Yaqub Öməroğlunun "İki çinar"ı

onlayn təqdim olundu

 

TANINMIŞ TÜRK ƏDİBİNİN BİRİNCİ HEKAYƏLƏR KİTABI İLK DƏFƏ BAKIDA, AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLİB

 

Türkiyəli yazıçı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun öncə Bakıda -  Azərbaycan dilində, sonra isə Türkiyədə çap olunan "İki çinar" adlı ilk hekayələr kitabının onlayn təqdimatı keçirilib.Təqdimata Türkiyə, Azərbaycan, Türkməneli, Qaqauziya, Çuvaşıstan, Makedoniya, Kosova, Hollandiya, Almaniya, Avstriya və başqa ölkələrdən yazıçılar, ədəbiyyatşünaslar, tərcüməçilər, oxucular qatılıblar.

Təqdimatı giriş sözü ilə açan Yaqub Öməroğlu ilk hekayə kitabının Azərbaycanda çap olunmasından böyük qürur duyduğunu deyib, kitabın çapında zəhməti keçən hər kəsə təşəkkürünü bildirib: "Kitabı Türkiyədən öncə Azərbaycanda çıxan ilk yazar Nazim Hikmətdir. Onda şeir kitabı idi. Belə görünür ki, ilk hekayə kitabı Azərbaycanda çap olunan yazıçı da mənəm. Bundan böyük qürur hissi keçirirəm. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid başda olmaqla, qardaş Azərbaycandakı dostların bu işdə böyük əməkləri oldu, onlara təşəkkür edirəm. Bəzi hekayələrim çap olunmuşdu, saytlardan, dərgidən tapdılar. Bəzilərini isə sırf bu kitab üçün yazıb göndərdim"

Müəllif qeyd edib ki, kitabın həm Türkiyə, həm də Azərbaycanda təqdimatı planlaşdırılsa da, mövcud pandemiya səbəbindən təxirə salmalı olublar. Ona görə də ilkin təqdimat mərasimini onlayn şəkildə keçirmək qərarına gəlib.

Professor Mustafa İsen çıxışında deyib ki, Yaqub Öməroğlunun kitabının öncə Azərbaycanda çap olunması onun həyatı ilə uyğunluq təşkil edir: "Yaqub Öməroğlu Türk dünyasına çox bağlı insandır. Onun Türk dünyası üçün gördüyü işlər əvəzedilməzdir. Ona görə də bu kitabın Azərbaycanda çap olunması heç də təəccüblü deyil. Mən "İki çinar"ı birnəfəsə oxudum və orda bizim hekayəmizi gördüm. Müəllif bu hekayələrdə insanlara müsbət mesajlar verir. Bunlar sevgiylə, duyğuyla yazılmış mətnlərdir. Ümid edirəm ki, gələcəkdə davamı olacaq və biz yeni kitablarla Yaqub Öməroğlunun əsərlərini oxumaq fürsəti əldə edəcəyik".

"İki çinar"ın Yaqub Öməroğlunun sayca 4-cü kitabı olduğunu deyən yazıçı Osman Çeviksoy çıxışında hekayələri geniş şəkildə şərh edib: "Bundan əvvəlki üç kitab Türk dünyası ilə bağlı araşdırma kitabları idi. Bu, onun 4-cü kitabı olsa da, bir çox zaman yazmağa söz verdiyi hekayə kitablarının birincisidir. "İki çinar"la biz ilk dəfə Yaqub Öməroğlunun bədii yaradıcılığı ilə tanış olduq. Hekayələr heç yorulmadan, sıxılmadan, birnəfəsə oxunur. Rahat oxunmasına səbəb dilin axıcılığı ilə yanaşı, müəllifin nasir kimi ustalığıdır. Yaqub Öməroğlu adi həyatında da söhbətlər zamanı sözlərini həssaslıqla seçir. Hətta ən əsəbi zamanlarında belə seçdiyi sözlərlə qarşısındakının xətrinə dəyməkdən, onu incitməkdən yayınır. Hekayələrini yazarkən isə bu həssaslığı ən üst səviyyəyə çatdırıb. Məsələn, "On dollar" hekayəsində sözü keçən gömrüyün hansı ölkəyə aid olduğunu yazmır, amma diqqətli oxucu bunu ayırd edə bilir. Hekayələrindəki hadisələrin qurğusu baxımından da ustalıq nümayiş etdirir. Yazdığı hekayə başda gizliliyini saxlayır, oxucunu maraqlandırır, diqqəti sonrakı hadisəyə çəkə bilir. "Çətin anlar" hekayəsi sanki bir dedektiv romanı təsiri bağışlayır. Bütün hekayələrinin obrazları sanki tanıdığımız, ətrafımızdakı insanlardır. Mətnlərin hamısında müxtəlif gözəl mesajlar var. Amma bu mesajlar oxucunu incitməyəcək şəkildə alt qatda verilir. Elə hekayənin də vəzifəsi qısa, lakonik təsvirlə dərin mesajlar ötürməsidir. Düşünürəm ki, Yaqub Öməroğlu "İki çinar" çox uğurlu oldu”.

AYB-nin katibi, Rəşad Məcid çıxışında Yaqub Öməroğlunu həm bir yazıçı kimi xarakterizə edib, həm də onun Türk dünyası üçün gördüyü faydalı işlərdən söz açıb: "Yaqub Öməroğlu təkcə Azərbaycandan deyil, bütün Türk dünyasından onlarla yazıçının, şairin əsərlərini Türkiyədə çap edib. Amma məlum oldu ki, hər kəsin kitabına, yaradıcılığına bu qədər can yandıran insanın öz bədii yaradıcılığını əks etdirən kitab yoxdur. Biz bundan çox mütəəssir olduq və qərara gəldik ki, Azərbaycan Yazıçılar Birliyi olaraq onun kitabını çap edək. Yaqub Öməroğlunun yaratdığı "Qardaş qələmlər" dərgisi on ildir ki, məhz bu missiyanı həyata keçirir. Yaqub Öməroğlu gördüyü işlərlə Türk dünyasının ən müxtəlif yerlərində özünə mənəvi abidə ucaldıb, insanların qəlbində sevgi məbədini yaradıb.

Avrasiya Yazarlar Birliyinin Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi ilə neçə-neçə nasirin üzə çıxmasına, özünəinamının yaranmasına, adının fərqli coğrafiyalarda eşidilməsinə şərait yaradıb. Keçirdiyi səhnə əsərləri müsabiqəsi ilə son zamanlar diqqətdən kənarda qalan dramaturgiyaya yenidən diqqət, maraq yaradıb. Birliyin təsis etdiyi və illərdir, Türk dünyasının ən parlaq imzalarına verilən "İlin Ədəbiyyat Adamı" mükafatı xüsusi önəm kəsb edir. 2012-ci ildə həmin mükafata Azərbaycanın Xalq yazıçısı Anar layiq görülmüşdü. Yaqub Öməroğlunun xarakteri, dəyərləri bilməsi və qoruması sayəsindədir ki, "İlin Ədəbiyyat adamı" mükafatı illərdən bəri öz sanbalını itirmir.

Eyni zamanda, Yaqub bəy gənc yazarları da unutmur. Avrasiya Yazarlar Birliyinin 2017-ci ildə keçirdiyi "Türk Dünyası Gənc Yazarlar Görüşü" müxtəlif ölkələrdən olan gənclərin bir araya gəlməsi, ustad yazıçılardan dərslər alması və bir-birini tanıması baxımından çox mühüm hadisə idi.

Biz ona yeni uğurlar diləyirik. Arzulayırıq ki, bütün bu işlərlə yanaşı, bədii yaradıcılığına da lazımınca diqqət ayırsın".

"İki çinar"ın tərcüməçilərindən biri olan şair Narıngül Nadir kitab münasibətilə müəllifi təbrik edərək düşüncələrini paylaşıb: "Yaqub bəyi həm bir yazıçı, həm də insan olaraq çoxdan tanıyıram. Onun "On dollar" hekayəsini vaxtilə tərcümə eləmişdim və "Ulduz" jurnalında çap olunmuşdu. Onun nasir kimi təhkiyəsi çox xoşuma gəlir. Onun hekayələri ilə tanış olandan sonra haqqında məqalə yazıb, tək-tək incələmiş, Yaqub Öməroğlunun nasir kimi özəlliklərindən bəhs etmişdim. Həmin məqalə "İki çinar" kitabında "Son söz əvəzi" çap olundu. İnşallah, bu kitabın davamı da gələr".

Ədəbiyyatçı alim Aysun Dəmirez Güneri çıxışında kitabı öncə elə Azərbaycan dilində oxuduğunu deyib: "Yaqub bəyin kitabını Azərbaycandan Türkiyəyə gətirmək mənə qismət oldu. Düzü, elə yoldaca oxumağa başladım və böyük zövq aldım. Tərcümə də o qədər gözəl idi ki, hətta hərdən bunların elə Azərbaycan dilində yazıldığını zənn elədim. Onun hekayələrini bu qədər güclü və oxunaqlı edən əsas cəhət müəllifin müşahidə qabiliyyətidir. İfadələri, təsvirləri açıqdır, söz oyunlarına girmir. Elə bu cəhətinə görə də mətnləri digər dillərə asan tərcümə olunur".

Şair Məmməd İsmayıl Yaqub Öməroğlunun gördüyü işlərdən, bir insan və türk dünyası aşiqi kimi xarakterindən bəhs edib. Deyib ki, o, son 10-15 ildə türk dünyasında bir çox ilklərə imza atıb.

Təqdimata Qaqauziyadan qatılan "Ana sözü" qəzetinin baş yazarı  Todur Zanet çıxışında deyib ki, "İki çinar" təkcə Yaqub Öməroğlunun deyil, bütün Türk dünyasının kitabıdır.

"İki çinar" kitabının Azərbaycan versiyasının redaktoru və tərcüməçilərindən olan Şahanə Müşfiq kitabdakı hekayələrin əsas özəlliklərindən və tərcümə, redaktə prosesindən bəhs edib: "Yaqub Öməroğlunun hekayələrini ara-sıra "Qardaş qələmlər" dərgisində görür və böyük maraqla oxuyurdum. Lakin Yaqub bəy təvazökarlığındanmı, işlərinin çoxluğundanmı, yoxsa özünə biganəlikdənmi bunları indiyədək kitab halında toplamayıb. Hətta biz "İki çinar" kitabı üzərində işləyərkən də Yaqub bəydən bəzi hekayələri göndərməsini dəfələrlə xahiş etməli olurduq. Ancaq onun Avrasiya Yazarlar Birliyi, "Qardaş qələmlər", Türk dünyası yazıçılarının tanıdılması, öyrənilməsi yolundakı işləri o qədər çox idi ki, öz hekayələrinə zaman ayıra bilmirdi. Nəhayət, bu hekayələr toplandı və belə dəyərli bir kitab ərsəyə gəldi. Kitabdakı "Afyon qaymaq" və "Çətin anlar" hekayələrini dilimizə çevirsəm də, redaktə işinə görə bütün hekayələrini çapdan qabaq oxumuşdum. Dillərimiz nə qədər yaxın olsa da, tərcümə prosesində bəzi çətinliklər hər zaman ortaya çıxır və məhz bu an biz fərqləri görürük. Təəccüblüdür ki, Yaqub bəyin hekayələrini tərcümə edərkən heç çətinlik çəkmədim. Düşünürəm ki, bu, onun təhkiyəsindəki sadəlik, axıcılıqla yanaşı, mövzularının, qəhrəmanlarının bizə yaxınlığı ilə əlaqədardır. Biz deyəndə təkcə azərbaycanlıları deyil, bütün Türk dünyasını nəzərdə tuturam. Yaqub bəyin hekayələrində bizim hamımızdan nələrsə var. Ona görə bu qədər doğma və özəldir.

Sevinirəm ki, Yaqub Öməroğlunun Türk dünyası ədəbiyyatı, yazıçıları üçün gördüyü işlərdən nəsibimi alanlardan biriyəm. Avrasiya Yazarlar Birliyinin 2017-ci ildə İstanbulda keçirdiyi "Türk Dünyası Gənc Yazarlar Görüşü"ndə Azərbaycanı təmsil edən dörd yazardan biri idim və şəxsi tanışlığımız da elə burdan başlamışdı. Həmin layihənin özü bu gün bizim türk dünyasının müxtəlif yerlərindən əlaqə saxlaya, fikir mübadiləsi apara bildiyimiz yazıçı dostları qazanmağımızda əvəzsiz rol oynadı. Eyni zamanda, bu il mənim "Şahanənin masalı" kitabım da Avrasiya Yazarlar Birliyi tərəfindən Türkiyədə çap olundu. Yaqub bəyin o kitab üzərindəki əməyi də unudulmazdır.

Ümid edirəm ki, dünyamızın üzərindən bu pandemiya bəlası çəkiləndən sonra "İki çinar"ın hər iki ölkədə təqdimatını və müzakirəsini keçirmək qismət olar".

Kosova Türk Yazarlar Biliyinin sədri Zeynal Beksaç çıxışında deyib ki, Yaqub Öməroğlu uzağı yaxın edən adamdır: "Mən bundan öncə Yaqub bəyin hekayələrindən xəbərsizdim. Düzü, bu kitabın Azərbaycanda çapına daha çox sevindim".

Çuvaşıstanlı yazıçı İlya İvanov isə deyib ki, "İki çinar" hamımızın gözlədiyi bir kitab idi.

Onlayn görüşə qatılanlar Yaqub Öməroğlunu təbrik edib, ona həm birlik sədri, həm də yazıçı kimi uğurlar arzulayıblar.

 

MEHRİ

 

525-ci qəzet.- 2020.- 13 may.- S.16.