Fransa Müqavimət Hərəkatının
iştirakçıları:
Makinski qardaşları
İkinci Dünya müharibəsi
Bəşər
tarixinin ən böyük silahlı münaqişəsi olan
İkinci Dünya müharibəsi dünyanın iki nəhəng
hərbi-siyasi koalisiyasının savaşı idi. Həmin dövrdə
mövcud olan 73 dövlətdən 62-sinin
qatıldığı bu müharibədə döyüşlər Avropa,
Asiya və Afrikanın ərazilərində, eləcə də
bütün okeanların sularında getmişdi.
1941-ci il iyun ayının 22-də faşist
Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə
hücum etdi. 1945-ci il sentyabrın 2-də
sona yetən bu müharibə 10 milyonlarla insanın
ölümü ilə nəticələndi: döyüş
meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi
xidmətçi həlak oldu. Bunundan əlavə,
müharibə 25 milyona yaxın dinc sakinin həyatına son
qoymuşdu.
İkinci Dünya müharibəsində Azərbaycandan
700 min nəfər insan iştirak etmişdi. Azərbaycan diviziyaları
müharibədə Qafqazdan Berlinə qədər
şanlı döyüş yolu keçmiş, 128 nəfər
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş, 30 nəfər
"Şöhrət" ordeni ilə təltif olunmuş, 170
min soydaşımız SSRİ-nin müxtəlif orden və
medallarına layiq görülmüşdü. Bundan
əlavə, azərbaycanlı hərbi əsirlərdən təşkil
olunmuş partizan dəstələri almanların
işğalı altında olan ərazilərdə - Fransa,
İtaliya, Krım və Belarusiyada aktiv fəaliyyət
göstərmişdilər. Bununla
yanaşı, XX əsrin əvvəllərində siyasi, iqtisadi
və digər səbəblərdən Qərbi Avropa ölkələrinə
mühacirət etmiş bir çox azərbaycanlılar da
antifaşist hərəkatında iştirak etmişdilər.
Onların arasında Fransa Müqavimət Hərəkatında
fəal iştirak etmiş Makinski qardaşları da var idi.
Makinskilər nəsli əslən Oğuz boylarından
olan Bayat elindən idilər. Bayat elinin böyük
qollarından biri indiki Cənubi Azərbaycanda yerləşən
Maku bölgəsində məskunlaşmışdı. Qəbilənin başçısı Əhməd
sultan 1729-cu ildə Nadir şah Əfşarın
yaratdığı orduya qoşulmuşdu. 1747-ci ildə Nadir
şahın ölümündən sonra Əhməd sultan onun
arvadlarından birini götürüb Makuya gəlmiş,
burada Maku xanlığını yaradaraq "xan" titulunu
götürmüş və
Əhməd xan 1778-ci ildə
vəfat etmişdi.
Əhməd xanın Hüseyn və Həsən adlı
iki oğlu var idi. Hüseyn xanın oğullarından biri -
Əhməd xan 1828-ci ildə İrəvan şəhərinə
köçərək burda məskunlaşmış və
1830-cu ildə İrəvan xanlarının ailəsindən
olan Lalə xanım İrəvanlı ilə evlənmişdi.
Əhməd xanın törəmələri
xanlıq dönəmində Bayati-Maku (Maku bayatları, Makulu
bayatlar), rus üsul-idarəsi dövründə isə Makinski
("Makulu, Makudan olan") soyadı daşımağa
başladılar. Bayat qəbiləsinin
de-yure başçıları Makinski xanlığının
İran hökuməti tərəfindən 1921-ci ildə rəsmi
şəkildə ləğv edildiyi vaxta qədər Makunun
varisləri kimi xan olaraq qalmışdılar.
Hüseyn xan Paşanın (Paul) nəslindən olan Xan
Makinski (1862-1934) Rusiya imperiyasında xidmət edərkən
1917-ci ilə qədər Qafqazda mühüm vəzifələr
tutmuşdu. Qeyd etmək lazımdır ki, Paşa xan Makinskini
Rusiya imperator ordusunun general-adyutantı Hüseyn xan
Naxçıvanski ilə qohumluq əlaqələri
bağlayır. Hüseyn xan
Naxçıvanski tarixdə Rusiya imperator ordusunda
general-adyutant vəzifəsinə yüksəlmiş yeganə
müsəlman idi. O, rus ordusunun 1917-ci il
inqilabını qəbul etməyən, son günlərinə
qədər taxt-taca və Rusiya imperatorluğuna sadiq qalan
azsaylı generallarından idi. General-adyutant Hüseyn xan
Naxçıvanski çar Rusiyasının 20
mükafatına və
xarici ölkələrin 9 ordeninə layiq
görülmüşdü.
Teymur xan Makinski Makinskilər tayfasının görkəmli
nümayəndələrindən biri olmuşdu. O, 1918-ci ilin dekabrından
1919-cu ilin martına qədər Azərbaycan
Xalq Cümhuriyyətində (AXC) Ədliyyə naziri vəzifəsini
tutmuşdu. 1919-cu ilin iyunundan 1920-ci ilin martına
qədər AXC hərbi məhkəməsinin sədri, sonra isə
Ermənistan hökuməti yanında Azərbaycanın
diplomatik nümayəndəsi vəzifəsinə təyin
edilmişdi. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıları
erməni despotizmindən müdafiə etmək məqsədilə
1919-cu ilin yanvarında Bakıda yaradılan İrəvan
quberniyası Müsəlmanlar icmasının İdarə Heyətinin
sədri seçilmişdi.
Xan nəslinin digər nümayəndəsi -
hüquqşünas Abbasəli bəy Makinski AXC-də nazir səlahiyyətlərinə
malik olmuş, 1938-ci ildə həbs edilərək qətlə
yetirilmişdi.
Yuxarıda haqqında danışılan Paşa xan
Makinski 1917-ci ildə Rusiyanı tərk etmiş, Varşavada və
Parisdə yaşamışdı. Oğlu Aleksandr
(İskəndər xan) Makinski (1900-1988) Rusiyada İmperator
Hüquq Məktəbində təhsil almış, Parisdə
və Lissabondakı Rokfeller Fondunda
çalışmışdı. Hitler
işğalı dövründə nasist rejiminin təqib
etdiyi fransız elm adamlarına, o cümlədən, Fransa qəhrəmanı
Jan Mulana Parisdən çıxmağa kömək etmişdi.
1941-ci ildə Amerikaya köçmüş,
burada "Coca-Cola" şirkətinin vitse-prezidenti
olmuşdu. 1988-ci ildə vəfat edən
Paşa xan Makinski Fransada, Sent-Cenevyev-de-Bua qəbiristanlığında
dəfn edilmişdi. Aleksandr Makinski
Fransanın Legion d'Onor (Fəxri Legion) ordeni ilə, həmçinin,
Müqavimət və Xaç ordenləri ilə təltif
olunmuşdu.
Qardaşı Kiril (Kərim xan) Makinski (1910-1991)
müharibədən əvvəl Katolik İnstitutunda ingilis
dili müəllimi işləmişdi. Almanların
Fransaya gəlişi ilə institut bağlanmışdı.
Kiril Makinski İkinci Dünya müharibəsinin
əvvəlində könüllü olaraq Fransa Xarici Legionuna
qoşulmuşdu. O, 1940-cı ilin iyulunda ordudan tərxis
olunaraq Parisə, müharibədən hələ çox əvvəl
tanış və dost olduğu Nikolay və
Vera Obolenskilərin yanına getmişdi. Söhbət
zamanı Vera Obolenskayadan general de Qollun Müqavimət hərəkatı
çağırışı etdiyini eşidəndə heyrətini
gizlədə bilmir: Vive la France! (Yaşasın Fransa!).
Rus emiqrantlarından olan knyaz Nikolay Obolenski İkinci
Dünya müharibəsi illərində Fransa Müqavimət
Hərəkatında iştirak etmişdi (Onun həyat
yoldaşı Vera 1911-ci ildə Bakıda, Bakı
vitse-qubernatorunun ailəsində anadan olmuş, 1920-ci ildən
Fransada mühacirətdə yaşamışdı).
Vera
Obolenskaya çox cazibədar qadın idi, əyləncəli
həyatı çox sevirdi. Lakin alman
işğalına qarşı çıxmaq seçimi
qarşısında qalanda dərhal Parisdə Fransa Müqavimət
Hərəkatı təşkilatlarından birinə
qoşularaq həbs olunana qədər orada əsas rol
oynayır.
Vera
Obolenskaya ərinin və Kiril Makinskinin gizli fəaliyyət
göstərən "Vətəndaşların və Hərbçilərin
Təşkilatı"na üzv olmalarına yardım
edir. Makinski "Monte-Kristo" kabaresində
işə düzəlir.
Komendant
saatı olduğundan, kabare gecə saatlarında işləmək
üçün alman hakimiyyət orqanlarından icazə
almışdı: güman edilirdi ki, alman generalları burada
dincələ biləcəklər. Belə də
olmuşdu. Kabare çox arzu olunan bir məkana
çevrilmişdi. Sərxoş və boşboğaz
almanlardan alınan məlumatların əhəmiyyətli hissəsi
alman hərbi birləşmələrinin hərəkəti və
onların istehkamları, habelə işğal olunmuş
bölgədəki hərəkətləri - deportasiyalar,
müqavimət hərəkatının üzvlərinin edam olunmaları, senzura məhdudlaşdırılmaları,
təbliğat, qida məhsullarının
rasionlaşdırılması ilə əlaqəli idi.
Almaniyanın ələ keçirdiyi ərazilərdən
sızan bəzi məlumatlar BBC-yə çatırdı. Əks əlaqə
məhz belə həyata keçirilirdi. Bir
dəfə Makinski öz kabaresində həqiqətən
sensasiya doğuran bir xəbər eşitdi. Səhər
saat 6 radələri idi, vermaxtın Fransadakı ali baş komandanı general Ştulpnagelin qərargahından
olan bir zabitin qarşısında boş şüşələr
qalaqlanmışdı. O, "Bütün bunlar səkkiz
gün sonra bitəcək, biz Rusiyaya gedəcəyik" deyərək,
sərxoş gözlərilə, elə bil, Makinskiyə
şikayət edirdi. Nəticədə Makinski
alman silahlı birləşmələrinin Sovet
İttifaqına hücum edəcəyi barədə bir həftə
əvvəldən məlumat verə bilmişdi, lakin Stalin bunu
növbəti bir təxribat hesab etmişdi.
Makinskidən gələn məlumatlar gizli təşkilatın
qərargahına çatdırılır və təşkilatın
baş katibinin - Müqavimət hərəkatının
silahlı qüvvələrinin leytenantı - "Viki" ləqəbli
Vera Obolenskayanın əlinə düşür. O, Makinski ilə, digər
rabitəçilər və gizli qrupun nümayəndələrilə
müntəzəm olaraq görüşür, onlara
tapşırıqlar və təlimatlar verir, hesabatları
alır və gizli yazışmalar aparırdı.
Knyaz
K.Makinskinin qısa müddətdə liderlərindən birinə
çevrildiyi bu gizli təşkilat nəinki Londona məlumatlar
ötürür, eyni zamanda, fransız və ingilis hərbi əsirlərin
qaçışını təşkil edirdi. Təşkilat
üzvləri ingilis rezidentləri yerlərdə
qarşılayır,
onların lazımi strukturlara yeridilməsinə
köməklik göstərirdilər. 1942-ci ilə
qədər Müqavimət hərəkatının ən
böyük təşkilatlarından birinə çevrilən
bu gizli təşkilatın Fransanın işğal edilmiş
hissəsindəki bütün şöbələrində min
nəfərdən çox üzvü var idi. Vera Obolenskaya və Kiril Makinski də onların
arasında idilər. Onlar ikinci vətənləri
olan Fransa üçün mübarizə aparırdılar və
bu ölkədə yaşadıqları illər ərzində
onun təhsilinə, mədəniyyətinə, həyatına
və ənənələrinə sıx
bağlanmışdılar.
K.Makinski
Veranın tutulması ərəfəsində Obolenskilərdə
nahar etdiyi günü belə xatırlayırdı:
"Süfrədən qalxıb qabları yumağa kömək
etməyə getdim. Dəsmalı mənə ötürən
Viki pıçıltı ilə: "Bilirsən, hər
şey zibildir, ətrafda hamını həbs edirlər" -
dedi. Nə etməyi
düşündüyünü soruşdum. Heç vaxt unuda bilməyəcəyim bir
görünüşlə mənə baxdı, çiyinlərini
çəkdi və ərinin mətbəxə gəldiyini
eşidərək barmağını dodağına qoydu.
Söhbətin mövzusu dəyişdi". Kirilin bir anda Vikiyə
yazığı gəldi, könlündən onu əyləndirmək
keçdi. Əyləncə
üçün onun hər zaman hazır lətifələri
olurdu, amma hazırkı vəziyyət lətifəlik deyildi.
Bundan bir
qədər əvvəl Makinskinin özü də bir
neçə dəfə gərgin anlar
yaşamışdı: alman generalı formasında iki nəfər
"Monte-Kristo"ya gəlmiş və ondan ayrıca otaq tələb
etmişdi. Makinski onlara sifariş etdikləri
şampan şərabını gətirəndə onlardan biri
təmiz alman dilində qapını arxadan bağlamaq və
onlarla birlikdə qalmaq əmrini vermişdi. Həddən
artıq qorxmuş Makinski bundan sonra nə baş verdiyini
gözləmirdi: bakalları doldurduqdan sonra generallar ayağa
qalxdılar və eyni dərəcədə mükəmməl
ingilis dilində "Yaşasın Kral" tostunu səsləndirdilər,
sonra təzim etdilər və çıxıb getdilər. Bəlkə də bu, İngiltərə kəşfiyyatından
Makinskinin fəaliyyətinin onlara bəlli olması barədə
bir siqnal idi? Lakin bu, əbədi bir sirr
olaraq qaldı. Hər halda, bu hekayə
Obolenskləri çox şənləndirdi və onlar
Allahın mərhəmətinə güvənərək
Makinskidən ayrıldılar. Ancaq təəssüf
ki...
1943-cü ilin sonunda Viki gizli mənzillərdən birində
həbs edildi.
Onun ardınca Kiril Makinskini və Nikolay
Obolenskini də həbs etdilər və hər ikisini Buxenvald həbs
düşərgəsinə göndərdilər. 1945-ci ilin aprelində onlar amerikalılar tərəfindən
azad edildilər.
Müharibədən sonra Kiril Makinski Fransanın
ABŞ-dakı səlahiyyətli nümayəndəsi təyin
edilir, 1947-1948-ci illərdə YUNESKO-da və "Le Parisien
Liber" qəzetində müxbir işləyir. Kiril Makinski hüquq elmləri
doktoru, Katolik İnstitutunun və Sosiologiya İnstitutunun
professoru olur, Milli du Merite Təşkilatının komondoru, Fəxri
Legion, Müqavimət hərəkatı ordenləri,
Müharibə xaçları ilə təltif edilir. 1991-ci ildə dünyasını dəyişən
Kiril Makinski Fransada, Sent-Cenevyev-de-Bu qəbiristanlığında
dəfn olunur.
Qeyd edək ki, Makinski qardaşlarının dəfn olunduğu Sent-Cenevyev-de-Bu qəbiristanlığı Parisdən 30 kilometr məsafədə yerləşir. Burada rus mühacirətinin görkəmli nümayəndələri ilə yanaşı, vaxtilə Rusiya imperiyasında yaşamış digər millətlərin nümayəndələri də uyuyurlar. Onların bəziləri pravoslavlığı qəbul etmiş, digərləri isə Parisdə həmvətənləri arasında yaşayaraq o biri dünyaya köç edəndə dostları və qonşuları ilə əbədi olaraq bir yerdə qalmaq istəmişlər. Bu qəbiristanlıqda dəfn olunan bəzi azərbaycanlıların adlarını qeyd edirik: XIX əsrin 90-cı illərində pravoslavlığı və Boris Aleksandroviç adını qəbul etmiş Abbasqulu bəy Sofiyev (1874-1937), İzmailovski alayının leyb-qvardiyasının kapitanı, ictimai xadim Rəhimov Vladimir Aleksandroviç (Cangir Hacıyeviç, 1894-1984), şərqşünas, linqvist, elmlər doktoru, professor Məlikova-Sayyar İren xanım (1917-2009). Bunlardan əlavə, Aleksandr-İskəndər xan (1900-1988) və Kiril-Kərim xan (1910-1991) atası Paşa xan Makinski (1892-1934) də bu məzarlıqda dəfn olunub.
Rövşən AĞAYEV
525-ci qəzet.-
2020.- 6 may.- S.19.