Sosial şəbəkədə
Şuşa xatiratları
Anım
May ayı girər-girməz çoxumuzun ilk xatırladığımız
Şuşa olur. Azərbaycanın o gözəl, səfalı,
fərqli təbiətə,
sirli-sehirli tarixə malik Şuşa şəhərinin yoxluğu
dönə-dönə bütün
həqiqətlərilə gözlərimiz
önündə canlanır.
8 may Şuşanın işğal
günüdür. Artıq
28 ildir, Şuşa varkən o müqəddəs
yurdun həsrətini,
ağrısını çəkir,
nisgilini, kədərini
daşıyırıq. Taleyinə
mənim kimi 1992-ci ilin 8 may işğalından
sonra doğulmaq yazılanlar isə Şuşanı yalnız
böyüklərimizin söhbətlərindən,
arxiv sənədlərindən,
fotoxronika və videomateriallardan tanıyıb
öyrənir, hər
daşında, hər
qayasında Azərbaycanın
şərəfli tarixi
yatan o yerləri nə zamansa heç olmasa bircə dəfə görmək təşnəsi
ilə yaşayırıq.
Əlimiz çatmayan,
ünümüz yetməyən
o qala şəhəri
xatirələrimizdə, söhbətlərimizdə,
yaddaşımızda ən
əziz saxlanc kimi hifz etməyə,
qoruyub saxlamağa çalışırıq. Bu mübhəm və müdhiş duyğuları
daha çox da həyatının hansısa kəsimi Şuşa ilə bağlı olan insanlarımız keçirirlər.
Bu il həm də
Şuşa şəhərinin
salınmasının 270-ci ili tamam olur.
Təxminən iki əsr yarım Azərbaycan tarixinin qürur ünvanı, zəngin mədəniyyətimizin
beşiyi olmuş, keçmişimizi, adət-ənənələrimizi
özündə var edən bu əsir
şəhər 28 ildir,
ürəyimizin infarktına,
qəlbimizin dağına
çevrilib.
Bizdən
daha betərini, daha ağırını isə o torpaqlar yaşayır. Torpaq hiss etməz deməyin. O da hiss edir, o da duyur, o da
içində çərləyir.
Bizim ondan uzaqlarda çəkdiklərimizdən
min qat artığını
o yerlər ona dəxli olmayan yadelli işğalçıların
nəfəsini hər
duyduqca çəkir...
***
Qarabağ, Şuşa həsrətiylə
qovrulduğumuz bu illər ərzində gücümüz o doğma,
əziz yerləri yalnız sözlərimizdə,
xatirələrimizdə yaşatmağa
yetib. Bu xatirələri
çox zaman gizli-gizli yaşasaq da, bu həsrəti
öz içimizdə
çəksək də,
bəzən hiss və
duyğular o qədər
coşğun, o qədər
dərin, o qədər
ağrılı olur ki, sanki yazmasaq,
deməsək, kiminləsə
bölüşməsək ürəyimizi partladacaq, boğazımıza yığılan
o qəhər nəfəsimizi
kəsəcək.
Çağdaş zamanda hisslərimizi
paylaşa, düşüncələrimizi
bölüşə bildiyimiz
əsas ünvan, yəqin ki, sosial şəbəkələrdir.
O məkanda yazıb
dost, simsar saydığımız
yüzlərlə, minlərlə
bölüşdüyümüz fikirlərimiz bir yandan özümüzə
müəyyən anlamda
rahatlıq gətirirsə,
bir yandan da bu paylaşmalar
eyni duyğunu, eyni hissi keçirən
insanların bir-birini tapmasına yol açır.
Kədər, ağrı bölüşdükcə
yüngülləşir, deyirlər.
Vətən ağrısı,
doğma yurdun kədəri bölüşdükcə
nə qədər azalar, ümumiyyətlə,
azalarmı -
bilinməz, amma yenə də insan, az da
olsa, xəfif təskinlik tapır, bəlkə də.
Mayın
ilk günlərindən, 8 may işğalına bir neçə gün qalmış sosial şəbəkələrdə Şuşa ilə bağlı yazı və paylaşımlar qarşımıza çıxır.
Mən də bu yazıda diqqəti elə həmin paylaşımlara
yönəldib özümüzün
cismən gedə bilmədiyiniz o yerləri sosial şəbəkədə
yazılan fikirlərlərin
izi ilə şəkil-şəkil, söz-söz
dolaşmaq istəyirəm.
Tanıyanlar, yəqin ki, şair, jurnalist, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid üçün
Şuşa, Ağdam, Laçın, ümumiyyətlə,
Qarabağla bağlı söhbətlərin həddindən
artıq həssas və kövrək bir mövzu olduğundan
xəbərdardır. Hər dəfə uşaqlıq illərindən
söz düşəndə ilk növbədə
Ağdamdakı, Laçındakı, Şuşadakı
günləri xatırlayan R.Məcid zaman-zaman hiss və xatirələrini
yazılarında, kitablarında, eləcə də
özünün sosial şəbəkə hesabında dilə
gətirir. Bu may günlərində onun Şuşa ilə
bağlı daha bir paylaşımını oxuduq.
Şuşanı yuxusunda görən müəllif öz həyəcanını
Feysbuk hesabında
bölüşmüşdü:
"Şuşanı yuxuda gördüm...
32 il əvvəl qaldığımız evin
səliqəli həyətindəydim. Güllərin, ləklərin
yanıyla, daş pillələrlə darvazaya tərəf
getdim. Həyətin balaca qapısını açıb
daş döşənmiş küçəyə
çıxdım. Sağa dönsəm, Gövhərağa məscidinin
yanından Bazarbaşı meydanına, ordan da Güllü
bağa gedə bilərdim. Sol tərəf Vaqifin məqbərəsinə,
Cıdır düzünə aparırdı.
Düşündüm, hansı səmtə gedim. Səhərin
bu çağı ikisi də əvəzsiz olur.
Sonrası yadımda qalmadı,
həyəcan içində
ayıldım..."
***
Bu status
çox adamların yarasına duz səpdi, çox
yaraların qaysağını qopartdı. Zaman-zaman
Şuşanı yalnız yuxularında gedib görənlər,
xatirələrində yaşadanlar, heç vaxt o yerləri
görməyənlər... rəy bölməsində öz
hiss və fikirlərini bölüşdülər. Kimi
gördüyü yuxuları yazır, kimi tezliklə
Şuşaya, Qarabağa qayıtmaq diləklərini bildirir,
kimisi də Şuşalı yuxuların çin
çıxmasını arzulayırdı. Hətta bəzən
yuxuda özünü Şuşada əsirlikdə
gördüyünü deyənlər də vardı.
Onların yaşadığı həsrət bu yuxunun
travması ilə elə çuğlaşmışdı ki,
insan bir an onların Şuşanı görmək
üçün əsirliyə belə razı
olduqlarını düşünürdü.
Bəziləri isə yuxudakı
Şuşa "səfərlərini"
bölüşürdülər. Şuşada doğulan
siyasi elmlər doktoru, professor Elçin Əhmədov öz rəyində
yazırdı:
"Rəşad müəllim,
mənim 28 ildir, iki gündən bir
yuxumdan çıxmır Şuşa. İnanın,
Bakıdakı evi hələ bir dəfə də yuxuda
görməmişəm. İndi, elə bil, heçyoxmuş
kimi yer üzündən silinmiş, 18-ci əsrin abidəsi
olaraq qorunan evimizi gah işıqlı, gah qaranlıq
görürəm. Yuxudan həyəcanla ayılanda bir xeyli
özümə gələ bilmirəm. Ata, baba, nənə qəbri
orda, ana qəbri Pirşağıda... Həmin o siz dediyiniz
Güllü bağ var idi, evimizdən 20-30 addım məsafədə
olardı. Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o
güllərin qoxusu ora çatmamış Qarabağ
mehmanxanasının pilləkənlərinə qədər gəlirdi.
Bütün uşaqlığım oralarda keçib. Şəhərin
mərkəzində Bazarbaşı deyilən yerin,
Güllü bağın yanında, Molla Pənah Vaqifin 18-ci əsrdə
dərs dediyi mədrəsənin yanında...
Sağalmamış yaramızın qaysağı bir də
qopdu, əziz Rəşad müəllim!"
Paylaşımın rəy bölməsində Şuşaya
aid şəkillər də var idi. Elçin Əhmədov həmin
şəkilləri "yaşadığımız və
yuxuda gördüyümüz yerlərin şəklini
aşkarda görməyən gənclər üçün
paylaşdım" qeydi ilə paylaşmışdı. O
şəkillərdə 28 ildir, görmədiyimiz, həsrətini
ürəyimizin dərinliyində gəzdirdiyimiz
Şuşanın, Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Qarabağ xanının vəziri
Molla Pənah Vaqifin 18-ci əsrdə dərs dediyi mədrəsə
və sair təsvir olunurdu.
Yeri gəlmişkən, professor Elçin
Əhmədov Feysbukda həm siyasi elmlər doktoru, həm də
bir şuşalı kimi çox fəaldır. O, Qarabağ həqiqətlərinin
çatdırılmasında, Şuşanın,
Qarabağın təbliğində olduqca mühüm işlər
görür. Bundan əlavə, E.Əhmədov "Qarabağ
həqiqətləri" Feysbuk qrupunda Şuşa ilə
bağlı zəngin məlumatlar, yazı və şəkillər
paylaşır, hər bir şəkil haqqında geniş məlumat
verir, onların tarixi əhəmiyyətini izləyicilərin
diqqətinə çatdırır.
***
Rəşad
Məcidin bu yuxu-statusu təkcə Azərbaycan vətəndaşlarını,
qarabağlıları, şuşalıları yox, qardaş
ölkə vətəndaşlarını da xeyli təsirləndirmişdi.
Türkiyənin Azərbaycandakı səfirliyinin
keçmiş mədəniyyət müşaviri İrfan
Çiftçi hər zaman Azərbaycana, azərbaycanlılara
dostluğu ilə seçilib. Təkcə müşavir
olduğu zamanlarda deyil, ümumiyyətlə, bütün
dövrlərdə Azərbaycana öz vətəni kimi sahiblənib,
onun dərdini öz dərdi, problemini öz problemi bilib.
İrfan bəylə hələ mədəniyyət
müşaviri olduğu zamanlardakı
tanışlığımızdan bilirəm ki, Qarabağ həsrətini,
Şuşa dərdini ən az bizim qədər çəkən
ziyalılardandır. Görünür, bu sevginin, bu
doğmalığın nəticəsidir ki, İrfan bəy də
təxminən həmin zamanlarda Şuşanı yuxuda
görüb. Yuxu nədir? Yuxu insanın mənəvi
dünyasında, ruhi varlığında və
altşüurunda gizlənənlərin üzə
çıxmasıdır. Deməli, İrfan bəyin də
Şuşa özləmi bu qədər dərin, bu qədər
böyükdür. O, həmin statusun şərh bölməsində
belə bir rəy yazmışdı: "Mən də
üç gün əvvəl Şuşa yuxusu
görmüşdüm... Qarabağı geri
almışdıq. Azərbaycan ordusu ilə ilk dəfə
Türkiyə adına Şuşaya gedirdik... Xeyir olsun,
inşallah, biryerdə tezliklə Şuşada olaq..."
Sizi bilmirəm, bu cümlədə mənim diqqətimi ilk
çəkən "geri almışdıq" sözü
oldu. Bir yandan da bu hadisənin "biz" olaraq ifadə edilməsi.
Bu da İrfan Çiftçinin bizi, bizim dərdimizi Türkiyədən,
türkiyəlilərdən ayırmadığının bir
göstəricisi idi.
***
R.Məcid
bu statusu yazmasından iki gün sonra "Ədalət" qəzetində
"Rəşad Məcidin Şuşa yuxusuna
sözardı" adlı kiçik bir esse çap olundu.
Müəllif yazırdı:
"Rəşad, sən belə elə. Sən
dön sağ tərəfə, bazar meydanından keç,
üz tut Mədəniyyət evinə tərəf.
Mehmanxananın yanından yenə bir solaxay get. Get, get, get...
gedib çatacaqsan Avtovağzala. Orda bir erməni Sovet
İttifaqı qəhrəmanının heykəli var, onun
üzünə tüpür, qalx Vasif Quliyevin bibisi, Xan əminin
mahnı qoşduğu, gözəllər gözəli Qəmərin
yeməkxanasına. Hələ Şuşada xəngəl
mövsümü başa çatmayıb. Yaxşı bir
döşəmə xəngəli, Ağdamda zavodda
"levıy" hazırlanan və bütün qonşu
rayonlara "Moskovski vodka" adı ilə sırınan
araqdan içmə. Qəmər xala kimi çappa stəkanda
konyak iç. Sonra ordan da gəldiyin yolla qayıt Mədəniyyət
evinin arxasındakı çayxanada bir çay iç.
Tanıdığın bütün Şuşa
ziyalılarının hamısı orda olacaq. Xüsusilə də
İlhami Cəfərsoylu ilə Əli Mahmud. Sonra ordan da mənə
bir zəng elə yandıq ver. Rəşad, mən ən
azı günaşırı Ağdamı yuxumda görürəm.
Və bütün şəhid olan dostlarımla da Cəfərin
çayxanasında çay içirəm.
P.S.
Şuşa işğal olunanda Qəmər xanımın
yaşı 90-ı keçmişdi, amma nuru üzündəydi.
Camaat çıxanda nə qədər elədilər Qəmər
xanımı çıxara bilmədilər. Üstünə
benzin tökmüşdü ki, məni kim zorla aparmaq istəsə,
özümü yandıracam. Gedib ayrı yerdə ölməkdənsə,
Şuşada ölməyi üstün tuturdu. Və
qalmışdı Şuşada. Və yəqin ki, elə ilk
ermənini görəndə də özünü
yandırıb.
İmza:
Özün bildin də müəllif kimdir".
Yəqin
bir az diqqətli
oxucu üslubundan bu essenin yazıçı, millət vəkili
Aqil Abbasın qələmindən
çıxdığını o dəqiqə anladı. Aqil
Abbas Azərbaycanın illərdir Qarabağ həsrətiylə
alışıb-yanan, Ağdam, Şuşa, Laçın...dərdi
ilə saçlarını ağardan
ziyalılarındandır. Onun bu statusa və bu yuxuya biganə
qalmayacağı, əslində, əvvəlcədən bəlli
idi. Və biganə qalmadı da. Onun bu kiçik, bir neçə
cümlədən ibarət esse-məktubunda o qədər
böyük təəssüf, həsrət, qayğı və
acıq var ki... Aqil müəllim ən azı
günaşırı özünün yuxuda Ağdama getdiyini
deyir. Və bunları elə bir intonasiya ilə dilə gətirir
ki, sanki o yerlərə yalnız yuxuda gedə bilməyin
heyfini, hirsini, acığını sözdən
çıxır.
***
Şuşanın
işğaldan öncə çəkilmiş nadir rəngli
şəkillərindən biri
Qarabağ, Şuşa mövzulu
statuslara sosial şəbəkələrdə
tez-tez rast gəlirik - həm şəxsi profil
paylaşımlarında, həm də hansısa səhifələrdə
və qruplarda.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa Dövlət Rəsm
Qalereyasının direktoru, rəssam Rövşən Bayramov
da öz səhifəsində tez-tez Şuşa ilə bağlı
rəsmlər, videolar paylaşır. Rəssam kimi öz
yaradıcılığını Şuşaya həsr etdiyi
kimi, sosial şəbəkədəki profilini də bu şəhərə
həsr edib. Şuşa qalasını, Gövhərağa məscidini,
Qaraböyükxanımın qəsrini, Natəvan
bulağını və başqa bu kimi tarixi abidələri rəssamın
tablolarından, paylaşımlarından görüb
tanımaq olar. 1992-ci ildən Şuşanı tərk edən
Rövşən Bayramovun Şuşaya həsr olunmuş 120 əsəri
var. Şuşadakı məşhur 17 məhəllənin hər
birinin tablosunu çəkib. Dediyinə görə, əksər
əsərlərini öz yaddaşına güvənib
çəkir. Rəssam bu işə Şuşanın
işğalından sonra meyillənməyib, elə
Şuşada olanda da məhəllələri tabloya
köçürməyi çox sevirmiş. Deyir ki,
Şuşanın hər küncü bir əsər idi,
Şuşaya bir dəfə gələn özünü
şuşalı sayırdı.
Rövşən Bayramovun son paylaşımlarından
birində Rəsm Qalereyasının Şuşanın
işğalının 28-ci ilinə həsr etdiyi
videoçarx yer alıb. Videoçarxda Şuşanın
tarixi, mühüm yerləri, tarixi abidələri əks
olunub.
***
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin səkkiz min nəfərə
yaxın izləyicisi olan rəsmi səhifəsi də tez-tez
Qarabağın digər şəhər və rayonları ilə
birgə Şuşaya da yer ayırır. Onların bu
yaxınlarda paylaşdıqları, Şuşa şəhərinin
işğaldan öncə çəkilmiş nadir, rəngli
şəkillərdən birində Vaqifin türbəsi və
Yuxarı Gövhərağa məscidinin minarələri
görünür. Bundan əlavə, səhifədə
Şuşa Real Məktəbinin, Şuşa bazarının
işğaldan öncəki görüntülərini, eyni
zamanda, Şuşa qalasının cənub divarının ətəyində
yerləşən Daşaltı kəndinin, Vaqif məqbərəsinin,
Xan qızı bulağının, Şuşa Mədəniyyət
evinin, Bülbülün ev muzeyinin rəsmlərini də
görmək mümkündür.
Bu paylaşımlarda insanı
ən çox
ağrıdan isə izləyicilərin rəylərdəki
sözləridir. Əksəriyyəti Şuşadan,
Qarabağdan olan izləyicilər doğma yurd yerləri ilə
bağlı xatirələrini yazır, təəssüflərini
dilə gətirir, vətən həsrəti, yurd
yanğılarını dindirməyə
çalışırlar.
***
Yazını hazırlayarkən Feysbukda
Şuşa ilə bağlı bir şəkil
çıxdı qarşıma. "Şuşa" adlı
səhifədə paylaşılan şəkildə
müharibə günlərində Şuşada dərs
saatı təsvir olunurdu. Şuşalı məktəbli qara
lövhədə "Biz - Şuşanın
uşaqları" sözlərini yazıb. Şəkildə
dərsin vaxtı da qeyd olunub: 17 yanvar 1992-ci il. Yəni
Şuşanın işğalından sadəcə, dörd ay
öncə... Şuşalı uşaqlar müharibə
günlərində təhsil almağa, yazıb-oxumağa
çalışır, sanki kimliklərinə qəsd
olunmağa çalışıldığını
anlayırmışlar kimi "Biz - Şuşanın
uşaqları" kəlmələrini taxta lövhəyə,
əslində isə yaddaşlarına, ruhlarına,
varlıqlarına həkk edirlər.
Cəmi
bir neçə ay
sonra erməni işğalı nəticəsində öz
torpaqlarından, yurd-yuvalarından, evlərindən didərgin
düşən o körpələr aylarla, hətta illərlə
qaçqın düşərgələrinə, qohum-əqrəba
evlərinə, ölkənin müxtəlif yerlərinə
sığınaraq bir müddət təhsildən uzaq
qalmalı oldular. Onların aid olduqları torpaqda yaşamaq,
doğulduqları evdə böyümək, lövhəsinə
"Biz - Şuşanın uşaqları"
yazdıqları məktəbdə təhsillərini davam
etdirmək hüququ əllərindən alındı. O
uşaqlar öz həyatlarını məcburi
köçkün kimi yaşamağa məhkum olundular.
Həmin
şəkilin rəy bölməsinə yazılan şərhlər
insanı daha çox incidir, daha çox ağrıdır.
Çünki şərh yazanların çoxusu məhz həmin
məktəbdə oxuyan, haqqında söz etdiyimiz
uşaqlardır. Onlar yanvar ayının məktəblərdə
son dərs günləri olduğunu deyirlər. Məktəbin
binası həmin günlər düşmən tərəfindən
raket atəşinə, güllə yağmuruna tutulurmuş.
Belə gərgin şəraitdə məktəbdə dərslər
davam etdirilsə də, bir gün atılan raketin məktəbin
birinci mərtəbəsinə düşməsi ilə dərslər
tamamilə dayandırılır.
O günlərin şahidi olan bir nəfər belə
yazırdı: "Mən beşinci sinifdə oxuyurdum. Dərsimiz
məktəbin ikinci mərtəbəsində idi. Dərs
zamanı qəfildən məktəbə raket atıldı,
birinci mərtəbəyə düşdü. Ondan sonra məktəb
bağlandı". Oturub düşünürəm,
bunları yaşayan beşinci sinif şagirdi, görəsən,
hansı qorxular keçirib, hansı travmalar alıb? Onlar bu
qorxularla, bu itkilərlə necə yaşayıblar?
Bunları yaza-yaza yadıma
şair dostumuz Ramil Mərzilinin
Ağdamdakı son təhsil günləri ilə bağlı
xatirələri düşür: "Beşinci sinfin ilk
ayları idi. Müharibə başlamışdı,
atışmalar olurdu. Qonşuluğa Xocalıdan məcburi
köçkünlər gəlmişdi. Artıq böyüklər
vəziyyətin çətinliyini anlamışdılar. Ona
görə də məni dayım oğlu ilə birgə Qəbələyə
göndərdilər ki, ara qarışanda qorxmayım. Özləri
isə Ağdamda qalmışdılar. Orda qalan
qardaşlarım məktəbin pəncərələrinə
atılan gülləlləri, o gərgin atışmaları
da xatırlayırlar".
Ramil Mərzili də tez-tez öz Feysbuk səhifəsində
doğulduğu torpaq - Ağdam,
eləcə də Şuşa, Qarabağ haqqında
paylaşımlar edir. Onun bu mövzulu son paylaşımı
isə Şuşa şəhər İcra Hakimiyyətinin
sabiq başçısı, mərhum Mikayıl Gözəlov
haqqında yayımlanan veriliş idi. "Bu torpaqlar
işğal olunsa, özümü öldürərəm"
- deyən Mikayıl Gözəlov
elə öz iş otağında qətlə yetirilmişdi.
Şuşalılar, ağdamlılar indi də mərhum icra
başçısını hörmətlə, sevgiylə yad
edirlər.
***
Sosial şəbəkədə Şuşa
ilə bağlı qarşıma
çıxan şəkillərdən biri isə şəhərin
lap son günlərinə - 1992-ci ilin may ayına aid idi. Şəkildə
Şuşanın işğalına saatlar qalmış
Xurşidbanu Natəvanın divardakı rəsmi və
şeiri önündə silahlarını təmizləyən
Azərbaycan əsgərləri təsvir olunmuşdu. O əsgərlər
indi həyatdadırmı, yoxsa elə ordaca şəhidmi
olublar, bilmirəm, amma yorğunluq, məyusluq, ümidsizlik və
bütün bunlara baxmayaraq, dönməzlik, mətanət, vətən
eşqi şəkildən də hiss olunur. Reza/Getty-ə aid
olan şəkildə kiril əlifbası ilə divarda
yazılan şeir belədir:
Zaman
unutmayır ötən bir anı,
Xalq
üçün xeyirxah olan insanı.
Gözlər
aydın olsun,
görməsin
kədər,
Xan
qızı yaşasın tarixlər qədər!
***
Sosial şəbəkələrdə Şuşanın görüntülərini
təkcə biz paylaşmırıq.
Ermənilər də
şəkillər paylaşırlar.
Və ürək sızladan odur ki, bu şəkillər
bizim paylaşdıqlarımızdan
çox fərqlənir.
Biz Şuşanın ən
azı 28 il öncəki, onlarsa bugünkü görüntülərini
paylaşırlar. Rəşad
Məcidin yazının
əvvəlində bəhs
etdiyimiz statusuna yazar Lamiyə İsazadənin yazdığı
bir rəyı xatırladım: "Yəqin
ki, indi oralar çox dəyişib. Dəyişməyən
bir tək səması və torpağıdır". Ermənilərin
qarşımıza çıxan
paylaşımlarından həqiqətən
də Şuşanın
dəyişdiyinin şahidi
oluruq. O paylaşımlarda
erməni qadınlar Cıdır düzündə
biş-düşlə məşğul
olur, gənclər Şuşanın dəyişdirilmiş
mənzərəsi fonunda
şəkillər çəkdirirlər.
Bu günlər paylaşılan,
Şuşanın yağışdan
sonrakı göy qurşağının və
erməni kilsəsinin
fonundakı görüntülər
ürək dağlayan
mənzərə idi.
Qarabağ qazisi, jurnalist Sultan Laçının
qeydlərinə görə,
bu görüntünü
"sosial şəbəkələrin
erməni seqmentinin erməni dığaları,
axçiləri" paylaşıblar.
Bu ürək dağlayan, müdhiş mənzərələri
görüb məyus olmamaq, ağrımamaq, qəzəblənməmək mümkün
deyil. Azərbaycanın əzəli
torpaqlarında bu gün yadelli işğalçıların
səfa sürməsi insana əzab verir. Amma nə qədər
məyusluq, bədbinlik yaşasaq da, yəqin ki, hər
birimizin qəlbinin dərinliyində möhkəm bir inam,
sönməyən bir ümid işığı mütləq
var - bir gün o doğma yurda dönmək ümidi, o yerlərin
bir ovuc torpağını gözlərimizə sıxmaq
inamı...
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2020.- 6 may.- S.10-11.