Darıxmaq

 

Esse

 

İnsanlar ax; niyə darıxırlar ki? Nədən ötrü? Bilmirəm!.. Ürəyimin darıxmaq adlı qapısının cəftəsini çoxdan sındırıb gedər-gəlməzə göndərmişəm. Amma deyəsən, hamının darıxmağa nəyisə, kimisə var. Biri uşaqlığı üçün darıxır, biri çoxdan ölmüş iti, o biri qürbətdəki qardaşı, ya vəfat etmiş ata-anası üçün... Bircə mənim kimim-kimsəm yoxdur darıxmağa.

Həkimim deyir ki, keçirdiyimiz qəzadan sonra belə olmalıdır, normaldır. Xəstəliyin forması budur. Beyin vərəqdir, keçmişsiz vərəq. Darıxacaqlarım hamısı hardasa keçmişdə qalıb - uşaqlıq da, gənclik , uşaqlıqdakılar da, gənclikdəkilər . Heç kim yoxdur, heç kim - ətrafımda, beynimin hüceyrələrində. Gülməli adı da var xəstəliyimin: altsheymer. Adamın dilinə yatmır heç. Amma həkimin dediyinə görə, elə belə yaxşıdır. Belə daha yaxşı həzm olunur itkilər. Amma hansı itkilər?

Xəstəxanadan çıxandan evi ələk-vələk edirəm. Şəkillər qayçılanıb. Ancaq mənə aid əşyalar, paltarlar var yarıboş dolablarda. Noutbuk da beynim kimi tərtəmizdir. Deyəsən, evimizi yığışdıran Valya xalanın işləridir hamısı. Həkimimin göstərişiylə yaxşıca "sil-süpür" edib. Əslində, onu da xatırlamıram. Amma insafən mehriban, yanımcıl qadındır. Hərdən döşəməni silə-silə gözucu mənə baxır, baxır, "can bala" deyib köks ötürür... Mən özümü eşitməzliyə vururam. İstəmirəm kiminsə yazığı gəlsin mənə. olub, əlim-ayağım yerində, gözüm görür, qulağım eşidir. Bir , guya nəsə soruşsam, cavab verəcək?! Daşdan səs çıxar, ondan yox...

Beləcə, keçmişimdən qopmuş halda yaşayıram. Amma yalan deyim, hərdən oturduğum yerdə darıxmaq keçir könlümdən. Onda qarşıma çıxan hər kəsdən soruşuram darıxmağın mahiyyətini. Bilmək istəyirəm, nələr yaşayırlar, nələrdən keçirlər həmin anlarda? Başlayırlar bu hissi söz-söz, cümlə-cümlə təsvir etməyə. Deyirlər ki, elə bil, qəfil hardansa doğma bir qoxu duyursan başa düşürsən ki, burnunun ucu göynəyir həmin qoxu üçün. Tanış bir musiqi, ya da artıq xatirəyə çevrilmiş bir kəlmə eşidəndə, elə bil, içindən nəsə qırılıb düşür. Elə bil, gözün hər yerdə darıxdığın adamı axtarır - ötüb keçən maşınlarda, dayanacaqlarda, metroda...

Darıxmaqdan danışanda onlara baxıram - üzlərinə, gözlərinə, əllərinə baxıram. Qarşımda ayrı-ayrı üzlər, gözlər, əllər var. Qadın var, kişi var, cavan var, yaşlı var. Amma həmin anlarda hamısı bir adam olur, elə bil. Eyni olur bütün əllər, üzlər, gözlər. Bütün gözlər eyni cür parıldayır, bütün sifətlər eyni cizgiləri alır, bütün əllər eyni cür danışır... Başa düşürəm ki, adamlar eyni cür darıxırmış, sən demə-varlısı da, kasıbı da, cavanı da, qocası da. Darıxmağın bir dili varıymış - mənə Çin dilitək yad olan yavaş-yavaş kəşf etməyə çalışdığım bir dil. Sonra darıxmaqla bağlı şeirlər oxuyuram, filmlər izləyirəm. Filmlər , şeirlər maraqsız gəlir mənə. Bir-birinin ağzına tüpürüblər, elə bil - eyni ifadələr, eyni kəlmələr... Sonra da düşünürəm ki, günün birində darıxmağın olduğunu öyrənsəm, tam başqa cür darıxacam. Heç kimin darıxmağına bənzəməyən darıxmaq olacaq mənimki. Özümdən yeni bir darıxmaq növü kəşf edəcəm, dissertasiyasını yazacam darıxmağın, sıfırdan əlifbasını yaradacam. Məsələn, mən darıxsam, heç kimin xəyalını qurmayacam. Məncə, darıxanda elə bir özün olsan, bəsdir. Öz içindəki dibsiz qara dəliyə baxmağın bəsdir. O dəlikdən batmağın bəsdir.

Bir gün darıxsam əgər, özümü bütöv hiss etməyəcəm. Elə biləcəm, əlim, ayağım, ürəyim o gündən bu yana məni tərk edib. Hər hərəkət edəndə onun yoxluğunu hiss edəcəm - yəni əlimin, ayağımın, ürəyimin. Bir restoran dolu adamın içində hamı şıdırğı rəqs edərkən saatlarca bir nöqtəyə zillənib beynimdəki musiqini dinləyəcəm. Və heç kim təbəssümlü üzümün altında səslənən melodiyanın sözlərindən xəbər tutmayacaq. Elə darıxacam ki, elə bil, nəsə çatmır - oksigenim çatmır, suyum, vitaminim çatmır. Darıxa bilsəm, elə darıxacam ki, bədənimin bütün hüceyrələri titrəsin bu əzabdan. Elə darıxacam ki, bu titrəyişdən həzz alım o an. Darıxanda ürəyim nəsə istəyəcək. Amma bilməyəcəm nə istəyir. Heç yanda tapmayacam istədiyimi. Mağaza-mağaza gəzəcəm, vitrin-vitrin axtaracam. Hər şeyi və heç nəyi... Çünki yeməli, geyməli, gəzməli olmayacaq istədiyim. Bircə biləcəm ki, çox dərindən və vulkan lavası kimi güclü gəlir bu istək...

Bir gün darıxsam əgər, darıxmağımı qəlbimin tərəzisinə qoyacam, qram-qram ölçəcəm. Və qalan bütün hisslərimdən ağır gələcək bu hiss. O qədər ağır gələcək ki, dözə bilməyəcəm. İradəm göz görə-görə şam kimi əriyib suya dönəcək. Bir anlıq  durub gözlənilmədiyim, tanımadığım yerlərə qaçacam. Özü də elə başıaçıq-ayaqyalın qaçacam, hətta qaçmayacam e, pay-piyada dördnala çapacam. Axı, darıxmaq - kiməsə, harasa qayıtmaqdır. Amma bircə tapsaydım ki, kimdir O - darıxmaq istədiyim?..

Hə, bir gün darıxsam əgər, nə az-nə çox, bax bu qədər darıxacam. Heyf ki, bilmirəm darıxmağın yolunu, izini, nə olduğunu... Bir də, kim üçün, üçün darıxım axı?..

 

Günel MEHRİ

 

525-ci qəzet.- 2020.- 6 may.- S.15.