Yenə qoynunda bitərik

 

Ömür keçib, gün keçibdi,

Övladlar uçub, köçübdü...

Ömrümüzə payız düşüb,

Saçımıza ayaz düşüb.

Nə gizlədək, qocalmışıq.

Evdə ikimiz qalmışıq.

Üzündəki qırışların,

Nəvə yolunu gözləyir.

Guya "ev" tək bizim evdi,

Evə yolunu gözləyir.

Hələ ürəyin Leylidi...

Mənim adım Məcnun deyil,

Gözün məndən gileylidi.

Ay arvad, bu günə şükür,

Nə qədər ayrı axsa da,

Gileylənsə, darıxsa da,

Qovuşarlar Arazla Kür...

Ağ birçəkli Xəzərik biz,

Azərbaycan türkləriyik,

Səbirliyik, dözərik biz.

Amma bir gün göy üzündə,

Şimşək olub biz çaxarıq.

Od olub yerdən çıxarıq.

Tükənməz güc, ölməz sözük,

Biz torpağıq, ölümsüzük,

Torpaqdan da biz betərik.

Vətən bizə can verər, can.

Dönüb bir cüt qərənfilə,

Yenə qoynunda bitərik.

Anam, canım Azərbaycan!

 

12.05.2020.

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2020.- 13 may.- S.13.