Nifrətin rəngi
Hekayə
Qəfil çökmüş qaranlıq
yavaş-yavaş çəkildi. Həyəcan içində irəliyə
nəzər saldım.
Kimsənin gözə dəymədiyi
bu yerləri ilk dəfə idi görürdüm.
Dərin nəfəs alıb təmiz hava udmaq istədim. Amma sinəmə çəkdiyim
havada qan qoxusu hiss etdim. Birdən canıma üşütmə
düşdü. Hara gəlib çıxmışdım?
Axı, bu əraziyə keçmək
qorxulu idi... Ürkək nəzərlərlə ətrafa
boylandım ki, məni görən yoxdursa, geri dönüm. Çünki ağlım kəsəndən
çətin məqamlarda
ətrafdakılardan qaçmağı
öyrənmişdim.
Heç
kim yox
idi. Sevincək çevrilib arxaya
baxmadan qaçmağa
başladım. Qəfildən bir qadın qəhqəhəsi səssizliyin
tən ortasına atıldı. Bu səs
böyüdü, böyüdü,
getdikcə dəhşətli hayqırtıya
çevrilib bütün
varlığımı sardı. Ayaqlarım yerə kilidləndi.
Qorxa-qorxa dönüb səs
gələn tərəfə
baxdım. Qadın
mənə çox tanış gəldi. Harda görmüşdüm onu, İlahi? Amma nə qədər
doğma gəlsə də, onun baxışlarından
xoflandım. Bu gözlərin
dərinliyində nə
boyda nifrət alovlanırdı... Sən
demə, nifrətin özünün də xüsusi rəngi olurmuş.
O rəngi təsvir etmək mümkünsüzdür...
Qadının quruyub qırışmış
dərisinin altından
sümükləri çıxır,
düyün-düyün olub
qıvrılan damarları
sanki bu dərini yırtıb-dağıtmağa
çalışırdı. Bədəni tamam çılpaq olsa da, heç
diqqət çəkmirdi.
Çünki dərisindəki
kəsik, yara izləri, çapıqlar,
ləkələr bu
bədənin qadına
məxsus olduğunu çoxdan unutdurmuşdu. İlk baxışdan onda həyat əlamətini
hiss etmək olmurdu. Yalnız gözlər... Yalnız gözlər dil açıb danışırdı.
- Kimsiniz? - deyə
çəkinə-çəkinə soruşdum.
Onun gözlərindəki
nifrət daha da alovlandı. İkrahla
dedi:
- Tanımadın demək?
- Siz... Siz azərbaycanlısınız?
Hə... siz... azər...
- Artıq yox.
- Necə yəni artıq yox?
- Ay axmaq, azərbaycanlı olsam, axtarardınız, tapardınız, alardınız
zülmün əlindən.
Amma heç xəbəriniz yoxdur ki, burada biz nə zülümlər çəkdik. Başımıza nə oyunlar
gətirildi. Həyətlərdə heyvanlarla bir yerdə saxlanıldıq,
orqanlarımız satıldı,
gözümüzün önündə
balalarımıza işgəncələr
verdilər, qurban kimi kəsdilər, körpələrimizi əlimizdən
alıb azərbaycanlıların
düşməni kimi
böyütməyə başladılar,
qız-gəlinlərimizi kef məclislərində oynatdılar,
əyləndilər, əzab
verdilər. Mənliyimizi, kimliyimizi unutduq. Gün ərzində bizə veriləcək bir tikə çörək
üçün yaşadıq...
Siz isə kefinizi sürüb rahat, qayğısız ömür sürürsünüz.
Gündə konsert, gündə
bayram. Nəyin bayramını edirsiniz,
ay zavallılar? Bu illər ərzində yediyiniz loxma bircə dəfə boğazınızda qaldımı,
əsir soydaşlarımız
indi nə haldadır deyə? İsti otaqda, isti yataqda yatanda
yuxunuz bircə dəfə qarışdımı,
düşündünüzmü körpə, ac, əsir balalarımız soyuqdan
dondumu deyə?
- Yetər! - dedim,
- Ver əlini, qaçaq burdan. Gəl, səni doğma vətəninə aparım.
Əzizlərinlə görüşdürüm.
Gəl, bütün əzabların
arxada qalsın.
- Nə? Doğma vətən? Bəs bura? Bura bizim vətənimiz
deyilmi?
Mən burda bilirsən
nə qədər əzizlərimin cəsədini
əkmişəm, nə
qədər körpələrimizi
basdırmışam? Cücərəcək, yenidən bitəcək
o övladlar. Bax bu canımla böyüdəcəyəm
onları. Yenidən qalxacaqlar,
bu torpaqların sahibi olacaqlar. Siz kefinizi sürün. Özünüzü düşünün. Vəzifənizi, rütbənizi
qoruyun... Vicdan sizi çoxdan
tərk edib. Get burdan. Bu dəqiqə yox ol gözlərimin önündən...
- Yalvarıram, ver əlini mənə...
- Mənim əlim sizdən birdəfəlik üzülüb. Get!
- Söz verirəm, bugünədək yaşadığın
acıları sənə unutduracağam,
gəl gedək.
Qadın
qəzəblə bağırdı:
- Yenə unutmaq? Mən heç nəyi unuda bilmərəm. Çünki bu dəhşətləri
gözlərimlə gördüm,
bütün varlığımla,
ruhumla, vücudumla
hiss etdim. Get, cəhənnəm
ol, unuda bildiyin qədər unut başımıza gətirilənləri. Sən nə
qanırsan axı, nəəəəə?
O, getdikcə daha möhkəm qışqırırdı.
Qəfildən güllə səsləri
eşitdim. Hövlnak qadının
əlindən tutub dartdım, qaçmağa
başladım. Birdən onun
qurumuş çubuğa
bənzəyən barmaqları
boğazıma ilişdi.
Göz-gözə dayandıq. Başları kəsilmiş,
gözləri çıxarılmış
körpələr, alov
içində hayqıran
oğullar, zorlanan qız-gəlinlər, didilmiş,
parçalanmış cəsədlər,
gördüklərindən havalanıb oynayan, qəh-qəhə çəkən
qadınlar, əli, qolu, ayağı kəsilmiş, ağrı
içində çabalayan
insanlar, tank, güllə,
qan... Hay-küy, çığırtı,
yalvarış, söyüş,
hönkürtü, partlayış
səsləri o gözün
içindən sıçrayıb
ətrafa səpələnir,
bir-birinə qarışır,
getdikcə dəhşətli
uğultuya çevrilib
bütün kainatı
bürüyürdü. Damarımda qanım donmuşdu. Atəş səsləri yaxınlaşırdı.
Bir anlıq gözlərimin
önünə balaca,
günahsız oğlumun
məsum siması gəldi. Mənə bir şey olsa,
onun taleyi necə olacaq deyə düşündüm. Qadının gözlərinə baxmaqdan
qorxduğum üçün
gözümü yumub
acizanə şəkildə zarımağa
başladım:
- Nə olar, gəl
qaçaq. Tutsalar, ikimizi də
məhv edəcəklər. Körpə balam var...
Gözüyumulu şəkildə cavab gözləyirdim. Bir neçə saniyə
keçdi. Onun tüpürdüyünü hiss etdim. Tüpürcək düz sifətimə
düşmüşdü. Üzüm od
tutub yanmağa başladı. Ağrıdan
çığırıb gözlərimi
açdım. Ətraf yenə
də qaranlıq idi. Zil qaranlıq... Heç nə görünmürdü...
Məhsəti MUSA
525-ci qəzet.- 2020.- 13 may.- S.14.