Heydər Əliyev və
məhkəmə
hakimiyyəti
Azərbaycanın
müasir tarixini Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən
kənar təsəvvür etməyin
mümkünsüzlüyü ictimai fikirdə birmənalı
şəkildə qəbul edilən real həyat həqiqətidir.
Bu həqiqət nəinki
Azərbaycanın müasir mövcudluğunda, həm də
ona aparan yollarda qarşıya çıxan
saysız-hesabsız maneələrin aradan
qaldırılmasında Ulu öndər Heydər Əliyevin
nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə,
müdriklik və dərin zəkada təzahür edir.
Azərbaycan
xalqı öz dövlət müstəqilliyini əldə
etdikdən sonra cəmiyyətin gələcək
inkişafı üçün hüquqi islahatların həyata
keçirilməsi, tamamilə yeni mütərəqqi və
demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə
sisteminin, qanunvericilik bazasının
formalaşdırılması zəruri idi. Lakin 90-cı illərin
əvvəllərində ölkədəki mövcud vəziyyət
qarşıda duran həyati əhəmiyyətli vəzifələrin
yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda
hüquqi dövlət quruculuğu prosesinə
başlanılması ilk növbədə, ölkədə
ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri
edirdi. Məhz belə ağır vəziyyətdə
xalqın təkidli tələbi ilə ali hakimiyyətə
qayıdan Ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində
Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail
oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların
hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq
münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən,
sosial ədalət prinsipinə əsaslanan demokratik və
hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın
demokratik və bəşəri dəyərlərə sadiq
müstəqil bir dövlət kimi formalaşması isə
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.
İnsan
hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə
həyata keçirilən hüquqi islahatların ən
mühümü isə yaşamaq hüququnun təmin edilməsi
istiqamətində həyata keçirilən tədbirlər
oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının
icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda
ölüm cəzası ləğv edildi. Qeyd etmək
lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə
olaraq ölüm cəzasını ləğv edən ölkə
kimi tarixə düşdü.
Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət,
şəxsiyyətə və insan hüquqlarına hörmət
kimi yüksək amallarla yaşayan Ümummilli lider Heydər
Əliyevin gələcək nəsillərə misilsiz
töhfəsidir. Ulu öndər qeyd edirdi: "Mən, cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək, ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı
vermişəm". Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında demokratik və hüquqi dövlət quruculuğu
yolunda atılan addımlır, beynəlxalq standartlara əsaslanan
köklü hüquqi islahatlar insan və vətəndaş
hüquq və azadlıqlarının təminatı sahəsində
əsaslı dönüşə səbəb oldu. Heydər
Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi haqqında"
1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa
qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş,
hüquq-mühafizə orqanlarının bu istiqamətdə
uzunmüddətli dövr üçün fəaliyyət
proqramı müəyyənləşdirildi.
Hüquqi
islahatların həyata keçirilməsi məqsədi ilə
Prezidentin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə hüquqi islahatlar
komissiyası yaradılmış, hüquqi dövlət
quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə
alınmaqla 1 dekabr 1998-ci il tarixli fərmanla dövlət
başçısı yanında
Məhkəmə-Hüquq Şurası yaradıldı.
Məhkəmə
sistemi islahatının konsepsiyası aşağıdakı əsas
məqsəd və vəzifələri müəyyənləşdirdi.
Hüquqi dövlət çərçivəsində məhkəmə
hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin
təmin edilməsi, vətəndaşların məhkəməyə
ədalətli araşdırma üçün müraciət
etmək hüququnun təmin edilməsi, peşəkar
hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından
şikayət vermək hüququnun həyata keçirilməsi
və s.
Bu bir həqiqətdir
ki, müstəqil dövlətimizin ilk milli
Konstitusiyasının qəbul olunması və müstəqillik
tariximizdə ilk parlament seçkilərinin keçirilməsi
ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi
başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik
etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq
müzakirəsinə çıxarılan Konstitusiya layihəsi
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində
- referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi
ilə ölkəmizdə məhkəmə-hüquq
islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə
malik sənəd ölkəmizdə insan və vətəndaş
hüquq və azadlıqlarına lazımi təminatlar
yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun möhkəm təməlini təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər
boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi
dəyərlər öz əksini tapır. Konstitusiyada
xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi
olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında
təşkil olunması kimi təməl prinsiplər təsbit
olunur, insan hüquq və azadlıqlarının müdafiəsi
isə dövlət siyasətinin əsas istiqaməti,
bütün dövlət orqanlarının fəaliyyətinin
əsas məqsədi kimi müəyyən edilir.
Ölkəmizdə
hüquqi islahatların həyata keçirilməsinin təmin
edilməsi məqsədilə 1996-cı ildə Hüquqi
İslahat Komissiyası yaradıldı. Həyata keçirilən
islahatlar qanunların və digər normativ hüquqi
aktların hazırlanması, hüquqi informasiya sisteminin
genişləndirilməsi, məhkəmə və
bütövlükdə hüquq-mühafizə sisteminin
islahatı, qanunların əhali arasında təbliği və
öyrənilməsi kimi mühüm tədbirləri
özündə ehtiva edir. "Məhkəmələr və
hakimlər haqqında", "Konstitusiya Məhkəməsi
haqqında", "Prokurorluq haqqında", "Polis
haqqında" Qanunlar və digər qanunların qəbul
edilməsi ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində atılan ilk, lakin çox vacib
addım olmaqla müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaradıb.
Konstitusiyada
bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi
qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək
öz real təminatını tapmış və məhkəmə
hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin
yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə
yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını
müəyyən edərək, məhkəmə və hakimlərin
müstəqilliyinin təmin edilməsinə, hər kəsin
hüquq və azadlıqlarının müdafiəsinə təminatın
verilməsinə, məhkəmələrin fəaliyyətinin
və hakimlərin statusunun beynəlxalq standartlara
uyğunlaşdırılmasına yönəlib. Həyata
keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə
tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə
müdafiə tərəfi arasındakı
tarazlığın bərpa edilməsi və onların məhkəmə
prosesində bərabər hüquqlara malik olması, məhkəmə
icraatının çəkişmə prinsipi əsasında
həyata keçirilməsi, məhkəmə icraatında
qeyri-prosessual münasibətlərə yol verilməməsi və
bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində
tətbiq edilməyə başlanıldı.
Nəzərə
çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti,
onun hüquqi dövlətdə rolu və yeri ilə
bağlı əsas ideyalar Respublikanın Konstitusiyasına bünövrə
kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil
Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə
Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə
yaranan bütün hüquq münasibətlərinin həlli məsələsi məhkəmə
orqanlarının səlahiyyətinə aid edilib. Məhkəmə
hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə
alınmaqla ölkə tarixində ilk dəfə olaraq
Əsas qanunda hakimlərin sərbəstliyi
və müstəqilliyinin vacib təminatı - onların dəyişməzliyi
prinsipləri reallaşıb.
Konstitusiya
normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət
ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli
qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər
həyata keçirilib, beynəlxalq təşkilatlar və
ekspertlər tərəfindən yüksək qiymətləndirilən,
insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə
uyğun yeni qanunlar o cümlədən, Konstitusiya Məhkəməsi
haqqında, Məhkəmələr və Hakimlər
haqqında, Prokurorluq haqqında, Polis haqqında Azərbaycan
Respublikasının Qanunları, Mülki, Mülki-Prosessual,
Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və
sair Məcəllələr qəbul
edilib.
Ulu
öndər yeni Konstitusiyada insan amilini daha çox önə
çəkib. Müstəqil Azərbaycan Respublikasının
yeni Konstitusiyasının müddəalarının
üçdə birinin insan
hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda
bu məsələyə diqqətin
əyani təzahürüdür.
Konstitusiyada
həmçinin insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi,
onları gözləmək və qorumaq isə qanunvericilik,
icra və məhkəmə
hakimiyyəti orqanlarının
borcu olması təsbit edilib. Ulu öndər Heydər
Əliyevin 1998-ci ilin fevral ayının 22-də
imzaladığı "İnsan hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərmanı
sözügedən sahədə kompleks tədbirlərin həyata
keçirilməsinə təkan verib.
Qanunun
aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi
ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli
yeni məhkəmə sistemi
yaradılaraq fəaliyyətə
başlayıb.
Ölkəmizdə
ədalət mühakiməsinin səmərəliliyinin
artırılması üzrə görülən tədbirlər
çərçivəsində hakim vəzifəsinə namizədlərin
beynəlxalq standartlara müvafiq, test üsulu, habelə
yazılı və şifahi
imtahanlarla tam şəffaf şəraitdə seçimi
aparılıb. Yeni qaydalara uyğun keçirilmiş
imtahanların bütün mərhələlərini
müşahidə etmiş bir çox təşkilatdan olan
beynəlxalq və yerli müşahidəçilər onu ən
şəffaf prosedur kimi yüksək dəyərləndirib və
bir sıra inkişaf etmiş dövlətlərin belə tədbirin
keçirilməsini yalnız arzu etdiyini bildirib.
Həyata
keçirilən çoxşaxəli islahatların məntiqi
nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə
Avropa Şurasına tam
hüquqlu üzv qəbul edilib və bu tarixi hadisə
Respublikamızın beynəlxalq aləmdə demokratik,
hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb
olub.
Avropa
Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın
qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən,
15 aprel 2002-ci ildə isə "İnsan
hüquqlarının və azadlıqlarının müdafiəsi
haqqında" Avropa Konvensiyasına qoşulması, insan
hüquq və azadlıqlarının qorunması və
inkişafı istiqamətində yeni mərhələdir.
Heydər
Əliyev insan və vətəndaş hüquq və
azadlıqlarının təminatlı müdafiəsində məhkəmə
hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar
aparıb. Ölkədə hakim korpusunun formalaşmasında
tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə
ədalətli və şəffaf seçim məhkəmə-hüquq
islahatlarının keyfiyyətlə aparılmasına təkan
verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada
insan hüquq və azadlıqlarının təməl prinsipi
kimi qəbul edilən ən mühüm beynəlxalq
konvensiyalara da imza atıb.
Azərbaycanın
tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzarəti
orqanı-Konstitusiya Məhkəməsi yaradılıb.
Məhkəmələr
və hakimlər haqqında Qanunda hakimlərin
toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi,
onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi,
hakimlərin siyasətsizləşdirilməsi, onların
müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi
və sosial təminatlarının nəzərdə
tutulması tədbirləri vasitəsi ilə hüquqi
dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin
əsas prinsiplərini müəyyənləşdirib.
Qanunun
aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi
ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli
yeni məhkəmə sistemi
yaradılaraq fəaliyyətə
başlayıb.
Ölkəmizdə
hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin
artırılması məqsədilə qanunvercilik və
institusional islahatlar daha da genişləndirilməkdədir.
Demokratik və hüquqi dövlət quruculuğu prosesi
hazırda Ulu öndər Heydər Əliyev siyasi kursunun ən
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Bu gün
Prezident İlham Əliyevin ölkəmizə bacarıqla rəhbərlik etməsi,
Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam
etdirməsi, onun Azərbaycan
naminə amallarını böyük məharətlə
həyata keçirməsi hər birimizin qəlbini iftixar hissi
ilə döyündürür.
Prezident
İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixli
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında" fərmanda məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsinin,
müasir dövrün tələblərinə cavab verən,
cəmiyyətdə yüksək nüfuza malik olan ədalət
mühakiməsinin formalaşdırılmasının
bütün inkişaf istiqamətləri konkret müəyyən
olaraq edilib.
Həmin
fərmanın 1-ci bəndində Prezident İlham Əliyev ədalət
mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin
artırılması məqsədi ilə Azərbaycan
Respublikasının bütün məhkəmələrinin sədrlərinə
və hakimlərinə tövsiyə edib ki, məhkəmə
hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə
məhkəmələrə etimadın möhkəmlənməsi
üçün fəaliyyətlərində ədalət,
qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin
qanun və məhkəmə qarşısında bərabərliyi
və Azərbaycan Respublikasının Konstitusiyası və
qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin
digər prinsiplərinə dönmədən riayət etsinlər.
Ulu
öndər Heydər Əliyevin məhkəmə hakimiyyəti
sahəsində inkişafin əsas istiqamətləri kimi
müəyyən etdiyi yol xəritəsinin tərkib hissəsi
və davamı olan bu fərman müasir dövrümüzdə
ədalət mühakiməsinin keyfiyyətinin və səmərliliyinin
artırılması üçün bütün hakimlərdən
yüksək peşəkarlıq, ədalət, qərəzsizlik
və şəffaflıq kimi
yüksək keyfiyyətə malik olmaq bacarığı və
qabiliyyəti tələb edir.
Ulu
öndər Heydər Əliyevin anadan olmasının 97-ci
ildönümü ərəfəsində ölkəmizin
davamlı tərəqqisinin təmin edilməsi
üçün bütün sahələrdə həyata
keçirilən islahatların məhkəmə-hüquq
sistemində də yüksək səviyyədə həyata
keçirilməsi məqsədi ilə hər bir hakim öz
üzərinə düşən məsuliyyəti dərk etməli,
şəxsi həyatında və gündəlik fəaliyyətində
yalnız ədalət mühakiməsinin maraqlarına
uyğun davranmalı və qəbul etdiyi qərarlarda ədalət,
qanunçuluq və qərəzsizlik prinsipinin tələblərinə
dönmədən əməl etməlidir.
Tapdıq MAHMUDOV
Gəncə Apellyasiya Məhkəməsinin
sədri
525-ci qəzet.- 2020.- 9 may.- S.8-9.