Bu ilin baharı

bahar olmadı

 

Qışdan qar qalmadı, qarı əridə,

Qəlblərə bənövşə ətri dolmadı.

Gətirdi özüylə dərdi-səri ,

Bu ilin baharı bahar olmadı.

 

Bu ilin baharı bahar olmadı,

Novruz tonqalları çatılmadı da.

Üzlərə təbəssüm, gülüş qonmadı,

Evlərə heybələr atılmadı da.

 

Dağlara, düzlərə yağan yağışlar,

Dönüb göz yaşına qəlblərə axdı.

Tanrıya dikilən çaşqın baxışlar,

Sinələr odlayıb, ürəklər yaxdı.

 

Dünyanı ram edən koronavirus

Bürüyüb cənginə bəşəriyyəti.

Tanımır ingilis, tanımır urus,

Hər yerə yayılıb ölüm niyyəti.

 

Hələ ki, nazıyla oynayır dünya,

Hələ ki, önünə kimsə çıxammır.

Bir ümid qalıb od saçan yaya,

Bu bahar havası onu qırammır.

 

Qadağa qoyulub toya-düyünə,

Yaslar izdihamsız yola salınır.

Baxıb xoş çağırışa, müdrik sözünə,

Yaşamaq naminə "Evdə qal"ırıq.

 

... Böyük dəyanətlə, dözüm, səbrlə

Bu mənfur bəladan sovuşacağıq.

Hamı bir nəfərtək verib əl-ələ,

Gözəl baharlara qovuşacağıq.

 

05.04.2020

 

Qovuşacaqdı...

 

Hələ sərt xəbərlə açılır səhər,

Hələ qəlb ovutmur qəmli halımız.

Günləri vururuq başa birtəhər,

Hələ qüvvədədi "Evdə qal"ımız.

 

Eyvandan baxıram dalğın Xəzərə,

Görürəm tək-tənha qalan dənizi.

Çılğın qağayılar dəymir nəzərə,

Ağarıb dənizin mavi bənizi.

 

Bir kimsə görünmür sahil boyunca,

Açılan çiçəklər ətir saçmayır.

Arılar gülləri qucmur doyunca,

Qızılgül bülbülə qucaq açmayır.

 

İtirib şuxluğun sərv ağacları,

"Yallı" çalınmayır, "Vağzalı" dinmir.

Səkini dolaşan Qumru quşları

Bu gün kətillərə, kərdiyə enmir.

 

Görünmüş bu yerin göyərçinləri

Çeşmədən su içib dimdik duranlar.

Vardı içlərində dikbaş, şənləri,

Arabir otlara dimdik vuranlar.

 

Uzaq səfərlərdən dönmür gəmilər,

"SOS"ları yanmayır, fitləri gəlmir.

Dəniz kənarında gün keçirənlər,

Özləri yoxsa da, itləri gəzmir.

 

... Eyvandan baxıram dalğın Xəzərə,

Bu küskün halına yovuşacaqdı.

İnsan gəlişiylə, insan əliylə

Yenə xoş günlərə qovuşacaqdı.

 

İbrahim YUSİFOĞLU

25.04.2020

 

525-ci qəzet.- 2020.- 2 may.- S.23.