Xiyabani Hərəkatı
və Təbrizdə
Milli hökumət
İran
tarixçilərinin gözü ilə
(Əvvəli ötən sayımızda)
M.Xiyabaninin
silahdaşlarından Əli Azəri "Təbrizdə
Şeyx Məhəmməd Xiyabani qiyamı" əsərində
yazırdı ki, İranın Baş Naziri
Vüsuq-üd-dövlənin üsyançılara divan tutmaq
üçün Azərbaycana göndərdiyi cəza dəstələri
və polis təşkilatına rəhbərlik edən xarici
zabitlərin mərkəzi hökumətin hakimiyyətini
güc tətbiq etməklə təmin etmək cəhdləri
Təbrizdə xalqın etirazını daha da
artırmış oldu. Demokratlar xalqı
silahlı müqavimət göstərməyə
çağırdılar. Az sonra
demokratlar "Heyət-e Ectemaiyyun" (İctimai heyət) yaradıb,
"ictimai sülh və qayda-qanun" və "İranda
konstitusiyanın bərpa edilməsi" tələblərinin
əks olunduğu Bəyannamə nəşr etdirdilər. Üsyançılar öz tələblərini Təbrizdə
olan xarici ölkə konsullarına da təqdim etmişdi.
Üsyançılar Tehrandan göndərilmiş
məmurların, polislərin, xarici hərbi müşavirlərin
dərhal Təbrizi tərk etməsini tələb etdilər.
Bu hadisələrdən sonra M.Xiyabani və onun
demokrat ardıcılları demək olar ki, bütün yerli məsələlərin
idarəsini öz hakimiyyətləri altına aldılar.
Nəhayət, 1920-ci il 24 iyun tarixində
M.Xiyabani Təbrizdə Milli Hökumət
adlandırdığı yerli hökumətin
yaradıldığını elan etdi. Bu əlamətdar hadisənin
bəyan edilməsi təntənəli mərasim şəklində
mərkəzi hökumətin əyalət qərərgahı
olan Ala Qapıda milli himn olaraq qəbul edilmiş "Marselyoza"nın müşayiəti ilə həyata
keçirildi.
Mövcud
olduğu beş ay müddətində
Milli Hökumət bir sıra islahatlar həyata
keçirmişdi, maarif, mədəniyyət, səhiyyə, ədliyyə,
vəqflər, hərb nazirlikləri və idarələri
yaradılmışdı. Onların
blanklarının və elanlarının üzərində
"Azadistan" sözü yazılmışdı. Zeynalabidin Qiyami milli hökumətin həyata
keçirdiyi tədbirlər haqqında geniş məlumat
verir.
Üsyan günlərində "M.Xiyabani
qvardiyası" adlanan qoşun yaradılmışdı və
komandanı Sultan Əsədağaxani Feşəngçi idi. Ə.Kəsrəvi onu Azərbaycanın
igid, cəsur, dəyərli oğlanlarından biri kimi yüksək
qiymətləndirir, hicri qəməri 1330-cu ildə (1908-1909)
ruslarla döyüşdə şücaət göstərdiyini,
M.Xiyabani öldürüləndən sonra Urmiyada polis-jandarm rəisi
kimi Smitkoya (kürd tayfa rəisi) qarşı
vuruşduğunu və nəhayət, Savcubulağ
savaşında həlak olduğunu qeyd edir. Ə.Kəsrəvi
"Qard-e Xiyabani"nin 300 nəfərdən
ibarət olduğunu və Ala Qapıda yerləşdiyini
göstərir.
Cənubi
Azərbaycanda demokratik-milli hərəkatların, xüsusilə,
İranın siyasi həyatında Azərbaycanın və azərbaycanlıların
oynadığı əhəmiyyətli rol təbrizli
tarixçi Turac Atabəyinin tədqiqatlarında geniş yer alan mövzulardan biridir və M.Xiyabani hərəkatı
da bunların sırasında tədqiq olunur. T.Atabəyli
M.Xiyabani hərəkatının başlanma tarixini 1919-cu ildə
IV məclisə seçkilər kampaniyasının
başlanmasından götürür. Onun
fikrincə, mərkəzi hakimiyyət seçkilərin nəticələrindən
razı qalmadığından və demokratların genişlənən
fəaliyyətindən təşvişə düşərək
buraya əlavə polis qrupu göndərmiş və bu da vəziyyəti
gərginləşdirmişdi. Bunu Əli
Azəri də təsdiq edir. T.Atabəyinin nəzərinə
görə, üsyanın gedişində (24 iyun 1920-ci il) yaradılan Milli Hökumət dedikdə
M.Xiyabani bu hökumətin milliliyindən daha çox xalqa məxsusluğunu
nəzərdə tuturdu. Bir çox hallarda
M.Xiyabani öz nitq və məqalələrində
bütünlükdə İran millətinə (burada xalq
anlamında - E.M.) müraciət edərkən "azad və
müstəqil İran milləti" ifadəsindən istifadə
etmişdir. Bütün hallarda, yeni təşkil
edilmiş yerli Azərbaycan hökumətini təyin etmək
üçün işlədilən "Milli hökumət"
adı heç də müstəqil Azərbaycan milli dövləti
mənasını ifadə etmək məqsədini
daşımırdı. T.Atabəyi London və Nyu-Yorkda nəşr
edilmiş "Azərbaycan: etnik mənsubiyyəti və
İranda hakimiyyət uğrunda mübarizəsi" adlı
kitabında bu məsələ ilə bağlı M.Xiyabaninin
Britaniyanın Təbrizdəki konsulu ilə müsahibəsindən
nümunə gətirərək yazırdı ki, M.Xiyabani
Tehran hakimiyyətinə qarşı hər hansı bir
etirazının olub-olmaması haqqında suala cavabında bu
ittihamları tamamilə rədd edərək "demokratların
hərəkatında bölücülük ruhunun
olmadığını", "Azərbaycanı
Persiyanın (İranın) ayrılmaz hissəsi hesab
etdiyini" bildirmişdi.
Ümumiyyətlə,
M.Xiyabani hərəkatından yazan əksər İran
tarixçiləri bu hərəkatın antiingilis səciyyə
daşıdığını, bununla da həm də ingilislərin
siyasətini müdafiə edən, onunla 1919-cu il
avqust müqaviləsini bağlamış İran mərkəzi
hakimiyyətinə qarşı demokratik hərəkat
olduğunu qəbul edirlər. Elə M.Xiyabani
başda olmaqla ADP-nin 1920-ci ilin aprelində irəli
sürdüyü tələblər də bunu təsdiq edir.
Bu tələblər arasında İranda respublikanın
yaranması, Azərbaycana siyasi-inzibati özünüidarə
hüququnun verilməsi, vilayət və əyalət əncümənlərinin
hüquqlarının genişləndirilməsi, ölkədən
bütün xarici qoşunların və hərbi
müşavirlərin çıxarılması, Vüsuq-üd-dövlə
hökumətinin istefası, İran-İngiltərə
sazişinin ləğv edilməsi və s. yer alırdı. Baş nazir Vüsuqüd-dövlə Azərbaycanı
İranın dövlət orqanında "qara yara"
adlandıraraq, burada sakitlik təmin olunmayınca, bütün
ölkədə həyacanların davam edəcəyini bildirirdi.
M.Xiyabani
yalnız Azərbaycanın deyil, bütün İranın
azadlıqsevər qüvvələrini mövcud
Konstitusiyanın dəyişdirilməsi, gələcək
dövlət quruluşunun xalq tərəfindən müəyyən
edilməsi, xalq lazım bilərsə, şahlıq rejiminin
demokratik respublika ilə əvəzlənməsinin
mümkünlüyünü irəli sürür,
İranın tərkibində, onun ayrılmaz bir hissəsi
olaraq demokratik idarəçiliyin real nümunələrini
bütün ölkəyə nümayiş etdirir, mütərəqqi
islahatlar tələbini mərkəzi hökumətə
göndərirdi. M.Xiyabani və onun demokrat
ardıcılları ölkədə hər hansı bir xarici
qüvvənin təsirindən azad, müstəqil siyasət
yeritməyin tərəfdarı idilər və mərkəzi
hökuməti ingilislərin təsiri altında olduğuna
görə tənqid edirdilər.
M.Xiyabani və ardıcılları qərara gəldilər
ki, Milli Hökumətin hakimiyyəti altındakı Azərbaycanı
bundan sonra "Azadıstan" adlandırsınlar və bu barədə
müvafiq qərar verilərək rəsmən bəyan edildi. Tarixi Azərbaycan
adının inqilabi əhval-ruhiyyə ilə bu şəkildə
dəyişdirilməsinin səbəbini açıqlayan
M.Xiyabani və ardıcılları belə hesab edirdilər
ki, 1918-ci il mayın 28-dən etibarən Cənubi Qafqazda, Azərbaycanın
Araz çayının şimalındakı torpaqlarında Azərbaycan
Respublikası yaradılmışdır, buna görə də
Cənubi Qafqazdakı Azərbaycandan fərqlənməsi
üçün İranın Azərbaycan əyalətinin
bundan sonra Azadıstan adlandırılması məqsədəuyğundur.
Ə.Kəsrəvi yazır ki, köhnə azadixahlardan və
M.Xiyabaninin yaxınlarından biri olan Hacı İsmayıl
ağa Əmirxizi Azərbaycanın məşrutə yollarında
səylər göstərib İran üçün
azadlıq gətirdiyinə görə bu adın dəyişdirilib
Azadıstan adlandırılmasını təklif etdi. Bu zamanlar Azərbaycan
adı bir çətinliklə üzləşmişdi, ona
görə ki, Rusiya imperatorluğunun süqutundan sonra
Qafqazın türkdilliləri Bakıda və onun ətrafında
kiçik bir Cümhuriyyət əmələ gətirmiş
(!) və onun adını Azərbaycan Xalq Cümhuriyyəti
qoymuşdular, çünki bu Cümhuriyyətin əsasını
qoyanların arzu və ümidləri bu idi ki, Azər-baycanla
(İran Azərbaycanı nəzərdə tutulur - E.M.) bir
olalar və bu səbəbdən də öz ərazilərinə
və cümhuriyyətlərinə Azərbaycan adını
seçmişdilər. Bu şəkildə bir-likdən
xoşlanmayan və irançılıqlarına göz
yummayan azərbaycanlılar Qafqazdakı bu cür adqoymadan bərk
incidilər, amma ki, artıq bu adqoyma baş vermişdi, bəzi
şəxslər təklif etdilər ki, əyalətimizin
adını başqa cür adlandıraq və bu yolda
"Azadısan" adı meydana gəldi. M.Xiyabani bu təklifi
qəbul etdi və sərəncam verdi ki,
bundan sonra rəsmi sənədlərdə, blanklarda, markalarda
bu adı yazsınlar və heç yerdə bu addan başqası
yazılmasın və deyilməsin". Bir qədər sonra
Ə.Kəsrəvi yazır ki, M.Xiyabani Azərbaycan kəlməsinin
işlədilməsinə qadağan qoydu və onun yerinə
"Azadıstan" deyilməsinə və yazılmasna əmr
verdi. Bütün dövlət
idarələrinin lövhələri, markalar dəyişdirildi.
Bu vaxt Muşir-üd-dövlə kabinetində
hökumətlə müzakirə gündəmə gəldi və
M.Xiyabani teleqram göndərdi ki, dövlət
Azadıstanı rəsmən tanımasa, biz müzakirədə
iştirak etməyəcəyik. Salamullah Cavid də
"Xiyabanini xatırlayarkən" adlı əsərində
Azərbaycan adının Azadıstan adlandırılması təklifinin
İsma-yıl Əmirxiziyə məxsus olduğunu qeyd edir və
göstərir ki, bu ad Qırmızı ordu tərəfindən
işğal olunmuş Şimali Azərbaycanın adı ilə
qarışıq salınmaması üçün
edilmişdi. Ə.Azərinin fikrincə, bu qərara haqq
qazandırmaq üçün demokratlar İranda Konstitusiya
uğrunda aparılan mübarizədə Azərbaycanın kəsb
etdiyi əhəmiyyəti və onun "qəhrəman
rolunu" vurğulayaraq buna istinadən Azadıstan
adını qəbul etdiklərini bildirdilər.
T.Atabəyi yazır ki, M.Xiyabani heç bir zaman Azərbaycana
İranın daxilində daha geniş muxtariyyət verilməsinə
nail olmaq uğrunda mübarizə aparmaq amalından boyun
qaçırmadı. Lakin məhz M.Xiyabaninin
qarşısına qoyduğu bu məqsəd Ə.Kəsrəvi
də daxil olmaqla bir çox siyasətçilərin Milli
Hökumətdən üz döndərməsinə səbəb
oldu. M.Xiyabanidən fərqli olaraq Ə.Kəsrəvi
İranın əyalətlərində köklü dəyişikliklərin
həyata keçirilməsinin yalnız paytaxtdan - mərkəzi
hökumət tərəfindən təmin olunmasını
uyğun sayırdı, o, M.Xiyabaninin güzəştlərə
getmədən yürütdüyü siyasətin mərkəzi
hökumətlə münasibətləri pisləşdirdiyindən
narazı idi.
Bu arada Tehranda ingilispərəst Vüsuq-üd-dövlə
hökumətinin yerinə Muşir-üd-dövlə hökuməti
quruldu və yeni Baş nazir təcrübəli siyasətçi
Müxbir-üs-səltənə Hidayəti 1920-ci ilin
avqustunda Azərbaycana vali təyin etdi. Həmin ilin
sentyabrın əvvəllərində yeni vali Təbrizə gəldi,
demokratlarla qarşıdurmaya girişməyib şəhərin
kənarında yerləşdi və bir sıra
danışıqlarla, tədbirli işləri ilə,
demokratların daxilində mövcud fikir
ayrılıqlarından da istifadə edərək
hazırlıqlara başladı. Sentyabrın 12-də
onun əmri ilə kazak briqadası qəflətən
hücum edərək Təbrizin əsas strateji məntə-qələrini
ələ keçirdi. M.Xiyabani və daha 50 nəfər
demokrat qətlə yetirildi, beləliklə, regionun
bütün bölgələrində mərkəzi hökumətin
hakimiyyəti bütövlükdə bərpa olundu.
Ə.Kəsrəvi
M.Xiyabani üsyanının yatırılması və onun qətlə
yetirilməsinin təfərrüatlarını nəinki təəssüf
hissi keçirmədən, hətta ürəyindən tikan
çıxaran hadisə kimi qələmə almış, bu
münasibətlə yanaşdığına görə
M.Xiyabaninin uca şəxsiyyətinə və onun Azərbaycan
üçün, bütün İran üçün
apardığı təmənnasız mübarizəsinə
etinasızlıqla yanaşmaqdan özünü saxlaya bilməmişdir.
Qeyd edilməlidir
ki, M.Xiyabani üsyanının yatırılması və onun
öldürülməsi haqqında təfsilatlar həm
Müxbir-üs-səltənənin xatirələrində, həm
də Ə.Kəsrəvinin "Qiyam-e Şeyx Məhəmməd
Xiyabani" kitabında ətraflı, lakin müəyyən
hallarda qəsdən təhrif edilmiş şəkildə təsvir
edilmiş, ölkənin böyük bir bölgəsində
Milli Hökumətin qurulması ilə nəticələnən,
mərkəzi hakimiyyətə islahatlar dərsi öyrədən
bu geniş ictimai hərəkatın demokratik və milli mahiyyətini
kiçiltməyə hər vasitə ilə cəhd göstərilmişdir.
Bununla da, şahlıq dövrünün təmayüllü
tarixşünaslığında M.Xiyabani hərəkatının
milli-demokratik məzmununa kölgə salıb, bu hərəkata
bölücülük və digər xarici qüvvələrin
təsiri ilə İranın bütövlüyünə xələl
gətirən bir hadisə kimi yanaşılmasının təməli
qoyulmuşdur.
T.Atabəyi M.Xiyabani hərəkatının nəticələri
ilə bağlı yazır ki, M.Xiyabaninin hakimiyyəti
qısa ömürlü olsa da, bu hərəkat İranın
ümumi vəziyyətinə və siyasi düşüncə
tərzinə, xüsusilə də islahatçı meyillərin
artmasına əhəmiyyətli dərəcədə təsir
göstərdi. Onun mərkəzi hökumətin hakimiyyətinə
qarşılıq olaraq Azərbaycanda öz hökumətini
yaratmaq təşəbbüsü islahatçı düşərgənin
parçalanması üçün əsas səbəb oldu.
Milli Hərəkat daxilində müasir cərəyan
mərkəzi hökumətdən uzaqlaşaraq əyalətlərə
daha geniş muxtariyyət verilməsi xəttini əsas
götürdüyü halda, islahatpərəst siyasətçilər
arasında mövcud olan ənənəvi cərəyanın
nümayəndələri hələ də İranda
güclü, mərkəzləşdirilmiş və müstəbidlikdən
uzaq bir hökumətin yaradılmasını müdafiə
edirdilər.
M.Xiyabani
hərəkatından bəhs edən İran tarixçilərinin
bu hərəkatın antiimperialist xarakterindən çox az bəhs edirlər. Bu da
görünür, Pəhləvi şah rejiminin qərbpərəst
mövqeyi ilə bağlı idi. Eyni
zamanda, onlar M.Xiyabaninin Sovet Rusiyasına və Sovet Azərbaycanına
da ehtiyatlı münasibət göstərdiyini qeyd edirlər.
Məsələn, Əli Azəri yazır ki, azərbaycanlı
demokratlar 1917-ci il inqilabını alqışlayaraq
öz məmləkətlərində demokratiya uğ-runda
mübarizə aparmaqla yanaşı, digər millətlərin
təməl suverenliyinə hörmət bəsləyərək
Rusiyada fəaliyyət göstərən qruplarla dostluq əlaqələri
yaratmışdılar. Lakin T.Atabəyinin
yazdığı kimi, bir müddət sonra, həmin
inqilabçıların Arazın o biri sahilində həyata
keçirdikləri siyasi tədbirlər azər-baycanlı
demokratları öz nəhəng qonşuları (Rusiya - E.M.)
ilə daha ehtiyatlı və sayıq münasibətlər
qurmağa vadar etdi. M.Xiyabani bolşeviklərin
Azərbaycanda hakimiyyəti ələ keçirmələrinə
müsbət reaksiya göstərirdi. Milli
Hökumətin Maarif naziri hətta Azərbaycan SSR Xarici
İşlər naziri M.D.Hüseynova məktub göndərərək
iki Azərbaycan arasında əlaqələr yaratmağı təklif
etmişdi. T.Svietoxovski "Rusiya Azərbaycanı.
1905-1920" əsərində bunu Sovet Azərbaycanının
rəhbərləri arasında Xiyabaninin dostlarının,
köhnə hümmətçilərin olması ilə əlaqələndirərək
yazır ki, lakin onun Sovet Azərbaycanı rəhbərlərinə
münasibəti tezliklə tamamilə dəyişmişdi.
S.Qiyami yazır ki, M.Xiyabani Rusiyada sosialist
inqilabını yüksək qiymətləndirir və hətta
"Lenin və İran" mövzusunda kitab
hazırlayırdı. Bu dəyişikliyin
əsas səbəbləri bolşeviklərin təcavüzkar
məqsədləri, xüsusən onların İranın
şimalında - Gilanda həyata keçirdikləri siyasət
idi. M.Xiyabani birbaşa bəyan etmişdi
ki, əgər bolşeviklər İran ərazisini
işğal etməyə cəhd göstərərlərsə,
İran Azərbaycanının xalqı
işğalçılara qarşı son nəfərədək
vuruşacaqdır. Bununla, o, istər ingilis
müstəmləkəçilərinin, istərsə də
sovet bolşeviklərinin İranın daxili işlərinə
qarışmasının qəti əleyhdarı olduğunu
göstərirdi. Ümumiyyətlə,
1919-cu ilin əvvəllərindən başlayaraq bolşeviklərin
İranın şimalında fəallığı artmağa
başlamışdı. Buna Şimali
Qafqazda və Xəzər dənizində antibolşevik
qüvvələrin, Denikinin uğursuzluqları da şərait
yaradırdı. Azərbaycan Xalq
Cümhuriyyətini işğal etməyi planlaşdıran
bolşeviklər bu planların həyata keçirilməsinə
xaricdən hər hansı təhlükəni zərərsizləşdirmək
üçün ingilislərin Azərbaycan sərhədlə-rindən
uzaqlaşdırılmasına çalışırdılar.
Bu məqsədlə İrana çox sayda
bolşevik emissarları göndərilmişdi, hətta
İranın sovetləşdirilməsi
planlaşdırılırdı. 9 avqust 1919-cu il tarixli
İngilis-İran sazişindən
narazılığını gizlətməyən Sovet
Rusiyasının Xalq Xarici İşlər
Komissarlığı (XİN) həmin sazişlə
bağlı "İranın
bütün fəhlə və kəndlilərinə Müraciət"
qəbul etmişdi və İranın bəzi bölgələrində
mərkəzi hakimiyyətə və onu dəstəkləyən
ingilis hərbi qüvvələrinə qarşı
çıxan qüvvələrə hərbi-siyasi dəstək
göstərirdi. Bolşeviklər bu məqsədlə
1918-1921-ci illər Gilanda baş vermiş Cəngəlilər
hərəkatından istifadə etməyə
çalışırdı. Lakin bu hərəkat
daxilində ciddi ziddiyyətlər ucbatından ondan İran
dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə
etmək mümkün olmadı.
Qeyd etmək
lazımdır ki, XX əsrin əvvəllərində baş
verən və bütün İrana yayılan demokratik-milli hərəkatlara,
o cümlədən, Məşrutə hərəkatı və
onun qəhrəmanlarının şücaətli fəaliyyətinə,
o cümlədən, M.Xiyabani hərəkatına əsl
düzgün tarixi qiymət ilk dəfə Cənubi Azərbaycanda
milli-demokratik hərəkatın qələbəsi nəticəsində
qurulmuş və bir il mövcud olmuş Milli hökumət (12
dekabr 1945 - 12 dekabr 1946) zamanı verilmişdir. 1946-cı il oktyabrın 2-də M.Xiyabaninin qəbri
üstündə keçirilmiş mitinqdə Azərbaycan
Milli Hökumətinin başçısı Seyid Cəfər
Pişəvəri (1892-1947) Azər-baycan xalqının öz
fədakar qəhrəmanlarına minnətdarlığını
belə ifadə etmişdi: "Şeyx Məhəmməd
Xiyabani kimi şəxsiyyətlər meydana çıxmaqla
xalqın fikrinin və milliyətinin meydana
çıxmasını təmin edir... Sərdari
milli Səttarxanın, Bağırxanın və Şeyx Məhəmməd
Xiyabaninin məşrutə barəsində götürdükləri
qədəmlər heç vaxt yaddan çıxa bilməz.
Hər vaxt Azərbaycanın və Təbrizin
adı zikr olunur, onların iftixarlı adı da araya gəlir".
M.Xiyabani
hərəkatının faciəli şəkildə başa
çatması Azərbaycanda, eləcə də İranın
digər bölgələrində müxtəlif reaksiyalar
doğurdu, şahlıq rejiminə və onun xarici güclərin
təsiri altında olan yarıtmaz hökumətlərinə
qarşı nifrət və mübarizə hissini daha da
artırdı, həmin miqyasda ciddi, ardıcıl, davamlı və
böyük təsir gücünə malik hərəkatlar
doğura bilməsə də, Azərbaycanda dalbadal iki
üsyanın başlanmasına rəvac verdi. M.Xiyabaninin
ardıcıl məsləkdaşlarından olan Zeynalabidin
Qiyami demokratlardan və onların tərəfdarlarından ibarət
qrupları Təbrizin şimalında Əhər mahalında Kəleybər
məntəqəsində üsyana qaldırdı (Kəleybər
xalqın Babək qalası adlandırdığı qədim
Bəzz qalasının olduğu bölgədir - E.M.). Lakin onun "Qiyamiyyun-e Enteqamiyyun"
adlandırdığı (İntiqam qiyamçıları) dəstənin
Ş.M.Xiyabani üsyanının müsbət təsir və
nəticələrini qoruyub saxlamaq cəhdləri müvəffəqiyyət
qazanmadı. İkinci hadisə isə Təbriz
jandarmının komandiri, Məşrutə inqilabının fəal
iştirakçılarından biri olan mayor Lahutinin
başlatdığı qiyam idi. Lahuti 1922-ci il fevralın 1-də Təbrizdə hökumət
idarələrini ələ keçirərək "Komite-ye
Milli" (Milli Komitə) təşkil etdi və mərkəzi
hökumətin hakimiyyətini tanımadığını bəyan
etdi. Milli Komitə mərkəzi hökumətdən
ingilis imperializminin ölkədə ağalığına son
qoymağı və demokratik islahatlar həyata keçirməyi
tələb etdi. Lakin hərbiyyə naziri Rza xan polis və
jandarmın da səlahiyyətlərini öz üzərinə
götürərək topxana və sair təchizatlarla
böyük kazak qoşununu
üsyançıların üzərinə yeritdi və bu
qiyam bir həftədən sonra yatırıldı, Lahuti isə
İrandan qaçmağa məcbur oldu. Bu barədə
Kavə Bəyatın "Təbrizdə Lahuti qiyamı" əsərində
geniş təfsilatlar yer almışdır. Qeyd etmək
lazımdır ki, M.Xiyabani hərəkatının, ondan sonra
Azərbaycanda, həmçinin, ölkənin digər məntəqələrində
baş qaldıran üsyanların yatırılmasında və
üsyançılara qanlı divan tutulmasında əslində,
1921-ci ildən əsas hökumət postlarına nəzarət
və rəhbərlik edən Rza xan xüsusi qəddarlıq
göstərmişdir. Şahın ölkədən
qaçmış olduğu bir şəraitdə
Britaniyanın göstərdiyi siyasi-maliyə dəstəyi ilə
artıq hökumətə başçılıq edən Rza
xanın güclü mərkəzləşdirilmiş dövlətə
rəhbərlik etmək iddiasının gerçəkləşməsi
üçün heç bir maneə qalmamışdı.
1925-ci ildə şahlıq taxtına oturan Rza şah bir
sıra islahatlar keçirsə də, sonrakı illərdə
onun antidemokratik və kobud fars millətçiliyi
siyasəti ölkədə milli-demokratik hərəkatın
yeni dalğasının zəminini yaradırdı və
çox keçmədi Cənubi Azərbaycan yenidən bu
oyanış və dirənişin mərkəzinə
çevrildi.
M.Xiyabani hərəkatı və ondan sonra baş verən
bir sıra üsyanlar və etiraz dalğaları qəddarlıqla
yatırılsa da, əsrlər boyu şahlıq reiminin
hökm sürdüyü ölkəyə Azərbaycan tərəfindən
bir demokratiya dərsi verilmişdi.
M.Xiyabani hərəkatının tanınmış tədqiqatçısı, professor Şövkət Tağıyeva 1998-ci ilin dekabrında Cənubi Azərbaycanda, Təbrizin yaxınlığındakı Şərəfxana məntəqəsində keçirilən, bu sətirlərin müəllifinin də iştirak etdiyi Birinci Beynəlxalq Azərbaycançılıq Simpoziumundakı çıxışında vurğulayırdı ki, Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbay-canda və bütün İranda imperializmə qarşı və demokratik azadlıqlar uğrunda mübarizə aparmış ictimai-siyasi xadimlər içərisində xüsusi yer tutur. İranın, o cümlədən, Azərbaycanın XX əsrin əvvəllərindəki siyasi mühitində bişmiş M.Xiyabani müasiri olduğu Şərqin və Qərbin qabaqcıl ictimai fikrinin bəhrələrini mənimsəyən, inqilabiliklə elmiliyi, nəzəriyyə ilə fəaliyyəti birləşdirə bilən nadir siyasi xadimlərdən idi.
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun
elmi işlər
üzrə direktor müavini, tarix elmləri
doktoru, fövqəladə və səlahiyyətli səfir
525-ci qəzet.- 2020.- 2 may.- S.20-21.