Diplomat və
yazıçı Əli Səbri Qasımov
haqqında yeni elmi mənbə
Ümummilli
lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə
qəbul etdiyi qərara əsasən, Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi
yaradılandan sonra Muxtar Respublikada elmi mühit yeni mərhələyə
qədəm qoydu, regionun hərtərəfli şəkildə
öyrənilməsi istiqamətində ardıcıl və
davamlı tədqiqatların əhatəsi genişləndi.
Bu tədqiqatlar sırasında Naxçıvanın ədəbi
mühitinin inkişaf tarixini və görkəmli yetirmələrinin
yaradıcılığını öyrənmək də
diqqət mərkəzinə keçdi. Naxçıvanın
qədim tarixə malik ədəbi-mədəni mühitinə
maraq artdı, aparılan tədqiqatlarda mühüm nəticələr
əldə edildi. Ədəbiyyatşünaslıq
sahəsində akademik İsa Həbibbəylinin
başçılığı altında elmi məktəb təşəkkül
tapıb, çoxsaylı elmi kadrlar formalaşıb, yeni elmi-tədqiqat
işləri ərsəyə gəlib. Bu
sahədə ədəbiyyatşünas Hüseyn Həşimlinin
də xidmətləri diqqətəlayiqdir. İndiyə qədər çoxsaylı monoqrafiya və
kitablar, sanballı elmi və publisist məqalələrlə
çıxış edən professor Hüseyn Həşimli
uzunmüddətli tədqiqatlarının nəticəsi olaraq
növbəti dəyərli monoqrafiyasını nəşr
etdirib. Elmi-tədqiqat əsəri
Naxçıvanın görkəmli yetirmələrindən
olan yazıçı, publisist, tərcüməçi və
ictimai xadim Əli Səbri Qasımova (1892-1983) həsr olunub.
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun elmi işlər üzrə
direktor müavini, Əməkdar elm xadimi, filologiya üzrə
elmlər doktoru, professor Hüseyn Həşimlinin
yenicə çapdan çıxmış "Əli Səbri
Qasımov: ömür yolu və
yaradıcılığı" adlı həmin
monoqrafiyasının elmi redaktoru müəllifin müəllimi
və elmi rəhbəri olmuş AMEA-nın həqiqi
üzvü, Əməkdar elm xadimi İsa Həbibbəylidir. Əsərə AMEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi İsmayıl Hacıyev və
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəy
vermişlər. Kitab AMEA Naxçıvan
Bölməsi Rəyasət Heyətinin qərarı ilə
çapa tövsiyə olunub. Naxçıvanda
"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində
çap edilən monoqrafiya filoloq alimlər, xüsusilə ədəbiyyatşünaslar,
həmçinin, tarixçilər, mətbuat və bədii tərcümə
tarixi ilə maraqlananlar üçün gərəkli və
faydalı mənbədir. Çünki
indiyədək yazıçı və ictimai xadim Əli Səbri
Qasımov haqqında bəzi tədqiqat əsərlərində
ötəri, qısa məlumat olsa da, belə kamil, əhatəli
və sanballı araşdırma ilk dəfədir ki, ortaya
qoyulub. Bu da ondan irəli gəlir ki, müəllif
Naxçıvanın hərtərəfli öyrənilməsinə
böyük diqqət və qayğı göstərən
Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun "Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin
tədqiq edilməsi haqqında" 24 sentyabr 2019-cu il tarixli Sərəncamından
irəli gələn vəzifələrin icrası istiqamətində
tədqiqatlarını ortaya qoymağı borc bilib. Çünki Əli Səbri Qasımov
yazıçı, publisist olmaqla yanaşı, Araz-Türk
Respublikası dövründə mühüm ictimai-siyasi fəaliyyəti
ilə də tanınıb. Əsərin
"Giriş"ində müəllif özü də
yazdığı kimi: "Doxsan ildən artıq ömür
sürən, çoxşaxəli
yaradıcılığı ilə ədəbi-mədəni
mühitdə özünəməxsus mövqe tutan, həmçinin,
qaynar ictimai fəaliyyət göstərən, xüsusən
1918-1920-ci illərdə Naxçıvanın qorunmasına
yönəlmiş tədbirlərdə yaxından iştirak
edən Əli Səbri vətənpərvər ziyalı kimi
unudulmazdır". Aşkar görünür ki, professor H.Həşimli
232 səhifəlik bu monoqrafiyanı araya-ərsəyə gətirmək
üçün ən müxtəlif mənbələrlə
tanış olub, Ə.Səbrinin bioqrafiyası, fəaliyyəti,
yaradıcılığı ilə bağlı çoxlu
faktları, nümunələri aşkara çıxarıb,
ilk dəfə tədqiqata cəlb edib.
Naxçıvanlı ictimai xadim, diplomat,
yazıçı Əli Səbri haqqında monoqrafiya dörd
fəsildən ibarətdir. Monoqrafiyanın
"Şərəfli ömür yolu" adlanan birinci fəslində
Əli Səbri Qasımovun həyatı və ömür yolu
əks edilmişdir. Məlum olur ki,
hamının Əli Səbri kimi tanıdığı
Qasımov Əli Camal oğlu, özünün də xatirələrində
yazdığı kimi, 15 aprel 1892-ci ildə qədim mədəniyyət
yurdu olan Naxçıvan şəhərində anadan olub.
Ədibin əsl mənşəyi, ata-baba yurdu
isə Nehrəm kəndidir. Əli Səbri
Qasımov da H.Cavid, M.S.Ordubadi, Ə.Şərif, R.Təhmasib
və başqaları kimi o dövrün mötəbər təhsil
ocağında - görkəmli pedaqoq, ustad müəllim,
qüdrətli sənətkar Məhəmməd Tağı
Sidqinin məktəbində təhsil alıb. Sonra isə Ə.S.Qasımov təhsilini Qori Müəllimlər
Seminariyasında davam etdirib. Bu görkəmli
ədibə Qori Müəllimlər Seminariyasına daxil
olmağa o dövrün tanınmış hərb xadimi
polkovnik Əbülfət ağa Şahtaxtinski kömək
etmişdi. Seminariya illərindən fəallığı
ilə seçilən Əli Səbri Qasımovu ədəbi
yaradıcılığa dövrün mötəbər şəxsiyyəti,
Seminariyanın azərbaycanlı müəllimi, görkəmli
ədəbiyyatşünas Firudin bəy Köçərli həvəsləndirib,
1910-cu ildən "Səda" qəzetindən başlayaraq mətbuat
orqanlarında çıxış etməyə, imzasını
tanıtmağa başlayıb. Həm də tərcüməçi
kimi fəaliyyət göstərən Əli Səbri rus ədəbiyyatından,
o cümlədən, rus ədəbiyyatının qüdrətli
nümayəndələri olan L.N.Tolstoydan, A.P.Çexovdan və
digərlərindən tərcümələr həyata
keçirmişdir. Seminariyanı bitirdikdən
sonra Bakıda bir müddət müəllimlik edən Ə.Səbri
ədəbi-mədəni tədbirlərdə də fəallıq
göstərmişdi.
Aparılan
tədqiqatlardan öyrənirik ki, Ə.Səbri Birinci
dünya müharibəsi illərində Osmanlı türklərinə
yardım məqsədi daşıyan "Qardaş köməyi"
adı almış xeyriyyə tədbirlərində
yaxından iştirak edib, 1918-1920-ci illər isə onun həyat
yoluna məxsusi bir mərhələ kimi daxil olub. "Bu illərdə o, doğma
Naxçıvanın ictimai-siyasi həyatında fəal
iştirak etmiş, bölgənin erməni təcavüzündən
qorunması istiqamətində görülən işlərdə
qüvvəsini əsirgəməmişdir. Naxçıvan regionunda özünümüdafiə
dəstələrinin formalaşdırılmasında,
onların fəaliyyətinin təşkilində Əli Səbri
Qasımov silahdaşları ilə birlikdə böyük xidmətlər
göstərmişdir". Ə.S.Qasımov
həmçinin, Naxçıvanın rəsmi-siyasi, diplomatik
sahələrində həyata keçirilən tədbirlərdə
də iştirak etmiş, Araz-Türk Cümhuriyyətinin fəaliyyətində,
xüsusən əhalinin erməni zülmündən
qorunmasında göstərdiyi xidmətlərlə
bağlı dövri mətbuatda məlumatlar verilmişdi.
Milli ruhlu ziyalı Əli Səbrinin sovet
dövründə repressiyaya uğraması, özünün
sonralar xatırladığı kimi, həyatının on səkkiz
ilini sürgünlərdə və məhbəsdə
keçirməsi barədə faktlar da monoqrafiyada yer alıb.
Monoqrafiyanın
digər üç fəsli - "Əli Səbri Qasımovun
bədii yaradıcılığı" adlı ikinci, "Ədəbi-tənqidi və publisistik irsindən"
adlı üçüncü və "Tərcüməçilik
fəaliyyəti" adlı dördüncü fəslində
sənətkarın ədəbi-bədii
yaradıcılığı, publisistik fəaliyyəti və
tərcüməçilik işləri haqda ətraflı
şəkildə bəhs edilir. Monoqrafiyada
yazıçının "Şəbi-hicran, yaxud müsibəti-Şadi"
povesti, "Solğun çiçək" romanı və
"Qaraçılar", "Ümid
işıqları", "Gonbul ayı balası",
"Firuzun kədəri", "Himayə" və
başqa hekayələrindən ilk dəfə söhbət
açılaraq məlumat verilir. Qeyd edək ki,
yazıçının adı çəkilən povestini və
"Ümid işıqları" hekayəsini ilk dəfə
aşkara çıxarıb ədəbi ictimaiyyətə təqdim
edən monoqrafiya müəllifi onların əhatəli təhlilini
də verib. Ə.Səbrinin bir sıra
hekayələri uşaq ədəbiyyatımızın layiqli
nümunələrindən də sayıla bilər ki, müəllif
əsərdə bu məsələlərə də diqqət
çəkib.
"Ədəbi-tənqidi və publisitik irsindən"
adlı üçüncü fəsildə Əli Səbrinin
həm də məharətli publisist olmasından, publisist və
tənqidçi kimi fəaliyyətindən bəhs
açılır. Ə.Səbrinin "Ə.Səb.", "Ə.Səbri",
"Ə.Qasımov", "Dağyuniszadə"
(göründüyü kimi, bu imza Naxçıvan
haqqındakı "Dağyunus" əfsanəsilə əlaqəli
olaraq yaranmışdır - R.Q.), "Yəmut Elli" və
b. imzalarla "Səda", "İqbal", "Yeni
füyuzat", "Məlumat", "Yeni irşad",
"Açıq söz", "Sovqat", "Al
bayraq", "Azərbaycan", "Gənclər yurdu" kimi
qəzet və jurnallarda çıxış etməsi
vurğulanır. Müəllif tədqiqatları
nəticəsində Əli Səbrinin indiyədək üzə
çıxarılmayan, haqqında söz açılmayan
publisist və tənqidi məqalələrindən də
geniş bəhs edir, təhlillər aparır. Burada ədibin
"Gizli həyat", "İnsaf", "Hümmət
lazımdır", "Molla Nəsrəddin" məcmuəsi",
"Trabzon məktubları" və başqa məqalələrindən
söhbət açılır. Əli Səbrinin
"İnsaf" adlı məqaləsinin 1913-cü ildə
"İqbal" qəzetində çap edilərək
müəllimi, ustad ədəbiyyatşünas və
maarifçi Firudin bəy Köçərlinin o zaman
"Molla Nəsrəddin"də çap olunmuş,
ziyalılar tərəfindən birmənalı
qarşılanmayan və bəziləri tərəfindən
narazılıq ifadə edilən məşhur "Ana
dili" məqaləsi haqda Ə.S.İbrahimovun məqaləsinə
cavab məqsədilə yazıldığı qeyd edilir. Ə.Səbri məqaləsində müəllimi
F.Köçərlinin mövqeyini birmənalı olaraq dəstəkləyir
və onun haqlı mühakiməsinə dəstək ifadə
edir. Ə.Səbrinin 1917-ci ildə "Açıq
söz" qəzetində dərc olunmuş, Osmanlı
türklərinə "Qardaş köməyi" tədbirlərindən
bəhs edən "Trabzon məktubları" adlı silsilə
məqalələrinin ilk dəfə tədqiqata cəlbi Azərbaycan-Türkiyə
əlaqələrində naxçıvanlı
ziyalıların rolunu araşdırmaq baxımından da zəngin
material verir.
Əsərin "Tərcüməçilik fəaliyyəti"
adlı dördüncü fəslində isə Əli Səbri
Qasımovun tərcüməçi kimi faydalı fəaliyyəti
və etdiyi qiymətli tərcümələrindən bəhs
edilir. Müəllif özü də yazır ki,
"istedadlı yazıçının tərcüməçilik
fəaliyyəti indiyədək
araşdırılmamış", sadəcə bəzi tərcümələrinin
adı çəkilmişdi. Uzunmüddətli tədqiqatlar
aparan prof. Hüseyn Həşimli kitabın sonuncu fəslində
Əli Səbrinin rus ədəbiyyatının klassikləri
olan A.P.Çexovdan, L.N.Tolstoydan, V.İ.Dmitriyevadan, hind
yazıçısı R.Taqordan, ingilis dramaturqu V.Şekspirdən,
gürcü ədəbiyyatından etdiyi tərcümələri
araşdırır. Görünür ki, Ə.Səbri
daha çox L.Tolstoy heyranı olmuş, daha çox bu görkəmli
yazıçının əsərlərindən tərcümələr
etmişdi. Onun R.Taqorun "Fəlakət"
romanını, V.Şekspirin "Şıltaq qızın
yumşalması" pyesini, Dmitriyevanın "Balaca və
xallı" əsərini çevirməsi uğurlu tərcümə
işi kimi diqqəti cəlb edir. "Balaca
və Xallı" haqlı olaraq tərcümədən daha
çox təbdil kimi qiymətləndirilir.
Beləliklə, Əli Səbri Qasımovun həyat və yaradıcılıq yolu haqqında bəhs olunan monoqrafiya yeni faktlarla zəngin elmi-tədqiqat əsəri kimi dəyər qazanır. Bu əsərdə daha geniş, əhatəli və dəqiq şəkildə Əli Səbri Qasımovun portreti çəkilir və əzəmətli, mötəbər, dəyərli fəaliyyəti, çoxşaxəli yaradıcılığı təqdim edilir. Əminliklə deyə bilərik ki, dövriyyəyə buraxılan monoqrafiya geniş elmi ictimaiyyət tərəfindən məmnunluqla qarşılanacaq və ətrafına çoxsaylı mütaliəçilər toplayacaq.
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
525-ci qəzet.- 2020.- 6 may.- S.22.