Musiqi mədəniyyətimizdə parlaq və

silinməz imza: Əfrasiyab Bədəlbəyli

 

Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətində ən böyük şəxsiyyətlərindən biridir. XX əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin, peşəkar dirijorluq sənətinin, musiqi elminin, musiqi publisistikası və tənqidinin inkişaf və nailiyyətlərində bu böyük sənətkarın misilsiz xidmətləri vardır.

Üzeyir bəyin ilk yetirməsi, Üzeyir bəyin ilk dəstəkçisi, ilk peşəkar opera və simfonik dirijoru, ilk milli bəstəkarlıq nəslinin təmsilçisi, bütün Şərqdə ilk professional balet incəsənətinin banisi, ilk musiqi şərqşünası, ilk uşaq baletinin müəllifi, Rusiyada bəstəkarlıq və dirijorluq təhsili alan ilk azərbaycanlı... Təkcə bu "ilk"lərə imza atması, onların müəllifi olması yetərlidir ki, Əfrasiyab Bədəlbəyli şəxsiyyətinin, sənətinin və sənətkarlığının, Əfrasiyab ömrünün və yaradıcılığının Azərbaycan xalqı və mədəniyyəti üçün böyük tarixi dəyəri, yüksək qiyməti, zirvə mövqeyi və əbədiliyi öz həqiqiliyini təsdiq eləsin.

XX əsrin ilk onilliklərində Azərbaycan mətbuatında konsertlərə, teatr tamaşalarına, opera və operettalara, qastrollara aid dərc olunan elanlarda, afişalarda, məlumatlarda, resenziyalarda, müzakirələrdə, məqalələrdə ən çox Əfrasiyabın adına, imzasına rast gəlinir. Həmin dövrdə Üzeyir Hacıbəylinin adı və imzasından sonra musiqi haqqında bütün elan, afişa, rəy və məqalələrdə ən çox yazılan onun adıdır.  

 

Üzeyir bəylə çiyin-çiyinə...

 

Əfrasiyab Bədəlbəyli Üzeyir Hacıbəylinin nəsil şəcərəsinə daxil olan, Üzeyir bəyin yaxın qohumu, məşhur Bədəlbəylilər nəslindəndir. Atası Bədəl bəy Üzeyir bəy ilə doğma xalauşağıdır. Bədəlbəylilər Azərbaycan tarixinə ziyalı, yaradıcı, maarifçi, musiqiçi, sənətkar nəsli kimi daxil olmuşlar. Bədəl bəyin ailəsinin və evinin ən yaxın, əziz adamı olan Üzeyir Hacıbəyliyə kiçik yaşlarında da, sənət adamı, musiqi professionalı olanda şirin-şirin "Üzeyir əmi" deyən, uşaqlığında onun mehribanlığına, isti və doğma səmimiyyətinə qəlbən bağlanan Əfrasiyab elə ilk məqaləsini də Üzeyir bəydən yazmış, ilk dirijorluq fəaliyyətində Üzeyir bəyin opera və musiqili komediyalarını ifa etmiş, yeniyetməlik yaşlarından etibarən ömrünün sonuna qədər həyatda da, yaradıcılıqda da, sənətdə də, ideya və mövqedə də Üzeyir Hacıbəylinin ən yaxın amal və əməl dostu olmuş, Azərbaycan musiqisinin inkişafında, taleyüklü anlarında hər zaman onunla yanaşı dayanmışdı.

Əfrasiyab Bədəlbəylinin yaradıcılığı çoxşaxəlidir: bəstəkar, dirijor, musiqişünas, publisist, tənqidçi, şərqşünas, librettoçu, jurnalist, folklorçu, musiqi maarifçisi. Yaradıcılığının bütün sahələrində o, eyni dərəcədə professionaldır, ciddidi, fəaldır, məhsuldardır, dəyərli və səmimidir. Fəaliyyətinin hər bir anını, hər bir məqsədini, bütün yaradıcılıq yolunu və ömrünü Azərbaycan professional musiqi mədəniyyəti və incəsənətinin inkişafına, təbliğinə həsr edib. Həyat və fəaliyyətinin əvvəldən sona qədər yeganə və dəyişməz məramı, məqsədi də yalnız elə bu olub.

Bəstəkar kimi fəaliyyətinə Cəfər Cabbarlının dram əsərlərinə musiqi yazmaqla başlayıb. 1928-ci ildə Cəfər Cabbarlının "Od gəlini" dramına yazdığı musiqi müəllif, teatrın kollektivi və tamaşaçılar tərəfindən müsbət qarşılanır. İlk uğuru onu daha da ruhlandırır. 1920-40-cı illərdə C.Cabbarlının "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Solğun çiçəklər", A.Afinegovun "Qorxu", M.F.Axundovun "Hacı Qara", "Müsyo Jordan", H.Cavidin "Knyaz", "Səyavuş", S.Vurğunun "Xanlar", "Fərhad və Şirin", M.S.Ordubadinin "Dumanlı Təbriz" və başqa dram tamaşalarına musiqi yazır. Eyni zamanda, 1928-1932-ci illərdə Dövlət Dram Teatrının Musiqi bölməsinin rəhbəri işləyir.

Ə.Bədəlbəyli və C.Cabbarlı gənclik dostu idilər. C.Cabbarlının öz əsərlərinin tamaşasına musiqi üçün müraciət etdiyi ilk bəstəkar da Ə.Bədəlbəyli olmuşdur. 1920-ci illərin sonlarından başlayaraq, davamlı şəkildə sonrakı illərdə də Azərbaycan dilli dram əsərlərinə musiqi yazan bəstəkar, əslində, ilk yaradıcılığı ilə respublikada teatr musiqisinin əsasını qoyub.

Üzeyir Hacıbəyli XX əsr musiqi tarixində Şərqdə Avropa tipli və sintez modelli ilk milli operanın müəllifidirsə, Ə.Bədəlbəyli Şərqdə həmin model əsasına ilk baletin - "Qız qalası"nın müəllifidir. Bu əsərlə Azərbaycan musiqisində balet janrının əsası qoyub, qarşıdakı dövrlərdə neçə-neçə istedadlı baletin yazılmasına bədii zəmin yaradıb. İlk baletin libretto müəllifi də bəstəkar özüdür. Premyerada (1940, aprel) və sonrakı tamaşalarda baş rolu SSRİ Xalq artisti, prima-balerina Qəmər Almaszadə (Ə.Bədəlbəylinin xanımı) oynamış, əsərin səhnə taleyinə böyük uğur və nüfuz qazandırmışdı.

Ü.Hacıbəyli Moskvanın "Pravda" və Bakının "Kommunist" qəzetlərində bu balet haqqında müsbət rəylər yazmış, müəllifin istedadına və əsərə "bizim milli incəsənətin inkişaf tarixində yeni səhifə açan ilk Azərbaycan baleti" deyə yüksək qiymət vermiş, bəstəkarın xalq musiqisini, həm də "ümumi musiqi kultirasını" dərindən bildiyini göstərmişdi. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə isə baletin tamaşasından sonra müsbət fikir bildirənlərdən biri də böyük şair Nazim Hikmət olub.

Ə.Bədəlbəyli musiqi tariximizə muğam əsasında ("Bayatı-Şiraz") ilk simfonik rapsodiyanın və ilk simfonik zərbi-muğamın ("Heyratı") bəstəkarı kimi daxil olub. O, simfonik orkestr üçün "Təntənəli marş", "28 may marşı", "Miniatürlər", "Azərbaycan", "Yallı", "Qaytağı", "Balet süitası", xalq çalğı alətləri orkestri üçün "Simfoniyetta" və başqa əsərlər yazıb. Səs ilə fortepiano üçün işlədiyi xalq mahnıları arasında qədim "Sarı gəlin" xalq mahnımız da var.

Ə.Bədəlbəylinin daha bir yaradıcılıq nailiyyəti opera janrı ilə bağlıdır. Belə ki, o, "Koroğlu" ənənələrini davam etdirən ilk klassik operalardan birinin - "Nizami" operasının müəllifidir və bu əsər müharibədən sonra, 1948-ci ildə Nizami Gəncəvinin yubileyi münasibətilə yazılıb. Bundan başqa, özünün libretto mətni əsasında "Xalqın qəzəbi" (B.Zeydmanla birlikdə) və "Söyüdlər ağlamır" operalarının da müəllifidir.

Ə.Bədəlbəylinin dirijorluq fəaliyyətinə başlaması 1928-ci ilə təsadüf edir. İlk dirijorluq fəaliyyətinə Dövlət Dram Teatrında C.Cabbarlının tamaşalarına bəstələdiyi musiqi nümunələri ilə başlayıb. Bu dəyərli və uğurlu sənət yolu onun tərəfindən sonrakı illərdə professional təhsil almış musiqiçi, dirijor kimi davam etdirilib. 1930-cu ilin may ayından isə Dövlət Opera Teatrının dəvəti ilə "türk operalarının dirijoru" vəzifəsində çalışıb. Opera dirijoru olmaqla bərabər simfonik dirijor kimi də fəaliyyət göstərib. Ə.Bədəlbəyli 1933-cü və 1938-ci illərdə Bakı filarmoniyasında hər yay "simfonik mövsüm" silsilə konsertləri verib, Azərbaycan və Leninqrad dövlət simfonik orkestlərinə dirijorluq etməklə Avropa, rus və yerli simfonik əsərləri səsləndirib, bununla simfonik musiqinin təbliğində və musiqi əlaqələrinin inkişafında mühüm rol oynayıb. O, 1938-ci ildən ömrünün sonuna qədər Dövlət Opera və Balet Teatrında dirijor, baş dirijor kimi çalışıb, Azərbaycan, eləcə də xarici ölkə bəstəkarlarının opera və baletlərinin tamaşaya qoyulmasında yaxından iştirak edib, müxtəlif çoxsaylı konsertlərin proqramlarında adı dirijor kimi çəkilib. Dirijorluq sənətinin ilk üç azərbaycanlısı - Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli və Niyazi Azərbaycan professional musiqi incəsənətinin inkişafı və təbliğində böyük xidmətlər göstəriblər. 

 

Tarın müdafiəsində...

 

Ə.Bədəlbəlyi 1920-1930-cu illərdə Azərbaycan tarının musiqi mədəniyyətimizdən birdəfəlik çıxdaş edilməsinə yönələn cəhdlərə, tarın simasında milli musiqi dəyərlərini hədəf alan bolşevik təhdidinə, siyasi-ideoloji kampaniyaya qarşı çıxaraq qəti mövqedə dayanmışdı. "Kommunist" qəzetinin 1929-cu il, 11 yanvar sayında müzakirə təriqilə dərc olunan "Tar üzərində mühakimə münasibətilə" məqaləsi və daha bir neçə mətbu yazısı Azərbaycan musiqi publisistikasının, XX əsr musiqi tariximizin, tar üzərində ideoloji savaş mücadiləsinin maraqlı faktlarındandır. O illərdə Azərbaycan tarını və muğamını erməni və şovinist bolşeviklərin "beynəlmiləl siyasəti"ndən, proletkultçuların və erməni daşnaklarının repressiyasından ciddi-cəhdlə qoruyan və xilas edən Azərbaycanın millətpərvər ziyalıları sırasında 22 yaşlı gənc Əfrasiyab da var idi...

Azərbaycan dilində muğama və muğam sənətkarına həsr olunmuş ilk kitab Ə.Bədəlbəylinin "Qurban Pirimov" kitabıdır. 1955-ci ildə nəşr edilən bu kitabda Qarabağ muğam mühiti və onun yetirməsi Qurban Pirimovun Azərbaycan muğam sənətində, peşəkar tar ifaçılığında rolu və qiyməti, fərdi sənətkarlıq dəst-xətti, ifa üslubu, mənalı sənət ömrü, çoxillik konsert fəaliyyəti, filarmoniyada muğamların solo və dəstgah ifaçısı kimi, muğam-operalarında muğamların ilk tarzən-ifaçısı kimi fəaliyyəti oxunaqlı bir üslubda əksini tapıb. Bu kitabı yazmaqla, müəllif əslində Azərbaycan musiqişünaslığına yeni bir yol göstərmiş oldu. O, görkəmli muğam sənətkarlarının həyat və yaradıcılığını musiqişünaslığın tədqiqat obyektinə çevirdi, bu mövzunun gələcəkdə musiqişünaslar tərəfindən davam etdirilməsinə qiymətli zəmin və örnək yaratdı. 

 

Musiqişünas və Azərbaycanda

musiqi terminologiyasının yaradıcısı

 

Ə.Bədəlbəlinin musiqişünas kimi fəaliyyəti onun bəstəkarlıq və dirijorluq fəaliyyəti ilə yanaşı cərəyan edib. Azərbaycan Bəstəkarlar İttifaqında musiqişünaslıq bölməsinə rəhbərlik etdiyi illərdə də musiqişünaslıq elminin və tənqidinin bayrağını uca tutub, bu sahələri öz yaradıcılığı ilə zənginləşdirib.

1953-cü ildə nəşr olunan "Musiqi haqqında söhbət" kitabı geniş oxucu kütləsinə, ilk növbədə isə məktəblilərə ünvanlanıb. 1940-50-ci illərdə SSRİ-də görkəmli rus bəstəkar və musiqişünasların musiqi haqqında maarifləndirici populyar kitabları geniş musiqisevərlər kütləsi tərəfindən maraqla oxunurdu. Analoji missiyanı Azərbaycanda, ana dilimizdə ilk dəfə Ə. Bədəlbəyli bu kitabı ilə həyata keçirdi.

Ə.Bədəlbəylinin musiqişünaslıq yaradıcılığının zirvəsində "İzahlı monoqrafik musiqi lüğəti" kitabı dayanır. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfindən çap edilən bu kitab sözün əsl mənasında elmi-tədqiqat əsəridir. Müəllifin çoxillik musiqişünaslıq əməyinin bəhrəsi olan "Lüğət" bu gün də Azərbaycan musiqişünaslığının elmi nailiyyətləri sırasında görkəmli yer tutur.

1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunan ilk musiqi lüğəti respublikada Azərbaycan dilli musiqi terminologiyasının əsasını qoydu.

Yeri gəlmişkən, bir həqiqəti də vurğulayaq ki, Üzeyir bəydən sonra bəstəkar, dirijor və musiqişünaslar arasında Azərbaycan dilini, Şərq dillərini (ərəb və fars) dilçi-mütəxəssis səviyyəsində bilən, dilin elmi-nəzəri və praktik qaydalarına dərindən bələd olan yeganə bəstəkar Ə.Bədəlbəyli idi. Elə bu sahədəki biliyinə, təcrübəsinə və bacarığına görədir ki, bəzi rus, Avropa klassik operalarının dilimizə tərcüməsi 1930-1950-cı illərdə ona həvalə edilmişdi. Ə.Bədəlbəyli Dövlət Terminologiya Komitəsinin həqiqi üzvü seçilən ilk və yeganə musiqişünas kimi də tarixə düşüb.

"İzahlı monoqrafik musiqi lüğəti" Azərbaycan musiqi şərqşünaslığında ilk əsər kimi də qiymətlidir. Ə.Bədəlbəyli bu kitabında ilk dəfə Şərq musiqisinə, Şərq muğam-makam sənətinə, orta əsrlərin musiqi elminə, musiqi risalələrinə və musiqişünaslıq yaradıcılığına dair çox qiymətli elmi-nəzəri məlumatlar, terminoloji şərh və izahlar verib, təhlillər aparıb və yeni faktları diqqətə çatdırıb. Öz əsəri ilə XX əsrdə Azərbaycan musiqi şərqşünaslığının əsasını qoyan və inkişaf edirən Ə.Bədəlbəyli, həm də bu sahə üzrə geniş biliyə və məlumata, Şərq mənbələrinə bələd olan mütəxəssis kimi də adını tarixə yazıb.

O, "İzahlı monoqrafik musiqi lüğəti" ilə Şərq musiqisinin elmi səviyyədə öyrənilməsini aktuallaşdırdı, musiqi şərqşünaslığını elmi-tədqiqat müstəvisinə çıxardı.

 

Müqayisəli muğamşünaslığın banisi

 

Ə.Bədəlbəyli "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Rast", "Rast-Pəncigah", "Şur", "Nəva" "Humayun", "Rəhab", "Mahur", "Segah", "Cahargah" "Bayatı Qacar", "Dəşti", "Qatar" və digər klassik muğamlar haqqında məlumat verərkən, Azərbaycan, İran və Türkiyə musiqisindəki şöbə, guşə tərkibini tam şəkildə şəkildə açıqlayır, onların müqayisəli izahını aparır.

O, ilk dəfə muğam sənətinin lokal arealları problemi üzərində dayanmış, zəngin ənənələri özündə müxtəlif üslublarda daşıyan regional muğam məktəblərindən bəhs etmiş, hətta "Rast" dəstgahının quruluşunum müxtəlif areallar üzrə müqayisəli cədvəlini hazırlamışdı. Onun musiqişünaslıq yaradıcılığına muğamın tarixi aspektinə baxış elmi konseptuallığı ilə seçilir.

"Lüğət"də Azərbaycan muğam, şöbə, guşə adları ilə yanaşı, xalq musiqi nümunələri, aşıq havaları və poetik formaları, rəqslər, orta əsr musiqi alətləri, bütün bunların tarixi, ifaçıları, adları, etimologiyası haqqında da mahiyyətli və maraqlı məlumatlar verilir. Şərq musiqisində, o cümlədən, Azərbaycan muğam, aşıq sənətində, ifaçılıqda geniş yayılmış onlarla istilah, termin, janr, muğam, guşə, alət adlarının ilk elmi izahı, şərhi və açıqlaması məhz bu kitabda öz əksini tapıb. Tar və ud alətləri nümunəsində Azərbaycan səs sisteminə, qeyri-müntəzəm temperasiyaya, köklənməyə, mikrointervallara ilk nəzəri yanaşma bu gün də elmi aktuallığını itirməyib. Bütün bu cəhətləri nəzərə alaraq, kitabı Azərbaycan muğamları, xalq musiqisi haqqında "ilk ensiklopedik lüğət" adlandıra bilərik.

Ə.Bədəlbəyli kitabında XIX əsrə aid Qarabağ, Bakı və Şamaxı musiqi-poetik məclisləri, muğam məktəbləri, bu məclislərdə iştirak edən şair və musiqiçilər, onların Azərbaycan musiqi mədəniyyətində tarixi əhəmiyyəti  haqqında da ilk dəfə tədqiqi məqalələr yazıb. Qeyd edək ki, "Lüğət"ə müasir dövrdəki yüksək elmi tələbatı nəzərə alan Xalq artisti, professor Fərhad Bədəlbəyli və Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun təşəbbüsü ilə  xüsusi layihə çərçivəsində kitabın http://lugat.musigi-dunya.az ünvanlı elektron versiyası yaradılıb. 

 

Publisistikası və tənqidçilik fəaliyyəti

 

Görkəmli bəstəkar və musiqişünasın publisistik fəaliyyətinin ilk və əbədi mövzularından biri Üzeyir Hacıbəyli yaradıcılığı idi. Hələ dahi bəstəkarın sağlığında onun opera və musiqi komediyalarına dirijorluq etməklə yanaşı, bu əsərlər haqqında məqalə və resenziyalar da yazırdı. Azərbaycan musiqi elmində Üzeyirşünaslığın elmi-tədqiqat sahəsi kimi təşəkkülü, formalaşması, Ü.Hacıbəyli musiqisi haqqında musiqişünaslıq-elmi fikrinin yaranması, inkişafı həm də Ə.Bədəlbəylinin elmi publisistikasının məhsuludur. Ü.Hacıbəylinin musiqisi, bəstəkarlıq və pedaqoji fəaliyyəti, opera janrının vəziyyəti və perspekivləri haqqında məqalələri, milli operaların müzakirəsinə qatılması, Üzeyir bəyin muğam operaları haqqında məqalələri ilə, Ə.Bədəlbəyli əslində, Üzeyirşünaslığın təməlini qoymuşdu. Eyni zamanda, XX əsrin başlanğıcında Üzeyir bəy ilə birlikdə musiqi tənqidi və publisistikasının ilk nümunələrini yaratmışdı. Nümunə kimi, "Kommunist" qəzetində dərc olunan "Türk operaları musiqisi haqqında" (1924, 16 oktyabr), "Leyli və Məcnun" (1925, 30 oktyabr), "Yeni musiqi əsərləri" (1925, 27 noyabr), "Dövlət türk musiqi texnikumunda" (1925, 15 dekabr), "Arşın mal alan" (1926, 1 yanvar), "Opera teatrında "Leyli və Məcnun" (1926, 26 fevral), "Arşın mal alan" (1927, 28 yanvar), "Şah Abbas və Xurşidbanu" (1927, 1 aprel), "Türk operasınını xəstə cəhətləri" (1928, 2 dekabr), "Türk operası yeni mövsüm qarşısında" (1929, 11 noyabr), həmçinin, digər məqalə və rəylərini misal göstərə bilərik.

Ə.Bədəlbəyli istedadlı bəstəkarlar, dirijorlar, opera və balet artistləri, xanəndələr, muğam ifaçıları, gənc musiqiçilər haqqında məqalələrində onların nailiyyətləri, yaradıcı istedadları haqqında yazmaqla, həm də istedadlı fərdlərə musiqi mədəniyyətinin perspektiv inkişaf xəttində yanaşmış, bununla musiqişünaslıq və musiqi təbliğçisi vəzifəsini peşəkar səviyyədə və layiqincə yerinə yetirmişdi. Avropa və rus klassik bəstəkarlarına həsr etdiyi çoxsaylı məqalələri ilə o, musiqi publisitikasının maarifçilik xəttini fəallaşdırır, inkişaf etdirirdi.

1930-1970-ci illərdə Azərbaycana gələn xarici ölkə artistlərinin, kollektivlərinin, dirijorlarının konsertləri haqqında resensiya və məqalələri ilə Ə.Bədəlbəyli öz dövrünün musiqi salnaməsini yaradaraq, müasir nəsillərə qiymətli məlumatlar verirdi. Ə.Bədəlbəyli müsahibələrindən birində 1969-cu ildə Parisdə Azərbaycan baletlərinin böyük uğurla qarşılandığını, lakin bu səfərdə yalnız dirijor kimi yox, həm də musiqişünas kimi iştirak etdiyini bildirir. Məlum olur ki, o, Paris musiqişünaslıq institutunun dəvəti ilə burada, Azərbaycan professional musiqi incəsənəti, onun nailiyyətləri, xalq musiqisi, muğamlar haqqında geniş məruzə edib, bu barədə yerli mətbuatda məlumat yayılıb.  

Təqdirəlayiqdir ki, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhum İbrahim Quliyev Ə.Bədəlbəylinin publisitik və tənqidi irsini toplayaraq, kitab halında nəşr etdirib. 

Ə.Bədədlbəylinin musiqişünaslıq fəaliyyətindən bəhs edərkən, onun Azərbaycan SSR Ensiklopediyasının elmi şürasının üzvü kimi fəaliyyətini, ensiklopediyada Azərbaycan musiqisinə dair məqalələr yazmasını, Elmlər Akademiyasının "Elm və həyat" jurnalında, Yazıçılaq İttifaqının "Ədəbiyyat və incəsənət" qəzetində uzun illər redaksiya şurasınını üzvü və ekspert-mütəxəssis kimi çalışmasını, Azərbaycan radiosunda musiqi verilişləri redaksiyasına rəhbərlik etməsini də xüsusi vurğulamağa ehtiyac  var. Bundan əlavə, televiziya və radioda muğamlara, musiqiyə dair verilişlər hazırlaması və aparmasını, bir çox kitablara redaktorluq etməsini, "Bilik" Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi elmi konfranslarda məruzələrini, respublikanın bölgələrində, mətbuatda musiqi təbliğatçısı və maarifçisi kimi geniş fəaliyyətini, məktəblilərin musiqi tərbiyəsində yaxından iştirakını, orta və ali məktəblərinin musiqi olimpiadalarının, özfəaliyyət müsabiqələrinin təşkilində fəal rol oynamasını, Azərbaycan Xor Cəmiyyətinin sədri, Bəstəkarlar İttifaqının və Teatr Xadimləri Cəmiyyətinin üzvü kimi fəaliyyətini də oxucuların nəzər-diqqətinə çatdırmaq istərdik.

Xüsusilə Azərbaycan radiosunda musiqi redaksiyasına rəhbərlik etdiyi illərdə cəmiyyətin musiqiyə zövqunun və tərbiyəsinin inkişafı, dinləyicilərin bəstəkar yaradıcılığı, musiqi janrları, xalq musiqisi, musiqi tarixi, muğam sənəti, ifaçılıq maarifləndirilməsi onun əsas məqsədi idi.

Ə.Bədəlbəylinin Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Pribaltika bəstəkar və musiqişünas-alimləri ilə yaradıcılıq əlaqələri, onun müxtəlif şəhərlərdə keçirilən elmi konfranslarda iştirakı Azərbaycanın musiqi-elmi əlaqələrinin inkişafına da əhəmiyyətli təsir göstərib.

"Tarixə yazılıb bu ad, bu soyad... Əbədidir məhəbbətin, əbədi"... Əfrasiyab Bədəlbəylinin şair dostu, professor Rəfiq Zəka Xəndanın onun 60 illiyinə həsr etdiyi şeirin misraları görkəmli sənət xadimi, musiqişünas, maestro Əfrasiyab Bədəlbəylinin qiymətli həyat və yaradıcılığının poetik epiqrafı kimi səslənir.

 (Məqalədə istifadə olunan foto və sənədlər Ə.Bədəlbəylinin Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi arxiv fonduna məxsusdur)

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Ariz ABDULƏLİYEV

Üzeyir Hacıbəyli adına Bakı Musiqi

Akademiyasının dosenti, aparıcı elmi işçi

 

525-ci qəzet.- 2020.- 9 may.- S.20-21.