Azərbaycançılıq haqqında ədəbiyyat
himni
İsa Həbibbəyli: "Ədəbiyyat.
Zaman. Müasirlik". Moskva, "Xudojestvennaə literatura", 2020, 464 s. (Elmi red. AMEA müxbir üzvü
Tehran Mustafayev, filologiya elmləri
doktoru, Rusiya Federasiyası Xarici İşlər nazirliyinin
Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun professoru Abuzər Bağırov).
Hər kəsə bəllidir ki, Sovetlər Birliyinin
süqutu ilə bir zamanlar keçmiş respublikalar
arasında mövcud olan sıx və zəngin mədəni əlaqələr
kəskin şəkildə zəiflədi.
Bu, çox kədərli faktdır, çünki mədəni
əlaqələr
hər zaman məhsuldar
olub, mədəniyyətin inkişafına xidmət edir. Bu baxımdan İsa Həbibbəylinin "Ədəbiyyat.
Zaman. Müasirlik"
kitabının nəşri cox əlamətdar hadisədir.
Kitabın
müəllifi İsa Həbibbəyli- Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar
elm xadimi, AMEA-nın birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin
deputatıdır. 15 monoqrafiya, 30 kitab müəllifi olan alimin məqalələrinin
sayı minə yaxındır. Akademikin əsərləri
bir çox xarici dillərə - ingilis, fransız, Çin
dillərinə tərcümə edilib.
Haqqında bəhs etdiyim kitabda İsa Həbibbəylinin
əsasən son illərdə qələmə
aldığı tədqiqatlar toplanıb. Kitabın sərlövhəsinə
nəzər saldıqda müəllifin
dünyagörüşünün zənginliyi,
maraqlarının əhatəliliyi bəlli olur. Tədqiqatlar diaxronik
şəklidə qədim zamanlardan (qayaüstü mədəniyyət)
və erkən orta əsrlərdən başlayaraq, sərlövhədə
qeyd olunduğu kimi, bu günümüz də daxil olmaqla
böyük bir dövrü əhatə edir. Kitab
məzmun baxımından da çox rəngarəngdir.
Burada ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi,
folkloristika, ədəbi cərəyanlar, elm tarixi və Nobel
mükafatı laureatı Jores Alfyorovla müsahibə daxil olmaqla bir
çox mövzular yer almışdır. Lakin kitabın əsas mövzusu əlbəttə
ki, Azərbaycan ədəbiyyatı tarixi ilə
bağlıdır.
Faktoqrafik
materiallarla zəngin olan, əsasən rusdilli oxucular
üçün nəzərdə tutulmuş bu monoqrafiya, əlbəttə
ki, Azərbaycan ədəbiyyatının yaranması,
inkişaf mərhələləri, milli özünəməxsusluğu,
nəhayət, sovet sisteminin süqutundan sonra hansı şəkildə
inkişaf etdiyi haqda məlumatsız olan oxucular üçün
böyük maraq kəsb edir. Kitabın
"Ədəbiyyat nəzəriyyəsi" adlanan birinci fəslində
bu mövzulardan kifayət qədər əhatəli şəkildə
əks olunub. Bu zəngin və
lakonik milli ədəbiyyat
tarixi çox sadə və maraqlı dəst-xətlə qələmə alınıb.
Müəllif Azərbaycan ədəbiyyatının
inkişafında on mərhələni fərqləndirir; bu mərhələləri
sadalamaq vacib olmasa da, belə bir paradoksa diqqət yetirmək zəruridir:
müasir dövrə yaxınlaşdıqca dövrün nəzəri
və filoloji şərhi getdikcə mürəkkəbləşir.
Bu hal onunla izah edilə bilər ki, XIX və XX əsr ədəbiyyatı ilə
bağlı, SSRİ xalqlarının ədəbiyyatı da
daxil olmaqla, sovet ədəbiyyatşünaslığında sərt
qəliblər və müxtəlif
mifologemlər tətbiq edildiyi üçün, sonradan
onların nəzərdən
keçirilərək yenidən dəyərləndirilməsi
zərurəti yarandı. Milli ədəbiyyat
tarixinin "düzəldilməsi"i xüsusi cəsarət
və mühakimələrdə sərbəstlik tələb
edir. Bunu
qarşısına məqsəd qoyan İsa Həbibbəyli
Azərbaycan ədəbiyyatı tarixini əsaslı şəkildə,
milli xüsusiyyətlər nəzərə almaqla yenidən
yazıb. Akademikin müəllifi olduğu ədəbiyyat
tarixi özünəməxsus olub, sovet dövründə qəbul
edilmiş ədəbi prosesin təsviri təhlilindən
köklü şəkildə fərqlənir. Bu səbəbdən İsa Həbibbəyli tərəfindən
irəli sürülmüş konsepsiyanın şərhi zəruridir.
Orta məktəbdən
başlayaraq cərəyanların inkişaf mərhələləri
aşağıdakı şəkildə öyrənilir: XVIII əsrin sonu sentimentalizm və
romantizm dövrü, XIX əsrdə qısa müddət ərzində
romantizmlə mübarizə şəraitində inkşaf edərək
tənqidi realizmə çevrilən realizm mərhələsi
fərqləndirilir, sonradan ictimai inkişafın yeni
dövründə sonuncunun evolusiyaya uğrayaraq sosialist
realizminə çevrilməsi baş verir. İsa
Həbibbəyli milli ədəbi prosesi tam fərqli şəkildə
şərh edir. O, ilk növbədə məzmunu meyar
seçdiyi üçün XVII əsri "klassik romantik
poeziyadan erkən realizmə" (s. 17) keçid dövrü,
XVIII əsri isə erkən realizmin yetkin mərhələsi
olaraq xarakterizə edib. Bu məqamda "erkən
realizm" terminindən istifadə olunması çox yerinə
düşər. Latın Amerikası
üzrə ixtisaslaşan resenziya müəllifini bu hal
yaxşı mənada mütəəssir etdi. Çünki illər əvvəl Latın
Amerikası ədəbiyyatının böyük bir hissəsi
haqqında bəhs edərkən mən özüm də bu
termindən istifadə etmişdim. İsa Həbibbəylinin
"Latın Amerikası ədəbiyyatı tarixi" (1994) nəşrinin
üçüncü cildi ilə tanış
olub-olmadığı məlum olmasa da, düşünürəm
ki, bu istilahın mənimsənilməsi və ya sadəcə
təsadüf deyil, belə ki, bu hal müxtəlif ədəbiyyatlarda
realist cərəyanın inkişafında müşahidə
olunan müəyyən tipoloji cəhətlərlə
bağlıdır. Həqiqətən, erkən realizm özündə
romantik idealın rudimetar (ilkin) cizgilərini ehtiva edir.
Lakin o, eyni zamanda, real gerçəkliyin təsvirinə
yönəlib; Azərbaycan nümunəsində isə
"kübarlıq, həyatilik, xəlqilik, təbilik kimi
keyfiyyətlər"lə zənginləşmişdir (s.25).
XIX əsr
ədəbiyyatından bəhs edən İsa Həbibbəyli,
haqlı olaraq sovet ədəbiyyatşünaslığında
hökm sürən realizmin "cərəyan və ya metod
olaraq iki növ - tənqidi realizm və sosialist realizmi"
olaraq təsnif edilməsi ənənəsi ilə polemikaya girərək (s. 27)
XIX əsr Azərbaycan ədəbiyyatında məhz
maarifçi realizmin əsas istiqamət, öz ideoloji
meyarları olan spesifik bədii sistem olaraq, realizmin milli
forması şəklində inkişaf etdiyini yazır. Azərbaycancılıq ideyaları, yəni fərdi
mədəni identiklik haqqında təlimə əsaslanan tənqidi
realizmin isə Azərbaycanda "Molla Nəsrəddin"
(1906-1931) ədəbi məktəbi timsalında
formalaşmışdığını yazır. Bununla
yanaşı, İsa Həbibbəyli XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatında,
Qərbi Avropada artıq çoxdan "böyük səhnəni"
tərk edərək kütləvi mədəniyyətə
qovuşmuş romantizm və sentimentalizm cərəyanlarının
geniş yayılmasını milli ədəbiyyatın
inkişaf özünəməxsusluğu olaraq göstərir.
Tədqiqatçı sovet dövrü Azərbaycan ədəbiyyatını
da peşəkar şəkildə təhlil edir. Onun "sosialist
ideologiyası ədəbiyyatı və sovet ədəbiyyatı
anlayışları arasında bərabərlik işarəsinin
qoyulamsının doğru olmadığı" (s. 79)
haqqında fikri çox ədalətlidir. Alim
sovet ədəbiyyatının milli gerçəkliyi daha
dolğun şəkildə əks etdirdiyini, hətta sosialist
ideologiyası ilə üst-üstə düşmədiyini
bildirir. Bu cür ədəbiyyatın ən
yaxşı nümunələrini yaratmış
altmışıncılar ədəbi nəslinin nümayəndələri
haqqında kitaba ayrıca məqalə daxil edilib. Yəqin ki, ötən əsrin 60-70-ci illərində
Azərbaycan ədəbiyyatında modernizm, sürrealizm və
absurd teatrının bəzi əlamətlərinin
müşahidə olunması haqqında məlumat rus oxucusu
üçün gözlənilməz olacaq.
Rus oxucular üçün postsovet dövrü Azərbaycan
ədəbiyyatı ilə bağlı hissələr də
böyük maraq kəsb edir. Çünki az sayda tərcümə olunan əsərlər
istisna olmaqla, müasir Azərbaycan ədəbiyyatı
haqqında ümumiyyətlə məlumatımız yoxdur.
Akademikin dəqiq qeyd etdiyi kimi, müstəqillik dövrü ərzində
Azərbaycanda "müxtəlif estetik baxışları və
üslubları əhatə edən çoxmetodlu ədəbiyyat"
(s. 139.) yaranıb. Bu zəngin və
çoxşaxəli ədəbiyyatda dekadans (90-cı illər),
postmodernizm, postromantizm, neorealizm, neosimvolizm, magik realizm meylləri
təmsil olunurdu. Müsbət haldır ki,
sadalanan meyllər yalnız Qərbi Avropa nümunələrinin
solğun surətlərindən ibarət deyildilər.
Faktlara əsaslanan müəllif axtarışların milli
xüsusiyyətlərlə bağlılığını,
təməl prinsiplərinə görə milli dəyərlərə
əsaslandığını, azərbaycançılıq
ideologiyasından qaynaqlandığını qeyd edib.
Bununla belə, unutmaq olmaz ki, özünəməxsusluq
heç də tədricolunma deyil. İsa Həbibbəyli
Azərbaycan mədəniyyətini geniş kontekstdə,
türk xalqları mədəni birliyi daxilində görür
və bu müstəvidə təhlil edir. Kitabın
"Oxşar ədəbi talelər" bölümündə
toplanmış məqalələrdə həmin problemlərdən
əhatəli şəkildə bəhs edilib. Bu mədəniyyətlərarası
birlik və ya akademikin söylədiyi kimi, "qohum
xalqların müxtəlifliyinin birliyi" (s. 389) eyni dil
qrupuna mənsubiyyət, eyni inam, etiqad, din birliyi, ortaq mədəni
inkişaf dinamikası kimi bir çox ortaq faktorlarla
bağlıdır.
Bundan əlavə,
özünə doğma olan "əhatədə"
formalaşan Azərbaycan ədəbiyyatı, İsa Həbibbəylinin
qeyd etdiyi kimi, digər ölkə ədəbiyyatları ilə
sıx əlaqəli şəkildə inkişaf etməkdədir.
Ədəbi əlaqələr kitabda yer alan
əsas mövzularından biridir. Azərbaycan ədəbiyyatının
Çin, türkmən, qırğız, tatar və əlbəttə
ki, rus ədəbiyyatı ilə əlaqələri haqqında
məqalələrdə maraqlı faktlar yer alıb.
Haqqında bəhs etdiyimiz monoqrafiya, "Azərbaycan-rus ədəbi
əlaqlələri: ənənə, reallıq və
perspektivlər" başlıqlı yazıda verilən
faktlara əlavə olmaqla yanaşı, iki xalq arasında
mövcud əlaqələrin bitkin nümunəsidir.
Akademik İsa Həbibbəyli ağır terminologiya,
elmi əmmaməçilik, anlaşılmaz konsepsiyalar aludəçisi
deyil. O, sadə,
səlis, hər bir savadlı insan üçün
anlaşılan dildə yazır, mühakimə dərinliyi və
problemin mahiyyətinin qorunmasına xüsusi diqqət yetirir. Ona görə də, geniş məkanda təmsil
olunan rus oxucuları arasında kitabın böyük maraq
doğuracağına əminəm.
Andrey KOFMAN
Filologiya elmləri doktoru, M.Qorki adına
Dünya Ədəbiyyatı
İnstitutunun elmi işlər
üzrə direktor müavini, professor
525-ci qəzet.- 2020.- 9 may.- S.13.