Beynəlxalq aləm: ziddiyyətlər,
münaqişələr, müharibələr
(Əvvəli ötən şənbə
sayımızda)
Mühit insanı xeyirxah, təmkinli, xoş xasiyyətli
edə bildiyi kimi, onu əclafa, qəddara, xəyanətkara da
çevirə bilər. Dustaqxanalar islah-əmək düşərgəsi
adlanır, lakin orada islah olunanların keçmişdəki
cinayətkar xüsusiyyətlərdən uzaqlaşması
heç də kütləvi xarakter daşımır, əksinə,
məhbəs onların xarakterində arzu olunmayan elementləri
də nəqş etməyi bacarır. Məhbəsdə
təkcə məhbuslar deyil, hətta nəzarətçilər
də bu eybəcər mühitin
bağışladığı izdən kənarlaşa
bilmir. Fransız markiz Astolf de Kyustin
Napoleonun məğlubiyyətindən xeyli sonra Rusiyada olmuş
və vətənə qayıtdıqdan sonra çap etdirdiyi
"1839-cu il Rusiyası" kitabında səyahət xatirələrini
ölkənin siyasi, sosial mühitini ifşa tərzində təsvir
etmişdir. Fransız
yazıçıları Rusiya haqqında ümumiyyətlə
mənfi rəy bidirirdilər. Böyük
romançı Onore de Balzak yazırdı: "Rusiyada nəhəng
səssiz düzənlik və nəhəhg dinməz xalq
vardır." Kyustin, öz səfəri
vaxtı Peterburq yaxınlığındakı Neva
çayının mənşəyində yerləşən
Şlisselburq zindanında da olmuş, oradakı insanların
davranışını müşahidə etmişdi. O
yazır ki, Şlisselburq zindanında məhbuslar ağır
şəraitdə saxlanıldıqlarından, insan təbiətini
itirmək ərəfəsində olurlar. Lakin
dustaqxana nəzarətçiləri onlardan heç də fərqlənmirlər,
çünki eyni mühitdə olur, eyni havanı udurlar.
Deməli, boğucu, məhvedici mühit təkcə
məhbusların deyil, onlara nəzarət edənlərin də
xarakterini dəyişməyə müvəffəq olur. Bu, onu göstərir ki, mühit heç də passiv
element olmayıb, insan xarakterinin formalaşmasında mühüm
rol oynayır. Həm də bu, bir daha
göstərir ki, insan təbiəti güman edildiyi kimi elə
də möhkəm deyildir, çox asanlıqla deformasiyaya
uğrayır və mənfi xüsusiyyətləri tez qəbul
etməklə, onların daşıyıcısına
çevrilir.
1971-ci ildə ABŞ-dakı Stenford universitetinin
psixologiya üzrə professoru Filipp Zimbardo ciddi bir eksperiment
aparmışdı. Bu layihəni o, hərbi-dəniz qüvvələri
komandanlığının sifarişi və maliyyə
yardımı ilə həyata keçirmişdi. O, psixi
cəhətdən sağlam və yaxşı maddi şəraitə
malik olan 48 nəfər könüllü adamın
yarısını püşk üzrə iki həftə ərzində
yaxşı pul almaq hesabına dustaqxana məhbuslarının
mühafizəçisi, qalan yarısını isə eyni
müddətə məhbus təyin etməklə, belə
mühitdə yaşamalarına şərait
yaratmışdı. Altı gündən sonra
eksperimenti öz vəhşiliyinə və sosial təhlükəsinə
görə dayandırmaq lazım gəlmişdi. Mühafizəçi kimi xidmət edənlər
çox sürətlə qəddar sadistlərə
çevrilmişdilər, dustaq kimi olanlar isə
bütünlüklə insan ləyaqətini və müqavimət
iradələrini itirmişdilər. Məlum
olmuşdu ki, tapşırılan sosial rol adamı
bütünlüklə dəyişdirməyə qadirdir.
Eksperiment aydın göstərdi ki, şəraitdən
asılı olaraq adamlar qəddarlara, vəhşilərə,
həm də tam başqa bir şəraitdə isə iradəsini,
ləyaqətlərini, insan sifətini itirmiş zombilərə,
canlı insan olsalar da, komanda ilə hərəkət edən
robotlara çevrilirlər.
Zimbardonun
eksperimenti mühüm məsələni elmi cəhətdən
izah etsə də, bəşəriyyət onun nümunələri,
özü də kütləvi nümunələri ilə
çoxdan tanış idi. Hitler
və onun natsist partiyası kiçik istisnalarla bütün alman
xalqını başqa xalqlara - yəhudilərə,
qaraçılara, slavyanlara qarşı olan qəddarlıqlarını
iftixar mənbəyi sayan vəhşilərə
çevirmişdilər. İntizamlı, mədəni
Avropa xalqı olan almanlar bu keyfiyyətlərini insana nifrət
sferasına çevirmişdilər. Dinc,
mülki insanı güllələmək və ya qaz
kameralarında məhv etmək xidməti vəzifənin
icrası hesab edilirdi və ondan hansısa almanın etiraz
qaydasında imtina etməsi olmamışdı. Almanlar ağıllarını itirməsələr
də, şüurlarını, könüllərini Hitlerin qəddarlıq
ideyası və praktikasına tabe etmişdilər və əslində,
insanlıq təbiətini tərk etmişdilər. SS-də (almanca yazıldıqda "CC") xidmət
edənlər özlərinin hər cür vəhşiliyini vətənə
xidmət, Hitlerə xidmət kimi qiymətləndirir, belə
davranışlarına görə iftixar hissləri
keçirirdilər. XX əsrdə natsistlərin
timsalında öz əcdadlarını ötüb keçən
daha dəhşətli ordalar meydana gəlmişdi.
SSRİ-də də "xalq düşməni"
termini işlək ifadəyə çevrildikdən sonra,
günahsız insanların ağır cəza mehrabına
göndərilməsində iştirak heç də qəbahət
sayılmırdı, əksinə, dövlətə, vətənə
xidmət kimi qiymətləndirilirdi. Uşaqlar arasında
atasını satıb, dövlətə təhvil verən
Pavlik Morozov obrazı təbliğ edilməklə,
uşaqların valideynə deyil, saxta dövlət prinsiplərinə
sədaqət ruhunda tərbiyə olunmasına nail olunurdu.
Hər yaşayış məntəqəsində uydurma
ittihamlar vasitəsilə adamları məhvə göndərən
çuğulçu-donosçu şəxslər özlərini
qəhrəman qiyafəsində görürdülər,
çünki axı onlar dövlətə sədaqətli
xidmətlə fərqlənirdilər. Ona görə
də hamı onlardan qorxur, ürəyində nifrət bəslədiyi
halda, bu əclaflara ehtiramla yanaşırdı. SSRİ-də repressiya hədd tanımırdı,
NKVD (Daxili İşlər Xalq Komissarlığı, DTK onun tərkibinə
keçmişdi) adamların təqibi ilə məşğul
olurdu və kütlələrdən öz iyrənc fəaliyyətinə
möhkəm dəstək alırdı. Qolçomaqlar,
"xalq düşmənləri" barədə Stalinə 4
milyon ərizə - donos göndərilmişdi və onlar
çekistlərin fəaliyyətini xeyli yüngülləşdirirdi,
donosla şübhəli bilinənlər ölüm
hökmü də daxil olmaqla ağır cəzalara məhkum
edilirdilər. Çekistlərin təmiz əl,
hərarətli ürək və iti ağıl sahibləri
olması barədəki təbliğat klişesi, onların
eybəcər fəaliyyətlərini ört-basdır etmək
məqsədini güdürdü. Bir qayda
olaraq, onlar cəngavərlər kimi təsvir olunurdu, qurd cəmiyyətə
quzu dərisində təlqin edilirdi.
Dövlətlər də insanlar kimidir,
başçısının xarakterindən və idarəetmə
üslubundan asılı olaraq onların da oxşar xarakteri
formalaşır. Dövlət başçısı da
insandır, onun tutduğu yol tabeliyində olanlara öz təsirini
göstərir və azacıq zor tətbiq edildikdə adamlar
itaətə öyrənirlər. Eybəcər
imperatorların dövründə Kaliquladan, Klavdidən və
ya Nerondan iyrənc davranış qaydalarını
götürən romalıların əxlaqı daha da
pozulmuşdu. Ambitio - hakimiyyət hərisliyi
və avaritia - pul düşkünlüyü Romanı pozan,
dağıdan, məhvə yaxınlaşdıran səbəblər
idi. Böyük Katon isə xeyli əvvəl
bunda yunanları günahlandırmışdı. Nəcib
imperatorlardan olan Trayan isə acgözlüyü ilə
romalıları cana doyduran, böhtan yolu
ilə adamların mülkiyyətinin bir hissəsinə sahib
olmaqla çox varlanan donosçuları dənizin quduz dalğalarının
ixtiyarına ötürməklə, Romadakı bu
biabırçı silkə son qoymuşdu. Mark
Avreli təkcə yaxşı idarəetməsi ilə
seçilmirdi, həm də 50 cildlik fəlsəfi əsərində
nəcib xüsusiyyətləri təlqin edirdi.
Bismark
Prussiyanı, Almaniyanı militarizm yoluna cəlb etmişdi, qələbələri
almanlara böyük fayda vermişdi. Bu zəmində
Hitler alman militarizmini son həddə çatdıraraq,
Avropanı, bəlkə də, bütün dünyanı
işğal etmək iddiasına düşmüşdü.
Almanlar Hitlerə sədaqətlə xidmət
göstərirdilər. Yalnız 1944-cü
ildə ona uğursuz sui-qəsd cəhdi olmuşdu. Dövlətin təcavüzkar siyasəti uzun illər
ərzində xalqın hansısa bir hissəsi tərəfindən
müqavimətlə, təpki ilə
qarşılanmamışdı.
XVIII əsrdə Avropada belə qayda mövcud idi ki, hökmdar
hansı dinə sitayiş etsə, təbəələri də
həmin dinə mənsub olurdu. Diktatorların hakimiyyətində
isə xalq itaətlə onlara xidmət etməyə
başlayır və konstitusiyaya məhəl qoymayaraq və ya
onu dəyişdirərək, dövlət
başçılarına "duçe",
"fürer" kimi titullarla müraciət edirdilər.
Xalq Mao Tsze-dunun dediyi kimi, ota bənzəyir,
külək hansı tərəfə əssə, o tərəfə
də əyilir. Dövlət
başçısının Hitlerə məxsus olan əqli xəstəliyi
bəzən xalqa da sirayət edir və bu, böyük bədbəxtliklərə
yol açır.
Sosiologiya ilə məşğul olan bəzi alimlər
insan cəmiyyətini, onun sosial quruluşunu, idarə edilmə
qaydalarını, həyat tərzinin ayrı-ayrı
sferalarını araşdırarkən, ona daha çox
oxşar olan arı ailəsi və ya qarışqa dəstəsi
ilə müqayisə edirlər. Onlar bu həşəratlara
məxsus olan kamil qaydanı, intizamı, dəyişilməyə
məruz qalmayan əmək bölgüsünü insan
sotsiumunda da görməyi arzulayırlar. Lakin
oxşarlığın təsdiqinə yönəlmiş
öz cəhdlərinin səmərəsiz, əbəs
olduğu qənaətinə gəlirlər. Çünki insanlarla arıların və
qarışqaların davranışında mühüm fərqlər
mövcuddur. Arılar və
qarışqalar anadan gəlmə kodlarla, instinktlərinə
görə hərəkət edirlər. İnsan
isə şüura malik olduğundan ümumi qaydalara tabe
olmaqdan da yayına bilir və əslində, həm
özü, həm də cəmiyyət üçün
problemlər yaratmağa da qadir olur. Bəşər
övladı təbiətin qanunlarını pozmaqdan da çəkinmir,
onlar isə arılar üçün sarsılmaz, az qala müqəddəs qanunlardır. İnsan təbiətin qanunlarına tabe olmamaq
qabiliyyətinə malikdir və çox hallarda təbiəti
özünə tabe etmək cəhdinə də girişir.
Arı, üzvü olduğu pətəyin, ailənin
rifahı, təhlükəsizliyi, arxitekturası, iqtisadi və
siyasi kamilliyi naminə özünün bütün şəxsi
xoşbəxtliyindən imtina edir. Şanın qəribə
arxitekturası təəccüb doğuran dəqiqliyə və
həndəsi simmetriyaya malikdir. Bu dəqiqliyi
yalnız qədim yəhudilərin daşı kəsib yonan
"şamir" adlanan əfsanəvi qurdun gördüyü
işlə müqayisə etmək olar.
Termit növü dəstə üçün
hündür, şaquli bir yaşayış yeri, əslində,
bina tikir, onlarda ilboyu hərarət və rütubət dəyişmir. Böyük
memar Antonio Qaudi Barselonada yaratdığı məşhur
"Saqrada Familia" kilsəsinin qüllələrini termit
yuvalarına bənzətmişdi.
Arıdan fərqli olaraq insanın şəxsi
marağını cəmiyyətə qurban verməsinə isə
nadir hallarda rast gəlinir. Həm də belə
güman edilir ki, insandan sonra arı daha böyük intellektə
malikdir.
Bu qəribə kiçik varlıq mürəkkəb
qanunların idarə etdiyi cəmiyyətdə yaşayır və
qaranlıq mühitdə təəccüblü işlər
görür.
Arılar elə bil ki, fasiləsiz zəhmət
üçün doğulmuşlar, onlardan heç biri istirahətin
nə olduğunu bilmir. Arının
coşğun və təmannasız əmək əxlaqı təəccüb
doğurmaya bilməz. Arılar bir çiçəkdən
o birisinə qonaraq öz ailə üzvlərinə lazım
olandan da artıq bal yığırlar. Topladıqları balın insanların yeyəcəyindən
də bixəbərdirlər.
Arının zəhmətinin bəhrəsi göz
qabağındadır. İnsan isə bəzən öz zəhmətinin
bəhrəsiz olduğunu görür və şübhə
onu axtarışa cəlb etməklə müsbət dəyişikliklərə
məruz qoyur.
Arı ailəsində bütün xalqın vahid
anası olan çariça mövcuddur və o, aramsız
olaraq həyata saysız-hesabsız övlad gətirməklə
məşğul olur. Onu kamil olmayan, övladsız dişi
arılardan ibarət olan qulluqçular əhatə edir.
Çariça övlad əmələ gətirməyənə
çevriləndə arılar onu başqası ilə əvəz
edir, bu məqsəd üçün bir neçə printsessa
təbiyə edirlər.
Arılar qarışqadan da artıq ictimai varlıqdır. Onlar öz cəmiyyətlərində, nəsli, dəstəsi
arasında olmasalar, yaşaya bilməzlər. Arı
tək qalanda, bir neçə gündən sonra məhz bu tənhalıqdan
da ölür. Arı pətəkdə bir
individ olmaqla, nəslin qanadlı orqanı rolunu oynayır.
Qarışqa sürüsü də ciddi daxili idarə
olunma qanunlarına malikdir. Onlarda ierarxiya
bölgüsü pozulmaz və sərt xarakter
daşıyır. Döyüşçü
qarışqalar iri çənəyə malik olmaqla, öz
sürüsünün təhlükəsizliyini müdafiə
edir. Çariçaya qulluq edən
qarışqalar isə xidmətdə elə canfəşanlıq
göstərirlər ki, hətta öz şəxsi
qidalanmalarını da unudur və nəticədə
aclıqdan da ölürlər. Arılarda
isə hər şey nizamlı qaydada gedir və əbəs
yerə özünü fəda etmək halları da olmur.
Hələ qədimdən mütəkkirlər
arıların həyat tərzi və davranışlarına
böyük maraq göstərirdilər. Aristotel bu
kiçik həşərata xüsusi diqqət verirdi. Qədim Roma şairi Vergili özünün
"Georgika" əsərində onlardan söhbət
açır.
Belçikanın
görkəmli dramaturqu və şairi, Nobel mükafatı
laureatı Moris Meterlink (1862-1949-cu illər) isə
özündən əvvəl meydana gəlmiş əsərlədəki
mühüm qeydləri əxz etməklə yanaşı,
fransız dilində elmi xarakter daşıyan və həm də
bədii səviyyəsi ilə seçilən çox məzmunlu
"Arıların həyatı" kitabını
yazmışdır. Müəllif arılara
vurğunluğunu ifadə edən bir şəkildə
onları "zəhmətkeş bakirə qızlar",
"bizim günəş qızları" adlandırır.
Onun qeyd etdiyi kimi, xarici müşahidədən elə
görünür ki, arılar hansısa bir nizamnaməyə
uyğun olaraq hərəkət edirlər. Lakin arı dəstəsində
heç bir əmr və ya reqlament mövcud deyildir. Hər bir
arı özünün daxili impulsuna tabe olaraq ya bal dalınca
uçur, ya şan tikir, ya da qapını mühafizə edir.
Kənar müşahidəçiyə elə gəlir ki,
onların hamısını çariça sayılan ana
arı idarə edir, lakin o öldürülsə, arılar o
saatca yeni anaya xidmət edəcəklər, öz işlərini
dayandırmayacaqlar. Arılardan biri nektarla bol olan yeni sahələr
barədə xəbər verdikdə, onun qonşuları ləngimədən
nektar arxasınca həmin sahəyə uçurlar. Onlardan kimlərin
uçmalı olduğunu, kimlərinsə pətəkdə
qalmalarını necə müəyyən etmələrini
anlamaq çox çətindir. Görünür bu sirr
yalnız onların özlərinə agahdır.
Telman ORUCOV
(Ardı var)
525-ci qəzet.- 2020.- 9 may.- S.22.