdi və
mövqeyinin xalqın əksəriyyəti tərəfindən
qızğın müdafiə edildiyini göstərdi.
Bu seçki həm də hökumətə breksit
mandatını verdi, müxalifətin tələb
etdiyi ikinci referenduma artıq ehtiyac qalmadı. Lakin
Consonun qələbəsi Avropa üçün heç də
yaxşı xəbər olmadı, çünki İttifaqdan
ayrıldıqdan sonra İngiltərə artıq onun partnyoru
deyil, rəqibi olacaqdır.
İngilərə də ilk illərdə müəyyən
iqtisadi və daxili problemlərlə üzləşəcəkdir. Seçkilərdə həmçinin,
uğurla çıxış etmiş Şotland Xalq
partiyasının lideri, Şotlandiyanın baş naziri Nikola
Stöcen baş nazir Consona müstəqillik əldə etmək
üçün yeni referendum keçirmək niyyətləri
barədə xəbədarlıq etmişdir. Əvvəlki
referendum isə Böyük Britaniyadan ayrılmağın əleyhinə səs
vermişdir. Lakin dərin pessimizmə
qapılmaq da düzgün deyildir, çünki İngiltərə
belə sınaqlardan çıxmağı
bacarmışdır. XX əsrdə, II
Dünya müharibəsindən bir qədər sonra
Böyük Britaniya nəhəng imperiyasını itirməli
oldu, lakin mənəvi gücünü və siyasi nüfuzunu
qoruyub saxlaya bildi. Ölkə xalqın iradəsi
əsasında Avropa İttifaqından
ayrılmışdır, yəqin ki, qarşıdakı
çətinlikləri də əvvəlkilər kimi dəf
edə biləcəkdir.
Qonşuluğun problemləri
Çox sayda qonşusu olan dövlətlər o qədər
də çox deyildir. Birləşmiş Ştatların quruda iki qonşusu
vardır: şimalda Kanada, cənubda isə Meksika. Çinin isə 14 müxtəlif millətlərdən
ibarət olan ölkələrlə quru sərhədləri
vardır. Dəniz sərhədlərində
isə Yaponiya, Cənubi Koreya, Filippin və Vyetnamla
qonşudur. Amerika Çinin qlobal dövlətə
çevrilməsinin qarşısını almağa
çalışır.
Cənubi Çin dənizindəki insan yaşamayan adalar
üstündə Çin, Vyetnam, Malayziya, İndoneziya,
Filippin, Bruney və Tayvan arasında mübahisə gedir. Çinin
sürətli inkişafından sonra hər şey dəyişilmişdir.
Cənubi Çin dənizindəki geosiyasi
münaqişə qızğın şəkildə qalmaqda
davam edir.
Bir sıra dövlətlər öz qonşularına
qarşı antoqonist münasibət həyata keçirirlər. Fövqəldövlətlərin
bu məsələdəki mövqeyi aydındır. Regional sahədə isə bir sıra münaqişələr
gedir. Onlar Səudiyyə Ərəbistanı ilə
İran, Hindistan və Çin, Pakistan və Hindistan, Venesuela
və Kolumbiya, Cənubi və Şimali Koreya arasında
mövcuddur. ABŞ-ın Kubanı iqtisadi
blokadaya alması altı onillikdir ki, davam edir. Gürcüstan və Ukrayna ilə Rusiya bir-birlərinə
qarşılıqlı blokada tətbiq edir.
Güclü dövlətlər özlərinin zəif həmkarlarına
qarşı Prokrust çarpayısı siyasətini
aparırlar. Bu çarpayı istirahət üçün deyil,
sahibinin səyi ilə adamları çolaq etməyə
yönəlmişdir. Zəif dövlətləri
də çolaq vəziyyətinə salmaq o qədər də
çətin deyildir.
Təpədən dırnağa qədər
silahlanmış Səudiyyə Ərəbistanı təkcə
İrana düşmən münasibəti bəsləmir, onun
Türkiyə ilə də əlaqələri soyuqdur. 2007-ci ildə
isə öz qonşusu, özü kimi sünni dövləti
olan kiçik Qətərə qarşı düşmənə
çevrildi. Qətər də xırda əraziyə
malik olmasına baxmayaraq, neftlə çox zəngindir, paytaxt
Doxa onun var-dövlətindən xəbər verən müasir
göydələnlər şəhəridir. Qətərin günahı ondan ibarət idi ki, Səudiyyə
Ərəbistanının aparıcı dövlət statusu ilə,
onun komandası altında hərəkət etməyə
razı olmamışdı. Həm də Səudiyyə
özündə yaranan vəhabiliyi hətta uzaq müsəlman
ölkələrinə də yaymağa çalışsa
da, Qətər digər güclü hərəkat sayılan,
hətta Misirdə qısa müddətə də olsa,
demokratik yolla hakimiyyətə gələn Müsəlman
Qardaşlığına loyallıq göstərirdi. Misirdə Məhəmməd Mursi müsəlman
qardaşlığının köməyi ilə prezident
seçildi və Hüsni Mübarəkin dövründən
qalmış qocaman müdafiə nazirini vəzifədən kənarlaşdırıb,
onun yerinə gənc general Əbdal Fəttah əs-Sisini qoydu.
Az sonra əs-Sisi hərbi qiyam
qaldırıb, Mursini prezidentlikdən kənarlaşdırdı
və həbs etdi, özü isə əvvəlcə vəzifəni
icra edən, sonra isə seçkidə qalib gəlməklə
prezident oldu. Mursi mühakiməsi getdiyi məhkəmə
iclaslarının birində öldü. Yalnız
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Mursinin
devrilməsinə və ölümünə görə dəfələrlə
öz ciddi narazılığını bildirdi və Misirin
yeni rəhbərliyini dövlət çevrilişində
günahlandırdı. Əs-Sisi isə
kasıb ölkəni diktatura metodları ilə idarə etməyə,
Müsəlman Qardaşları üzvlərini təqib etməyə
başladı.
Səudiyyə Ərəbistanı ilə Qətərin
iqtisadi və hərbi cəhətdən çəki dərəcələri
müxtəlifdir. Birincidə 30 milyon əhali yaşayır və ordusu 0,5 milyonluq hərbçidən ibarətdir. Bu ordu Qətəri istənilən vaxt məhv edə
bilər. Çünki
axırıncının əhalisinin sayı 2 milyondur və
11 min nəfərlik orduya malikdir. Qətərin
yeganə təsəlli yeri orada Türkiyənin hərbi
bazasının olmasıdır.
İstənilən dövlət öz
qonşularının xoş məramına heç vaxt
bütünlüklə inanmır.
Dövlətlər yalnız yararlı bazar olması
ucbatından onların stabil olmasını istəyirlər,
bircə şərtlə ki, kifayət qədər əhəmiyyət
kəsb edən proqresə malik ola bilməsinlər.
Bu isə xaosa üstünlük vermək deməkdir.
İğtişaşlardan əziyyət çəkən
qonşu bazar kimi də itirilir və xalq oradan qaçıb ətrafa
yayılmağa başlayır. Miqrantlar isə
sosial narazılığın, bunun geniş
yayılmasının katalizatoru, iğtişaşlar
üçün əsl yanacaq rolunu oynaya bilər.
Hiyləgərlik və həqiqəti
gizlətmək ustalığı
Fransada
Günəş Kral XIV Luinin hökmranlığı
dövründə baş nazir olan kardinal Mazarin "hiyləgərlik
et ki, sən o deyilsən, özünün
kim olduğunu gizlət" prinsipinin vacib olduğunu qeyd edib,
ona çoxlu misallar gətirmişdi. Siyasi idarəetməyə
dair onun yazılarında bu strategiyadan necə fayda
götürüldüyü göstərilir. Onlardan əksəriyyətini müasir geosiyasətdə
də istifadə etmək olar.
Yaxşı
qumar, kart oyunu geosiyasətdə açardır, çünki
dost olmaq barədə hiyləgərlik etməyə imkan verir.
Axı lap qədim dövrlərdən casusluq düşmənin
sirrindən agah olmağa kömək etmişdir. Casus gizli fəaliyyət göstərdiyi ölkə
barədə lazım olan informasiyanı əldə edə
bilir.
Makiavellinin sözləri bir qədər dəyişikliyə
uğradılsa, o, siyasəti "aldatmaq elmi"
adlandırırdı. Geosiyasətdə aldatma, demək olar ki, ən
yüksək elmdir.
Görkəmli Çin hərbi strateqi Sin Tszu məsləhət
şəklində yararlı bir sıra hiyləgərlik və
gizlətmə üsullarını irəli
sürmüşdür. O, güman edirdi ki, müharibənin özü də
aldatma metodundan istifadə edir. Sən fəal
olanda hiyləgərlik edə bilmirsənsə, passiv olanda adamları
səfeh yerinə qoy, əgər yaxındasansa,
özünü elə göstər ki, uzaqdasan, əgər
uzaqdasansa, özünü elə göstər ki,
yaxındasan. Öz düşməninin tələyə
salmaqda şirnikləndirmək üçün balıq
tutmaqda istifadə edilən tələ yemi təklif et, narahatlığını göstərməklə
onu təəccübləndir, onu özündən razı
qalmağa həvəsləndirmək üçün əks
şəraitlərə malik olduğunu göstər. Çin
kommunistləri və onların rəhbəri Mao Tsze-dun, yəqin
ki, Çan Kay-şinin hökumətinə qarşı
qalibiyyətli müharibə apararkən bu metodlardan geniş
istifadə etmişdi və onlar 1949-cu ildə Çin Xalq
Respublikasını yarada bilmişdilər.
Müasir Çin də, heç şübhəsiz, bu
üsuldan bol-bol istifadə edir və özü barədə
həqiqi mənzərəni gizlədir. Axı məşhur filosofun
dediyi kimi, "səfehliklə aldatmaq, müdrikliyin yüksək
şöbəsidir". Çin 40 il ərzində
müxtəlif yollarla müasir texnologiyaları öyrənib,
tətbiq etmək yolu ilə görülməmiş
inkişaf səviyyəsinə yüksəlmişdir. Donald Tramp bunu çinlilərin oğurluğu
adlandırır və bu səbəbdən xeyli iqtisadi ziyan
çəkdiklərini bəyan edir. Axı
oğurluğun özü də nə qədər xoşa gəlməyən olsa da, müəyyən
ustalıq və cəsarət tələb edir.
Digər tərəfdən, yalnız oğurluq yolu ilə
Çin elektron sənayesində belə zirvələri fəth
edə bilməzdi. İstedadlı və işgüzar xalq
zamanla ayaqlaşmağı bacarmış və müasir, tələb
olunan malların kütləvi istehsalı və ucuz
satılması yolu ilə dünya bazarını işğal
edə bilmişdi. Bu xalqı nədəsə
ittiham etmək əvəzinə, onun yenilik hissinə, cəmiyyəti
yeni əsaslarda qurmaq qabiliyyətinə görə yalnız təqdir
etmək lazımdır. Bəs başqa
ölkələrdə niyə bu texnoloji inqilab, yüksək
sürətli inkişaf yoxdur? Çinin fəhləsindən,
kəndlisindən tutmuş rəhbərinə qədər hər
kəs öz ölkəsinin iqtisadi qüdrətinin möhkəmlənməsinə
çalışır və qanunsuzluqların,
pozğunluqların aradan qaldırılmasında da böyük
nailiyyətlərə sahib olur. Si Tszinpin
Çin rəhbərliyinə gələndən sonra
korrupsiyaya qarşı müharibə elan etdi, ən
böyük vəzifələri tutan bəzi dövlət
xadimləri güllələndi və bu sahədə
böyük irəliləyiş əldə edildi. Bu heç də o demək deyildir ki, Çində
korrupsiyanın kökü tamamilə kəsilmişdir.
Xoşa gəlməyən pretsedentlərə yenə də
rast gəlinir, bir əyalət qubernatorunun evindən 18 ton
qızıl tapılmışdır, heç qızıl mədənləri
də qiymətli metalın belə həcmi ilə öyünə
bilməz. Lakin ölkədə korrupsiyaya
möhkəm bənd çəkilmişdir və əhalinin
böyük əksəriyyəti bu siyasəti bəyənir və
dəstəkləyir.
Çinin məşhur dövlət xadimi Den Syao-pin
1970-ci illərin axırında, Maonun ölümündən
sonra yenidən siyasətə qayıtdıqda ölkə
iqtisadiyyatını islahata uğratmaq siyasəti apardı. O, ölkənin iqtisadi həyatını
kapitalizm relslərinə keçirdi, lakin sosialist siyasi
sistemini də saxladı. Onun səyləri
gözlənildiyindən də yüksək nəticələrə
səbəb oldu. İndi Çin
ABŞ-dan sonra dünyanın ikinci iqtisadi cəhətdən ən
varlı dövlətidir və ABŞ kimi nəhəngə
onun hakim kəsildiyi iqtisadiyyat meydançasında
çağırış etməyə qadir oldu.
Den Syao-pin 1984-cü ildə Çinin "sosialist
ölkəsi" kimi və "inkişaf yolunda
olmasını" bəyan etmişdi. O vaxta nisbətən
Çin iqtisadiyyatı 64 dəfə güclənmiş, illik
daxili məhsul istehsalı 7 və 10 faiz arasında artım
tempinə malik olmuşdu. O, iqtisadi cəhətdən
dünyanın ikinci dövləti olsa da, alıcılıq
qabiliyyəti paritetinə görə nəhəng Birləşmiş
Ştatları da ötüb keçmişdir. Çində
inkişaf Bankı və Asiya İnfrastruktura
İnvestisiyası Bankı fəaliyyət göstərir,
onlar Beynəlxalq Maliyyə Fondu və Dünya Bankı kimi
beynəlxalq maliyyə qurumlarını tezliklə kölgədə
qoyacaqdır.
Çin Ümumu Daxili Məhsul istehsalı səviyyəsinə
görə hələlik ABŞ-dan geri qalsa da (ekspertlərin
rəyinə görə 2029-cu ildə Çin bu sahədə
birinci yerə çıxacaqdır), alıcılıq
qabiliyyəti paritetinə görə birinci yerdədir,
başqa sözlə, ABŞ-dan irəlidədir. 2017-ci ildə ABŞ-ın
bu göstəricisi 19,36 trilyon olduğu halda, Çininki 23,12
trilyona bərabər idi.
Çinlilərin bir xüsusiyyəti də qeyd edilməlidir,
bu da öz nailiyyətlərinə görə məğrurluqdan
uzaq olmaları, bunu nümayiş etdirməmələridir. Bu barədə
onlar elə bil ki, katoliklərin prinsiplərinə riayət
edirlər. Katoliklərdə məğrurluq
ölümcül günah hesab olunur.
Çin bütün nəhəng irəliləyişlərinə baxmayaraq, həm də inkişafda olan dövlətdir. Milyarderlərin sayına görə ABŞ-ı keçsə də, kənd yerlərində və iri şəhərlərin kənarlarında yaşayanlardan yoxsul şəraitdə olanlar heç də az deyildir. 2014-cü ildə Çin rəhbəri Si Tszinpin Çini oyanan şirlə müqayisə etmişdi.
İnsan təbiətinin
kövrəkliyi
Bəzi düşüncələrə görə,
insan valideynlərinin övladı olmaqla yanaşı, həm
də mühitin məhsuludur. Valideynlər uşaqlarına
genlər vasitəsilə çox şeyi ötürürlər.
Zaman keçdikcə valideynlər də, mühit də dəyişir
və bu dəyişikliklər insanın təbiətinin
formalaşmasında mühüm rol oynayır. Müasir
insanı nəinki orta əsrdə yaşayan, hətta bir əsr
əvvəl mövcud olmuş adamlarla müqayisə etmək
çətindir, çünki o, öz dövrünün həyata
daxil etdiyi bütün yenilikləri dəqiqliyi ilə olmasa
da, mənimsəmişdir, həzm etmişdir.
İnformasiyanın nəhəng ölçülər
qazandığı bir dövrdə insan onların təsirindən
bütünlüklə uzaqlaşmaq gücündə deyildir.
Bəlkə, yəhudilər kimi başa kipa adlanan xırda dəyirmi
kolpak qoyulsun ki, başın yuxarısında olan ekran
informasiya axınından mühafizə olunsun.
Telman ORUCOV
(Ardı var)
525-ci qəzet.- 2020.- 2 may.- S.22.