Akademikin elmi
axtarışları
Hər bir elmi-nəzəri tədqiqatın səmərəlilik
əmsalı, heç şübhəsiz ki, onun praktikaya tədbiqinin
faydası ilə ölçülür.
Elmin bütün sahələrinə dövlət və
ictimai maraq da bu faktlardan çox asılıdır. Elmin elə
sahələri var ki, onlardan formalaşan nəzəri fikirlər
bəzən uzun bir eksperiment müddəti tələb edir.
Elmin elə sahələri də var ki,
onların nəzəri əsasları çox tezliklə, hətta
bəzi hallarda formalaşdığı andan praktiklərin
diqqətini cəlb edir və bu tədqiqatlar milli
iqtisadiyyatın, milli marağın yüksəldilməsini təmin
edir. Belə elmi sahələrdən biri
geologiya-minerologiyadır.
Planetimizin bir çox regionlarında məhz
geologiyanın səmərəli tədqiqatçılarının
axtarışları nəticəsində bəşəriyyətin
müasir inkişafını təmin edən faydalı
qazıntılar kəşf edilmiş, onların istehsalı və
praktikaya cəlb edilməsi prosesi sürətlənmişdir. Bizim Azərbaycanımız
da yeraltı və yerüstü sərvətləri ilə
dünyaya bir nümunədir. Hələ
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
dövründə ölkəmizdə geologiyanın
inkişafı, Yer təkinin müasir standartlara cavab verən
tədqiqatlar kontekstində işlənməsi kimi vacib bir
problemə dövlət diqqəti təmin edilmişdi.
Prezident İlham Əliyev isə "Yerin təkinin geoloji
öyrənilməsinə və mineral xammal bazasından səmərəli
istifadəyə dair 2020-2024-cü illər üçün
Dövlət Proqramı"nın
hazırlanmasına tapşırıq vermiş, proqramın
qüvvəyə minməsi barədə xüsusi sərəncam
imzalamışdır.
Göstərilən
Dövlət proqramında respublikamızda Yerin təkinin
öyrənilməsi ilə bağlı mövcud vəziyyət,
Dövlət Proqramının məqsədləri, əsas
istiqamətləri, bu proqramdan gözlənilən nəticələr,
proqramın həyata keçirilməsi üzrə tədbirlər
planı və s. məsələlər öz əksini
tapmışdır. Azərbaycan elmi-praktik mühitində də
geoloji problemlərin həllinə yönələn iki
mühüm məkan fəaliyyət göstərir: Milli Elmlər
Akademiyası, Bakı Dövlət Universitetinin Geologiya
fakültəsi və xüsusilə bu fakültədə
öz göstəriciləri, alimləri ilə elmi-ictimai
fikirdə ayrıca yeri olan "Yerin təkinin aerokosmik tədqiqatları"
laboratoriyası.
Aydındır ki, hər bir sahənin uğuru bu sahədə
çalışanların bacarığından
asılıdır. Bakı Dövlət Universitetində geologiyanın bir
elm kimi inkişafında və bu elmi-nəzəri nəticələrin
praktik həyata tətbiqində misilsiz rol oynamış və
bu gün də həmin vəzifəni layiqincə yerinə
yetirən bir geoloq-alim var: akademik Vasif Babazadə. Vasif Babazadə geologiya-mineralogiya elmləri doktoru,
professordur, AMEA-nın həqiqi üzvüdür. Hazırda BDU-nun
"Faydalı qazıntılar" kafedrasının
müdiridir, həmin Universitetdə özünün
yaratdığı Yer təkinin aerokosmik tədqiqatları
elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Bu sahələrdə göstərdiyi titanik fəaliyyətinə
və istehsalata tətbiq olunan saysız-hesabsız elmi tədqiqat
əsərlərinə görə dövlətimiz tərəfindən
Respubilka Dövlət mükafatına, Əməkdar elm xadimi
kimi şərəfli adlara layiq görülmüşdür.
Akademik
Vasif Babazadə indiyədək nəşr etdirdiyi çoxsaylı
dərslik, dərs vəsaiti, monoqrafiyalar və elmi məqalələri
ilə keçmiş SSRİ məkanında, bugünkü
MDB ölkələrində və beynəlxalq Elmi Mərkəzlərdə tam
şəkildə qəbul olunmuş, əsərləri
dünyanın bir çox nüfuzlu alimləri tərəfindən
yüksək qiymətləndirilmişdir. Alimin bu əsərlərindən
az bir hissəsinin adlarını çəkməklə
onun Azərbaycan geoloji mühitinə gətirdiyi yenilikləri
və həmin əsərlərin praktikaya-istehsalata tətbiqinin
hansı dividendlər gətirdiyini görmək çətin
olmaz. Monoqrafiyaları: "Azərbaycanın
filiz formasiyaları" (Bakı 1990), "Mis və molibden
porfir yataqları" (Bakı,1990), "Azərbaycanın
filiz formasiyaları və metallogenik zonaları" (Bakı,
2003), "Aralıq dənizi qurşağının endogen
filiz formasiyalarının formalaşma təkamülü"
(Moskva, 2007), "Aralıq dənizi
qurşağı Qafqaz seqmentinin faydalı qazıntı
yataqlarının tektonik inkişafı, geodinamik formalaşma
şəraiti və yerləşmə qanunauyğunluğu (Azərbaycan)"
(Bakı, 2009) və s.
Akademik Vasif Babazadənin əsərləri həm elmi
ictimaiyyət, həm də rəsmi dövlət dairələrinin
həmişə diqqətində olmuşdur. Akademik
özünün elmi fəaliyyəti kontekstində birmənalı
olaraq dövlətçilik, azərbaycançılıq,
milli maraqlar sistemini həmişə rəhbər tutmuşdur.
Təsadüfi deyil ki, V.Babazadənin Milli Elmlər
Akademiyasında geologiya-mineralogiya sferasındakı bir
çox rəsmi qurumlarda fəallığını,
işgüzarlığını göstərən xeyli fakt
mövcuddur. Onun elmi fəaliyyətinin qiymətləndirilməsi
və xüsusi bacarığının nəzərə
alınması faktı özünü bir də onda göstərir
ki, alim "Yerin təki haqqında" Azərbaycan
Respubilkası Qanunun müəlliflərindən biridir,
Qafqazın filiz yataqları üzrə ekspertdir, AMEA-nın
"Yer elmləri" bölməsi bürosunun
üzvüdür. Alim AMEA Rəyasət heyəti nəzdində
"Regional elmi mərkəzlər" üzrə büronun,
Ekologiya və Təbii Sərvətlər nazirliyinin "Ekstremal
hallara qarşı" Elmi
Şuranın, Azərbaycan Geoloqları Milli Komitəsinin, Rusiya EA-nın
Regional işçi qrupunun, Avroasiya Universitetləri Tədris-Metodiki
Birliyi "Geologiya" bölməsinin üzvüdür. Bizə elə gəlir ki, akademikə bir elm adamı
kimi etibar edilən bu vəzifələr onun elmi fəallığının
göstəriciləri kimi qiymətləndirilə bilər.
Bütün bunlarla yanaşı, Vasif Babazadə bir
Universitet əməkdaşıdır. Bakı
Dövlət Universiteti elmi məkanda ona qanad verən, onun
eksperimentlərini dəstəkləyən, onu bir müəllim,
bir elm xadimi kimi yüksək qiymətləndirən müqəddəs
bir məkandır. Vasif Babazadə BDU-da uzun müddət
Geologiya-Coğrafiya fakültəsinin dekanı olmuş, bu
gün özünün yaratdığı "Faydalı
qazıntılar" kafedrasına, Yer ehtiyatlarının
aerokosmik tədqiqatları kimi məhsuldar bir Elmi Tədqiqat
laboratoriyasının müdiridir. O, BDU Elmi
Şurasının üzvü, Universitet Elmi-Metodik
Şurasının sədridir. Vasif müəllim
habelə Respublika Təhsil Nazirliyinin müraciət etdiyi bir
alim kimi bu nazirliyin Elmi-Metodik Şurası Rəyasət heyətinin
üzvüdür.
Ömrünün indiyə qədərki bütün fəaliyyət
dövrünü bitirdiyi, böyüdüyü,
uğurlarının başında duran doğma Bakı
Dövlət Universiteti belə bir alimlə bu gün qürur
duymaqdadır.
Bu Universitetin Elmi Şurası akademik Vasif Babazadənin
elmi yaradıcılığını əks etdirən əsərlərini
Azərbaycan Respubilkasının Elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə 2020-ci ilin Dövlət
Mükafatına təqdim etmişdir. Mükafata
təqdim olunan kitabların əsas hissəsi birbaşa Vasif
Babazadənin özünəməxsusdur, bəzilərində
isə müştərək müəlliflərlə birgə
yazılmış əsərlərdir. Hər iki formata
aid olan kitabların təkcə qarşıya qoyduğu mövzular onların səmərəlilik
əmsalından xəbər verir: "Azərbaycan
qızılı" (Bakı, 2003), "Azərbaycan
mineral-xammal resursları" (Bakı, 2005), "Azərbaycanın
kosmotektonik xəritəsi", (Azərbaycan, rus, ingilis dillərində)
(Bakı, 2007), "Aralıq dənizi qurşağının
Qafqaz seqmentinin (Azərbaycan) tektonik inkişafı, geodinamik
formalaşması və faydalı qazıntı
yataqlarının yerləşmə qanunauyğunluqları"
(rus dilində), (Bakı, 2009) və s. bu tipli kitab və kitab-xəritə
formatlı nəşrlər akademikin elmi uğurlarının
göstəricisi kimi qiymətlidir. Adını
çəkdiyimiz bu əsərlər haqqında Azərbaycanın
ayrı-ayrı mətbuat orqanlarında maraqlı rəylər
dərc olunmuşdur.
"Azərbaycan qızılı" kitabında
akademik Vasif Babazadə ölkəmizin ərazisində təşəkkül
tapmış qızıl yataqlarının təsnifatını,
onların formasiya mənsubiyyətlərini müəyyən
etmiş, geoloji-genetik modellərini işləyib
hazırlamışdır. Digər bir monoqrafiyada Vasif Babazadə
həmmüəllif olaraq Azərbaycanın faydalı
qazıntı yataqlarının əmələ gəlmə
şəraiti, onların yerləşmə
qanunauyğunluqları, proqnozlaşdırılmasının
elmi əsasları, struktur-formasion zonaların mineral
resurslarının çeşidli növlərinin gələcək
səmərəsinin qiymətləndirilməsi kimi milli elmi
maraq kəsb edən problemləri tədqiq etmişdir. Alimin komissiyaya təqdim edilən əsərlərinin
hər birində onun Azərbaycan və azərbaycançılıq
naminə fəaliyyəti öz ifadəsini
tapmışdır. Bir də təkrar etmək
istərdik ki, Vasif Babazadənin geologiya-mineralogiya problemlərinə
dair tədqiqatları istər ayrı-ayrılıqda, istərsə
də kompleks şəkildə bu sahəyə dair yuxarıda
xatırlatdığımız Dövlət Proqramının
həyata keçirilməsində rolu olan qiymətli mənbələr
sırasındadır. Bu mənada akademikin redaktorluğu
və saysız-hesabsız elmi məqalələri ilə zəngin
olan "Azərbaycanın mineral-xammal resursları" (50,5 çap vərəqi həcmində)
kitabını xüsusi qeyd etmək istərdik. 21 fəsildən ibarət fenomenal kitabın bir
çox fəsilləri Vasif Babazadənin əsərlərindən
ibarətdir. Qalan fəsillərdə alimin
imzasını göstərən çox sayda bölmələr
var. Bütövlükdə bu kitabda toplanan tədqiqat əsərləri
başda akademik Vasif Babazadə olmaqla, neçə-neçə
nüfuzlu müəllifin iqtisadiyyatımıza səmərə
vermiş və gələcəkdə də səmərə
verə biləcək elmi tədqiqatlar kimi qiymətlidir.
Akademik Vasif Babazadə Bakı Dövlət Universitetində
geologiya-mineralogiya sahəsində elmi-pedaqoji kadrlar
hazırlığında çox ciddi əməyi olan bir
alimdir. Onun hazırladığı kadrlar bu gün həm
fakültə tərkibində, həm də geoloji
axtarışlar sektorunda yüksək səviyyəli alimlər
kimi öz elmi-nəzəri əsərləri ilə ictimai
fikrin diqqət mərkəzindədirlər. Onların sayı
çoxdur. Hətta Vasif müəllimin yetişdirdiyi
kadrlar sırasından - birinin Yer elmləri üzrə elmlər
doktoru, "Faydalı qazıntılar" kafedrasının
dosenti Şəhla Abdullayevanın da Vasif Babazadə ilə həmmüəllif
olduğu əsərləri eyni vaxtda BDU Elmi Şurası tərəfindən
Dövlət Mükafatı Komissiyasına təqdim
olunmuşdur. Şəhla xanım etnogen filizləşdirmə
problemi və metallogeniya sahəsində öz əsərləri
ilə artıq kifayət qədər tanınmış ilk Azərbaycan
qadın alimidir. Onun Kiçik Qafqazın qızıl
yataqları, Kiçik Qafqaz dağ sistemində əlvan metal və
mis-porfir yataqları və s. barədə əsərləri
elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Şəhla xanım ABŞ, Avropa Birliyi,
İsveçrə kimi ölkələrin geoloji kəşfiyyatlara
dair qrant layihələrinin qalibidir. O, həmçinin,
Azərbaycan Respublikası Prezidenti yanında "Elmin
inkişafı Fondu"nun qrant layihəsinin qalibidir,
Gürcüstan MEA-nın A.T.Valçrelidze adına
mükafatına layiq görülmüşdür. Şəhla Abdullayevanın akademik Vasif Babazadə ilə
birgə rus dilində nəşr edilmiş
"Blaqorodnometalğnıe rudno - maqmatiçeskie
sistemı" (2012) kitab nüfuzlu Azərbaycan,
Gürcüstan alimləri tərəfindən yüksək
qiymətləndirilib. Dövlət
mükafatına təqdim olunmuş əsərlər
sırasında bu kitab qızıl mədənlərinin
proqnozlaşdırılması, axtarışı, kəşfiyyat
prinsipləri və bütövlükdə geologiyanın bir
çox sahələri ilə məşğul olan mütəxəssislər
üçün qiymətli bir əsərdir. Yuxarıda qeyd etdiyimiz kimi, hər iki müəllifin
öz əsərlərini həm də rus dilində meydana
qoyması bu əsərlərin dünya çapında yer
tutmasına şərait yaradır. Ümid edirik ki, Azərbaycan
Respublikası Prezidentinin xüsusi diqqətində olan
"Yerin təkinin geoloji öyrənilməsinə və
mineral xammal
bazasından səmərəli istifadəyə dair
2020-2024-cü illər üçün "Dövlət
Proqramı"nın bütün parametrlərinə
işıq saça biləcək bu əsərlər Azərbaycan
Respubilkasının Elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyası tərəfindən layiqincə
qiymətləndiriləcək.
Bahadur QƏLƏNDƏROV
professor
Cahangir MƏMMƏDLİ
professor
525-ci qəzet.-
2020.- 13 may.- S.19.