"Uğur qazanmağın kökündə
ilk növbədə zəhmət
dayanır"
"İLK ADDIMI
ATMAĞA ÇƏKİNMƏMƏK VƏ AYAĞA
DƏYƏN İLK DAŞDAN QORXUB DAYANMAMAQ LAZIMDIR"
"525"in suallarına sabiq millət vəkili, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı cavab verir.
"Uğur finişinə yalnız ən əzmkar olanlar çatır"
- Ceyhun bəy, bilirik ki, ictimai fəaliyyətə çox tez başlamısınız. Gəlin söhbətə də elə həmin illərdən
körpü salaq. Siz 17-18 yaşlarından bu
sferada fəaliyyətdəsiniz - "Azərbaycan
Könüllülər" ictimai birliyi, "İrəli"
gənclər hərəkatı, Gənclər Parlamenti, Xaricdə
Təhsil Alan və Məzun Olmuş Gənclərin İctimai
Birliyi, Avropa Şurası Gənclər və İdman
Direktorluğu, Avropa Gənclər Fondu, Gənclər Təşkilatlarının
Milli Şurası və sair. Belə erkən
yaşda bu cür ictimai status qazanmaq hər adama nəsib olmur.
Necə alındı bütün bunlar? Özünüzün xüsusi bir qabiliyyətiniz, təmsil
olunduğunuz çevrə, bəxt, ya nə rol oynadı?
-
Düşünürəm ki, həyatda uğur
qazanmağın kökündə ilk növbədə zəhmət
dayanır. Hər bir ideyanı
strukturlaşdırıb, xırda komponentlərə bölmək
olar. Addımları müəyyənləşdirdikdən
sonra ilk addımı atmağa çəkinməmək və
ayağa dəyən ilk daşdan qorxub dayanmamaq
lazımdır. Finişə isə
yalnız ən əzmkar olanlar çatır. Çevrə də çox önəmlidir,
çünki hər bir sahənin uğur formulunu onun peşəkarları
daha yaxşı bilir. Bilmədiyimi daha təcrübəli
insanlardan soruşmağa utanmamışam. Hər zaman səmimiyyətin və durmadan öyrənməyin
tərəfdarıyam. Sadaladığınız
uğurlar da həyatımın sadəcə bir
parçası olub. Mən o
uğurları tək əldə etməmişəm.
Mövcud şərait, dostlar, kolleqalar, əməkdaşlar, həmfikirlərin
rolu az olmayıb. Ona görə
də heç bir uğurumu şəxsiləşdirmək istəməzdim.
- Bu çoxşaxəli fəaliyyətdən
sonra Milli Məclisin üzvü seçildiniz. Deyəsən,
2010-cu il seçkiləri idi. Parlamentdə təmsil olunmaq istəyiniz hardan yarandı?
Bunsuz da fəaliyyətiniz geniş idi. Sizi parlamentə çəkən nə oldu? Yəqin
ki, hansısa konkret səbəblər vardı. Deputat
seçiləndən sonra bu gözləntiləriniz
doğruldumu? Milli Məclisdəki fəaliyyətiniz
dövründə özünüzün də təqdir edə
biləcəyiniz, yaxud da peşmançılıq çəkdiyiniz
hansısa məqamlar oldumu?
- Həmin
illər mən ölkənin ən fəal gənclər təşkilatı
olan "İRƏLİ" İctimai Birliyinin sədri idim. "İRƏLİ" Azərbaycanın hər
bir bölgəsində çoxsaylı layihələrlə
yadda qalmışdı. Cəmiyyətimiz
və dövlətimizin inkişafına daha çox xidmət
etmək üçün bilik və təcrübələrimiz
formalaşmışdı. Bakı Dövlət
Universitetinin politologiya ixtisasından məzun olduğumu nəzərə
alaraq, siyasətlə məşğul olmaq həvəsimi də
təbii qəbul etmək lazımdır. Sabirabaddan
millət vəkilliyinə namizəd olmaq da mənim təkbaşına
verdiyim qərar olmayıb. Seçki
kampaniyasında mənə yüzlərlə insan
könüllü dəstək oldu. Hər
birinə çox minnətdaram. Necə
millət vəkili olduğuma isə seçicilərim qiymət
versə, daha obyektiv olardı. Sadəcə,
bir cümlə ilə ifadə etsəm, seçki
platformasında qarşıya qoyulan məsələlərin
bir çoxuna nail olundu.
"Mənə qarşı təşkil
edilən süni qara
PR kampaniyası məyusluq
yaratdı"
- Amma nədənsə növbəti
- 2015-ci il seçkilərində
iştirak etmədiniz. 5 il Milli Məclisdəki
fəaliyyətiniz məyusluq yaratdı ki? Niyə
belə tez çəkildiniz kənara?
-
Haqlısınız. Bir dönəm mənə
qarşı təşkil edilən süni qara PR kampaniyası
məyusluq yaratdı. Sanki gördüyüm hər bir
işə fərqli don geyindirərək təqdim etmək istəyən
insanlar var idi. İlk illər bunun səbəbini
anlamırdım. İllər keçdikdən
sonra bunun səbəbini anladım. Onların
dərdi təkci mən deyildim. Bir qrup
insanın məqsədi cənab Prezidentlə Azərbaycan gəncliyi
arasına girmək və sinerjini pozmaq idi. Əslində, bununla onlar Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu gənclər siyasətinə
zərbə vurdular. Məqsəd nəsillər
arası rabitəni qırmaq və yetişən gəncliyin
önünü kəsmək idi. Saxta ləkələmə
kampaniyalarının nəticəsində dünyanın
dörd bir yanında Azərbaycana və onun maraqlarına xidmət
edən minlərlə insan dövlətə xidmət etmək
xəttindən uzaq düşdü. Lakin
çox çəkmədi ki, cənab Prezident səviyyəsində
Azərbaycanda ayrı-ayrı insanlara qarşı şərləmə,
ləkələmə, şantaj, reketlik təşkil edən
insanlar barədə hüquqi qiymət verildi. Bu islahatlar bu gün də davam edir. Azərbaycan
vətəndaşlarına öz ölkələrində
özlərini rahat hiss etmələrinə mane olan
bütün səbəblər aradan qaldırılana qədər
bu islahatlar davam etməlidir. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın da sosial ədalət,
azad rəqabətin, şəffaflığın və insan
indeksli siyasətin aparılması ilə bağlı ölkəmizə
verdiyi töhfələri vurğulamaq istərdim.
- O vaxtlar sizin adınız Prezident
Aparatının həmin dönəmdəki şöbə
müdiri Elnur Aslanovla birgə hallandırılırdı. Sizin bir komandanın üzvü olduğunuz deyilirdi.
Elnur Aslanov 2014-cü ildə Prezident Aparatındakı vəzifəsini
itirdi, Siz isə növbəti il
keçirilən seçkilərdə iştirak etmədiniz. Bu məsələlər bir-biri ilə çox əlaqələndirilirdi
o vaxtlar. Bu haqda nə deyə bilərsiniz?
- Elnur
Aslanov YAP Siyasi Şurasının üzvü kimi Prezident
İlham Əliyevin rəhbərlik etdiyi komandanın
üzvüdür. Buna alternativ hər hansı
bir informasiyaya malik deyiləm. Onun işdən
azad olunma səbəbi barədə də dəqiq informasiyam
yoxdur. Elnur Aslanov Ulu öndər Heydər
Əliyev tərəfindən dəstəklənən Azərbaycan
gənclər siyasətinin fəal iştirakçısı
olub. Gənclər Təşkilatları
Milli Şurasının bir müddət baş katibi olub.
İndi yüksək vəzifələr tutan Azay Quliyev, Fuad
Muradov, İntiqam Babayev, Fərhad Hacıyev, Əkrəm
Abdullayev, Şahin Seyidzadə, Məzahir Əfəndiyev kimi
insanlar da Gənclər Təşkilatlarının Milli
Şurasında vaxtilə vəzifə tutublar. Mən
özüm də bir müddət Gənclər Təşkilatları
Milli Şurasının baş katibi olmuşam. Elnur Aslanovla ilk tanışlıq da o zamanlara təsadüf
edir. O dönəmin gənclər və idman naziri
Əbülfəs Qarayev, daha sonra Azad Rəhimovla bərabər
gənclər siyasətinin həyata keçirilməsində
fəal iştirak etmişik. Gənclər siyasəti
ilə bağlı ölkə rəhbərliyinin məqsədə
uyğun bildiyi mövzularda hər hansı fəaliyyətin əlaqələndirilməsindən
başqa, hər hansı bir əməkdaşlıq müzakirə
mövzusu olmayıb. "İRƏLİ" İctimai
Birliyinin sədri olduğum dönəmdə isə tək
Elnur Aslanov yox, demək olar ki, Prezident Administrasiyasının
bütün şöbə müdirləri, o cümlədən,
ayrı-ayrı nazirlər və komitə sədrləri ilə
aidiyyatı mövzularda əlaqələndirmələr olub. 2015-də seçkiyə qatılmamağımla
Elnur Aslanov arasında heç bir əlaqə yoxdur, necə
ki, 2010-da seçkiyə qatılmağımın Elnur Aslanova
heç bir aidiyyatı yox idi. Məsələn
soruşsanız ki, hazırda Elnur Aslanov haradadır, bunu bilmirəm.
Mən isə karantin başlayandan
Göyçaydayam.
"Bu tip çirkin kampaniyalar, əsasən,
iki şəxs tərəfindən idarə edilirdi"
- Həmin ərəfədə
gündəmdə Sizinlə bağlı dezinformasiyalar var idi
və baş verənləri bu olaylarla əlaqələndirənlər
də oldu.
- Bəli,
var idi. Bu tip çirkin kampaniyalar, əsasən, iki şəxs
tərəfindən, iki fərqli qurumdan idarə edilirdi. Hazırda hər iki şəxs vəzifələrindən
azad edilib.
- Sonra bir xeyli müddət sanki
kölgəyə çəkildiniz. Bu nə ilə
bağlı idi və həmin dövrdə hansı sahədə
faəliyyət göstərirdiniz?
- Doktorluq
dissertasiyamı tamamladım. 4 xarici universitetdə
kurslar bitirdim. 2 il prorektor olaraq
çalışdım və tanınmış təhsil
ocaqlarından birinin idarə heyətinin üzvü oldum. Azərbaycanda və xaricdə olan bəzi biznes layihələrdə
konsultant işlədim. Şəxsi
inkişaf karyeranın ayrılmaz hissəsidir. Həyat öz axarı ilə davam edir. Kölgəyə çəkilmək və üzə
çıxmaq kimi ifadələri qəbul etmirəm.
"... gözlənilməz
badalaqlara qarşı immunitet yaratdı"
- Ceyhun bəy, sizin kimi ictimai fəaliyətə
erkən başlayan və kifayət qədər tanınan bir
gəncin sonra hansısa səbəblərdən aktiv fəaliyyətə
fasilə verməsi, yaxud buna məcbur qalması, əlbəttə,
adi qəbul ediləsi məqam deyil. Bütün bunlar sizdə
bir ümidsizlik, depressiya halı yaratmadı ki?
- Qətiyyən.
Əksinə, gözəl bir həyat təcrübəsi
oldu. Həyatı daha yaxşı
anlamağa, insanlar barədə daha dolğun təəssürat
formalaşdırmağa, prosesləri daha aydın qavramağa
kömək etdi. Bir də ki, hər
hansı gözlənilməz badalaqlara qarşı immunitet
yaratdı. Bəlkə də elə ona görə
koronavirus məni çox qorxutmadı.
- Son aylar fəaliyyətiniz yenidən
canlanmaqdadır. Azərbaycan Yaşıllar Hərəkatını
təsis etmisiniz, ölkə mediasında da tez-tez
görünürsünüz. Bu, nədən irəli
gəlir - son aylar ölkədə gedən ictimai-siyasi aspektli
dəyişikliklərdən, yoxsa başqa səbəblər
var?
- Milli Məclis üzvü olduğum zaman Avronest Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvü idim. Hələ o dönəmdən
Yaşılların fəaliyyəti diqqətimi cəlb
etmişdi. Avropa Parlamentində
Yaşılları təmsil edən deputatlardan biri ilə
Şərq tərəfdaşlığı ölkələrində
mədəniyyətlərarası dialoqa dair qətnamə
hazırladıq və qəbul edildi. Dünya
və Avropada Yaşıllarla əməkdaşlıq sahəsində
xeyli perspektiv olsa da, Azərbaycanda bundan yetərincə istifadə
edilmirdi. Ona görə də bu sahədə
fəaliyyət göstərməyə qərar verdim. Azərbaycanda iqtisadi və siyasi islahatlar davam edir, həyat
standardları təkmilləşir. Azərbaycan vətəndaşı
olaraq bu məni sevindirir və öz ölkəmə xidmət
etmək üçün şanslarım varsa, niyə də
bundan imtina edim?..
"Partiya rəhbərlərinin
şərt irəli sürülmədən
görüşə dəvət
olunmasını təqdir edirəm"
- Bu günlərdə ölkədə
fəaliyyət göstərən siyasi partiya rəhbərləri
ilə görüşlər çərçivəsində
Azərbaycan Yaşıllar Hərəkatının təmsilçisi
kimi Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
müdiri Ədalət Vəliyevlə
görüşdüyünüzü bildirmişdiniz. Bu görüş haqda nə deyərdiniz? Demək
olarmı ki, Azərbaycan Yaşıllar Hərəkatının
həm də siyasi hədəfləri var?
- Prezident Administrasiyasının təşəbbüsü
ilə partiya rəhbərlərinin şərt irəli
sürülmədən görüşə dəvət
olunmasını təqdir edirəm. Bu partiyaların
hamısının məramı Azərbaycanın
inkişafı ilə bağlıdırsa, o zaman sual olunur ki,
iki insan və ya iki qurumun bir araya gələrək Azərbaycan
naminə irəliyə doğru fikir mübadiləsinin nəyi
pisdir? Altıncı
çağırış Milli Məclisin idarəçiliyini
həyata keçirəcək 34 nəfərdən (sədarət,
komitə sədri və müavinləri) 17 nəfəri, yəni
tam yarısı bitərəf və müxalifət təmsilçilərinə
ayrıldı. Deməli, hakimiyyət
partiyasının mesajı odur ki, Azərbaycanın gələcəyini
dizayn etməklə bağlı digər siyasi qruplarla məsuliyyəti
paylaşmağa hazırdır. Yeni
parlamentin ilk iclasında çıxış edən Prezident
İlham Əliyev bəyan etdi ki, müxtəlif siyasi qruplarla
olan görüşlər barədə ona məruzələr
edilir. Deməli, proses birinci şəxsin
diqqət və iradəsi çərçivəsində
baş verir. Bu isə görüşlərin
dialoqa, dialoqun isə əməkdaşlığa çevrilmə
perspektivini artırır.
- Məlum olduğu kimi, koronavirusla
bağlı ölkədə karantin elan olunub. Hazırda
Göyçaydasınız. Karantin
dövrünü necə keçirirsiniz? Hazırda
boş vaxtınızı necə dəyərləndirirsiniz?
Mütaliə ilə məşğul olursunuzmu?
-
Yuxarıda da qeyd etdiyim kimi, Göyçaydayıq. Təbiəti, kənd həyatını, sadə
insanlarla ünsiyyəti, insanın öz əməyi ilə
yarada bildiyi gözəlliklərdən zövq almağı
çox sevirəm. Təbii ki,
torpaqla-bağla-həyətlə məşğul olarkən
mütaliəni də unutmuram. Karantin
dövrü sübut etdi ki, internet dövründə məkanın
çox önəmi yoxdur. Onlayn rejimdə
bir çox işlər görülə bilər. Necə ki mən indi sizə müsahibə verirəm.
Fürsətdən istifadə edərək
müsahibəyə görə təşəkkür edirəm
və sizə viruslardan uzaq həyat arzulayıram.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2020.- 6 may.- S.14.