Elmi düşüncənin milli və bəşəri
miqyası
PROFESSOR ƏSGƏR ZEYNALOVUN
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA
TƏQDİM EDİLƏN ƏSƏRLƏRİ DÜNYA
ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN QİYMƏTLİ
NÜMUNƏLƏRİDİR
Dünyanın
bir çox ölkəsində geniş tanınan dəyərli
Azərbaycan alimi, ədəbiyyatşünas və tərcüməçi,
filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun
"Volter və Hüqonun Şərq dünyası" əsərində
Əmir Teymurun məşhur bir kəlamı diqqətə
çatdırılır: "Cahan o qədər də
böyük deyildir ki, ona iki nəfər hökmranlıq
etsin".
Azərbaycan
alimi öz əsərlərilə sanki həmin fikri bir daha təsdiq
edir ki, doğrudan da, dünya o qədər də böyük
deyil. Tədqiqatçının Azərbaycan
Respublikasının Dövlət Mükafatına təqdim
etdiyi, fransız ədəbiyyatına aid silsilə əsərləri
və onların nəşr coğrafiyası da aydın şəkildə
bundan xəbər verir: "Hüqo". Bakı,"Mütərcim",
2014. (Azərbaycan və fransız dillərində);
"Hüqo-fransız ədəbiyyatının
milyarderi". Fransa, "Presses Akademiques Franncophones" nəşriyyatı,
2015 (fransız dilində); "Hüqo". ABŞ, "Lulu
Enterprises" nəşriyyatı, 2016 (ingilis dilində);
"Hüqonun Şərq baxışı". İngiltərə.
"Rossendale Books" nəşriyyatı, 2016 (ingilis dilində);
"Volter və Hüqonun Şərq baxışı. "Kanada,
"Frist chois Books" nəşriyyatı, 2016 (ingilis dilində);
"Şərq Volter yaradıcılıgında". Hindistan,
"Cinnamonteal" nəşriyyatı, 2017 (ingilis dilində);
"Volter və Hüqonun Şərq dünyası".
İsveç, "Tryck Holmberqs" nəşriyyatı,
2018 (ingilis dilində).
Onu da xatırlatmaq yerinə düsər ki, bunlardan əlavə,
professor Əsgər Zeynalovun Rusiya (Sankt-Peterburq, Moskva), Almaniya
və ABŞ-da (digər iki əsəri) kitabları,
Türkiyə, İran, Serbiya və Rusiyada 10 məqaləsi
işıq üzü görüb.
Zəhmətkeş tədqiqatçı "Azərbaycan
bayatıları Qafqaz regionunda" (1991) mövzusunda namizədlik
və "Şərq Volter
yaradıcılığında" (2003) mövzusunda doktorluq
dissertasiyası müdafiə edib. Fransanın nüfuzlu orqanlarından
olan "LEst republicain" qəzetində 2007-ci il avqust
ayının 11-də dərc olunmuş "Hüqonun azərbaycanlı
mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində"
adlı yazıda, yenə də həmin qəzetin 2014-cü
il iyulun 24-də işıq üzü görmüş
"Qoca Hüqo, bəşəri Hüqo" məqaləsində,
eləcə də Parisdə fəaliyyət göstərən
Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsinin
2013, 2015, 2016, 2019-cu il nömrələrində dərc
olunmuş yazılarda Ə.Zeynalov Fransanın elmi-ədəbi
ictimaiyyətinə məhz Hüqo mütəxəssisi kimi təqdim
olunub. Ümumiyyətlə, Ə.Zeynalov Volter
yaradıcılığından doktorluq dissertasiyasını
müdafiə etsə də, o, beynəlxalq aləmdə daha
çox Hüqo mütəxəssisi kimi tanınıb.
Qeyd etmək lazımdır ki, azərbaycanlı alimin
xarici ölkələrdə Hüqo haqqında nəşr
olunmuş monoqrafiyaları dünyanın 30-a qədər
ölkəsinə yayılıb.
Ə.Zeynalovun yaradıcılığına diqqət
yetirdikdə, onun həm milli, həm də son dərəcə
beynəlmiləl miqyas və dəyər kəsb etdiyi
aydın görünür. Alim son 30 ildə Azərbaycanın
ictimai-siyasi həyatında baş vermiş bütün hadisələrə
yazılarıyla öz münasibətini bildirib: Qarabağ
hadisələri, 20 Yanvar faciəsi, Xocalı
soyqırımı və digərləri. Ə.Zeynalovun
təxminən 15 illik zəhmətinin bəhrəsi olan
"İrəvan ziyalıları" kitabı əvvəlcə
Bakıda Azərbaycan, rus və ingilis dillərində
çap olundu. 2011-ci ildə həmin kitab
professor Boris Starkovun ön sözüylə Sankt-Peterburqda,
2013-cü ildə professor Rudolf İvanovun ön sözü ilə
Moskvada nəşr edildi. Dünya
şöhrətli rus alimləri B.Starkov və R.İvanovun
ön sözləri ilə "İrəvan
ziyalıları" kitabı 2016-cı ildə ABŞ-da
ingilis dilində işıq üzü gördü. Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, "İrəvan ziyalıları" kitabının
ABŞ nəşrinə dünyanın 20-dən artıq
ölkəsində rast gəlinir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu fikirlərinə
Ə.Zeynalovun xarici ölkələrdə nəşr
olunmuş "İrəvan ziyalıları" kitabında
xüsusi yer verilib və dövlətimizin rəhbərinin
fikirləri Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu
dünya oxucularına acıq şəkildə bəyan edir:
"Biz hamımız yaxşı bilirik ki, indiki Ermənistan
dövləti azərbaycanlıların tarixi torpaqları
üzərində yaranmışdır. İrəvan
xanlığı, Zəngəzur mahalı və digər
regionlar bizim tarixi torpaqlarımızdır".
Bir neçə dildə tədqiqat aparan, respublikamızı
xarici ölkələrdə keçirilən beynəlxalq
konfrans, qurultay və tədbirlərdə layiqincə təmsil
edən professor Ə.Zeynalov, qeyd olunduğu kimi, milliliklə
yanaşı, həm də beynəlmiləl düşüncəli
bir alimdir. Azərbaycan Respublikası Dövlət
Mükafatına təqdim olunan, Bakı ilə yanaşı,
Fransa, ABŞ, İngiltərə, Kanada, Hindistan və
İsveçdə nəşr edilmiş, Fransız ədəbiyyatına
aid silsilə kitabları da bunun təkzibedilməz
sübutudur. Bizcə, bu, Azərbaycan
multikultiralizminin də əyani təzahürüdür.
Bu əsərlərdə iki dahi fransız ədibi Volter və
Hüqonun yaradıcılığı geniş surətdə
tədqiqata cəlb olunsa da, "Hüqonun müasirləri"
bölməsində Balzak, Düma, Jorj Sand, Flober, Mopassan
haqqında yazılara da yer ayrılıb. Azərbaycan
alimi fransız ədiblərinin əsərlərini əksər
məqamlarda multikultural baxımdan təhlil etməyə
çalışıb.
Fransız
ədibin yaradıcılığının Şərq
qaynaqlarını göstərən ədəbiyyatşünas
alim onun "Zadiq, yaxud tale" romanına Şərq ədəbiyyatının
- Nizami Gəncəvinin, "Min bir gecə
nağılları"nın təsirini də
tutarlı faktlarla göstərməyə
çalışıb.
Professor
Ə.Zeynalovun istər Hindistanda nəşr olunan "Şərq
Volter yaradıcılığında" və istərsə
də Nobellərin vətəni İsveçdə
işıq üzü görmüş "Volter və
Hüqonun Şərq dünyası" əsərlərində
əsas diqqəti cəlb edən məqamlardan biri Volterin
türklərə, türklüyə baxışıdır.
Dahi ədib türklərin təxminən 2500 illik tarixinə
nəzər salaraq yazır: "Türklər, tatarlar, skiflər
eyni kökə mənsubdurlar. Atillanın da bu
kökə mənsubluğunu nəzərə alsaq, onda
görərik ki, onlar bütün yer üzünü
tutmuşdular. Onların buna mənəvi
haqları da var idi, çünki hamıdan güclü... idilər".
Volter türklərin həm də mərhəmətli
olduqlarını qeyd edir.
Ə.Zeynalovun "Volter və Şərq
dünyası" monoqrafiyasında "Skiflər" əsəri
geniş şəkildə təhlil olunub və əsərdəki
bəzi məqamlar "Kitabi-Dədə Qorqud"
dastanındakı hadisələrlə müqayisə edilib. Tədqiqatçı bu
müqayisə ilə skiflərin və "Kitabi-Dədə
Qorqud"un yaradıcısı
oğuzların eyni kökdən olduqlarına aid dəlilləri
ortaya qoyur.
2001-ci ildə alimin "Viktor Hüqo"
monoqrafiyasından sonra onun bu dahi fransız ədibinin
yaradıcılığı ilə bağlı Azərbaycan,
rus və ingilis dillərində bir neçə kitabı nəşr
olundu. 2015-ci ildən başlayaraq tədqiqatçının
Hüqo haqqında silsilə əsərləri Fransa, ABŞ,
Almaniya, İngiltərə, Kanada və İsveçdə dərc
edildi.
Bakıda,
Fransa və ABŞ-da Azərbaycan, fransız və ingilis dillərində
işıq üzü görmüş monoqrafiyalarda Viktor
Hüqonun həyat və yaradıcılığına
ümumi şəkildə nəzər salınıb, ədibin
əsərlərinin dilimizə tərcüməsi tarixinə
diqqət yetirilib, bir sıra görkəmli ədəbiyyatşünaslarımızın-Əli
Sultanlı, Mikayıl Rəfili, Əkbər Ağayev, Məmməd
Cəfər və digərlərinin müxtəlif vaxtlarda
dahi ədib haqqında yazdıqları məqalələrə
münasibət bildirilib.
Ədəbiyyatşünas
alimin Londonda, Kanada və İsveçdə nəşr
olunmuş "Hüqonun Şərq baxışı",
"Volter və Hüqonun Şərq baxışı",
"Volter və Hüqonun Şərq dünyası", eləcə
də Bakıda nəşr olunan "Hüqo"
monoqrafiyasında Hüqonun Şərq mövzusunda
yazdığı şeirləri tədqiqat obyekti kimi
götürülüb. Ədibin 1829-cu ildə nəşr
etdirdiyi "Şərq motivləri"ndən bəhs edərkən
Ə.Zeyanlov yazır ki, fransız, rus tədqiqatçıları
şairin bu silsilə şeirlərinin yaranmasının əsas
səbəbini həmin dövrdə gedən türk-yunan
müharibəsi ilə əlaqələndirirlər (1821-1829).
O, bir sıra görkəmli Azərbaycan ədəbiyyatşünaslarının
da rus tədqiqatçılarının fikirlərini təkrarlamasını
təəssüflə qeyd edir. Ə.Zeynalova
görə, fransız, rus alimlərinin yazdıqları
türklərə qarşı kinli, qərəzli fikirdən
başqa bir şey deyil. Monoqrafiyalarda müəllif
"Şərq motivləri"nin yaranma səbəbini
V.Hüqonun öz fikirləri ilə, kitabının əvvəlində
yazdığı sözlərlə izah edir: "Əgər əvvəllər
bizellenist (yunanşünas) idiksə, indi şərqşünasıq".
Həmin fikrə əsaslanan görkəmli
fransız yazıçısı Andre Moruanın "Şərq
bu dövrdə dəbdə idi" sözlərini də əlavə
edən müəllif Şərq mövzusuna marağın
haradan qaynaqlandığını düzgün göstərməyi
vacib sayır. Tədqiqatçı göstərir ki, məhz
Şərqə olan maraq səbəbindən bir sıra
fransız ədibləri, o cümlədən, Jül Vern,
Qotye, Jorj Sand, Balzak, Likontla yanaşı, Avropa ədəbiyyatında
Höte, Bayron, Skott, T. Mur, H.Heyne və digər sənətkarlar
da Şərq mövzusunda əsərlər
yaratmışdılar.
Tədqiqatçı
göstərir ki, fransız ədibin 1859-cu ildə nəşr
olunan "Əsrlərin əfsanəsi" adlı
kitabının birinci cildində islam dininə həsr etdiyi
üç şeir diqqəti çəkir: "Hicrinin doqquz
ili", "Məhəmməd", "Sidr
ağacı". Maraqlı haldır ki, 1902-ci
ildə Hüqonun anadan olmasının 100 illik yubileyində
Fransanın yuxarı dairələrində bu əsərlərin
bir əsr çap edilməməsi qərarlaşdırılmışdı.
Bu mövzuya xüsusi diqqət yetirən Azərbaycan alimi
fransız dilində nəşr olunmuş qaynaqlara, əldə
etdiyi tutarlı faktlara əsaslanaraq belə qənaətə
gəlir ki, dahi fransız ədibi Hüqo islam
dinini qəbul edibmiş. Tədqiqatçı fransız
qaynaqlarından əldə etdiyi faktlar əsasında belə
nəticəyə gəlir ki, Hüqo şəhadət gətirərək
söyləmişdi: "Allah təkdir, onun heç bir şəriki
yoxdur. Məhəmməd onun elçisidir".
Ə.Zeynalovun
monoqrafiyalarında qeyd edilir ki, Hüqonun vəfatının
ertəsi günü fransız Katolik partiyasının
orqanı olan "Xaç" qəzeti 1885-ci il
may ayının 23-də yazırdı: "Otuz ildən bərio
(Hüqo) dəli idi". Alimin fikrincə, həmin
"otuz il əvvəl", təxminən, "Hicrinin doqquz
ili" poemasının yazıldığıvaxta təsadüf
edir. Əsərlərdən o da bəlli olur ki, Hüqo
ömrünün son vaxtlarında bir gündə dəfələrlə
"Qurani-Kərim"in "Əl-Fatihə" surəsindən
"İhdinas siratəl müstəqim -" (İlahi),
özün bizi doğru yola yönəlt" ayəsini
pıçıldayaraq ağlayırmış.
Alimin bu
haqda, yəni Hüqonun islam dinini qəbul etməsi barədə
fikrinə münasibət bildirən akademik Nizami Cəfərov
yazır: "Əsgər Zeynalov çox böyük cəsarətlə
qələmə aldığı "Hüqo islam dinini qəbul
etmişdirmi?" yazısını İngiltərənin
paytaxtı Londonda nəşr olunan "Hüqonun Şərq
baxışı" və Kanadanın Viktoriya şəhərində
işıq üzü görən "Volter və Hüqonun
Şərq baxışı" kitablarında oxuculara ingilis
dilində təqdim etmişdir. Əlbəttə,
çağdaş dövrümüzdə xristian
dünyasının islam aləminə qənim
kəsildiyi bir vaxtda Şərq təəssübkeşliyi ilə
yazılmış belə kitabları iki nəhəng xristian
dövlətində nəşr etdirmək müəllifdən
çox böyük şücaət və iradə tələb
edir. Əsl azərbaycanlı, türk, Şərq
oğlu olan professor Ə.Zeynalov bu ağlasığmaz, çətin
bir işin öhdəsindən müvəffəqiyyətlə
gəlmişdir".
Nyu-York
Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan
Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət
göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin
üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq
Akademiyasının akademiki, Almaniyada fəaliyyət göstərən
Avropa Təbiət Elmləri Akademiyasının üzvü
professor Əsgər Zeynalov bundan əvvəl əsərlərini
üç dəfə - 2012,
2014, 2016-cı illərdə Azərbaycan Respublikasının
Dövlət Mükafatına təqdim edib. İndi
isə Azərbaycan Dillər Universiteti tərəfindən
onun Azərbaycan, Fransa, ABŞ, İngiltərə, Kanada,
Hindistan və İsveçdə işıq üzü
görmüş, fransız ədəbiyyatına aid silsilə
əsərləri Mükafata təqdim edilir.
2019-cu il
dekabrın 27-də Ə.Zeynalovun bu əsərlərinin
ADU-nun Elmi Şurasında Azərbaycan Respublikasının
Dövlət Mükafatına təqdim edilməsi məsələsi
müzakirə olunarkən Universitetin rektoru, Xalq
yazıçısı, akademik, Əməkdar Elm Xadimi Kamal
Abdullayev, elmi işlər üzrə prorektor - professor Novruz Məmmədov,
professorlar Qorxmaz Quliyev, Fikrət Cahangirov, Sərxan Abdullayev,
dosent Fiyalə Abdullayeva çıxış edərək ədəbiyyatşünas
alimin yaradıcılığını yüksək qiymətləndirib,
həmin əsərlərin Dövlət Mükafatına layiq
olduğunu bildiriblər.
Biz də ürəkdən inanırıq ki, filologiya
elmləri doktoru, professor Əsgər Zeynalovun dünyanın
yeddi ölkəsində nəşr olunmuş, fransız ədəbiyyatına
aid əsərləri Azərbaycan Respublikasının Dövlət
Mükafatına layiqdir.
Şahin XƏLİLLİ
filologiya elmləri doktoru, professor
Aynur SABİTOVA
filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2020.- 6 may.- S.16.