Güzgü

 

Esse

 

Sufilərə görə, bu dünyanın ən ali məqsəd və məramı insandır, insanın ali məqsədi isə an! Deməli, bütöv ömür deyə yaşadığımız həyat əslində, kəsik-kəsik anlardan, məqamlardan ibarətdir ki, o da hər kəsin qisməti olmaz. Kimsə həmin anı əlindən uçurar, kimsə ona qovuşar.

İkincilər fərqli olanlardır, Tanrı yanında, Allah qatında, hər iki dünyada... Əxlaqca, mənəviyyatca zəngin, kamil olan belə insanlar durmadan özü də özünü kamilləşdirməyə doğru can atar, Yaradanına layiq olmağa çalışar, qəlb gözünü açıq saxlayar, doğru anlaşılmayanda isə öz dünyasına çəkilib, könlünü dinləyər. Sufilər demişkən, "Dənizin suyunun şor olduğunu anlamaq, hiss etmək üçün bütövlükdə dənizi içməyə ehtiyac yoxdur, bir qurtum da kifayət edir..."

Mən daima ədəbiyyatın içərisində olmuşam, amma işimlə, tutduğum vəzifə ilə əlaqədar ədəbi çevrədə az görünmüşəm. İmzam görünüb, özüm yox!.. Bir şair var, həmişə deyir ki, adamlar ekrandan, efirdən görmədikləri şairi şair hesab eləmir! Məncə, düz deyir!.. Amma neyləyək, çox şey bizdən asılı olmur bəzən... Hə, sözümün canı var, elə buna görə mən də bir çox şair və yazıçını uzaqdan uzağa tanımışam, necə deyərlər, adını eşidib üzünü görməmişəm. Fərqanə xanım Mehdiyeva da mənim qiyabi tanıdığım söz sahiblərindən olub. Elə o da məni belə tanıyıb-qiyabi!.. Amma...

... Fərqanə ilə sonra sosial şəbəkə vasitəsilə tanış olduq, biri-birimizin yaradıcılığını izlədik. Bilirdim ki, xəstədir, müxtəlif vaxtlarda İranda müalicə olunur, haçansa əməliyyat da olunub və s. Arada məni tədbirlərə dəvət edirdi, amma təəssüf ki, məlum səbəbdən gələ bilmirdim!.. Dəvət üçün təşəkkür edir, razılığımı bildirirdim. Sonra tez-tez yolumu bu doğma məkandan - Azərbaycan Yazıçılar Birliyindən  salmağa imkan tapdım, hər dəfə də doğma "Ulduz" jurnalınının redaksiyasına baş çəkirdim. Elə bu ilin qış ayları idi, foyedə qarşılaşdıq, axşamçağı idi, işdən çıxıb evə gedirdi. Salamlaşdıq, görüşdük, elə ayaqüstü bir neçə dəqiqə söhbət elədik. Ruhumuzun yaxınlığını hiss edib danışa-danışa da pilləkənləri enib küçəyə çıxdıq. Hava soyuq idi, küçəni keçib parka girdik... Park demək olar, boş idi, gəzə-gəzə söhbətləşirdik... O qısa vaxt içərisində biz çox şeydən danışdıq, yaradıcılıqdan tutmuş onun səhhətinəcən... O, zahirən çox yorğun, əzgin görünürdü, hiss edirdim ki, ağrıları var. O vaxt məni radio verilişinə dəvət etsələr də, müəyyən səbəblərdən gedişim yubanırdı. Fərqanə sözarası bu məsələyə də toxundu, soruşdu. Sonra yadigar qalsın deyə bir şəkil çəkdirib "Sahil" metrosuna qədər birgə gəldik, metroda yolumuz ayrıldı...

 

Dünyanın işini nə bilmək olar,

Bəlkə son dediyin hələ son deyil!?

Hələ ümid çoxdu çıxmayan cana,

Sıxmasan bu yara qanayan deyil...

(Ş.Ş.)

 

Bir də bir neçə gün qabaq öyrəndim ki, vəziyyəti çox ağırdı, sayta qoyulan şeirlərini oxudum, çox kövrəldim, xüsusilə:

 

...Ona nə desəniz, sonra gec olar,

Ona nə yazırsız, yazın indidən -

 

misraları ilə bitən "İndidən" şeiri. Amma ümid insanı sonadək tərk etmir. Dualarımı şeirə çevirib sayta göndərdim. Allahım, Sən onu şairliyinə bağışla... - dedim...

May ayının biri idi, şeir mayın ikisi, səhər tezdən dərc olundu, amma elə həmin gün artıq sonuncu günü oldu əziz Fərqanə xanımın...

Son illərdə təkcə canı ağrı-acılara bükülməmişdi, elə sözlə də ağrının şəklini çəkirdi. Onun bir şeiri var - "Şəkildi". Oxuyan hər kəsin yuxulu xatirələrini oyadan, ruhunu sığallayan, keçmişə - atalı-analı çağlarına aparan şeirdir. Amma bu şeirdə də həmin o son deyilən günə eyhamından qalmır:

 

"...Nə vaxtsa daş üstdən gülümsəyəcək,

İndidən gözləri dolan şəkildi..."

 

- deyir.

 

Sonra da sakitləşir, olacaqlarla barışır:

 

... Dünyada nə varsa yalandı vallah,

Dünyada tək bircə qalan şəkildi...

 

Hərənin bir dəfə gəldiyi bu həyat səhnəsində hər kəs bir cürə görünüb keçir, hər kəs qismətinə yazılanı götürüb gedir, amma hamıya dünyada bir nişanə qoyub getmək nəsib olmur, o da ola söz...

... Mənsə deyirəm ki, həyat güzgüdür, baxırsan şəklin düşür üstünə, nəyin varsa ora toplanır, damcı-damcı yığılır, dolub daşır, calanır güzgü... İnsanların, sən özün olmayanda da baxıb səni görə biləcəkləri.

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2020.- 13 may.- S.14.