Sən ki işarədən qanansan, həkim…

 

Ömür-gün yoldaşım Rəsmiyyə Əhmədovanın müalicəsində zəhmət çəkən həkimlərə - Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasını baş həkimi Ramiz Poluxova və cərrah Arif Ağayevə, Milli Onkologiya Mərkəzinin həkimi Tahir Tahirova, İzmirdəki Ege Universiteti Tibb fakultəsi xəstəxanasının uşaq həkimi, oğlum Toğrul Əhmədgilə həsr olunur. Xalq yazıçısı Anar müəllimə sonsuz təşəkkürümü bildirir, millət vəkilləri - tələbə yoldaşım Bəxtiyar Əliyev və Qənirə Paşayevanın adlarını minnətdarlıq hissi ilə qeyd edirəm.

 

Bu qədər xoşbəxtlik olarmı, həkim?

Oğlun bıçaq çəkə öz anasına,

Səhv salıb ünvanı cəllad bıçağı...

İqlimmi dəyişdi, yoxsa havamı?

Dondu... buz bağladı Ana qucağı-

Oğlumun əlində cərrah bıçağı...

Sən ki işarədən qanansan, həkim...

Mən Səni deyirəm, ay Arif həkim...

O, Qara gəlindir, qarabənizdir,

Onu hardan tapdı bu qara yara?

Dəymə yarasına...

Dərdimi çəkim...

Taleyin oyunu düşüb tərsinə,

Biz hardan gəlmişik, gedirik hara?

O, qara tut gəlin, qarayanızdır...

İlki Tamerlandır... ürəyi para...

Dar gündə hayına çağırsın kimi?

Sonbeşik həkimdir, Uşaq həkimi

İzmirdən yol gəlib, yol yara-yara...

İndi üzü gülməz... O qaşqabaqlı...

Bir Uşaq həkimi, Ana həkimi...

Dönməyə İzmirin yolları bağlı.

Cərrah, bıçağını vermə oğluma..,

O - Ana həkimi, Uşaq həkimi...

Uşaqdır... bıçağın bilməz dilini.

O, alma soymağı təzə öyrənir,

O, soğan soymağı təzə öyrənir...

Yara bir tərəfə... kəsər əlini..

Sən ki işarədən qanansan, həkim...

Mən Səni deyirəm, ay Tahir həkim...

Bizim məhləmizdən bir tin o yana

Yenidən yazıla sevgi dastanı...

Bir tale ulduzu, bir könül işi...

Gərək dil tapasan, baş sındırasan..

(Xəstənin könlündə Məkkə xurması,

Dərman əvəzimi Özbək kişmişi?).

Tahirin Zöhrəsi kimdir bilmirəm,

Gərək Banusuna gül göndərəsən...

Daha xəstə könlüm yetməz vüsala,

Vəslini vəsf etdim vəkilliyindən,

Vallah vərəmlədik viranəlikdə...

Üzü Almatıdan, Məti bəylə mən...

Bir vaxt söz qoşardım qara xallara...

Kim bilir, ay həkim,

Bəlkə o üzdən

Kəsdi qarşımızı bu qara yara...

Ağrılar içində qıvrılan Ana,

Dilindən düşməz ki, "Ayətil kürsü"...

Hikmətin şəksizdir, doğrudur, Allah...

Başının üstündə Ana həkimi,

Başının üstündə Uşaq həkimi -

Oğlum anasını... doğurdu, Allah...

Sən ki işarədən qanansan həkim,

Ayrı bir azardır xəstəyə baxmaq.

Canın çöpə dönər, bir damcı olar.

Dar gündə yox olar güvəndiklərin,

Adamlar böyüyüb adamcıq olar...

Sən ki işarədən qanansan, həkim,

Könül çox istər ki, bu dar "Macal"da....

Xəstənin adını ananın ola...

Nə çıxar yüzünün söz deməyindən,

Yetər ki, bir nəfər Anarın ola...

Sıyrılıb gəlmisən tələbəlikdən

"Bəxtiyar, məni də komsomola yaz"...

Könül dəftərində bəxtiyar olaq...

Nədən ömrümüzə bəd gəldi bu yaz?

Xəstəlik dünyanı alıb cənginə,

Qulaq ver kilsənin ölüm zənginə...

Xəstə də, həkim də ""evdə qal" -

Evdar adamlarıq, evdə var olaq..

Könül dəftərində bəxtiyar olaq...

Qara Tut gəlinin könlündən keçən

Quruddu xəngəldir, tut bəhməzimi?..

Gərək çay içməyə kişmiş tapasız...

Sən ki işarədən qanansan, həkim...

Gil kərəmsiz olmaz, həkim xətasız...

Sən ki işarədən qanansan, həkim...

Vermə bıçağını, vermə oğluma...

Uşaqdır, bıçağın bilməz dilini...

O alma soymağı təzə öyrənir...

Yara bir tərəfə, kəsər əlini...

 

aprel 2020

 

Akif ƏHMƏDGİL

 

525-ci qəzet.- 2020.- 9 may.- S.23.