Kitab oxumağın zövqü

 

Esse

 

Viktor Hüqo deyirdi ki, kitabı müəllif yazır, onun aqibətini isə cəmiyyət müəyyənləşdirir. Təəssüf ki, bu gün kitabların aqibəti ürəkaçan deyil. Mütaliəsizlik dövrümüzün ən faciəvi problemlərindən birinə çevrilib. Niyə? Hansı səbəbdən?

Fikrimcə, başlıca səbəblərdən biri tənbəllik, "vaxtım yoxdur" bəhanəsidir. Amma əsaslı səbəb deyil. İşə, dərsə gedərkən yolda da oxuya bilərik. Yetər ki, istək olsun. Səbəbi maddiyyata bağlıyanlar da var. Bu, ümumiyyətlə, keçərsiz səbəbdir, hər kəsdə artıq mobil telefonlar var, istədiyimiz kitabın istər elektron, istərsə audio variantını tapıb yükləyə bilərik. Başqa bir çarə isə kitabxanalardır. Dünya ədəbiyyatının ən nadir inciləri dilimizə tərcümə edilsə , kitabxanalara ya kitab mağazalarına baş çəkəndə oxucu auditoriyasının məhdud səviyyəsinin şahidi olarıq. Ölkənin ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası bu gün ən yaxşı halda tələbələrin yalnız imtahanqabağı üz tutduqları məkandır.

Rey Bredberi yazırdı ki, kitabı oxumamaq onu yandırmaqdan da pisdir. Təxminən 10 il qabaq hardasa bir sorğu rastıma çıxmışdı, sorğuya görə, Sankt-Peterburqda əhalinin 64, Gürcüstanda 48, Ermənistanda 39, İngiltərə Fransada 21, Azərbaycanda isə cəmi 11 faizi mütəmadi kitab oxuyurdu. NOP World Culture Score Index-ə əsasən, hindistanlılar kitab oxuma vərdişlərinə görə bir çox dünya ölkələrini geridə qoyur. İlk baxışdan kiminçünsə inandırıcı gəlməyə bilər, amma statistika belə deyirdi. Onlar həftə ərzində vaxtlarının 10 saat 42 dəqiqəsini kitab oxumağa sərf edirlər. Təəssüf ki, Azərbaycan bu reytinqə ümumiyyətlə, yaxın düşə bilmir, əhalinin mütaliə vərdişləri isə getdikcə zəifləyir.

Ölkəmizdə bu problemlərin həlli istiqamətində xeyli işlər görülür. 2017-ci ildə fəaliyyətə başlayan "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin qarşıya qoyduğu vəzifələrdən biri məhz gənclərin, insanların kitaba marağını artırmaqdır. İki ildir, fəaliyyətdə olan Bakı Kitab Mərkəzində  oxucular üçün fərqli dillərdə, fərqli məzmunda minlərlə kitab təqdim olunur. Maddiyyatla problemi olan insanlar belə məkanlara üz tutub istədiyi kitabı rahat şəkildə oxuya bilərlər. Bu məsələ ilə bağlı ölkədə müxtəlif aksiyalar da keçirilir - "Övladın üçün oxu", "Toya kitab at" başqa aksiyalar.

Mütaliənin təməli uşaq yaşlarından qoyulmalı zaman-zaman vərdiş halına salınmalıdır. Məktəbdə müəllimlər şagirdlərə təkcə  dərslikləri öyrətməklə kifayətlənməməli, bir şəxsiyyət kimi formalaşmaları üçün onlarda bədii ədəbiyyata maraq oyatmalıdırlar. Yay tətilini səmərəli şəkildə keçirmələri üçün şagirdlərə müəllimləri tərəfindən bu istiqamətdə tapşırıqlar verilməsi istirahətdən qayıtdıqdan sonra ənənəvi "Yay tətilimi necə keçirdim?" inşası deyil, onlara oxuduqları əsərlər barəsində qısa da olsa, resenziya yazdırılması daha yaxşı olmazdımı?

Kitab oxumaq üçün bəlli bir zaman, bəlli bir göstərici yoxdur. Yetər ki, oxumaq istəyəsən, oxuyasan. Bir neçə səhifə kitab oxumaq ruhu təzələyir beyni qidalandırır. Ümumilikdə baxdıqda kitab oxumaq üçün hər şərait var, kitab oxumağa dəyər verən insanlarımız çox azdır. Necə deyərlər, istəyənə səbəb, istəməyənə bəhanə çox. Hər şey özümüzdən başlayır. Kitabların bizə verəcəyini başqa heç verməyəcək. Çalışaq bizimçün dəyərli təkrarsız olan zamanımızı daha mənalı keçirək.

 

Ruhiyyə ALLAHVERDIYEVA

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi

 

552-ci qəzet.- 2020.- 6 may.- S.24.