Qələmsiz yazılanlar
Status-esselər
Yuxudan tez oyanan uduzmaz...
***
Elə profil var ki,
açan kimi ancaq neqativ vurur
adamı - pisniyyət,
narazı statuslar, qaramat, bəd xəbərlər...
***
Nə tüstü kimi tüstüdür, nə duman kimi duman,
nə də toz kimi toz...
Üçünün, dördünün
qarışığıdır...
***
Baş verənlər hamısı
sünidir...
***
Bütün tamaşaların bir sonu olur.
***
"Bəşəriyyət" sözündəki ağırlıq
və sanbal çəkisini heç vaxt bu qədər
itirməmişdi. İndi bu sözdən
acizlik və cılızlıq yağır.
***
Heç bayıra çıxmalı
hava deyil - icazəli, ya icazəsiz. Əsl evdə qalmalı
havadır... :)
***
Biri bayaqdan
TV-də pandemiyaya pantomima deyir... :)
***
Bu koronavirusun dünyaya
vurduğu ziyanı axırda kiminsə, kimlərinsə boynuna yükləyəcəklər. Səbəbkar və günahkarlar mütləq məlum olacaq.
***
Nə qədər planlar pozuldu, nə qədər xəyallar puç oldu...
***
Dostum İrfan
Çiftçi mənə
neçə illər
əvvəl çəkilmiş
bir şəkil göndərdi - Ramiz Rövşən, TRT-nin keçmiş rəhbəri,
Azərbaycanın dostu
Şenol Dəmiröz,
İrfan və mənim birlikdə şəklimizi.
Dünən xəbər aldım ki, Şenol Dəmiröz vəfat edib. Acı xəbəri İrfan
çatdırdı. Çox üzüldüm.
Allah rəhmət eləsin!
Şenol Demiröz İstanbul Böyükşəhər Bələdiyyəsində
çalışdığı lllərdə türkdilli respublikalar, eləcə də Azərbaycanla sıx əlaqələr yaratmışdı. O, müntəzəm
olaraq İstanbulda Azərbaycan Ədəbiyyatı
və Mədəniyyəti
günlərinin təşkilində,
incəsənətimizin qardaş
ölkədə təbliğində
böyük rol oynamışdı. Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü olan Ş.Demiröz ədiblərimizlə
sıx əlaqə saxlayırdı.
Ruhu şad olsun!
***
Çox təşəbbüskar olmaq
da bir şey
deyil... :)
***
Bəzi adamlar Operativ Qərargahdan, rəsmi qurumlardan daha sərtdir. Belələrinin səlahiyyəti olsa, heç göydə quşları
da uçmağa qoymazlar.
***
Nə gözəl, gəzməli,
yeriməli-yeməli havadır!..
***
Lap düz edib dünyanın hərəkət
və inkişaf tempini azaltdılar, bəlkə də, bununla Qiyamət gününü ləngitdilər. Bu sürətli
gedişlə, bu qaçhaqaçla Bəşərin
sonu heç də yaxşı görünmürdü...
***
Filmdə necə deyir?
- "Hüseynova bacıları
təzdən gəlir"?!. “İkinci” kruq?!.
***
İpək deyir, baba, üzünün bığını
qırx, səni öpə bilim...
***
Şuşanı yuxuda gördüm...
32 il əvvəl
qaldığımız evin
səliqəli həyətindəydim.
Güllərin, ləklərin yanıyla,
daş pillələrlə
darvazaya tərəf getdim. Həyətin balaca qapısını
açıb daş döşənmiş küçəyə
çıxdım. Sağa dönsəm,
Gövhər Ağa Məscidinin yanından Bazarbaşı Meydanına,
oradan da Güllü bağa gedə bilərdim. Sol tərəf Vaqifin
məqbərəsinə, Cıdır
düzünə aparırdı.
Düşündüm, hansı səmtə gedim?! Səhərin bu çağı
ikisi də əvəzsiz olur.
Sonrası yadımda qalmadı,
həyəcan içində
ayıldım...
***
Bölgələrdə yaşamağın hələ
çox üstünlükləri
üzə çıxacaq...
:)
***
Pula öyrəşmək pis şeydir.
***
Üç gündən bir
şənbədir...
***
Elə adamlar var ki,
əbədidir!
***
85 yaşlı Xalq
şairinə ironiya edən gənc "dahilər".
Hələ Allah bilir, siz Fikrət Qocanın "Cəsarət" ,
"Risk" və başqa
onlarla gözəl şeirləri kimi şeirlər yarada biləcəksiniz, ya yox?! Lağ eləməkdən asan nə var ki...
... Bir də, karantin günlərində Ay elə
qayğanağa oxşayır
də. :)
Bir başınızı qaldırıb
göyə baxın!..
***
Hamını telefonun köləsinə
çevirdilər...
***
Elə bil, marıqdadırlar - kimsə
ölsün, tezcə
xəbərini versinlər.
***
Haçansa əsl həqiqəti
biləcəksiniz...
***
Maskayla yaşamaq...
***
İndi hamı yazıçıdır
də... :)
***
Belə sakitlik də pis deyil. Nostaljidir
həm də...
60-70-ci illərin Bakısı...
***
İndi
hamı təkdir...
***
Dərin
yaz yuxusundan ayılanda adam
bir müddət zaman və məkan
hissini unudur.
***
Kimə lazımdır e sənin canlı efirin?!
Hələ bir işarələyirsən
də...
***
Sentyabracan davam etsin!..
***
İnstaqram dilxoşluq məkanıdır,
məncə.
***
Bütün böyük əsərləri
bir cümlədə demək olur.
Siz əvvəl o bir cümləni yazın, sonra böyür-başını
bəzəyin!.. :)
***
Siz haçansa
əlinizə qəzet
aldınızmı?! Oxumaq bir yana,
vərəqlədinizmi?!
***
Yay gəlir, səkilər yellənir yenə...
***
65 yaşdan yuxarılara
arada bir dəfə bir-iki saatlıq "amnistiya"
vermək lazımdır. Çıxıb azca havalarını dəyişsinlər. Çox
sıxılıblar...
***
Çoxdan idi, yağışda islanmamışdıq.
***
Belə çıxır ki, dünya bir də əvvəlki halına qayıtmayacaq.
***
Qorxu pul hərisliyinə üstün
gələcəkmi?
***
Dəlicəsinə arzulamasaq, Şuşanı
görə bilməyəcəyik. Bizim mövsümi Şuşa
istəyimiz isə nə Dünya Birliyinin, nə Markın, nə Feysbukun vecinə olacaq.
***
Balaca cəmiyyətdə - Feysbukda
kin-küdurət cövlan
edir...
***
Göz gözü görmür...
***
Hamıya
növbə çatacaq...
***
İctimai rəyin, xalq sevgisinin ipinin üstünə odun yığmaq olmaz.
***
Müqavimətin min cür forması var.
***
Elə bil, ömrümdə pauzadır.
***
"Şuşanı qar gördüm..."
Tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin
bu şeirini ilk dəfə 1986-cı ilin yayında, Şuşada, Vaqif Poeziya Günlərində
müəllifin dilindən
eşitmişəm. Elə o vaxtdan
da yaddaşıma həkk olunub. Şeirin ab-havası, sirli hüznü həmişə
məni Şuşanın
sehirli aurasına qovuşdurur.
Şuşa mənim üçün müqəddəsdir.
8 may Şuşanın işğal
günündə "Xəzər"
TV-nin efirində Şuşa haqda
yanğıyla danışdım.
Ulu öndər Heydər Əliyevin dilindən eşitdiyim
"Şuşasız Azərbaycan
ola bilməz!"
fikirlərini xatırlatdım.
Xalq yazıçısı Anarın,
Xalq rəssamı Toğrul Nərimanbəyovun
Şuşa haqqında sözlərini
dilə gətirdim, Məmməd Arazın
"Şuşada bir gecə" şeirini oxudum.
Səyavuş müəllimin bu
şeirini də dedim.
Yeri gəlmişkən,
şeiri TV-dən telefonun yaddaşına köçürən şuşalı
oxucuya təşəkkürümü
bildirirəm.
Bu da Səyavuş Məmmədzadənin 1986-cı ildən yaddaşıma həkk olunan şeiri:
Şuşanı qar gördüm,
qar gördüm,
Elimi var gördüm,
var gördüm,
Səslədim ötən günləri,
Daşları kar gördüm,
kar gördüm.
Yazıma gəl dedim, gəl dedim,
Üzümə gül dedim, gül dedim,
Haçandan sönən ocağın,
Külünə gül dedim, gül dedim.
Dağları dağ gördüm,
dağ gördüm,
Həmişə şax gördüm,
şax gördüm,
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.
Şuşadan yol getdim, yol getdim,
Dedilər qal getdim, qal getdim,
Ürəyim dilə gəldi,
Dinmədim, lal getdim, lal getdim.
***
Ola bilərmi Dünya həmişəlik belə
davam eləsin?..
***
ÜMİD
- Ümumdünya Məyusluğun
İntibahı Dövrü...
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə
iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2020.- 13 may.- S.17.