Alim duyğusunun təntənəsi

 

KAMAL ABDULLANIN "MƏNİM FÜZULİM" ESSELƏR TOPLUSU HAQQINDA DÜŞÜNMƏK CƏHDİ

 

Neçə il əvvəl "Dədə Qorqud Kitabı" dastanlarının gizlinlərinə dünyadakı bütün qorqudşünaslardan fərqli fəlsəfi-estetik, orijinal elmi-nəzəri yöndən çıraq tutan akademik Kamal Abdulla "Mənim Füzulim" esselər toplusu ilə Füzulişünaslığımıza (geniş mənada dünya Füzulişünaslığına) əvəzsiz töhfə verib.

Kamal Abdullanın elmi təhlil düsturunun riyazi dəqiqliyi hər bir oxucunun, o cümlədən, mənim də daxilimdə "öz Füzulimin" abidəsinə hansısa qavrama naxışını vurmaq istəyi oyatdı. Amma və di gəl ki, mən "öz Füzulimi" sözlə ifadə etmək iqtidarında olmasam da, Kamal Abdullanın Füzuli dünyasındakı təzadların harmoniyasını vəsf və şərh edən "Mənim Füzulim" kitabı barədə fikir söyləməyə cəsarət etdim.

Bəri başdan onu deyim ki, Kamal Abdulla milli dramaturgiyamızda həyat reallıqlarına qeyri-səlist məntiqlə yanaşan və həmin estetik prinsiplərlə də öz qəhrəmanlarına münasibət bəsləyən ilk Azərbaycan dramaturqudur. "Hamı səni sevənlər burdadır", "Ruh", "Bir, iki, bizimki!", "Unutmağa kimsə yox", "Casus", "Hərdən mənə mələk də deyirlər" pyeslərini xatırlamaq kifayətdir. Bu, öz yerində. Əsl mətləbim bir özgədir.

Mənim aləmimdə milli ədəbiyyatşünaslığımızda hansısa ədəbi nümunəyə, konkret olaraq Füzuli irsinə qeyri-səlist məntiq prizmasından açar tapmaq ilkinliyi Kamal Abdullaya məxsusdur. O, qüdrətli füzulişünaslardan Mir Cəlalın poetik düşüncələrinə, Məmməd Cəfərin fəlsəfi-idraki qənaətlərinə əsaslanmaqla Füzuli dünyasına yeni pəncərə açıb. Üstəlik, də dahi fırça ustası Səttar Bəhlulzadənin Füzuliyə, onun poemasının sevimli qəhrəmanları Leyliyə və Məcnuna həsr olunmuş qrafikalarının bədii yozumuna qeyri-səlist məntiqin bədii-estetik, fəlsəfi-psixoloji düşüncə əsrarnəgliyi ilə baxmağı bacarıb. Bacarıb və bununla da sözün, səsin və rəngin füsunkar harmoniyasında əlvan fikir xalçası toxuyub.

Kamal Abdulla öz tədqiqatında Füzuli dünyasındakı təzadların gizlin daxil harmoniyasına həssaslıqla poetik vüsət verib. Şairin sözüylə səsi arasındakı ecazkar və "gizli" harmoniyada Kamal bizə tam yeni Füzuli təqdim edə bilib.

Özünün dediyi kimi, "Füzuli olmasaydı, nə ola bilərdi?" sualından qorxub-üşənən Kamal Abdulla çaşqınlıq dumanının içindən parlaq nur kimi bərq vuran fikir karvanında öz Füzulisinə baxış-yanaşma modelini yaradıb.

Füzulinin poetik irsinə dəryanın girdabında inci axtaran qəvvas kimi dərinliklərə baş vuran Kamal Abdulla gözlənilməz, kimsənin ağlına gəlməyən qənaət məntiqiylə söyləyir: "Füzulinin sevdiyi kimsə olmayıb. Onun sevdiyi sevgi olub". Bu sözləri yazan alim onun elmi təsdiqini də verib.

Füzuli poeziyasının harmonik tamlığının hüsn-təravətini butadan çiçəyə, çiçəkdən fəlsəfi-poetik fikir bəhərinə-barına kimi keçidləri qeyri-səlist məntiqiylə izləyərək fikir həmayilinə düzən Kamal Abdulla daha maraqlı, daha gözlənilməz, daha ecazkar fikrə özünün söz tablosunda ruh və qol-qanad verir. Və söylədiklərinin qavrama düsturunu oxucularına, eləcə də yenicə qələmə sarılan təpərli füzulişünaslara təqdim edir. Budur həmin poetik-fəlsəfi fikir-düsturun riyazi dəqiqliyinə söykənən elmi açımı: "Füzuli Yerdən Göyə və Göydən Yerə gözəgörünməz sürətlə gedib qayıdan bir Səyyahdır".

Oxucuların düşüncələrini heyrətamizlik nurunda yuyundurub cilvələndirən odur ki, Kamal Abdulla Füzulinin Yerlə Göy arasındakı səyahətinin özünün sirli-sehrli bir aləm olduğuna əsaslı, dərin, poetik düşüncəylə sözdən hörülmüş qəsr ucaldıb.

Poetik sözünü tez-tez işlətməyim söz kasadlığımdan irəli gəlmir. Mənim aləmimdə Kamal Abdulla özünün poetik-fəlsəfi düşüncə tərzi ilə Füzulinin Göylə Yer, Yerlə Göy arasındakı səyahətinin dörd əsrlik karvanına cəsarətlə saribanlıq qüdrətinə yiyələnib.

Kamal Abdulla Füzuli misralarının qranit əzəmətindən qurulmuş alınmaz istehkam-qəsrin arxasında sal qaya kimi dayanıb səbirlə bizə baxan Füzulini həm şair, həm də sirri-xuda timsalında olan müdrik insan kimi görə bilib. Bilib və bildiklərinin dərketmə düsturunun açarını fikir karvanının içərisində "gizlədib". Bu açar mürgü döyərək özünün həssas oxucularını gözləyir. Burası daha marqalıdır ki, müdrik insan, filosof insan pəncərəsindən baxanda şair Füzulinin əzəməti və əbədiyaşarlığı daha möhtəşəm görünür.

Kamal Abdullanın “Mənim Füzulim” kitabı işıq üzü görüb

Kamal Abdulla səyyah Füzuliylə insan Füzuli arasındakı dumana bürünmüş gizli harmoniyanın çiskin ovqatını darmadağın edir. Səyyah Füzuli, insan Füzuli və şair Füzuli üçbucağının ahəngdar harmonyasına aparan apaydın fikir yolunda "şair sözü, əlbəttə, yalandır" misralarındakı yalansız həqiqətlərə çatmağa məntiq ipucu var.

Kamal Abdulla şairin təkcə bir qəzəlinin hər misrasında reallaşan iki əks mənin şair-səyyah-insan sirrinin qırxıncı qapısına yeni açar tapan alimdir.

Kamal Abdulla gözələ mail olmayan, ancaq ona məhəbbətdən əqli zailləşən; ona tənə vuran qafil şairi bu hala salanı görəndə utanan mən arasındakı əks, təzadlı harmoniyanı, kəsişən "mənlər" paralelini" indiyənədək bir kimsənin getmədiyi yolla gedərək reallaşdırıb.

Kamal Abdullaya görə, "hadisələrin üfüqündə" dörd bir səmtə sərbəst yolu olan Füzulinin fikir karvanının bənzərsizliyi, dühalığının, şair ruhunun, səyyah ehtirasının, filosof idrakının, insan tanrılığının bir hüsnü də orasındadır ki, onda "geriyə baxmaq, xatırlamaq səlahiyyəti vardı".

Kamal Abdulla həqiqətdən nur içən cəsarətlə, alimə xas olan qətiyyətlə, idraka söykənən inamla Füzulinin geriyə baxmaq səlahiyyətini müxtəlif rənglərdə, fərqli-fərqli çalarlarda görə bilir. Bu görümlə də heyrətamiz eşqlə Füzulinin rəngli yuxulara bənzər xatırlamalarındakı harmoniyanı görməyin intibah möhtəşəmliyini görə, görüb duya, duyub dərk edə, dərk edib qeyri-səlist məntiqin həqiqət harmoniyasında sarsıla, sarsılıb Məhəmməd Füzulinin peyğəmbəranə idrakının gücünü oxuculara aça bilib.

Kamal Abdullaya görə, Füzuli real zamanda mövcud olub itirilmiş zamandan gələcək zamana soraq verən şair, səyyah, insan, filosof və söz peyğəmbəridir. Bu şair, bu səyyah, bu insan, bu filosof və nəhayət, bu söz peyğəmbəri bəşəriyyətin "sərt reallıqdan yumşaq romantizmə" qəfil keçid etməkdə ustad olan nadir dühalardandır.

Kamal Abdullaya görə, müdrik Füzuli uşaq Məhəmmədin (Füzulinin) ovqatını, halını, hətta doğumdan əvvəlki hissini xatırlayır. Xatırladıqlarını isə Qeys adı ilə doğulub Məcnun adıyla tanrının sevgi dərgahına ucalan şəxsin (əslində, şair-peyğəmbərin özünün) dili ilə bəyan edir. Füzuli "məndən" yuxarıda da, "məndən" aşağıda da bir mən olduğunun fərqindədir. Bu fərqində olmağın elmi teoremini Kamal Abdulla tapıb. Tapıb və bu teoremi ədəbi elmi-nəzəri model kim cilalayaraq formalaşdırıb. Alimin tapıntısının möhtəşəmliyi bir də orasındadır ki, məhz bu modelin fikir harmoniyası ilə Xaqani, Nəsimi, Məhsəti, Qətran Təbrizi, Vazeh, Seyid Əzim, Sabir... yaradıcılığının sirli pillələrinə səyahət edə bilərik.

Kamal Abdullaya görə, şair Füzuli gənc Məhəmmədi az qala tanımır, ancaq öz keçmişini yaddaş aynasında əbədi həkk edib. Füzuli azad könül sahibidir. Alim Kamal ona tam əmindir ki, "dinindən və dilindən asılı olmadan bütün insanların dərdini, qəmini çəkmək" insanın böyük xoşbəxtliyini - könül azadlığını əlindən alır.

Kamal Abdullaya görə, Füzulidə güclü xatırlama prosesi var və bu xatırlama qətiyyən yada salmaq deyil. Çünki alimin qənaətində Füzulinin xatırlama prosesində keçmişlə yanaşı, indiki zaman da var və hətta bu zamandan sabaha fikir kəməndi də bənd olub. Eyni zamanda, əks xarakterli xatırlamalarda keçmişlə indinin fəlsəfi müqayisəsi də var.

Kamal Abdulla Füzulinin "Ey xoş günlər ki, mən həmraz idim canan ilə...", "Mən bilməz idim qəmi-cahanı, təşvişi zəmini-asimanı" misralarına əsaslanaraq şairin bilməzlik zamanı ilə bilənlik zamanını estetik kateqoriyalar kimi yozur, təhlil edir, qeyri-səlis məntiq müstəvisində özünün dəmir məntiqlə sütunlaşmış fəlsəfi qənaətini bildirir: Füzulinin bilməzlik ilə bilənlik arasındakı müqayisəli gərdişi bədii-estetik harmoniyanın güclü fəlsəfi sxemidir. Bu sxem intibah dövrünün bütün dühalarına məxsus olsa da, Füzulinin düşüncə tərzi və müqayisəsindəki paralellik və kəsişmələr bənzərsizdir, dahiyanədir, göylə yerin səyahətində sabit orbitdir.

Kamal Abdullanın Füzulisi hər şeydən yorulmuş, yaşamaqla yaşamamağın, var olmaqla yox olmağın arasında fərq görməyən, öz fikir səyahətində dünyanın cikinə-bikinə bələd olan dühadır. Kamalın Füzulisi Allahın tanrıyla tanrılıq edən dahi bəndəsidir! Səyyah Füzuli, xatırlayan Füzuli, təzadlı həqiqətləri təftiş və xarakterizə, müqayisə və şərh edən Füzuli üçün ən ideal arzu "beynindəki burulğandan, qəlbindəki təlatümdən çıxıb" könül rahatlığı tapmaqdır.

Kamal Abdullanın Füzulisinin içərisində "tamam başqa bir adam yaşayır". Füzulidə ünsiyyətə girmək istədiyi daxili məni ilə özü arasında Çarlz Kuninin nəzəriyyəsinə məxsus "güzgü simmetriyası" eyniyyatı və təzadı var.

Kamal Abdullanın Füzulisi bütün acılı-şirinli, fəryadlı-yanıqlı, dumanlı-ilğımlı xatırlamalarında "Ey Füzuli" deyə məhz özünə xitab edir. Özünə xitabla da fəryadını içindəki bəndəyə çatdırmaq məqsədindədir. Alim Kamal Abdullanın bütün bucaqlarda apaydın, su kimi şəffaf görünən fəlsəfi qənati budur ki, Füzulinin ikiləşməsində birləşməyə ümid yoxdur. Güzgüdə görünmənin əkslik simmetriyası! Bu nöqtədən baxanda Füzuli Kamal Abdulla üçün təpədən dırnağa "Mən kiməm?" sualıdır.

Kamal Abdullanın Füzulisi üçün həyatın əsl mənası xatırlamaqdır. Bu xatırlama Füzuli poeziyasının, Füzuli qəzəlinin yorulub usanmayan həmişəyaşarlığı, daha geniş mənada dünya dərkinin düşüncə təməlidir. Eşqdən, hicrandan, vüsaldan yorulub usanan Füzuli xatırlamaqdan yorulmayan fikir, düşüncə, gözəllik, reallıq, ilahi qüdsiyyətlə nəfəs alan xatırlama ustadıdır.

Kamal Abdullanın Füzulisi tərki-aləm Leylinin diliylə "səbr eyləmə, eylə tərki-aləm" deməklə Məcnunu, geniş anlamda özünü, daha dərin fəlsəfi qatda pak eşqə düçar olanları səsləyir. Bu səsləmədə munis nəciblik, əbədilik var.

Kamal Abdullanın Füzulisi ruhundan doğduğu misraların ilahi fikir qatında əbədi eşq yağmuru ilə yuyunaraq əbədiyyət sübhünün gələcəyinə inamı qəhrəmanlarına, özünə və bəşəriyyətə təşviq edir.

Kamal Abdullanın Füzulisi başdan-başa səsdir. Alimin qənaətinə görə, Füzuli insanları sözlərindən əlavə, həmin sözlərin səsi ilə ahənrüba kimi özünə çəkir.

Kamal Abdullanın Füzulisinin ruhları soraqlayan səsi rənglidir, fikirlərinin söz düzümü qövsi-qüzeh bənzərindədir. Daha dəqiq qənaətə Kamal Abdulla özü gələrək yazır: "Bu səs səni rəngli bir dünyaya aparır... Sən o səsin arxasındakı məqamı görürsən. Bu səsin nəvazişi dözülməzdir, məsumluğu inanılmaz, sadəliyi aldadıcı, mürəkkəbliyi nümayişkarənədir.

Kamal Abdulla öz Füzulisinin söz, iç və sokral dünyasının ülvi mahiyyətini yerlə göy arasında təhlil süzgəcindən keçirməklə ədəbiyyatşünaslığımızda yeni olan "Füzuli paradoksu" nəzəriyyəsinin elmi şərhini və təhlilini, riyazi-poetik modelini və sxeminin elmi mahiyyətini və fəlsəfi dəyərini verir. Alimin fikrincə, "Füzuli paradoksu" Füzulinin sarsılmaz inamının hər iki qütbünü ehtiva edir". "Aldanma ki, şair sözü, əlbəttə, yalandır"; "Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən" deyən Füzuli - Kamal Abdullanın kəşf etdiyi Füzuli öz yalanına ilahi qüdsiyyətlə inanır. Füzulinin pardoksunun mahiyyəti "yalan" və "doğru" üzərindədir söyləyən Kamal Abdulla yalanın gerçəkliyini, doğrunun yalanlığını şairin poetik misraları zəminində sübuta yetirir.

Kamal Abdullanın bütün ruhu, varlığı, elmi qüdrəti, ilahi fəhmi ilə inandığı Füzulisinin "Leyli və Məcnun" roman-poemasında səmavi, başqa sözlə, yerlə göy arasında səyahətinin fəlsəfi-poetik qüdrəti bu iki sözlə ehtiva olunur: Ruhların təntənəsi!..

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2020.- 9 may.- S.15.