Dünya ədəbiyyatına dair fundamental əsər

 

PROFESSOR CƏLİL NAĞIYEVİN “QƏRBİ AVROPA ƏDƏBİYYATI (ORTA ƏSRLƏR VƏ İNTİBAH DÖVRÜ) DƏRSLİYİ HAQQINDA QEYDLƏR

 

Hal-hazırda respublikamızda dünya ədəbiyyatı üzrə ən güclü mütəxəssislərdən biri filologiya elmləri doktoru, professor Cəlil Nağıyevdir. O, bu sahə üzrə bir sıra əsər yazmış, monoqrafiya nəşr etdirmiş “Qədim Şərq ədəbiyyatı tarixi” dərsliyini yazmış və İ.M.Tronskinin "Antik ədəbiyyat tarixi" kitabını dilimizə çevirmişdir.

Bu yaxınlarda onun işıq üzü görmüş "Qərbi Avropa ədəbiyyatı (Orta və əsrlər və İntibah dövrü)” adlı fundamental dərsliyi həmin əsərlərin davamıdır. 520 səhifədən ibarət bu dərsliyin elmi redaktoru akademik Kamal Abdulla, rəyçiləri isə Qərb ədəbiyyatı üzrə görkəmli mütəxəssislər, professorlar Qorxmaz Quliyev, Şahin Xəlilli və Ülfət Bədəlbəylidir. Onu da qeyd etmək lazımdır ki, BDU rektorunun əmri ilə "Elm və təhsil" nəşriyyatında nəfis şəkildə çap olunmuş "Qərbi Avropa ədəbiyyatı" əsəri AXC-nin və BDU-nun 100 illik yubileyinə ithaf edilmişdir. Dərsliyə ön söz yazmış prof. Qorxmaz Quliyev Əhdi-ətiqlə Əhdi-cədid, antik dövrlə Orta əsrlər, Orta əsrlər dövrü ilə İntibah dövrü ilə bağlı əlaqələrə, təsdiq və inkarlara münasibətini bildirdikdən sonra vurğulayır ki, humanistlərin antik mətnlərə, incəsənətə, fəlsəfəyə müraciəti, Səlib yürüşlərinin gedişində Yaxın Şərq mədəniyyətinin, Kolumb tərəfindən Amerikanın kəşfi Qərbi Avropa İntibahının təşəkkülündə mühüm rol oynadı. Doqquz fəsildən ibarət dərsliyin I fəslində prof. C.Nağıyev Orta əsrlərdən bəhs edərkən onu üç dövrə bölür: 1. İlkin Orta əsrlər (IV- IX); 2. Yetkin Orta əsrlər (IX-XIII); 3. İntibaha keçid dövrü (XIII-XVI).

Əsərdən bəlli olur ki, Orta əsrlərin birinci dövründə "xalqların böyük köçü”, ayrı-ayrı yeni Avropa dövlətlərinin yaranması, Avropanın mərkəzindən qərbinə və cənubuna hunların yürüşü və ərəblərin (mavrların, sarasinlərin) İspaniyanı işğal edib, burada elmi və mədəniyyəti (Əndəlis mədəniyyəti) yaratması ilə başa çatır. Tədqiqatçı həmin dövrdə Qərbi Avropa ədəbiyyatının inkişaf istiqamətlərindən bəhs edərək onları aşağıdakı kimi təqdim edir. Müəllifə görə, Mərkəzi Avropa ölkələrində ədəbiyyat əsas etibarilə üç istiqamətdə yaranmış və inkişaf etmişdir.

Birincisi, bu, ilk növbədə müxtəlif xalqların öz dillərində yaratdıqları şifahi xalq yaradıcılığı (folklor, əsatir, dini və etnoqrafik mətnlər) idi ki, bu istiqamətdə xüsusilə xalq epik ədəbiyyatı (qəhrəmanlıq dastanları) yaranmışdır və bu ədəbiyyat latın dili ilə toqquşmuşdu. Başlanğıcda bu tipli ədəbiyyat hələ çox zəif idi, geniş yayılmamışdı.

Prof. C.Nağıyevin fikrincə, Avropa ədəbiyyatının inkişafının ikinci istiqaməti - antik dövrün mədəni təsiri altında formalaşırdı. Orta əsrlərdə dini dairələr nə qədər cəhd etsələr də, Avropa xalqları antik mədəniyyətini inkar etməmiş, ziyalı təbəqə həmin mədəniyyətin və ədəbiyyatın təsiri altına düşmüşdür ki, bu da öz növbəsində ümumavropa mədəniyyətinin və ədəbiyyatıın inkişafında mühüm rol oynamışdır.

Araşdırıcının qənaətinə görə, bu dövrün ədəbiyyatının üçüncü istiqaməti Avropanın sürətlə xristianlaşması ilə əlaqədar olmuşdur və bu dövrdə geniş yayılmış dini-kilsə (klerikal) ədəbiyyat yaranmış və Orta əsrlər Qərbi Avropa ədəbiyyatının əsas inkişaf istiqamətlərindən birini təşkil etmişdir. Əsərdə qeyd olunur ki, yazılı latın ədəbiyyatı təxminən XI-XIII əsrlərdə yaranmışdır. Bu ədəbiyyat əsasən monastr və kilsə məktəblərində oxuyan, ilahiyyat təhsili alan tələbələr (kleriklər) və digər ziyalı ruhanilər tərəfindən yaranırdı.

Dərsliyin I bölməsinin "Dini-kilsə (klerikal) ədəbiyyatı" adlanan birinci fəslində müəllif bu ədəbiyyatın ümumi səciyyəsi barəsində yığcam məlumat vermiş, onun ən görkəmli nümayəndələri - Mediolanlı Amvrosi (340-397), Stridonlu (Müqəddəs) Jeronim (342-420), Avqustin Avreli (354-430), Anisi Manlı Torkvat Severin Boetsi (480-524), İordan (?-551), Pyer Abelyar (1079-1142), Foma Akvinatın (1225-1274) həyat və yaradıcılığını, jitiye və Bizans ədəbiyyatını tədqiqata cəlb etmişdi. Yuxarıda adları çəkilən bu şəxslər, müəllifin göstərdiyi kimi, bəzi qədim abidələri latın dilinə tərcümə etmiş, bir sıra dini, elmi, fəlsəfi, siyasi kitablar yazmışdır. A.Dante Boetsini "İlahi komediya"sının Cənnət hissəsinə daxil etmişdi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, klerikal ədəbiyyatın bu nümayəndələrinin şəkillərinin də dərslikdə öz əksini tapması da onu dəyərləndirən şərtlərdən biridir.

Jitiyelərdən danışarkən, aydın olur ki, "İov haqqında jitiye" əsərinin qəhrəmanı müqəddəs İov İisus Xristovun (İsa Məsihin) mövludundan 1500 il əvvəl Şimali Ərəbistanda, Avsidid ölkəsində Uts torpaqlarında yaşamışdır. Onun həyatı və əzabları Bibliya və Quranda (Eyyubun hekayəsi) təsvir olunmuşdur.

Əsərdə göstərilir ki, "Bizans" adı Şərqi Roma imperiyası anlayışı Roma imperiyası süqut edəndən sonra yaranmışdır. Bu ad Konstantinopol Bizans adı ilə əlaqədardır. Belə ki, Roma imperatoru I Konstantin 330-cu ildə Roma imperiyasının paytaxtını bu şəhərə köçürür. Konstantinopol Bizans imperiyasının dəyişilməz paytaxtı və Orta əsrlər dünyasının sivilizasiya mərkəzi olmuşdur. XV əsrin Konstantinopolundan danışan dahi fransız ədibi Volter də yazırdı ki, bu şəhər həmin dövrdə dünyanın paytaxtı idi.

Dərslikdə o da diqqətə çatdırılır ki, orta yunan dilində olan Bizans ədəbiyyatı Avropanın, o cümlədən də, slavyanların ədəbiyyatına böyük təsir göstərmişdir. Başlanğıcı IV-V əsrlərə təsadüf edən Bizans ədəbiyyatı təxminən VI-VII əsrlərə qədər davam etmişdir.

Bölmənin "İlkin qəhrəmanlıq dastanları" adlanan II fəslində müəllif Kelt, german, ingilis-sakson, Skandinaviya, island, skald, karel-fin epos, epik poeziya, əsatir nümunələrini tədqiqat obyekti kimi gotürmüşdür.

Dərslikdə ayrı-ayrı fəsillərdə xalqımızın kökü ilə bağlılığı olan hun tayfalarına və Avropanın tarixində ən nəhəng hökmdar olmuş Atilla barəsində yazılara sıx-sıx təsadüf olunur. Məsələn, Jordanın "Çetika" əsərində Atilladan, onun ata və qardaşlarından, xarakterindən, çobanın Mars qılıncını tapıb ona verməsindən, bu məşhur sərkərdənin döyüşdən əvvəl falçılarla məsləhətləşməsindən, apardığı döyüşlərdən bəhs olunmuşdur. Onu da xüsusi vurğulamaq lazımdır ki, prof. C.Nağıyev yeri gəldikcə Qərbi Avropa ədəbiyyatını Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə edir - "Kitabi-Dədə Qorqud", "Koroğlu" və s.

Tədqiqatçının verdiyi məlumata görə, yeganə qədim alman qəhrəmanlıq eposu "Hildebrant haqqında dastan"da da yenidən hun mövzusuna qayıdılmışdır. Dərslikdə qeyd olunur ki, 437-ci ildə Reyn çayı üzərində paytaxtı Vorms şəhəri olan Burqund krallığı hunlar tərəfindən dağıdılır. Roma tarixçilərinin yazdıqları kimi, bu vaxt kral Qundikari "bütün qohum əqrəbası ilə birlikdə" həlak olur... Nibelunqların ölümündən sonra Atilla burqund kralı Hunteri bütün drujinası ilə birlikdə yanına çağırtdırır və onları öldürür ki, onlara məxsus olan sərvəti ("Nibelunqların xəzinəsi") öz əlinə keçirsin. Nibelunqlar haqqında dastanda bu hadisə də diqqətə çatdırılır ki, Atillanın arvadı Krimhilda Burqund kralının bacısı idi. Bu qadın qohum-əqrabasının qisasını almaq üçün öz ərini öldürmüşdür. Burqundların məhv olması haqqında bu qədim rəvayət forması "Edda" nəğmələrində qorunub saxlanmışdır.

Bölümün "Feodal qəhrəmanlıq dastanları" adlı III fəslində fransız, ispan, alman qəhrəmanlıq dastan-eposları tədqiqat obyektinə çevrilmişdir.

"Roland haqqında dastan"da əsas mövzunu müsəlman-mavrlarla fransızların müharibəsi təşkil edir. Rolandın ögey atası Hanelonun xəyanəti nəticəsində onun oğulluğu da, fransız ordusu da məhv olur. Düzdür, araşdırıcı dastandakı bəzi məqamları "Kitabi-Dədə Qorqud" dastanı ilə müqayisə edir. Ancaq burada baş verən xəyanət məsələsi "Astiyaq əfsanəsi"ndə Harpaqın xəyanətinə daha çox oxşayir. O, Astiyaqa deyil, Midiyaya xəyanət etdiyi kimi, müəllifin göstərdiyi kimi, Hanelon da Rolanda bəslədiyi nifrətə görə "əziz Fransaya" xəyanət edir.

İspan qəhrəmanlıq dastanının əsas mövzusunu Roland haqqında dastanda olduğu kimi, mavrlar və ispanlar arasında gedən müharibələr təşkil edir və burada əsas obraz olan Sidin qəhrəmanlıqlarından bəhs olunur. Dərslikdə o da bildirilir ki, dastandakı bu mövzu sonralar yazılı ədəbiyyata keçmiş, XVII əsrdə yaşamış ispan dramaturqu Çilyen de Kasto "Sidin gəncliyi" və həmin əsrdə yaşamış fransız dramaturqu Pyer Kornel "Sid" adlı məşhur dram əsərini yazmışdır.

"Alman qəhrəmanlıq eposu" başlığında isə "Nibelunqlar haqqında dastan" geniş surətdə təhlil olunur. Burada göstərilir ki, qisas dastanın əsas mövzusudur. Krimhildanın əri ov zamanı qisasın qurbanı olur. O isə əri Ziqfridin qisasını almaq üçün Atillaya ərə gedir və istəyinə nail olur.

Bölmənin "Cəngavər - kurtuaz ("Saray ədəbiyyatı") adlanan dördüncü fəslində Orta əsrlərin lirik poeziyası, trubadur, truver poeziyası, ispan, alman, fransız, ingilis cəngavər romanları tədqiqata cəlb edilmişdir. Müəllif yazır ki, "Kurtuaz" (saray) ədəbiyyatı Çində (Tan və Sun dövrlərində), İranda və Ərəbistanda çox geniş şəkildə yayılmış və inkişaf etmişdir. Xüsusilə, XI-XII əsrlərdə olan ərəb məhəbbət lirikası (İbn-əl Mütəzz, Əbu Firas, İbn Zeydun, İbn Həmdis və s.) və Avropa kurtuaz lirikası demək olar ki, eyni səciyyə daşıyır.

Tədqiqatçıya görə, dünyəvi lirik poeziya ilkin olaraq Fransada, xüsusilə də Provansada çiçəklənməyə başlasa da, tez bir zamanda Avropanın cənubunda İspaniya ilə İtaliya arasında Aralıq dənizi sahillərində yerləşən Provansda bu poeziyanı trubadurlar yaratmışlar. Sonralar bu poeziya trubadur poeziyası adını almışdır.

Dərslikdə göstərilir ki, bu dövrdə qadının mövqeyi cəmiyyətdə xeyli yüksək olduğundan trubadur poeziyasında gözəl xanım obrazı, Orta əsrlər kilsə ədəbiyyatında olan Madonna obrazı ilə eynilik təşkil edirdi. Trubadurların vəsf etdikləri gözəl xanım bir qayda olaraq ağıllı qadındır, feodalın həyat yoldaşıdır. Dərslikdə o da aydınlaşır ki, trubadurlar arasında qadınlar, bəzən də zadəgan xanımlar da olmuşdur. Trubadur poeziyası Çilyom, Serkamon Markabruyn Dordoni Arnaut, Daniel, Berran dö Born kimi sənətkar yetişdirmişdir.

Dərslikdə truver poeziyasından yığcam şəkildə bəhs olunmuş, sözün mənşəyinə toxunulmuş və həmin poeziyanın inkişaf mərhələlərinə münasibət bildirilmişdir.

Əsərdən bəlli olur ki, XIV- XV əsrlərdə ən güclü kurtuaz ədəbiyyatlarından biri ispan ədəbiyyatı idi. Tədqiqtçının fikrincə, ispan ədəbiyyatına Provans və italyan mədəniyyətinin çox güclü təsiri olmuş, burada Danteyə və Bokkaçoya bənzəyən əsərlər yazılmış, antik ədəbiyyata maraq göstərilmişdir. Vilyen (1384-1434), Markiz Santilyan (1398-1458), Menan bu dövrün ən tanınmış saray şairlərindən olmuşdur. Vilyen "Herkulesin zəhmətləri" poemasını yazmış, Vergilinin, Lukianın əsərlərini tərcümə etmişdir.

XII-XIII əsrlərdə alman cəngavər (kurtuaz) ədəbiyyatı inkişaf edir ki, bu da "minnezanq" (minne - məhəbbət, zanq - nəğmə) adlanır. Minnezanq poeziyasının əsas nümayəndəsi olan Valter fon Foqelveydenin (təxminən 1170-1230) həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, onun "Cökə ağacı altında" şeiri təkcə XII-XIII əsrlər alman poeziyasının tayı-bərabəri olmayan bir nümunəsi yox, eləcə də ümumiyyətlə, yetkin Orta əsrlərdə bütün Avropanın nadir əsəri kimi təqdim olunur.

Kitabdan aydınlaşır ki, XII-XIII əsrlərdə Almaniyanın cənub-şərqində hələ feodalizmə qədərki dövrlərdən qalan qədim epik nəğmələri yenidən işləyərək qəhrəmanlıq poemaları yaradırdılar. Bu poemaları təsadüfi adamlar deyil, peşəkar səyyar şairlər-şpilmanlar (şpilman - "oyunbaz", "hoqqabaz" deməkdir) yazırdılar. Özünəməxsus qayda-qanunları olan şpilmanların yaratdığı əsərlərdən biri "Kudruna"dır. Verilən məlumata gorə, bu əsər "Nibelunqlar haqqında dastan"dan 30 il sonra yaranmışdır. "Kudrina" dastanı ailə rəvayətləri üzərində qurulmuşdur.

"Ditrixin qaçması" dastanında Ostqot kralı Deodrixin "xeyirxah" Atillanın sarayında sığınacaq tapması, onun yardımı ilə torpaqları geri qaytarması təsvir olunur. Tədqiqatçı Qərb qaynaqlarında, dastanlarında Atillanın ideal hökmdar kimi təqdim olunduğunu bildirir və onu Nizami Gəncəvinin Makedoniyalı İskəndəri ilə müqayisə edir.

Fransız cəngavər romanından danışan müəllif ilkin olaraq belə əsərlərin Yaxın Şərqdə yarandığını söyləyir və Nizami Gəncəvinin "Xəmsə", Fəxrəddin Qurqaninin (Çürqaninin - Ə.Z.), Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin adını çəkir. Dərslikdə fransız cəngavərlik romanları, XII əsrdə bu sahənin ən boyük nümayəndələri Kretyen dö Truanın həyat və yaradıcılığı, "Okassen və Nikolet" (əslində, Okasən olmalıdır - Ə.Z.) romanı geniş surətdə təhlil edilmiş, ingilis cəngavər romanına isə yığcam surətdə nəzər salınmışdır. "Fluar və Blanşeflor" (yəqin ki, Blanchefleur - Blanşöflör olmalıdır - Ə.Z.) romanında müsəlman oğlu ilə xristian arasında sevgi münasibətləri sonralar bir çox möhtəşəm əsərlərdə də öz əksini tapdı - ənənə davam etdi - Şeksprin "Otello"sunda, Volterin "Zairə"sində olduğu kimi.

Bölmənin "Şəhər və xalq ədəbiyyatı" adlanan V fəsli çox maraqlı təqdimatları ilə diqqəti cəlb edir. Müəllif göstərir ki, Avropada özünəməxsus şəhər mədəniyyəti XI əsrdə yaranmağa başlamış, XII əsrdə və XIII əsrin birinci yarısında formalaşmışdır. Tədqiqatçı bunu XII əsrdə və xüsusilə də XIII əsrdə kəndli təbəqəsinin şəhərə axını, xalq həyatı ilə bağlı olan mövzuların burada xalq ədəbi ənənələri ilə gücləndirməsi ilə əlaqələndirir.

Bu əsərlərdə Avropa ədəbiyyatında yaranmış vaqant poeziyasından bəhs edən professor C.Nağıyev öncə bu sözün mənşəyinə toxunmuş (latınca vaqabon - sərgərdan, avara), sərgərdan mənasını verən, qədim dövrlərdə bu, şəhərbəşəhər, kəndbəkənd gəzən prixodu (daimi yaşayış yeri) olmayan ruhani və rahiblərə deyildiyini, onların Şərqdə sufilər və dərvişlərə oxşarlığını bildirir. Müəllif onu da xüsusi vurğulayır ki, azad həyat tərzi keçirən, heç kimə və heç nəyə tabe olmayan, ancaq özlərinin yaratdıqları qanunlarla yaşayan vaqantların əksəriyyəti savadlı, istedadlı adamlar idilər və onlar əsasən azadfikirliliyi təmsil edirdilər. Vaqantlar sonralar Universitetlərdə oxumuş, məsələn, Parisdəki Sorbon Universitetində və digərlərində hərtərəfli təhsil almış, lakin dinə və dövlətə xidmət etməkdən imtina edərək azad həyat keçirmişlər. O da diqqətə çatdırılır ki, Avropada ilk dəfə olaraq azad insan konsepsiyasını təbliğ edən vaqantlar Almaniyada, Fransada və İngiltərədə yaşamış, vaqant poeziyası əsasən, nisbətən inkişaf etmiş bu ölkələrdə yaranmış, bir sıra vaqant şairləri meydana gəlmişlər: Orleanlı Quqon Primas, Kölnlü Arxipiita, Şatilyonlu Valter.

Dərslikdə öz əksini tapan "Romansero" barəsində bir az ətraflı bəhs etmək lazım gəlir. Burada göstərilir ki, "Romansero"nun XIV əsrdə yarandığını iddia edirlər. Venesuellalı romantik-şair Andres Beylo hələ 1843-cü ildə qəzetdə çap etdirdiyi bir məqalədə romanseroların dastan parçaları kimi hələ X-XI əsrlərdə yarandığını güman etsə də, bu ədəbi abidələrin ən qədim nümunələrinin əsasən XV əsrə aid olduğunu qeyd etmişdir.

Kitabda bir məqam da diqqəti cəlb edir: Bizim dövrümüzə qədər gəlib çatan ən qədim romanslar "sərhəd" (mavr) romanslarıdır. Və əsərə əsaslanıb onu da əlavə etmək olar ki, romansero adı romans sözündən götürülmüşdür və bu kiçik həcmli lirik-epik məzmunlu bədii-poetik ədəbi növdür. Romansero ilə əlaqədar əldə etdiyimiz fransız qaynaqlarına söykənərək bəzi fikirləri demək istərdik. Qeyd olundu ki, X-XI əsrlərdə romansero dastan parçaları əsasında yarandığı güman edilir. Rast gəldiyimiz faktlara əsaslanıb deyə bilərik ki, romanseroların tarixi İspaniyada daha qabaqdır. Fransız mənbələrində verilən məlumata görə, 711-ci ildə ərəblər - mavrlar İspaniyaya hücum edərkən şeir deyərək irəliləyirdilər. 711-14-cü illərdə mavrlar İspaniyanı işğal etdikdən sonra onların söylədikləri şeirlər bütün ölkəyə yayılmağa başlayır ki, ispanlar onları mavr romansları adlandırırlar. Bir müddətdən sonra ispanlar mavr romanslarının təsiri altında özlərinin romanslarını yaradırlar. Təsadüfi deyil ki, uzun əsrlər boyu - hətta mavrlar İspaniyadan çıxarıldıqdan sonra da hər iki xalqa məxsus romanslar yanaşı surətdə istifadə olunmuşdur. İspan romanslarını fransız dilinə ilk dəfə 1821-ci ildə Viktor Hüqonun qardaşı Abel Hüqo tərcümə etmişdir. Ancaq Viktor Hüqo mavr romanslarını oxuduqdan sonra onların ispan romanslarından daha qüvvətli olduğunu qeyd etmişdir. Görünür, Hüqo bu romanslardan təsirlənərək özünün "Mavr romans"ını yaratmışdı. Sonralar mavr və ispan romanslarının bir-birinə qaynayıb-qarışması əsasında "Ümumi Romansero"lar yaranmışdır ki, Hüqo özünün "Uduzulmuş döyüş" şeirini "Ümumi romansero"nun təsiri altında yazmışdır.

Dərslik-monoqrafiyada da qeyd olunur ki, sonralar bir sıra ispan şairləri (məs.: Lope de Veqa, Qonqora, Kevedo) bu janrda çox dəyərli əsərlər yazmışdılar. Bəzən müəllifli və anonim romanslar arasında fərq o qədər az olmuşdur ki, onları bir-birindən ayırmaq mümkün olmamışdır (məs.: Lope de Veqanın sadə xalq dilində yazdığı romanslar kimi). Əsərdə o da diqqətə çatdırılır ki, "Romansero"nun nadir inciləri ərəblərin Sid (yəni əl-Seyyid - cənab) adlandırdığı Rodriqo Dias de Vivar haqqında romanslar silsiləsidir. Tarixi şəxsiyyət olan Sid (Rodriqo) ölümündən sonra çox keçməmiş əfsanəyə çevrilmişdi.

Fəslin "Satirik ədəbiyyat. Fablio. Svank" başlığında müəllif XII əsrə qədər Şərq ədəbiyytının Qərbi Avropa ədəbiyyatına təsirini vurğuladıqdan sonra, XII əsrdə Şərqdə mədəni münasibətlərin inkişafı nəticəsində hind, ərəb, yəhudi və İran süjetlərinin Avropa ədəbiyyatına daxil olmasından, hind qaynaqları əsasında yazılmış "Yeddi müdrik kitab" haqqında kitabdan bəhs olunur.

Avropa ədəbiyyatındakı "Eşşəyin vəsiyyəti" pabliosu ilə S.Ə.Şirvaninin "Köpəyə ehsan" satirasını müqayisə edib, buradakı hadisələrin eyniliyini göstərən tədqiqatçı belə qənaətə gəlir ki, Azərbaycan şairi həmin mövzunu Şərqdən götürmüşdür.

Dərslikdə XII əsrdə yaranan xalq tamaşaları da diqqətdən kənarda qalmamışdır - "Çobanlar", "Lazar", "Daniel haqqında tamaşa", "Müqəddəs Daniel haqqında oyun" kimi dram əsəsrləri barədə də məlumat verilir. Buradakı bəzi tamaşalar Azərbaycan xalqının "Yuğ" mərasimlərini xatırladır.

Bölümün "Önintibah ədəbiyyatı" adlı VI fəslində XII-XIV əsrlərdə ictimai-siyasi vəziyyətdən və ilk dəfə bu ifadənin Dante tərəfindən işləndildiyi "Yeni şirin üslub" ədəbiyyatından, onun nümayəndələrindən geniş söhbət açılmışdır.

"Yeni şirin üslub" şairlərindən Qvido Aviniselli, Avido Kavalkanti, Canni Alfani, Lappo Canni, Çino da Pistoyya haqqında yığcam şəkildə məlumat verildikdən sonra Engelsin dediyi kimi, "Orta əsrlərin son, yeni dövrün ilk şairi" Aligeri Dantenin həyat və yaradıcılığından geniş surətdə bəhs edilir.

Dantenin "İlahi komediya"sına müraciət edən müəllif qeyd edir ki, əsərin ilkin adı "Komediya" olmuş, "İlahi" sözü XVI əsrdə artırılmışdır. Tədqiqatçı "İlahi" sözünə aydınlıq gətirərək yazır ki, bu söz burada heç də dini mənanı yox, daha çox kamillik mənasını daşıyır.

Dante "İlahi komediya"sında Cəhənnəm, Ərafat və Cənnətə səyahət (merac) edir. Cəhənnəmə gedəndə də, Ərafata gedəndə də onun bələdçisi Vergili, Cənnətə də gedəndə bələdçisi Beatriçedir. Əsərdən o da bəlli olur ki, sonralar ənənə halını almış xristian təəssübkeşliyi "İlahi komediya"da da öz əksini tapmışdı. Müəllif göstərir ki, bu əsərdə Dante aşkar şəkildə bir xaçpərəst -katolik kimi çıxış edir (bütpərəstlərin və xristian olmayan insanların poemanın "Cəhənnəm" hissəsinə, əsl xristianların isə "Cənnət" hissəsinə daxil edilməsi buna misal ola bilər).

Şərq ədəbiyyatında olduğu kimi, "İlahi komediya"da da göyün yeddi qatdan ibarət olduğu göstərilir. Onu da xatırlatmaq lazımdır ki, Azərbaycanla bağlı məqamlara da təsadüf olunur.

Fəsilin "Fransız önintibahı ədəbiyyatı. Fransua Viyon" hissəsində Arnuat Qrevan, Jan Frussar, Kristina, Kristina Pizanskaya, Alen Şartye, Orleanlı Hersoq Karlın həyat və yaradıcılığından ətraflı surətdə bəhs olunur. Viyonun "Vəsiyyət" şeirində ictimai quruluşdakı ədalətsizlik kəskin surətdə təsdiq olunur. Bizcə, burada bir məqamı diqqətə çatdırmaq yerinə düşər. Dəniz qulduru Diomedi tutub edam etməyə aparanda Makedoniyalı İskəndərə deyir ki, ona görə quldurluq edir ki, yoxsuldur, imperator kimi saysız-hesabsız orduya başçılıq etmir. Yaxud Tanrıya müraciətlə "kimlərə ki, var-dövlət veribsən, o adamlar üzərində mühakimə qur", ifadəsi, bizcə, o var-dövlətin halallıqla əldə edilməməsinə işarədir.

Fəsilin "İngilis önintibah ədəbiyyatı. Cefri Çoser" bölümündə həmin dövr ingilis ədəbiyyatı haqqında qısa, ümumi məlumat verildikdən sonra şair Cefri Çoserin yaradıcılığı, xüsusilə bu yaradıcılığın ən yüksək zirvəsi olan "Kenterberi hekayələri" poeması geniş şəkildə təhlil olunmuşdur. Müəllifin verdiyi məlumata görə "Kenterberi hekayələri" kitabına ədib "Proloqla" bir-birinə bağlanmış 120 hekayə daxil etmək istəyirmiş, ancaq bu plan baş tutmamış, Çoserin bu kitabında 23 zəvvarın dilindən cəmisi 24 hekayə danışılır.

Tədqiqatçı yazır ki, XIV əsr ingilis həyatının həqiqi ensiklopediyası olan "Kenterberi hekayələri" əsəri, həm də öz dövrünün poetik janrlarının ensiklopediyasıdır. "Kenterberi hekayələri"ni təhlil süzgəcindən keçirən araşdırıcı belə qənaətə gəlir ki, Çoser bu hekayələrinin bir qisminin mövzusunu Bokkaççonun əsərlərindən, digər qismini fransız fabliolarından, xalq arasında geniş yayılmış lətifə və rəvayətlərdən götürmüşdür.

Əsərdən bəlli olur ki, bu dövrdə ingilis ədəbiyyatında balladalar xüsusi yer tutur ki, onun da ən yüksək zirvəsi "Robin Hud haqqında balladalar"dır. Müəllif Rubin Hudu, ümumiyyətlə, ingilis tarixinin məşhur hadisələrinin iştirakçılarının ümumiləşdirilmiş obrazı kimi səciyyələndirir.

 

Dərsliyin II bölməsinin "İntibah" başlığında prof. C.Nağıyev "İntibah" sözünün ilk dəfə işlənmə tarixinə, onun əhatə olunduğu dövrlərə və Avropa intihabının başlıca nəzəri-estetik prinsiplərinə öz münasibətini bildirmişdir.

Bölmənin "İtaliya intibahı" adlanan VII fəslinin "XIV əsr (Treçento) Françesko Petrarka" başlığında XIV əsr İtaliyanın ictimai-siyasi həyatına ötəri nəzər salınıb, dahi şair Petrarkanın yaradıcılığı geniş surətdə təhlil süzgəcindən keçirilir. Əsərdə Petrarka yaradıcılığının mərhələləri, bu mərhələlərdə yaranmış əsərləri, onun səyahət aləmi, Laura ilə münasibətləri öz əksini tapmışdır.

Covani Bokkaçço yaradıcılığına, xüsusilə onun "Dekameron" əsərinə bölmədə geniş yer ayrılmış, bu novellalar toplusundakı ayrı-ayrı surətlər xarakterizə edilmiş və belə qənaətə gəlinmişdir ki, bu hekayələr yazılarkən bir çox qaynaqlardan, o cümlədən, Şərq nağıllarından istifadə olunmuşdur.

Prof. C.Nağıyev XV əsrə (Kvatroçento) müraciət edərkən, bu dövrdə yaranmış ədəbiyyata, yazıb-yaratmış ədiblərlə yanaşı, dahi sənətkarlar Leonardo do Vinçinin və Mikelancelonun da həyat və yaradıcılığına geniş şəkildə ekskurs etmişdir.

İtaliya bu əsrdə kimləri yetirmişdir? Böyük ədiblər Albertini, Mediçini, Robitsianonu, təbii ki, Vinçi və Mikalencelonu. Dərslikdən bəlli olur ki, Luiçi Pulçi həm də diplomat kimi fəaliyyət göstərmişdir. 1467-ci ildə o, diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. Bu zaman türk qorxusu bütün Avropaya vahimə salmışdı.

Çox təqdirəlayiq haldır ki, tədqiqatçı istər Vinçini, istərsə də Mikaloncelonu təkcə dahi rəssam, yaxud heykəltaraş kimi təqdim etməmiş, burada onların bədii yaradıcılığı da yüksək səviyyədə öz əksini tapmışdır.

A. Efros Vinçi haqqında yazmışdı: "Rəssam-heykəltaraş-memar-mühəndis-fizik-bioloq və s. Leonardoya üstəlik, musiqi-şair-nasir". Əsərdə Vinçinin fabulalarına da yer ayrılmışdır. Həmçinin, Mikelancelonun poeziyası. Fransız yazıçısı Stendal deyirdi ki, əgər Mikelancelo kimi şairləri çox olsaydı, İtaliya xoşbəxt olardı.

B. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Qərbi Avropa ədibləri, onların bəzi əsərlərinin qəhrəmanlarının, eləcə də Vinçi tablolarının və Mikelancelonun heykəltaraşlıq nümunələrinin şəkillərinin dərslikdə öz əksini tapması bu möhtəşəm kitabı daha dəyərli şəkildə oxucuya təqdim edir.

XVI əsr (Petoçento) İtaliya İntibahı ilə əsəri davam etdirən prof. C.Nağıyev həmin əsrin yetirdiyi çox böyük simaları Matteo Boyardonun, Lüdoviko Ariostonun, Torkato Tassonun, Nikkolo Makiavellinin yaradıcılığını tədqiqata cəlb etmişdir. Bu ədiblərin əsərlərinin içərisində Torkato Tassonun "Azad olunmuş Yerusəlim"i ayrıca qeyd etmək lazım gəlir. Tasso nə üçün bu poemanı yazmışdır? Tədqiqatçı əsərin yaranması ilə bağlı yazır: "O, xristianlığı vəsf etmək istəyirdi. Həmin dövrdə türklər Avropaya yürüşlər edirdi və müsəlmanlarla savaş mövzusu o dövrdə çox populyar idi. Tasso yaxşı anlayırdı ki, onun bu poemasının süjeti müqəddəs torpağı müsəlmanlardan xilas etmək yolunda ilk səlib yürüşü olacaq. Onun həyatını həsr etdiyi bu işə uca Tanrı özü himayə edir, ona görə də xaç yürüşünün iştirakçılarına mələklər, müsəlmanlarla döyüşlərdə həlak olmuş ötən illərin qəhrəmanlarının teyfləri kömək edir. Türklərlə səlib müharibələri, o sahəsində osmanlılarla bağlı sonrakı əsrlərdə Avropa ədəbiyyatında bir sıra əsərlər yarandı ki, bunların bir çoxunda Tassoda olduğu kimi xristian təəssübkeşliyi üstünlük təşkil edirdi.

Bu dövrün ən görkəmli nümayəndələrindən Nikkolo Makiavelli isə tarix sahəsində yazdığı əsərlərə görə Makiavelli tarix elminin yaradıcısı adını qazanmışdır.

II bölmənin "Alman və Niderland İntibahı" (humanizm) adlanan VIII fəslində əsasən XIV-XVI əsrlərdə yaranmış alman və holland ədiblərinin əsərlərinə münasibət bildirmişdir. Bu əsrlərdə Volkenşteyn, Tayxneri, Kuranski, Vimpfelinq, Seltiş, Pirkheymer, Hütten, Brant, Yuterin yaratdıqları əsərlərlə yanaşı, alman xalq romanları da ədəbiyyatın zənginləşməsində mühüm rol oynamışdır. Əsərdə göstərilir ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində komik-satirik əsərlərlə yanaşı, daha ciddi mövzulara həsr olunmuş xalq romanları da yaranmışdır ki, bunlardan da ən məhşuru Doktor Faust və Əbədi Jid - Aqasfer haqqında romandır. Müəllifin verdiyi məlumata görə, Johan və yaxud Georq Faust uydurma obraz deyil, o, XVI əsrin əvvəllərində yaşamışdır. Görünür, Faust haqqındakı əhvalatlar sonralar əfsanəyə çevrilmişdir ki, dərslikdə qeyd olunduğu kimi, bu əfsanənin ilk ədəbi variantı 1587-ci ildə nasir İ.Şpis tərəfindən "Məhşur sehrbaz və cadugər doktor Faust haqqında tarix" adı altında çap edilmişdir.Təbii ki, bu yerdə Hötenin "Faust" əsərini xatırlamamaq mümkün deyil.

Niderland ədəbiyyatının bu dövrdə ən görkəmli nümayəndəsi olan, qadın sənətkar Rotterdamlı Erazm (1466-1536) bir sıra əsərlər yazsa da, ancaq "Axmaqlığın vəsfi" əsəri onun yaradıcılığında xüsusi yer tutur. Əsl-nəcabətli xanım Axmaqləq (Moria) Erazmın bu əsərin baş qəhrəmanıdır. Dərslikdə qeyd olunduğu kimi, axmaqlıq təkcə şər törətmir, o, həm də həyat nemətlərinin ilk yaradıcısı olur; o, elmi və incəsənəti yaradır, insan fəallığının əsas hərəkətverici qüvvəsi və onun intim ilkini şərtləndirir.

II bölmənin IX fəsli İspaniya və Portuqaliya İntibah ədəbiyyatına həsr olunmuşdur. Bu fəsildə XIV əsrdə ilk İntibah ədəbiyyatı nümunələri, XV əsrin sonlarında vahid ispan dövləti yaranır, 1492-ci ildə bu yarımadada - Qrenadada, mavrların son istinadgahı məhv edilir; dünyanın ən böyük kəşflərindən biri edilir və Yeni dünyanın (Amerikanın) kəşflər və istilası başlanır. Rotterdamlı Erazmın yaradıcılığı ispan İntibahına əsaslı şəkildə təsir göstərir və bunun nəticəsində erazmçıların tam bir məktəbi yaranır. Alfonso Valdesi, Xuan Luis Vivesi həmin məktəbin nümayəndələri kimi təqdim olunur.

Əsərdən aydın olur ki, bu dövrdə İspaniyada pastoral romanları, onlarla yanaşı, "mavritan povestləri" də inkişaf etmişdir. Müəllifin fikrincə, bu tip əsərlər, çox güman ki, İspaniyada geniş yayılmış "mavritan romansları"nın təsiri altında yaranmışdır. Bu əsərlərdə mavrlar düşmən kimi deyil, xeyirxah, alicənab cəngavər kimi təsvir edilir. Dərslikdə verilən məlumata görə, ilk mavritian povesti "Abenserrax və gözəl Hənifənin tarixi" əsəri olmuş, o, bir neçə variantda gəlib bu günə çatmışdır.

Əsərdə o da qeyd olunur ki, bu mövzunun klassik variantını "Seqri və Abenserraxlar haqqında povestlər" romanı ilə Xines Peres de İta yaratmışdır. Müəllif "Seqri və Abenserraxlar"ı bədii əsər kimi təqdim edərək yazır: "Demək olar ki, bu əsər Qərbi Avropa ədəbiyyatında ilk tarixi romandır. Bu romanda hadisələr Pireney yarımadasında, mavrların son istinadgahları olan Qrenadada cərəyan edir”. İki rəhbər mavritan ailəsi - Seqri və Abenrraxlar arasındakı münaqişə əsərdəki hadisələrin əsasını təşkil edir.

Müəllifin qeyd etdiyi kimi, XVI əsrin ortalarında İspaniyada daha bir roman janrı yaranmışdır ki, bu janrın həyatı daha uzun və məhsuldar olmuşdur, həmin janr kələkbazlıq romanıdır. Tədqiqatçı araşdırmalardan belə qənaətə gəlir ki, ispan pikaro (kələkbaz, hiyləgər) romanının yaranmasında ərəb məqamələrinin xüsusi rolu vardır. Müəllif onu da əsaslandırmağa çalışır ki, IX əsrdən başlayaraq ərəb ədəbiyyatında kələkbazlıq mövzusu çox geniş yayılmışdı və xüsusilə bu mövzu məqamə janrının əsas mövzusu olmuşdur. Bu məqamlar işğal olunmuş İspaniyaya da təsirsiz ötüşməmişdir.

Bütün bunlarla yanaşı, ispan ədəbiyyatının ən yüksək zirvəsi, şübhəsiz ki, Migel de Servantesdir. Əsərdə göstərilir ki, Servantesin döyüşlərdə iştirakı hələ erkən yaşlarından İspaniyanın ən böyük şəhərlərində - Sevilyada, Valyadoliddə, Madriddə olması gələcək yazıçının hafizəsində dərin izlər buraxır. Sonralar döyüşlərdə o, öz istedadı ilə fərqlənmiş, əsirlərin qaçışını təşkil etmiş, özü qardaşı ilə əsir düşmüş, ailəsi onu azad etmək üçün pul toplamışdı. Kitabdan bəlli olur ki, Servantesin Əlcəzairin Türkiyə canişini Həsən paşanın yanındakı əsirlik müddətində hamını, hətta əcnəbiləri heyran etmiş döyüş şücaətləri, döyüş xidmətləri tamamilə unudulmuşdu. Bəli, Servantesin hərbi xidmətləri, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar unuduldu, ancaq əsərləri, xüsusilə "Don Kixot"u onu tarixdə yaşatdı. Dərslikdə Servantesin şeirlər kitabının nəşri - "Qalateya", "Səkkiz komediya"sı diqqətə çatdırılır və "Don Kixot"dan geniş surətdə bəhs olunur. Ancaq burada bir məsələyə münasibət bildirmək lazım gəlir: "Don Kixot"da da "Kitabi-Dədə Qorqud"dakı olduğu kimi, kimsə nə isə bir iş görməyincə, hünər göstərməyincə cəngavər adı verilmir.

Kitabda XIV-XVI əsrlər Portuqaliya ədəbiyyatında ümumi şəkildə nəzər salınıb, bu ədəbiyyatın ən böyük nümayəndəsi, məşhur səyyah Vasko de Qamanın nəslindən olduğı ehtimal edilən Kamoensin yaradıcılığı tədqiqata cəlb edilmişdir. Əsərdə qeyd olunduğu kimi, Kamoensin "Luziada" poemasında Vasko de Qamanın Afrkadan keçərək Hindistana getməsi təsvir edilmişdir. Səyyahın Hindistanda rastlaşdığı macəralar əsərdə öz əksini tapmışdır.

II bılmənin X fəslində "Fransız intibah ədəbiyyatı"ndan danışan prof. Cəlil Nağıyev yazır ki, bir sıra iqtisadi, sosial, mədəni proseslərin ləng getməsi nəticəsində Fransa digər Avropa ölkələrindən - İtaliyadan, Almaniyadan geri qalırdı. Bu baxımdan Fransa İntibah mədəniyyətinin İtaliyadan, Almaniya və Niderlanddan, hətta İspaniyadan bir qədər (ən azı bir əsr) gec inkişafa başlaması təsadüfi deyildir. Müəllifə görə, Fransada humanist fikrin cəmlənməsi I Fransiskin dövründə (1515-1547) olmuşdur. O, İtaliyanın ən yaxşı rəssam və heykəltaraşlarını - Vinçini, Sartonu, Çelilini öz sarayına cəlb etmişdir. İtaliya ədəbiyyatının təsiri də fransız ədəbiyyatında öz sözünü demişdir. Kitabda qeyd olunduğu kimi, Navarrlı Marqaritanın "Heptameron" əsəri İtaliya yazıçısı Covanni Bokkaconun "Dekameron" əsərinin təsiri altında yazılmışdır. Tədqiqatçı bu iki əsəri müqayisə edərək onların arasında oxşar və fərqli cəhətləri göstərməyə çalışmışdır.

Araşdırıcı Fransa İntibah dövrünün "Pleyad" ("Ülkər") dərnəyi şairlərindən, o cümlədən, dyu Belle, Pyer de Ronsar, Mişel de Monten kimi dahi sənətkarların yaradıcılığından bu və ya digər dərəcədə bəhs etsə də, özünün qeyd etdiyi kimi, hələlik Rablenin yeganə əsəri sayılan "Qarqantua və Pantaqruel" romanına çox geniş surətdə öz münasibətini bildirmişdi.

Rablenin "Qarqantua və Pantaqruel" romanının Homerin "İliada" və"Odisseya", Ə.Firdovsinin "Şahnamə", N.Gəncəvinin "Xəmsə", A.Dantenin "İlahi komediya", M.Servantesin "Don Kixot", R.Erazmın "Axmaqlığın tərifi", M.Füzulinin lirik poeziyası, U.Şekspirin dram ədərləri, O.Balzaakın "Bəşəri komediya", L.Tolstoyun "Hərb və Sülh" əsərləri, C.Məmmədquluzadə və M.Ə.Sabirin yaradıcılığı ilə bir sırada dayandığı qənaətində olan azərbaycanlı alim fransız yazıçısının bu əsərini təhlil edərkən yeri gəldikcə onun dünya ədəbiyyatı nümunələri və eyni zamanda, "Kitabi-Dədə Qorqud"la müqayisəsini aparmışdır.

Rablenin bu əsrindən danışarkən bir məqamın üzərində dayanmaq lazım gəlir. Dərslikdəki həmin epizodu olduğu kimi təqdim etməyi məsləhət bilirik: "Məlum olur ki, Panurq türklərin əlində əsir olmuşdur və xüsusi məharət göstərərək oradan qaçmışdır. Belə ki, türklər onu piyə bələyib qızartmağa başlayırlar. Bir möcüzə nəticəsində o, türklərin əlindən qaçır, onu "1311 it" qovur, Panurq ancaq üzərində olan piylərin bu itlərin qabağına atmaqla xilas edə bilir”.

Doğrudanmı türklər həmişə belə qəddar olmuşlar?`Axı II Sultan Mehmet Fateh İstanbula daxil olarkən özünü Aya Sofiya məbədinin müdafiəçisi elan etmiş, ilk namazını orada qılmışdır. Dahi Volter yazırdı ki, türklər xristianlarla heç də bizim düşündüyümüz kimi vəhşicəsinə rəftar etmirlər. Onlar İstanbulda yunanlara kilsə tikməyə icazə vermişdilər ki, onların çoxu kollegial idi. Burada Aristotelin fəlsəfəsini, qədim yunan dilini öyrənirdilər ki, onlar Yunanıstanda qadağan olunmuşdu.

Qərbi Avropa ədəbiyyatını araşdırarkən onları ehkam kimi qəbul etməyib, bəzi məqamlarda münasibətini bildirmişdir.

Professor Cəlil Nağıyevin "Qərbi Avropa ədəbiyyatı" əsərinin sonuncu - XI  fəsli "İngilis İntibah ədəbiyyatı" adlanır. İngilis İntibah ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Tomas Mor bütün dövrlər üçün arzu edilən ideal cəmiyyəti özünün 1510-cu ildə yazdığı "Utopiya" əsərində geniş okean meydanında aşkar edilmiş bir adada təqdim edir. Utopiya Nizaminin "İsgəndərnamə"sindəki kimi xəyalı bir dünyadır, aləmdir. Bu cəmiyyətdə pul nə olduğu bilinmir, hamı ictimai yeməkxanalarda - saraylarda yemək yeyir... Cavan oğlan və qızlar bir yerdə tərbiyə alır, xüsusi istedadlı uşaqları sənət və kənd işlərindən azad edirlər ki, elmlə məşğul olsunlar.

Əsərdə T.Morun diplomatik və tərcüməçilik fəaliyyəti də diqqətə çatdırılmışdır.

Bu dövrün poeziyasını geniş surətdə təhlil süzgəcindən keçirən prof. Cəlil Nağıyev iki ədibin yaradıcılığının ingilis ədəbiyyatında xidmətini dəyərləndirərək yazır ki, Edmund Spenserin "Çoban təqvimi" C.Coserin "Konterberi hekayələri"ndən sonra ingilis poeziyasında ən əhəmiyyətli bir nümunədir və E.Spenser və U.Şekspir göstərdiyi təsirə görə bir sonet müəllifi kimi Filipp Sidniyə minnətdar olmalıdırlar.

Fəsilin "Nəsr, lirika və Şekspirə qədərki ingilis dramaturgiyası" başlığında Uolter Raley, Con Lili, Tomas Neşin yaradıcılığı tədqiqata cəlb edilmiş, Lilinin "Kampaspa" komediyasından daha ətraflı bəhs edilmişdir. Burada hökmdar Makedoniyalı İsgəndərlə filosof Diogen arasında olan dialoq xüsusi maraq doğurur. Bu dialoqda Diogen sözün əsl mənasında İsgəndərə çox gözəl bir dərs verir. Və gəlinən nəticə: "Əgər mən İsgəndər olmasaydım, Diogen olardım”.

İngilis ədəbiyyatında dramaturgiya İntibah dövründə daha güclü surətdə inkişaf edir. Teatr binaları tikilir. Tədqiqatçı həmin dövrün dramaturqlarından Tomas Kidin, o cümlədən, onun oğlunun qisasını alan "İspan faciəsi" Kristofor Marlonun yaradıcılığını, xüsusilə ədibin "Böyük Teymurləng" faciəsini geniş şəkildə araşdırmağa çalışmışdır. İkinci əsərdə sadə "skif (türk) çobanın" oğlu Şərq dünyasının hakimi və "allahın qamçısı" olan Əmir Teymurun ziddiyyətli obrazı yaradılmış, türklər ümid yeri kimi təqdim olunmuşdur.

Prof. C.Nağıyev haqlı olaraq yazır ki, Avropa İntibah mədəniyyətinin son nəhəng nümayəndəsi Uilyam Şekspirdir. Şekspirin 36 pyes yazdığını, onlardan 13-nün komediya, 8-nin xronika, 10-nun faciə və 5-nin romantik dram olduğunu göstərən tədqiqatçı ingilis ədibinin yaradıcılıq mərhələlərini də diqqətə çatdırmışdı.

Şekspirin özünün şəxsiyyəti barəsində müxtəlif fikirləri təqdim edən müəllif onun dram əsərləri haqqında danışarkən yazır ki, öz pyesləri üçün süjetləri Şekspir özü yaratmayıb. O, əsərlərinin mövzularını ədəbiyyatda, tarixdə mövcud olan süjetlərdən götürmüş və onları səhnə üçün uyğunlaşdırmış və yenidən işləmişdir.

"Hamlet" əsərinin də süjetinin böyük tarix kökləri, mənbələri var və bu süjet Şekspirə qədər ədəbiyyatda işlənmişdir", deyən müəllif "Otello" faciəsindən danışarkən əsərin mövzusunun hansı ünvandan götürüldüyünü dəqiqliklə çatdırır. Araşdırıcı qeyd edir ki, dramaturq bu əsərin mövzusunu italyan zadəganı, yazıçı Cambatista Ciraldı Çintionun "Ekatommiti" ("Yüz novella") əsərinin bir novellasından (üçüncü dekadanın VII novellası) götürmüşdür.

Bəlli olduğu kimi, əsər qısqanclıq zəmini üzərində qurulmuşdur. Yaqonun hiyləgərliyi və içindəki qisas almanın nəticəsində qaradərili "sadəlövh, cəsur, mərd Otello böyük məhəbbətlə" sevdiyi ağdərili arvadı Dezdomonanı yatağında boğur. Bəli, dərslikdə qeyd olunduğu kimi, Şərqdə ayrılıq rəmzi olan yaylıq (dəsmal) motivindən məharətlə istifadə edən poruçik şərqli mavrda qısqanclıq hissi oyada bilmişdir.

Sonralar bu mövzu fransız ədəbiyyatında da öz əksini tapdı - Volterin "Zairə" faciəsi. Əsərdə Korosmanun (Yaqonun) hiyləgərliyi nəticəsində məktub (dəsmal) əldə əsas vasitə olur və türk oğlu Orosman (Otello) Zairəni (Dezdomonanı) öldürür.

Görkəmli şair, tərcüməçi Sabir Mustafanın yeri gəldikcə verilən tərcümələri kitabın daha da dolğun olmasına imkan yaradır.

Əsərlə bağlı bəzi tövsiyələrimizi də bildirmək istərdik.

1. Bizcə, İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri Çiraldinin haqqında oçerkin olması əsəri daha da zənginləşdirərdi.

2. Əsərdə Atillanın ölümü 437-ci il göstərilir (s. 78). Tarixi qaynaqlardan bəllidir ki, Atilla 453-cü ildə zifaf gecəsində zəhərlənmişdi. O, 451-ci ildə Qalliyaya, 452-ci ildə Romaya hücum etmişdir. Roma papası onun hüzuruna gəlmişdi.

3. Əsərdə Servantesin anadan olma tarixi səhv getmişdir 547 əvəzinə 574 (s. 375). Bu isə yazıçının həyatını oxuduqda oxucuda çaşqınlıq yaradır. Məs. 376-cı səhifədə ədibin 569-cu ildə şeirlər kitabının nəşr olunduğu göstərilir. 574-cü ildə anadan olan yazıçının 569-da kitabı necə çap oluna bilərdi və s. Şübhəsiz ki, gələcək nəşrlərdə araşdırıcı bunları nəzərə alacaqdır. Əlbəttə, bu cüzi çatışmazlıqlar əsərin dəyərini heç də azaltmır.

Bu il iyul ayın 26-da görkəmli ədəbiyyatşünas alim, məhsuldar tədqiqatçı, səmimi, zəhmətkeş insan, BDU-nun Dünya ədəbiyyatı kafedrasınının müdiri, filologiya elmləri doktoru, professor Cəlil Nağıyevin 75 yaşı tamam olur. "Qərbi Avropa ədəbiyyatı" kimi fundamental bir əsər alimin hesabatı, öz yubileyinə layiqli töhfədir. Biz bu möhtəşəm əsər və qarşıdan gələn yubileyi münasibətilə professor Cəlil Nağıyevi təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Əsgər Zeynalov

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2020.- 9 may.- S.16-17.