Nəsrdə də uğurla
sınanan alim qələmi
MƏRHUM
ƏDƏBİYYATŞÜNAS KAMRAN
MƏMMƏDOV-DADAŞOĞLUNUN POVEST VƏ
HEKAYƏLƏRİNDƏ MÜHARİBƏ MÖVZUSU MARAQLI
BƏDİİ HƏLLİNİ TAPIB
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri olan Kamran Məmmədov "Əbdürrəhim bəy Haqverdiyev", "Qasım bəy Zakir", "Nəcəf bəy Vəzirov", "Yusif Vəzir Çəmənzəminli", "XIX əsr Azərbaycan şeirində satira", "XX əsr Azərbaycan gülüşü" monoqrafiyalarının və iki yüzdən artıq elmi, publisist məqalələrin müəllifidir. Onun əsərləri arxiv sənədlərinin
zənginliyi, elmiliyi və müasirliyi ilə seçilir.
"Azərbaycan yazıçılarının həyatından
dəqiqələr" kitabı K.Məmmədovun Azərbaycan
yazıçılarının həyat və
yaradıcılığına yaxından bələd
olmasının bariz nümunəsi idi. O,
yazıçılarımızın həyatına dair ən
diqqətçəkən məqamları, onlar haqqında olan
maraqlı rəvayətləri, müdrik kəlamları toplayaraq
oxucularına bəxş edib. K.Məmmədov bədii
yaradıcılıqla da ardıcıl məşğul
olmuş və oxuculara "Kamran Dadaşoğlu" imzası
ilə tanınmışdı. "Ömrün
izi", "Dünyamız uşaq gözündə"
adlı hekayələr kitabı və iki hissədən ibarət
"Yuxusuz illər" xatirə povesti onun bədii fəaliyyətinin
nümunələridir.
Yuxusuz gecələr hesabına yazılmış
"Yuxusuz illər" xatirə-povesti, odlu-alovlu, məşəqqətli
müharibə illərini (1941-1945) əks etdirir. Prototipi müəllifin
özü olan bu əsərdə müharibədə
iştirak edən gənclərin yalnız layiqli bir əsgər
kimi deyil, həm də mənəvi-əxlaqi dünyası ilə
seçilən bir vətəndaş kimi formalaşması
vurğulanır.
Müəllifin "Ömrün izi" hekayələr
kitabı bədii yaradıcılığında özünəməxsusluğu
ilə seçilir. Buradakı real həyat faktları və
obrazların canlılığı əsas məziyyətlərdəndir.
Hekayələrin əksəriyyəti
yazıçının şəxsən şahidi olduğu və
iştirak etdiyi Böyük Vətən müharibəsinə
(1941-1945) həsr olunub. Ədib "Bağlı
qapı", "Qələbə günü",
"Ana", "Cib saatı", "Qızıl
üzük", "Şəkil" və digər hekayələrdə
müharibənin nəinki ön cəbhədə
döyüşənləri məhv etməsini, eyni zamanda, əzizlərini
əsgərliyə yola salanların da arzularının nakam
qalmasını ürək yangısı ilə bədiiləşdirir.
"Bağlı qapı" hekayəsində Qədir
kimi yüzlərlə cavanın həyatdan nakam getməsinin səbəbkarı
olan qanlı müharibələr, aradan illər ötməsinə
baxmayaraq, onların törərdikləri vəhşiliklər,
qoyduğu izlər real boyalarla əks olunur. Böyük Vətən
müharibəsinin illər öncə başa
çatmasına baxmayaraq, hələ də gözləri
yolda qalan, ümidlərini itirməməyən anaların fəryadı
Qəmər xala obrazında ümumiləşdirilir. Xəyallarla danışan, gözü yolda,
qulağı səsdə olan biçarə ana hər dəfə
küçədə bir balaca səs olanda və ya qapı
döyüləndə oğlu Qədirin
qayıtdığını bilib, hövlnak yerindən
atılır və qapıya cumur. O
düşünür ki, oğlu bir gün gələcək,
onu və bacılarını sevindirəcək. Ümidlə yaşayan Qəmər ananın daxili aləmi,
çəkdiyi iztirablar olduqca real çalarlarla
canlandırılır.
Başqa bir əsgər anasının faciəsi isə
"Ana" hekayəsində təsirli şəkildə nəql
olunur. Oğlunu 1943-cü ilin qışında əsgərliyə
yola salan Telli xala bütün meylini övladının bircəcik
yadigarı olan, onun da adını daşıyan nəvəsi
Qədimə salır. İllər
ötür nəvəsi böyüyür, amma oğul
intizarı bitmir. Yazıçı
ananın mənən yaşadıqlarını pafoslu ifadələrlə
deyil, təbii şəkildə əks etdirir. Hekayə qürurverici bir sonluqla bitir. Uzaq ellərdən gələn bir məktub
zavallı ananın niskilinə son qoysa da, onun göz
yaşlarını qurutmur. Məktub Çexoslovakiyadan,
kiçik bir kəndin cavanlarından gəlmişdi:
"Əzizimiz Telli ana! Siz fəxr edin ki, oğlunuz
Qədim Qədimov bizim kəndin sevimlisidir, o, əsl qəhrəmandır.
Kəndimizi faşizm əsarətindən xilas edən cəngavərlərin,
o, cümlədən, sizin oğlunuz Qədimin xatirəsinə
ucaltdığımız əzəmətli abidənin
açılışına gəlmənizi xahiş
edirik..."
"Bağlı qapı", "Ana" hekayələrində
əsgər analarının faciəsi qələmə
alınırsa, "Qələbə günü"də
oğul dərdindən yorğan-döşəyə
düşən bir atanın əhvalatı nəql olunur. Hekayə
maraqlı bir epizodla başlanır. Müəllim
tələbələrə indiyə qədər həyatlarında
ən əlamətdar, unudulmayan, ömürlük iz qoyan bir
hadisəni yazıya almalarını tapşırır. Tələbələrin müraciət etdikləri
mövzuların içində bir yazı müəllimin diqqətini
cəlb edir və onu çox qəhərləndirir.
Yazıda bir ailədə 1945-ci il,
mayın 9-da, Qələbə günündə kədərlə
sevincin bir-birinə qarışdığı anlar təbii
şəkildə, real boyalarla
canlandırılmışdır. Belə ki, oğlunu
müharibəyə yollayan atanın dünyada iki arzusu
vardır: biri dəhşətli müharibənin sona
çatması, digəri isə yeganə oğlu Heydərin
sağ-salamat geri dönməsi. Ata hər iki
arzusuna çatsa da, doyunca sevinə bilmir. Ata ilə
oğulun görüş səhnəsi müəllif tərəfindən
çox təsirli şəkildə əks olunur:
"Darvazaya çatıb, cəftəni qaldıranda, əsgər
qardaşımla rastlaşdım. Gözlərimə
inanmadım. Qucaqlaşdıq. Onun
birinci sözü:
- Atam necədir?
- oldu.
- Səhərdən
yolunu gözləyir.
Qardaşım
qapıdan otağa girəndə atam bircə dəfə:
- Oğul!.. - deyə bildi. Qarşısında diz çökmüş Heydəri
qucaqladı və beləcə də qaldı.
Kişi əziz
balasının qucağında canını
tapşırdı...
Əsgər qardaşım bircə dəqiqə gec gəlsəydi,
atamı sağ görməzdi..." - Tələbə
yazısını belə bitirdi".
"Cib saatı" hekayəsində isə müharibənin
vəhşilikləri, od-alovu içərisində həlak
olan gənc bir atanın faciəsi ürək sarsıdır. Hekayənin qəhrəmanı
Səfər heç vaxt oğlunun üzünü görməmişdi.
O, cəbhəyə yollandıqdan 9 ay sonra, evdən
aldığı bir məktubda oğlunun dünyaya gəldiyini
bilir. Səfər dostları ilə bu xəbərə
çox sevinir.
Onların sevinci uzun sürmür. Nagahani bir qəlpənin
Səfərin kürəyinə sancılması onu bu
dünyadan nakam, oğlunun üzünə həsrət aparır.
Ən ülvi arzusuna çata bilməyən qəhrəmanın
ölüm səhnəsi, dostuna vəsiyyəti olduqca təbii
çalarlarla əks olunur:
"Al,
qardaşım, sözümün yiyəsi ola
bilmədim. Kaş oğlumu görəydim.
Bu saatı Abdulla, oğlumu tapıb ona hədiyyə verərsən,
deyərsən atanın başqa şeyə gücü
çatmadı..."
Hekayə nikbin notlarla, Səfərin oğlu Cavanşirin
toyu ilə bitir. Toyda Abdulla Səfərin son arzusunu həyata
keçirir, əziz dostunun əmanətini oğluna
çatdırır. Yazıçı bu səhnədə
Səfərin mənən sağ olduğunu, dostu Abdullanın
maraqlı və təsirli bir bənzətməsi ilə
vurğulayır:
"Səfər cismən burada yoxdursa da mənən,
ruhən buradadır, bizimlədir. O da yeganə balasının bu
şad gününə öz hədiyyəsini göndərmişdir,
- Abdulla vaxtilə Səfərin səngərdə ona verib,
tapşırdığı iri, qara cib saatını qoltuq
cibindən çıxardı, başı üstə
yuxarı qaldırdı, - baxın, budur Səfərin oğlu
Cavanşirə hədiyyəsi. Mən bilə-bilə
onu saxlamışdım, bu günü gözləyirdim, indi
bu toy günündə sizin şahidliyinizlə Səfərin
saatı təzədən, ata ürəyinin gücü ilə
işləyəcək. - Abdulla saatı qurdu və
qulağına tutdu: - İşləyir, - gülümsədi,
- Bu çıqqıltılar ata ürəyinin müqəddəs
döyüntüsüdür".
"Qızıl üzük" hekayəsində də
maraqlı bir epizod nəql olunur. Hekayə qəhrəmanı
Böyük Vətən müharibəsi sona çatdıqdan
illər sonra qəribə bir hadisənin şahidi olur. Azərbaycan Tarixi Muzeyində gəzişərkən
şüşə vitrində, üzərində ərəb əlifbası
ilə adının yazıldığı üzüyü
görür. Üzüyə diqqət
yetirdikdə "Keçmiş alman soldatının sülh və
dostluq rəmzi kimi muzeyə hədiyyəsi" sözlərini
oxuyur. Üzüklə maraqlandıqdan
sonra məlum olur ki, üzük müharibədə iştirak
etmiş, əsir düşmüş Əli adli azərbaycanlı
balasınındır. Qəhrəmanın
müharibədə itirdiyi üzüyünün xalqların
dostluq, sülh, qanlı müharibələrə nifrət
kimi qoyulması rəmzi məna daşıyır.
Müəllifin prototipi olduğu "Şəkil"
hekayəsi qəhrəmanın ömrün
acılı-şirinli günlərinin yadigarı, əziz
tarixçələri özündə əbədiləşdirən
şəkil albomunun vərəqləməsilə
başlanır. Köhnə, solğun şəkillərin
arasında biri hekayə qəhrəmanının nəzərini
cəlb edir. Diqqəti özünə
çəkən, cib dəftəri ölçüsündə,
rəngi saralmış şəkil 1942-ci ildə çəkilmişdir.
19-20 yaşlı səkkiz nəfərin əks
olunduğu bu şəkildə yeganə iki nəfər
sağ qalmış, qalanları isə əbədiyyətə
qovuşmuşlar. Kamran Dadaşoğlu
şəkildəki məsum çöhrələri ilə
ona baxıb gülümsəyən cəbhə
yoldaşlarının, onlarla birgə keçirdiyi
ağrılı-acılı günlərin xatirəsini bədiiləşdirmişdir.
"Şəkil"
hekayəsi müəllifin təsirli sözləri ilə
başa çatır: "Bəli, baxıram şəkilə...
Gözəl xasiyyətli, arzulu cavanlar yada gəlir.
Heyfislənirsən. Xatirələr
də kasıbdır. Axı
canlarını azadlıq yolunda fəda etmiş dostlar nə
yaş yaşamışlar ki, xatirələr də zəngin
olsun. Dünyaya gəldilər, onuncu sinfə qədər
oxudular, silaha sarıldılar, ana yurdu müdafiəyə
getdilər və qayıtmadılar...
Öz-özümə
deyirəm: yaxşı ki, şəkilləri
qalmışdır..." (1, s.104).
Hekayələrin dili sadə və təsirlidir. Burada təmtəraqlı
ifadələrin əksinə, mənalı və təsirli təsvir
səciyyəvidir. Müəllif cəbhə
xatirələrini yazıçı qələmi ilə
cilalayaraq əbədiləşdirməyi bacarıb.
Leyla MƏMMƏDOVA
Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti, filologiya elmləri doktoru
525-ci qəzet.-
2020.- 6 may.- S.17.