Babamın medalları

 

Sənədli hekayə

 

Bu gün biz məktəblilər Azərbaycanın gözəl diyarı olan Ağdam şəhərindən 11-12 kilometr məsafədə, dağətəyi düzənlikdə yerləşən, irili-xırdalı obalarla zəngin kəndlərindən birində - Çəmənli kəndində Böyük Vətən müharibəsi veteranları ilə görüşə getmişdik.

Kənddə Böyük Vətən müharibəsində iştirak etmiş yalnız bir nəfər veteranın həyatda qaldığını öyrənəndə, düzü, əvvəlcə kədərli duyğular yaşadıq. Çalışdıq ki, İkinci Dünya müharibəsinin qanlı-qadalı illərində öz fədakarlığı, gərgin əməyi ilə arxa cəbhədə vicdanla çalışmış ömrü boyu öz  həyatı ilə nəsillərə örnək olmuş 90 yaşlı veteran Rüstəm babanı - Rüstəm Aslanovu yaxından tanıyaq.

Müharibə başlayanda Rüstəm babanın 11 yaşı olub. Müharibənin ilk günlərindən atası kənddəki digər ailə başçıları cəbhəyə getmişdilər. Müharibə illərində Azərbaycan 40 min nəfəri könüllülərdən ibarət 600 min nəfərə yaxın döyüşçü göndərilmişdi cəbhəyə. Lakin çox təəssüf ki, onlardan 300 mindən çoxu həlak olmuş, itkin düşmüşdü. Bunları deyə-deyə Rüstəm baba kədərli baxışlarla gözünün yaşını bizdən gizlətməyə çalışırdı.

Kənd camaatı yalnız qadınlardan uşaqlardan ibarət idi. Balaca Rüstəm yaşıdlarını başına yığıb müharibədən əvvəl yaradılmış "Kommunizm" kolxozunda işləməyə başlayır. Taxıl əkini ilə məşğul olurmuşlar. İl ildən pis gəlir, əhalinin vəziyyəti daha da pisləşirdi. Hər dəfə kəndə qara kağız gələndə balaca Rüstəm daha artıq məsuliyyətlə yorulmadan çalışırdı. Yığdıqları taxılın az qismini - ehtiyacları qədər kənddəki ailələrə payladıqdan sonra qalan hissəsini cəbhəyə göndərirdilər. Mühaibə illərində cəbhəyə  Azərbaycandan göndərilmiş 125 vaqon isti paltarların arasındakı tonlarla yun maldarlıqla məşğul olan Çəmənli kəndinin sakinlərindən toplanmışdı.

Müharibənin qələbə zəfərindən sonra kənd camaatının rifahı naminə o, böyük əzmlə işini davam etdirirdi. Övladı olmayanlara oğul, nəvə olurdu, yaxından kömək edirdi. Bəlkə , etdiyi yaxşılıqlara görə 1945-ci ildə atası Aslan müharibədən sağ-salamat qayıtdı.

Müharibədən sonra, 1947-ci ildə yeniyetmə Rüstəm Böyük Vətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi fədakarlığına görə Stalin medalı ilə təltif olunur...

Rüstəm baba həmin illərdə arxa cəbhədə qəhrəmancasına çalışan fədakar neftçilərimizin əməyindən müharibə illərində hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördünün Bakı benzini ilə işləməsindən söz açıb, fərəhlənirdi.

Rüstəm baba ötən illərin işığında özünü gümrah hiss edirdi, sanki cavanlaşırdı. Gördüyü işlər xeyirxah əməlləri çöhrəsinə yayılıb ona qəribə bir nur bəxş edirdi. O danışdıqca mən öz babamı xatırlayırdım. Hər kəndə gedəndə nənəm süfrəyə büküb saxladığı medalları bir-bir sayaraq, babamın etdiyi şücaətlərdən uzun-uzadı danışardı.

9 may Qələbə günü ərəfəsində Rüstəm babanın simasında nənəmin babamla bağlı söhbətlərini xatırlayır, Allahdan bütün müharibə iştirakçılarına rəhmət diləyir, qürur hissi ilə köks ötürürdüm...

Rüstəm baba Böyük Vətən müharibəsinin 55 illiyi şərəfinə 2000-ci ildə Ulu öndər Heydər Əliyev, 60 illiyi şərəfinə isə 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən orden medallarla təltif olunub.

... XX əsr Azərbaycan tarixinə itkilər, müharibələr yaşatdı. Bu gün Azərbaycan torpaqlarının 20, Ağdamın 80 faizi işğal altındadır. Qarabağ müharibəsi zamanı Rüstəm babanın yaşı altmışı keçmişdi. Bu müharibədə onun gənclik, vətənpərvərlik əzmini oğlu Sahib Aslanov davam etdirir. Daxili İşlər Nazirliyi sistemində xidmət edərkən qüsursuz xidmətlərinə görə III II dərəcəli medalla təltif olunub, Qarabağ müharibəsi veteranıdır.

"Qarabağ müharibəsi, işğallar xalqımızın ürəyinə qara yaralar vurdu" -  deyən Rüstəm babanın ürəyində bir arzusu var. Torpaqlarımızın geri qaytarılmasının zəfər qələbəsi ilə qeyd edəcəyimiz günü görmək:

 

Sarı çiçək əlimdə,

Saatım biləyimdə.

Allah, məni öldürmə

Arzum var ürəyimdə.

 

Buxarı qurum olar,

Yandıqca qurum olar.

Vətən yada düşəndə

Ürəyə zulum olar.

 

Bütün uşaqlar böyümək üçün illəri sayır. İllər ötdükcə isə böyüklərimiz yaşlanaraq, bizdən uzaqlaşırlar. Böyük Vətən müharibəsində iştirak etmiş insanlar illər irəlilədikcə bizi tərk edir. Bu gün Azərbaycanda adları qızıl kitaba yazılacaq qədər az sayda Vətən Müharibəsi veteranı var. Onların canlı tarix olduqlarını unutmayaq. Biz uşaqların böyüklərindən öyrənəcək çox qəhrəmanlıqlar var. Vətənpərvərliyi hiss etmək azdır, onu gələcək nəsillərə ötürərək daima yaşatmaq lazımdır.

Söhbət əsnasında mərhum şairimiz Şahmar Əkbərzadənin, şair Ramiz Məmmədzadənin yazıçı Mustafa Çəmənlinin müharibə veteranı ilə bir nəsildən olduğunu öyrəndik.

Rüstəm babanın şirin söhbətlərindən ayrıla bilmirdik. O, bütün yaşadıqlarını arzularını bizimlə bölüşməyə çalışırdı. Az sonra Rüstəm babanın nəvələri onu aparmağa gəldilər. Bakıya qayıdarkən Çəmənli kəndində cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən, qayəsi ədalət, səxavət ibadət olan, Ağdam şəhərinin milli-mənəvi sərvəti tarixi-dini abidəsi - Seyid Lazım Ağa türbəsini ziyarət etdik.

Yolboyu Rüstəm babanın dediyi qədim Qarabağ bayatılarını xatırlayıb, bu görüşü necə tarixləşdirə biləcəyim haqqında düşünürdüm...

 

Fidan ABDURƏHMANOVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 6 may.- S.18.