Əbədi və həmişəyaşar
şəxsiyyətlər
Hər bir xalqın tarixini möhkəm özül üzərində bərqərar edən onun əbədi dəyərləridir. Azərbaycan xalqı da tarix boyu əbədi dəyərlərinin zənginliyi ilə seçilib. Bunların sıralarında Ulu öndər Heydər Əliyev və böyük şair-dramaturq Hüseyn Cavid vüqarla ucalmaqdadır.
Heydər Əliyev əbədiyyəti və Hüseyn Cavid əbədiyyəti. Bu iki əbədiyyətin birliyində, vəhdətində, Azərbaycanın iki qürur qaynağında, bütövlükdə Türk dünyasının, insanlığın iki qürur qaynağında duran, onları bir-birinə bağlayan ən möhkəm tellərdən biri də məhz ədəbiyyatdır. Bu nədir, sadəcə bir təsadüfmü? Sözlərin səslənişindəki ilginc yaxınlıqmı? Hər halda, burada bir hikmət də olmamış deyil. Çünki hər iki dahi bəşər həyatında ədəbiyyatın roluna yüksək qiymət vermiş, insanlığın ərsəyə gətirdiyi ən böyük milli-mənəvi dəyərlər sırasına daxil etmişlər. Böyük Hüseyn Cavid 1915-ci ildə "Açıq söz" qəzetində dərc etdirdiyi "Müharibə və ədəbiyyat" məqaləsində öz vətənpərvər-proqressiv fikirlərini belə ifadə edirdi: "...Tələbə və talibələr ikmali-təhsildən sonra bir də kəndi filosofları, ədibləri tərəfindən yazılmış əsərləri mütaliəyə başlarlar. Şübhəsiz ki, ən faydalı düşüncələr, ən ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilir... Bir gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal kəndisinə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənir və o ruhda yaşamağa yeltənir və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə, adəta aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar".
Dədə qorqudlar, nizamilər, füzulilər, cavidlər yurdunun dahi yetirməsi olan, bu böyük müəllimlərin əsərlərindəki humanist, vətənpərvər ideyalardan tərbiyə alan Heydər Əliyev də ədəbiyyata çox böyük önəm verən və yeri gəldikcə bu bəşəri təfəkkür sahəsinin inkişafına əlindən gələn yardımı əsirgəməyən dünya şöhrətli bir siyasət adamı, bir diplomat, bir ensiklopedik zəka sahibi kimi tanınmışdır. Onun ədəbiyyat, ədəbiyyatın bəşər tarixində oynadığı mütərəqqi rol barədə müdrik fikirləri çoxdur. Elə bilirəm ki, həmin fikirlərdən birini bir daha səsləndirmək yerinə düşər. Ədəbiyyata, mədəniyyətə milli özünüifadə, özünütəsdiq vasitələrindən biri kimi yüksək önəm verən Ümummilli lider, bu obrazlı-intellektual fəaliyyət sahəsinin xüsusən ideoloji-informativ mübarizədə əvəzsiz rola malik olduğunu təkidlə vurğulayırdı. Hüseyn Cavidin yuxarıda örnək gətirdiyimiz sözlərindən səksən il sonra Heydər Əliyev onunla həmfikir, həmməslək, həməqidə olduğunu öz dərin mənalı sözləri ilə bir daha təsdiq edirdi: "...Biz daim çalışmalıyıq ki, Azərbaycan xalqını dünyaya daha yaxından tanıdaq. Qoy bilsinlər ki, xalqımızın çoxəsrlik, zəngin tarixi mədəniyyəti var. Bilsinlər ki, Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə əsaslanır. Bu, ona görə lazımdır ki, hamımıza məlum olan düşmən qüvvələr həmişə sübut etməyə çalışmışdır ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu, cəfəngiyatdır. Bəzən buna heç cavab vermək istəmirsən. Lakin xalqımıza düşmən olan, qəsd etmək istəyən dairələr, qüvvələr, bəzən də millətlər respublikamızı parçalamaq, onun ərazisini qəsb etmək istəyənlər əvvəllər də çalışmışlar və indi də çalışırlar sübut etsinlər ki, guya Azərbaycan xalqı tarixi köklərə malik olan bir xalq deyildir. Ona görə də Füzuli kimi şəxsiyyəti dünyaya bir daha tanıtmaqla onun necə böyük şair, mütəfəkkir, filosof olduğunu və dünya mədəniyyətinə nə qədər töhfə verdiyini, onu necə zənginləşdirdiyini göstərəcəyik. Buna bizim əvvəllər də ehtiyacımız olmuşdur, lakin bu gün xüsusilə vacibdir. Çünki Azərbaycan müstəqil dövlətdir, xalqımız milli azadlığa nail olmuşdur və biz müstəqilliyimizin daimi, əbədi olması üçün çalışırıq və bundan sonra da çalışacağıq".
Bəşər tarixində şeirə-sənətə, sənətkar şəxsiyyətinə hamilik edən dövlət başçıları az olmayıbdır. Ancaq Azərbaycanın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev bu baxımdan unikal bir mövqeyə malikdir, desək, yəqin ki, mübaliğə olmaz. Xüsusən klassiklərin yaradıcılığına böyük önəm verən Heydər Əliyev onların tədqiq və təbliğinə, Vətən və millət qarşısındakı xidmətlərinin dəyərləndirilməsinə qayğı və diqqətini bir an belə əsirgəməmişdir. Azərbaycan ədəbiyyatını dünyanın ən qədim və zəngin ədəbiyyatlarından biri sayan Ümummilli lider, bu ədəbiyyatın yetirdiyi böyük dahilərin qlobal miqyasda öz layiqli qiymətlərini almadıqlarını dəfələrlə qeyd etmiş və bu yolda göstərdiyi titanik səyləri təvazökarlıqla özünün vətəndaşlıq borcu elan etmişdir.
Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkmişdir. Səksəninci illərin əvvəllərindən isə ümummilli liderimiz Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işinə nəzarəti bir an belə zəiflətməmişdir. Sonralar, 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşündə Heydər Əliyev Cavidlə bağlı fəaliyyətini belə xatırlayırdı: "...Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər... İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu?"
Bu gün Cavid külliyyatının beşcildliyi möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncama əsasən latın qrafikası ilə çap edilib geniş oxucu auditoriyasına çatdırılmışdır. Bəli, ataların başladığı işi övladlar davam etdirir və başa çatdırır. Xalqın, vətənin bütövlüyü də məhz bu faktorla müəyyən edilir.
Onu da göstərməliyik ki, Ümummilli liderimizin Moskvaya, yüksək dövlət vəzifəsinə getdiyi səbəbindən Cavid irsi ilə bağlı yarımçıq qalmış bir çox işləri taleyin hökmü ilə elə onun özü, respublika hakimiyyətinə ikinci qayıdışından sonra tamamlamağa nail oldu. Hələ Moskvada ikən hər dəfə Bakıya gələndə Hüseyn Cavidlə maraqlanan, onun əsərlərinin tamaşalarına baxan Heydər Əliyev 1993-cü ildə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra, şübhəsiz ki, ilk vəzifə kimi Azərbaycanı düçar olduğu ölçüyəgəlməz fəlakətdən qurtarmağı qarşıya məqsəd qoydu və qısa bir müddət ərzində bunun öhdəsindən uğurla gəldi.
1995-ci ilin iyununda Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə Cavid irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi incədən incəyə təhlil edən Heydər Əliyev, doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu çox sadə sözlərin köməyi ilə diqqətə çatdırır: "Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib. O dövrdən isə artıq on beş il keçir".
1990-cı ildə Naxçıvana qayıdan Ümummilli liderimiz ilk növbədə Cavidin məzarı üstə getmiş və gördüklərindən heyrətə gəlmişdi. Müşavirədəki nitqində Heydər Əliyevin özü həmin hadisəni belə xatırlayır: "Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum".
Müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində quran Ümummilli liderimiz bu işlərin hamısının müstəsna əhəmiyyətli olduğunu qeyd etmiş, Cavid məqbərəsinin, ev muzeyinin və abidəsinin açılışını bir nömrəli vəzifə kimi əlaqədar təşkilatların üzərinə qoymuşdur. Yalnız bundan sonra qısa bir müddət ərzində, Heydər Əliyevin şəxsi nəzarəti və qayğısı altında nəhəng işlər görülmüş və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin anadan olmasının ildönümündə - 1996-cı ilin oktyabrında Naxçıvanda Hüseyn Cavidin məqbərəsi bütün gözəlliyi və əzəməti ilə xalqın gözü qarşısında ucalmışdır. Onu da qeyd etməyi lazım bilirəm ki, Heydər Əliyev bütün bu işləri gözdən pərdə asmaq, yalnız faktı təsdiq etmək xatirinə həyata keçirməmiş, doğrudan da, ictimai-siyasi istedadının bütün potensialını sərf etməklə, sevə-sevə görmüş və nəticədə həm özünə, həm də Cavidə layiq gözəl abidələr qoyub getmişdir.
Bu abidələrdən biri də, şübhəsiz ki, uzun illər üzərində iş gedən, ancaq Cavid məqbərəsindən sonra, yenə də dahi şairin anadan olmasının ildönümündə, daha doğrusu, 120 illik yubileyində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən açılan Hüseyn Cavidin Ev Muzeyidir.
Hüseyn Cavid dühası öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır.
Heydər Əliyev dühası bu əbədiləşdirməni tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir.
Gülbəniz
BABAXANLI
AMEA Hüseyn Cavidin Ev Muzeyinin
direktoru, filologiya üzrə elmlər
doktoru
525-ci qəzet.- 2020.- 9 may.- S.9.