Məktub
Esse
Bir səhər
baxıb gördüm,
dörd yanım bomboşdur. Yüngülləşmişəm, elə bil.
Özümə də təəccüblü
gəldi ki, daha rahat nəfəs
alıram.
İlk dəfə
ayaqlarımı uzadıb
dincəlməyə başladım. Özüm kimi
qoca yorğunluğu ağır yorğan kimi üstümdən atdım. Gözlərimi dörd açıb
ətrafıma baxdım.
Quşların cəh-cəhini dinlədim
doyunca, yağışın
şırıltısına, şəlalələrin səsinə,
okeanın nərəsinə
qulaq asdım. Aman Allah, bu səslər necə də ecazkarmış. Sanki bir bəstədir. Nə yalan deyim, əvvəlcə
ləzzət eləyirdi.
Yenə günəş doğurdu,
gecə ulduzlar parlayırdı. Onları seyr
edə-edə fırlanırdım
sakitcə. O vaxtacan
ki, baxıb gördüm, nəsə çatmır. Doğma və tanış
olan səslər, görüntülər harasa
yox olub, itib. Gördüm ki, özüm-özümlə
tək qalmışam.
Tablo kimi mənzərələr
varıydı hər tərəfdə. Amma hamısı
bomboş görünürdü.
Sıfırın içindəki boşluq
qədər nəhayətsiz
idi hər yer. Günlər sıxıcı, monoton. Gecə, gündüz, yağış,
külək, göyqurşağı
- hamısı eyni rəngdə, eyni ritmdə. Və yenidən gecə... gündüz... İçimə dolan bu, nə boşluq idi belə? Düşünüb-daşındım və o itən
bəndləri bir-bir xatirimdə canlandırıb
tapdım. Uşaq
gülüşləri, maşın
siqnalları, azan sədaları,
kilsə zəngləri,
minlərlə dildə
səslənən salamlaşmalar,
marşlar, toy qatarları,
ağlaşmalar, söyüşlər,
qışqırıqlar, "Dönər", "Şabalıd",
"Taksi var" deyən nidalar - hamısı ərşə
çəkilmişdi...
Eheeyyyy,
ey insanlar! Qaradərili,
ağdərili, sarışın,
qıyıqgöz adamlar,
sizə səslənirəm,
eşidirsinizmi? Bu nə sükutdur? Darıxmışam sizin üçün! Hardasız? O səs-küylər, tüstülər,
bir-birinə qarışmış
kəskin ətirlər,
o tələsən kütlə,
həyəcanlı izdiham
üçün burnumun
ucu göynəyir. Aramsız ayaq ləpirləri, küçələri darayan
süpürgə izləri,
asfalta sığal çəkən maşın
təkərləri, gecələri
çıraqban edən
işıqlı vitrinlər
üçün yaman
darıxmışam. Boş
xiyabanlar, küçələr,
abidələr, qol-budaqlı
ağaclar, çiçəklər,
böcəklər, itlər,
pişiklər - heç
nə, heç kim sizin
boşluğunuzu doldura
bilmir. Bütün gözəlliklər sizdən kənarda sönük qalır, parıltısını itirir.
Məsafələr yaxınlaşdırırmış, sən demə. Hə, indi
məsafəliyik. Amma bu sükut bizə lazım imiş. Çünki bu zaman kəsiyində bir-birimizi daha yaxşı tanıdıq, dəyərləndirə
bildik. Bunu pəncərələrdən mənə zillənən
həsrətli baxışlarınızdan
oxudum. Bu ayrılıq mənə çox mətləbləri
anlatdı. Bildim ki,
mənim ən gözəl bəzəyim,
ən dəyərli sərvətim, sevincim, kədərim sizsiniz.
Başa düşdüm ki, bir-birimizə möhtacıq.
Mənim
sizdən ayrı kimsəm yox, sizin məndən başqa gedəcək bir eviniz.
Bir az da səbr edək. Lap az alıb. Tezliklə bu sükut pozulacaq. Bütün kilidlər söküləcək, qapılar taybatay açılacaq. Görüşəcəyik! Səbirsizliklə gözlədiyimiz bu görüş möhtəşəm olacaq! Daha təmiz küçələrlə, daha saf havayla, suyla, daha çox yaşıllıqla, güllə, çiçəklə qarşınıza çıxacağam. Yenə qulaqlarım minlərlə səs eşidəcək. Yollarda yüzlərlə insan, maşın qaynaşacaq qarışqalartək. İzdihamlı bayramlar, toplantılar, görüşlər, yarışlar ard-arda sıralanacaq. Hər şey əvvəlki məcrasına qayıdacaq. Düşünmək belə həyəcanlandırır. Amma hələ ki vaxta var. İndi bu sakitlikdən sizə səslənirəm. Gəlin qayıdın, küçələri, parkları, meşələri əvvəlkitək doldurun. Yenə dörd bir yandan hay-harayınız, çal-çağırınız ucalsın. Amma... amma bircə xahişim var. Hər səsinizə dözərəm. Ən böyük çığırtılara tabım var. Bircə partayış səsləri eşidilməsin, top-tüfəng sədaları gəlməsin. Sizdən rica edirəm, mənim ən yaxın dostlarım və mehriban düşmənlərim!.. Görüşənədək!
İmza: SİZİN DÜNYANIZ
Günel MEHRİ
525-ci qəzet.- 2020.- 2 may.- S.19.