"Heydər Əliyev
və Azərbaycan nitq
mədəniyyəti" -elmə sanballı töhfə
Bu il aprel ayının 27-də Azərbaycan
Respublikasının elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyası təqdim olunmuş əsərlərin
siyahısını təqdim etdi.
Elm sahəsi
üzrə təqdim olunmuş 14 əsərdən biri də
Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər
kafedrasının dosenti, tibb üzrə fəlsəfə
doktoru, AMEA Dilçilik İnstitutunun elmlər doktoru
hazırlığı üzrə dissertantı Nağdəli
Tapdıq oğlu Zamanovun "Heydər Əliyev və Azərbaycan
nitq mədəniyyəti" dördcildlik
külliyatıdır. 2020-ci ilin 25 fevralında Azərbaycan
Tibb Universiteti böyük elmi şurası tərəfindən
Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasına (DMK) təqdim olunmuş bu
külliyat 2040 səhifə həcmində olmaqla 4 cilddən,
63 fəsil və yarımfəsildən, Heydər Əliyev
dilində səslənən frazeologizmlər lüğətindən
ibarətdir.
Təsadüfi deyildir ki, son illər prioritet sahə kimi
dil məsələləri diqqət mərkəzindədir. Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" 23 may 2012-ci il tarixli sərəncamına, Prezidentin
AMEA-nın 70 illik yubileyində dilimizlə bağlı parlaq
çıxışındakı müddəalara, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizi
dünyaya yaymaq missiyasına söykənən bu külliyat
müasirliklə səslənməsinə görə
seçilir.
N.Zamanov 2009-cu ildən etibarən Ulu öndər Heydər
Əliyevin nitqlərinin araşdırılması ilə məşğuldur. 2017-ci ildə
AMEA Dilçilik İnstiutunun Elmi şurasında elmlər
doktorluğu hazırlığı üzrə "Heydər
Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və
üslubi-qrammatik xüsusiyyətləri" mövzusu təsdiqlənmişdir.
Mövzu AMEA humanitar bölmədə (bölmə
rəhbəri akademik Teymur Kərimli), eləcə də
filologiya sahəsində koordinasiya şurasında
(şuranın sədri akademik Rafael Hüseynov) yekdilliklə
öz təsdiqini tapmışdır. Keçən
müddət ərzində 50-dən yuxarı məqalə vətən
və xarici elmi jurnallarda nəşr olunaraq mövzunu əhatə
etmişdir.
Nağdəli müəllim beynəlxalq və respublika
miqyaslı elmi konfranslarda bilavasitə çıxış
etmiş, Heydər Əliyev irsinin təbliğində aktiv
iştirakı ilə seçilmişdir.
Ümumiyyətlə, hər bir fəsil və yarımfəsildən
danışarkən bunun ilk dəfə dosent Nağdəli
Zamanov tərəfindən araşdırılmasını qeyd
etmək lazımdır. O, Heydər Əliyevin nitqləri barədə söylənilən
fikirlərə hörmət edərək, yeri gəldikcə
istinad edərək kompleks araşdırmanın şəriksiz
müəllifi olmuşdur. Əksər fəsillərlə
bağlı novatorluq müəllifin özünə aid olub
heç bir ədəbiyyatda, nə yerli, nə də xarici ədəbiyyatda
rast gəlmir. "Heydər Əliyevin nitqində poetik
duyğular", "Heydər Əliyevin nitqində dini
üslub", "Heydər Əliyevin nitqində səmimiyyət,
qətiyyət, nikbinlik, fəlsəfilik, proqnozlar",
"Heydər Əliyevin nitqində müqayisələr",
"Heydər Əliyevin nitqində antroponimik
sıralanmalar", "Heydər Əliyevin nitqində əsas
və köməkçi nitq hissələrinin üslubiyyat
yaratması", "Heydər Əliyevin nitqində sinonimlər",
"Heydər Əliyevin nitqində frazeologizmlər" kimi fəsil
və yarımfəsillər, eləcə də frazeologizmlər
lüğəti heç bir siyasi natiqlikdə, nitq mədəniyyəti
rəhbərliklərində təsadüf olunmur. Tələbələrin nitq mədəniyyəti fənni
üzrə stolüstü dərsliyinə çevrilmiş bu
monoqrafiyaların 2013-cü ildə çapdan
çıxmış I cildində Heydər Əliyev nitqlərindəki
giriş və sonluqları, nitqin ekspressivliyini gücləndirən
nitq ünsürlərini (səmimiyyət, qətiyyət,
nikbinlik, proqnozlar, fəlsəfi fikirlər, poetik duyğular),
üslubları (elmi, publisistik, məişət, dini) tədqiqata
cəlb etmişdir. Dosent Zamanov I cildin I fəslini
Ulu öndərin Azərbaycan dilinin müdafiəsinə həsr
etmişdir. Bu fəsildə müəllif yazır:
"Azərbaycan dilinin hakim mövqe tutması yolunda Heydər
Əliyev qətiyyəti tam ciddiyyəti ilə işə
düşür".
"Heydər Əliyevin nitqlərində girişlər
və sonluqlar", "Heydər Əliyevin nitqlərində
məntiqi ardıcıllıq" fəsilləri ilə
böyük natiqin nitq arxitektonikasını açıqlaya
bilmişdir.
Monoqrafiyanın
III fəslində dosent Zamanov gərgin iş apararaq
çıxışların yaddaqalan olmasını təmin
edən giriş və sonluqları ictimai-siyasi dövrlərdən,
auditoriyaların növündən, zaman və
məkandan və s. asılı olaraq araşdırmağa
müvəffəq olmuşdur.
Heydər Əliyevin nitqində məntiqi
ardıcıllıq adlı IV fəsildə tədqiqatçı
nitqin məntiqi tərəflərinə toxunmuşdur. Müəllifin bu barədə
mülahizələri maraqlıdır: "Heydər Əliyev
nitqinə daxilən xas olan məntiqi ardıcıllıq
müxtəlif üslublarda və müxtəlif
çeşidli auditoriyalarda özünü göstərir.
Monoqrafiyanın V fəslində N.Zamanov Heydər
Əliyevin nitqində fəlsəfi fikirləri tədqiqata cəlb
edərək Ulu öndəri mütəfəkkir-filosof kimi təqdim
edə bilmişdir. Heydər Əliyevin nitqində səmimiyyət
adlı VI fəslin sonluğunda seçmələr edərək
maraqlı bir fəsil ərsəyə gətirməklə səmimiyyətin
Heydər Əliyev nitqlərinin nüvəsini təşkil
etməsini gündəmə gətirir.
Monoqrafiyanın
bir mühüm fəsli də, indiyədək heç yerdə
öyrənilməyən "Heydər Əliyevin nitqində
poetik duyğular"a həsr olunmuşdur. Poetik
duyğularla gərgin ictimai-siyasi situasiyaları doğru məcraya
yönəltmək kimi Heydər Əliyev nitq
ustalığı öyrənilmişdir.
Elmi terminologiyalarla zənginliyi ilə seçilən, məntiqi
təfəkkürə söykənən, ümumiləşdirmələrə
və nəticələrə gətirib çıxaran elmi
üslub ilk dəfə Nağdəli müəllim tərəfindən
Heydər Əliyevin nitqində
araşdırılmışdır. Bu üslub Heydər
Əliyevin beynəlxalq konfranslardakı, sessiyalardakı
çıxışları əsasında öyrənilmiş,
digər üslublarla əlaqəyə diqqət
yetirilmişdir. Elmi üslubun tələb
etdiyi iri, mürəkkəb cümlələr Heydər
Əliyev nitqində də özünü bariz şəkildə
göstərir. Lakin bu cümlələr
sadəcə elmi üslubun tələb etdiyi kimi iri cümlələr
yox, digər nitq elementləri ilə - sinonimlərlə, təkrarlarla,
frazeoloji birləşmələrlə və ədatlarla
qüvvətlənən iri cümlələrdir.
Bu cilddə müəllif eləcə də üslublara
ciddi əhəmiyyət verir. Heydər Əliyevin
nitqlərinin təküslubluğa
sığmadığını, müxtəlif
üslubların harmoniyasından ibarət olduğunu göstərə
bilmişdir.
Məişət üslublu çıxışları
tədqiq edərək Heydər Əliyev dühasının
bir çox xarakterlərini xalq üçün, millət
üçün açmış olur. Dini üslubla bağlı
müəllif yazır: "...Heydər Əliyevin dini
üslubdakı çıxışları dövlətçilik
elementləri ilə zəngindir. Gənc nəslin
dövlətçilik ideyalarını mənimsəməsində,
dini inancların dövlətçilik ilə
harmoniyasını yaratmaqda bu üslub çox dəyərlidir".
2014-cü ildə işıq üzü
görmüş monoqrafiyanın II cildində N.Zamanov tərəfindən
Ulu öndərin çıxışlarında əsas və
köməkçi nitq hissələrinin, eləcə də
frazeoloji birləşmələrin, sinonimlərin üslubiyyat
yaratmasını ciddiyyətlə araşdırılmışdır.
N.Zamanovun monoqrafiyasının II cildində II fəsil
"Heydər Əliyevin nitqlərində köməkçi
nitq hissələri" adlanır. Müəllif II fəslin girişində
təsadüfən yazmır: "Heydər Əliyevin nitqlərinin
tədqiqi belə bir fikir söyləməyə əsas verir
ki, ulu öndərin nitqlərində ekspressivlik qazandırmaq,
əlvanlıq yaratmaq baxımından əsas və köməkçi
nitq hissələri arasında xüsusi bir sədd yoxdur".
Akademik Nizami Cəfərov monoqrafiyanın III cildinə
yazdığı ön sözdə bu barədə yazır:
"Dosent Zamanov etika və estetikanı siyasi lider nitqində
haqlı olaraq ümumfəlsəfi qanunlara tabe olan
ayrı-ayrı fənlər səviyyəsində təqdim edə
bilib. Etik dəyərləri araşdırarkən
müasir etikanın tələblərinə uyğun olaraq
monoqrafiyada Heydər Əliyevin nitqində dil etikası, dini
etika, təhsil etikası, tibbi etika, ekoloji etika, etika və
siyasət, hüquqi etika kimi fəsillərə ayırır.
Maraqlısı odur ki, bütün bu
"etikalar"ın sadə, anlaşıqlı bir dildə
auditoriyalara çatdırılması müasir Azərbaycan
dilinin imkanları hesabına araşdırılır.
İki böyük hissədən ibarət olan
monoqrafiyanın "Etika" bölməsində müəllif
Aristotelin, Kantın etik kredolarını sadalayır, sonra Heydər
Əliyevin insanlığa münasibətdə etik kredosu
sayılan ifadələri sıralayır. Elə bu cildi
dosent N.Zamanov AMEA Fəlsəfə İnstitutu ilə əlaqədə
işləmiş, İnstitutun direktoru İlham Məmmədzadə
isə cildin elmi rəyçisi olmuşdur. 2018-ci ilin dekabr ayında AMEA Dilçilik
İnstitutunda Tibb Universitetinin əməkdaşlarının
da iştirak etdiyi III cildin təqdimat mərasimi tibb və
dilçilik sahə alimlərini bir araya gətirdi.
Monoqrafiyasının IV cildində müəllif Ulu
öndərin nitqlərində frazeologizmlərin
araşdırılmasına diqqət yetirmişdir. Akademik Nizami Cəfərovun
ön sözü ilə başlayan bu cilddə frazeologizmlərin
araşdırılmasına yeddi fəsil həsr olunmuşdur
ki, bu fəsillər novatorluğu ilə nitq mədəniyyətimizin
inkişafına mühüm töhfədir. "Heydər Əliyev xarakteri frazeologizmlərdə"
fəsli xüsusi bir maraq kəsb edir. Müəllif
təsadüfən yazmır ki, görkəmli söz sənətkarlarının
xarakteri onların əsərlərindəki frazeologizmlərlə
səciyyələnə bilər. Dosent
N.Zamanovun təkcə somatik frazeologizmlərlə bağlı
iqtibas etdiyi vətən və xarici ədəbiyyatın
çoxluğu onun monoqrafiyanın yazılmasına ciddi məsuliyyət
hissindən xəbər verir.
Monoqrafiyada diqqət çəkən ən vacib məqam
siyasi natiq dilində səslənən frazeologizmlərin
lüğətinin tərtibidir. Lüğətdə
frazeologizmlərin mənasının aydın olması
üçün müəllif onları cümlə şəklində
vermişdir. Hər bir frazeologizmin izahı
ilə yanaşı, onun siyasi səhnədəki mənası
da ayrıca açıqlanmışdır.
Ayrıca
qeyd etmək yerinə düşər ki, 2018-ci ildə AMEA
Folklor İnstitutunun elmi şurasının qərarı ilə
çap olunmuş "Aşıq Şəmşir
yaradıcılığında fəlsəfi fikirlər"
monoqrafiyası və görkəmli yazıçı, ədəbiyyatşünas
alim və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr
olunmuş Respublika elmi-nəzəri konfransında "Mir Cəlalın
"Açıq kitab" romanında Azərbaycan dilinin
müdafiəsi", Böyük Azərbaycan şairi Molla Pənah
Vaqifin 300 illik yubileyinə həsr olunmuş "M.P. Vaqif və
müasirlik" mövzusunda Respublika elmi-praktik konfransında
"Azərbaycan estetik dünyagörüşünün
formalaşmasında Molla Pənah Vaqif
yaradıcılığının rolu", böyük Azərbaycan
şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş
konfransda "Nəsimi yaradıcılığında
söz" məqalələri Nağdəli müəllimin
təkcə dilçilik sahəsinə yox, həm də ədəbiyyatımıza,
folklorumuza, fəlsəfəmizə dərindən bələdliyini
sübut edir.
Nağdəli
müəllimin monoqrafiyalarının III və IV cildləri
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun elmi şurasının qərarı ilə
çap edilmişdir. Dövlət
Mükafatları Komissiyasının nizamnaməsində təqdim
olunmuş əsərlərin yayılma dərəcəsinə
diqqət yetirilir ki, müəllifin külliyatı elmi ictmaiyyət
və geniş oxucu kütləsi arasında geniş
yayılmışdır. Belə ki,
monoqrafiyalara indiyədək 39 rəy verilmiş, bu rəylər
mərkəzi mətbuatda, elmi jurnallarda yer almışdır.
Eləcə də, müəllif 10 dekabr 2015-ci
ildə AMEA-nın Rəyasət Heyətində "Heydər
Əliyev və natiqlik sənəti" mövzusunda məruzə
etmişdir. Monoqrafiyalara Aşıq Şəmşir
Mədəniyyət Ocağı İctimai Birliyində
(14.06.2013), AMEA-da (04.03.2014), ATU-da (01.12.2015), ATU-da (16.05. 2016),
2 saylı Bakı Baza Tibb Kollecində (13.05.2016), AMEA-da
(07.12.2018) təqdimatar keçirilmişdir. Monoqrafiya Təhsil
nazirliyi tərəfindən ali məktəblərin
birinci kurslarında "Nitq mədəniyyəti" fənninin
tədrisi üçün dərs vəsaiti kimi tövsiyə
olunmuşdur.
Sonda ümidvar olduğumuzu bildirmək istəyirik ki, Azərbaycan
Respublikasının elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyası bu kompleks elmi-tədqiqat
işini layiqincə dəyərləndirəcək.
Möhsün NAĞISOYLU
AMEA-nın həqiqi üzvü, AMEA
Nəsimi adına
Dilçilik İnstitutunun direktoru
525-ci qəzet.- 2020.- 13 may.- S.18.