Kəndinizə gəlin!..

 

Paytaxtda Heydər Əliyev Mərkəzinə ilk dəfə gedəndə əsas qapını tapa bilmədim. Mənim kimi rayonlardan tədbirə gedənlərin çoxusu qapını tapmaq üçün binanın ətrafında dolanırdı.

Uzaqdan 40-45 yaşlı bir xanım mənə əl elədi. Dayanıb gözlədim. Çatdıqdan sonra salamlaşıb dedi ki, hansı qapı olduğunu bilmirdim, dedim birgə gedək. Adi, hətta çox adi görünüşlü bir qadın idi. Geyimi 90-cı illərin dəbinə uyğun geyim, saçdüzümü eynən o illəri xatırladırdı. muncuqlardan saçaqları olan saç sancağı isə mənə əməlli-başlı nostalji hisslər yaşatdı. Hələ ötən əsrin 90-92-ci illərində uşaq olsam da, əksər gənc qadınlarda bu sancaqlardan olduğu yadımda idi. Qadının bugünlə ayaqlaşa bilməyən ucqar bir yerdən gəldiyini düşündüm. Baxmayaraq ki, mənim özüm çəkingən insanam, sıxılmasın deyə onunla səmimiyyət yaratmağa çalışdım. Yola davam edərkən soruşdum:

- Bəs siz hansı rayondansınız?

Qadın diksindi:

- Aaaaaa  siz rayondansınız?

Mən:

- Aha, Ağcabədidənəm.

Qadın üzünü turşudub kobud səslə:

- Mən buradan, məktəbdən gəlmişəm, - dedi.

Sonra iti addımlarla məndən uzaqlaşaraq, nəhayət səmtini  tapdığımız qapıya tərəf yönəldi. Arxadan onun löyününə (biz  ağcabədililərin çox işlətdiyi ifadədir), yəni görkəminə baxıb öz-özümə güldüm, "Şəhərli canına quzu kəsim", - dedim.

Nədir rayon adamlarına qarşı bu aqressiya?  Dünən kənddə tələbata uyğun olaraq qoyun, toyuq-cücə saxlayan, əkin-biçinlə məşğul olan adamlar şəhərdə yaşamağa başlayandan sonra qoyundan qorxmağa, toyuq görəndə "oy, mama!" - deyə çığırıb sanki toyuq bunu parçalayıb yeyəcəkmiş kimi təlaşlanmağa  başlayırlar (Əslində, budunu  qızardıb iştahla dişinə çəkdiyi üçün toyuq ondan qorxmalıdır), rayonda yaşayanlara yuxarıdan aşağı baxır, davranışları, sözləri ilə onları kiçiltməyə çalışırlar. Çox təəssüf ki, bu təbəqələşmə ədəbiyyatımıza qədər gedib çıxıb. "Əyalət ədəbiyyatı", "Kənd ədəbiyyatı" kimi  ifadələr meydan sulayır. Bütün əyrilikləri, bütün çirkinlikləri ədəbiyyat hesabına, söz hesabına dəyişmək imkanı varkən, bəzən sözün özünü çirkləndirərək qəlbləri qırmaqla məşğul olanlar ədəbiyyatın evini yıxmırlarmı? Onların fikrincə, əgər kimsə rayonda, kənddə yaşayırsa, mütləq geridəqalmışdır, heç yazıb-yarada bilməz, yazdıqlarından da yalnız mal-qara, peyin, təzək qoxusu gələcək. Qarşı tərəfi oxumadan, dinləmədən, sadəcə, əyalətdə yaşadığı üçün üstündən qalın bir  xətt çəkir, onların adını dillərinə belə gətirməyi özlərinə sığışdırmırlar. Pis olanı da bilirsiniz nədir? Həmin o təkəbbürlü "şəhər şairlərinin" əksəriyyətinin əyalətdə doğulub-böyümələri. Yeri gəlmişkən, qeyd edim ki, o şairlərdən bəziləri şeirlərini, çap olunacaq kitablarının mətnlərini redaktə etmək üçün bir rayonda yaşadığım başqa söz adamına göndərirlər. Həmin əyalət şairi başını bulaya-bulaya şeirləri söküb yenidən yığır müəllifə qaytarır. Kitab çap olunur. Sabah o müəllif sosial şəbəkələrdən əyalət şairlərinə "güllə" atanda mən həmin şair dostuma baxıb başımı bulayıram.

Əvvəla, bu gün internetin həyatımızda böyük yer tutduğu bir vaxtda, uzaq kəndlərdə yaşayan insanlar belə, yeniliklərdən xəbərdar olur, inkişaf edən varsa, onun parçasına çevrilə bilirlər. Şəhər kənd mühitində yetişmiş insanların arasındakı fərq illər öncənin kəskin fərqi deyil. Təbii ki, vəziyyət tam olaraq ideal sayıla bilməz. Çatışmazlıqlar var hələ uzun illər olacaq. Amma ətrafa baxsaq, bu çatışmamazlıq şəhərə aiddir. Bölgələrdə kifayət qədər istedadlı, intellektli, savadlı insanlar var. Onları aşağılamaq yox, dəstək olmaq, təqdim etmək lazımdır. olar ki yeni çap olunmuş kitabınızın təqdimatını paytaxtla yanaşı, bölgələrdə təşkil etsəniz? olar tanınmış yazarlarla birgə rayonlarda görüşlər keçirsəniz?

Deyəcəksiniz, bunun maddi tərəfləri var. Anlayıram. Yaxşı, müraciət etdinizmi rayon rəhbərliklərinə, aidiyyatı yerlərə? Yox, ya zəhmət çəkmək istəmədiniz, ya da özünüzə yaraşdırmadınız. Bu insanlarla sıx təmənnasız əlaqələr qurmaq, onlara mənəvi dəstək olmaq, müasir ədəbiyyatla tanış etmək, istiqamət vermək, arzulanan mühiti yaratmaq çoxmu çətindir? Bunların heç birini etmirsiniz, özünüzü çətinə salmaq istəmirsiniz. Lakin "əyalət şairi", "əyalət adamı" deyib asanlıqla lağ obyektinə çevirirsiniz. Bəzən sosial şəbəkədə onlardan birinin yaxşı şeirini, yazısını görəndə ürəyiniz atlanır, fikrinizi bildirmək istəyirsiniz, amma başqaları deyər düşüncəsilə rəy bölümünə yox, ismarıc qutusuna yazırsınız, orada tərifləyirsiniz. İstəklərinizi bu qədər zorlamayın. Səmimi olun. "Mən-mən" deməkdən çəkinin, ay mənim şəhərli bacı-qardaşlarım. Bu vətənin hər qarışı bizimdir. Bu insanların hər biri canımızdan, qanımızdandır. Özümüzə yuxarıdan aşağı baxdıqca, ətrafdakıların da bizimlə belə davranmağına şərait yaradırıq. Biz "sən", "mən" bölgüsündən qurtulub biz olmağı bacarmadıqca həmişə uduzacağıq. "Kəndinizə" gəlin. Kəndimizə gəlin!

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2020.- 6 may.- S.15.