"Sosial
şəbəkələrdən məcburiyyət
üzündən istifadə edirəm"
Budəfəki müsahibimiz gənc ifaçı Seymur Xudiyev sosial şəbəkələrdən
o qədər də razı deyil. Səbəbini izləyicilərinin
sayının az olması ilə izah edir.
İndiki dövrdə
izləyicilərin daha
çox bayağı
mahnılara üstünlük
verməsindən də
gileylidir...
Buyurun oxuyun, görün
başqa nə deyir?
"Sosial şəbəkələrdən o qədər də razı deyiləm"
- Sosial şəbəkələrdən
məcburiyyət üzündən
istifadə edirəm. Daha çox canlı ünsiyyətin tərəfdarıyam.
Amma indi internet dövrü olduğu üçün
mahnılarımı, videolarımı
sosial şəbəkələrdə
yayımlayıram. Bu karantin günlərində
isə sosial şəbəkələrdən daha çox istifadə etməyə başlamışam.
- Sosial şəbəkələrin imkanlarından
razısınızmı?
- İzləyicilərimin sayı
az olduğu
üçün, sosial
şəbəkələrdən o qədər də razı deyiləm. Əvvəllər demək
olar ki, hər gün bir çox məkanlarda çıxış
edirdim. Ona görə də, sosial şəbəkə
üçün video çəkib
paylaşmağa zamanım
qalmırdı. Karantinə
görə bu işlərlə məşğul
olmağa daha çox vaxt olur.
"Məqsədim insanlara səviyyəli mahnıları
sevdirməkdir"
- Sosial mediada məşhurlaşan
"Mey" adlı ifanızdan sonra tanınmağa başladınız.
- Bu mahnı reper dostum Elvin Nasirlə birgə layihəmizdir. Sözlərini Elvin yazdı,
mən ifa etdim. Əslində, çox izləyici toplamadı, sadəcə,
müəyyən kütlə
tərəfindən sevildi.
Buna səbəb isə
indiki dövrdə izləyicilərin daha çox bayağı mahnılara üstünlük
verməsidir. Əfsus
ki, bu tip mahnılara qulaq asan insanların sayı da çoxdur
və həmin mahnılar trend siyahılarda
birinci yerdə olur. Çox adam mənə elə mahnılar ifa etməyi məsləhət görüb.
Amma onları heç vaxt dinləməmişəm. Məqsədim
insanlara səviyyəli
mahnıları sevdirməkdir.
"Ailəm mənə həmişə dəstək
olub"
- İxtisasca
aktyorsunuz, amma musiqini seçmisiniz. Necə oldu ki, ifaçılığa
yönəldiniz?
- Mən uşaqlıqdan musiqi ilə məşğulam. Musiqi məktəbinin opera-vokal sinfini bitirmişəm. Amma opera dinləməyi və ifa etməyi
o qədər də sevmirəm. Mədəniyyət
və İncəsənət
Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini isə həm universal olmaq, həm də aktyorluğu sevdiyim üçün seçmişəm.
- Ailənizdə
sizdən başqa musiqiçi varmı?
- Atam nağara və piano ifaçısı
olub. Yaşca məndən kiçik bibim qızları var, onlar da
musiqiçidirlər.
- Ailəniz incəsənətlə
məşğul olmağınıza
necə yanaşır?
- Əslində, bu
barədə əngəllərlə
qarşılaşmamışam. Ailəm
mənə həmişə
dəstək olub.
"Altı-yeddi
dildə ifa etməyi bacarıram"
- Əvvəllər
Azərbaycan dilində
mahnılar ifa edirdiniz. Son
vaxtlar isə daha çox türk mahnılarını
ifa etməyə üstünlük verirsiniz.
Bunu indiki dinləyicilər tələb edirlər?
- Altı-yeddi dildə mahnı ifa etməyi bacarıram. Amma bir qədər
zəmanənin tələbinə
uyğunlaşaraq Azərbaycan
və Türkiyə türkcəsində olan mahnılara üstünlük
verirəm.
- Deyəsən, dəblə ayaqlaşıb
duet ortağı da tapmısınız...
- Mənimlə birgə ifalar edən bibim qızıdır. Gələcəkdə musiqi
sahəsində onunla başqa planlarımız da var. Həmçinin,
Elvin Nasirlə də birgə duetlərimiz olacaq.
"Keyfiyyətli
musiqiçidən və
musiqidən bəhrələnirəm"
- Musiqi sahəsində kimlərdən
bəhrələnib, kimləri
dinləyirsiniz?
- Əslində, konkret
şəxslər yoxdur. Keyfiyyətli
musiqiçidən və
musiqidən bəhrələnirəm.
- Mütaliə etməklə aranız necədir?
- Universitet dönəmlərində
bacardığım qədər
bədii kitab oxumağa çalışmışam.
Marağımı çəkmədiyi
üçün bir-iki
kitabı yarımçıq
qoymuşam. İndi də evdən çölə çıxa
bilmədiyim üçün
rus dilini öyrənirəm. Ümid
edirəm ki, təkbaşıma öyrənməyi
bacararam.
- Canlı musiqilər ifa edilən məkanlarda çıxış
etdiyinizi bilirdim. Karantin müddətində hansı
işlərlə məşğul
olursunuz?
- Bütün musiqiçilər
kimi bu müddətdə
mən də işsiz qaldım. Kursda gitara müəllimi
kimi də fəaliyyət göstərirdim.
Kurslar bağlı olduğu üçün
daha onunla da məşğul ola bilmirəm. Hərdən tələbələrim
yazır ki, dərslərimiz üçün
çox darıxmışıq
(gülür).
"Bütün ömrümü
musiqiyə həsr edəcəyəm"
- Gələcəklə
bağlı hansı planlarınız var?
- Yaxın zamanlarda yeni mahnılarım işıq üzü
görəcək. Gələcəkdə bütün
ömrümü musiqiyə həsr edəcəyəm, elə
indi olduğu kimi. Hər halda incəsənət ruhuma işləyib.
Özümü musiqidən başqa sahədə görə
bilmirəm.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 6 may.- S.24.