Bir həsrətin sonu
"Koronavirus tətilləri"ndə
çox şey üçün darıxdıq
və hələ də darıxmaqdayıq. Mənim
ən çox həsrətində olduğum,
əlim çatmayan bir qəzet var: "525".
Az qala, iki aydır ki, bu qəzeti
onun saytından oxuyurdum. Bu isə
mənim öyrəşdiyim
kağız qoxusundan çox uzaqdır. Nəhayət, qəzet köşklərinin
açılmasına icazə
verdilər. Ötən
şənbənin axşamı
isə Rəşad Məcid sabah
"525"in köşklərdə olacağını "Qələmsiz
yazılanlar"la xəbər
verdi. Şənbə səhərini səbirsizliklə
gözlədim. Səhər oyananda
ağlıma gəldi
ki, axı 65-dən yuxarını evdən çıxmağa qoymurlar.
Uşaqlarım da elə şənbəni də işdə olurlar...
Çox
da "neynim, necə edim?" demədən təzəcə
aldığım maaşımdan
iki dənə yüzlük qoydum cibimə: cəriməni ödəmək üçün-
birini gedəndə, birini qayıdanda.
Qəzet üçün gedəcəyim
köşklə evimizin
arası düz 1.5 kilometrdir. Bir az çəkinə-çəkinə,
bir az utana-utana
evimizin həyətindən
aşağı enib, köşkə yönəldim.
Xoşbəxtlikdən qəzet köşkünə
qədər polisə
rast gəlmədim.
Qəzeti alıb və geriyə dönüb azca getmişdim ki, bir polis leytenantı qabağımı kəsdi:
- Ağsaqqal!- dedi- bəs burda neynirsiz? Olmaz axı!
Deyəsən, ömrümdə birinci dəfə idi ki, qocalığımdan
lap zəhləm getdi.
- Canım leytenantım - dedim - evimiz yaxındadır, qəzet almağa gəlmişdim.
Polis əlimdəki qəzetlərə
baxdı. Deyəsən, tarixlərə nəzər
yetirirdi - doğrudanmı,
bu günün qəzetləridir? Baxdı,
qəzetləri qaytardı
və təəssüfü
andıran bir səslə:
- Sizə cərimə protokolu yazılmalıdır.- dedi.
Mən dərhal cərimə üçün çoxdan
hazırladığım yüzlüklərdən
birini ona uzatdım və:
- Canım leytenantım, bilirəm - dedim - evdən çıxanda cərimə pulunu götürmüşəm.
Polis qəribə və xoş bir təbəssümlə
gülümsədi:
- Mən sizi tanıyıram,
müəllim - dedi - siz jurnalistlərin müəllimisiniz. Mən də
bu "525-ci qəzet"in
daimi oxucusuyam. Ortada indi bir müəllim,
bir "525" var. Axı,
əlac yoxdur, siz qadağanı pozub evdən çıxmısınız, mən
də qoyulmuş qaydanı pozub sizi cərimə eləməyəcəm.
Doğrusu, polisin mənə hörməti, "525"ə sevgisi ilə əməlli- başlı
kövrəldim.
Yüzlüyü götürməsini və
qəbz yazmasını
israrla xahiş etdim.
O da mütəəssir olmuşdu və zarafatla:
- Ay müəllim, axı mən sizə cərimə yazsam, bugünkü "525" sizə
yüz manat, qırx qəpiyə başa gələcək-
dedi və əlavə etdi:
- Düşün yanıma,
gedək sizi evə kimi ötürüm.
Polis məni həyətimizə
qədər müşayət
etdi və ondan ayrılandan sonra içimdə bu xalqa, bu
millətə olan sevgim, bu millətin
adi bir ziyalısına
olan rəğbətinə,
hörmətinə minnətdarlıq
hisslərim bir az da çoxaldı.
Beləliklə, "525"ə
çoxdan yaranan həsrətim sona yetdi. Qəzetin gələn şənbə
buraxılışına qədər,
yəqin ki, Tanrı özü qapıları açar.
Cahangir MƏMMƏDLİ
BDU Jurnalistikanın
nəzəriyyəsi və
təcrübəsi
kafedrasının müdiri, filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2020.-
6 may.- S.9.