Əsərləri ilə yaşayan
unudulmaz ədib
GÖRKƏMLİ
YAZIÇIMIZ ALTAY MƏMMƏDOVUN 90 İLLİYİNƏ
Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən
biri, nasir, dramaturq, alim, pedaqoq Altay Məmmədovun
bütün həyatı doğulub boya-başa
çatdığı Gəncə şəhəri ilə
bağlı olub.
O, Gəncəni
əyalət şəhəri deyil, qədim, köklü ənənələrəə
malik mədəniyyət mərkəzi kimi təqdim edən,
şəhərin mədəni həyatında müstəsna
xidmətləri olan bir ədib idi. Əsərləri dünyanın
müxtəlif ölkələrində tamaşaya qoyulan,
çap edilən Altay müəllim doğma şəhərini
heç bir zaman tərk etmədi. Onun duruşunda Gəncənin
xan çinarlarının əzəməti vardı. Çəliklə
gəzməsinə baxmayaraq, şax duruşu, eynək
arxasından nüfuzedici, səmimi, bir az kədərli
baxışları, hər kəslə nəcib, hörmətli
davranışı, özünəməxsus şirin danışıq
diksiyası, müsbət aurası ilə ətrafdakıları,
yaşlıları və gəncləri, ədəbiyyata yeni
qədəm basanları, tələbələrini cəlb
edirdi.
Həssas
qəlbi ilə insanların mənəvi dünyasının
dərinliklərinə nüfuz etdiyinə görə əsərləri
oxucu məhəbbətini qazandı, ondan sonrakı dünyada
onu unutmğa qoymadı, yaşatdı.
Altay
müəllim ədəbiyyata həyatdan gəlmişdi,
uşaqlıq gənclik illərində çox
ağrı-acılar görmüşdü. Sonrakı illərdə
də əsrlərdən bəri yaxamızdan əl çəkməyən
həsəd və paxıllıqdan qaynaqlanan zərbələrə
məruz qalmışdı.
Altay Yusif
oğlu Məmmədov 1930-cu ilin 15 mayında Gəncə
şəhərində dünyaya gəlmişdi. Atası
Stalin repressiyalarının qurbanı olmuş, bəraət
alana qədər qardaşı ilə "xalq düşməni",
nin oğlu damğasının bütün
acılarını dadmış, anası Qönçə
xanımın himayəsi altında
böyümüşdü. O ağır sınaq illəri,
anasının işıqlı xatirəsi sonradan onun əsərlərində
("Bəraət", "Anam qocalmışdı" və
s.) əksini tapdı. Gəncənin 4 saylı fəhlə-gənclər
məktəbini bitirmiş, 1943-49-cu illərdə saatsaz
şagirdi, usta köməkçisi, usta işləmişdi. 1953-cü
ildə Həsən bəy Zərdabi adına Gəncə
Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini
fərqlənmə diplomu ilə bitirmiş, institutun Azərbaycan
ədəbiyyatı fakültəsində baş müəllim
vəzifəsində saxlanmışdı. Ötən əsrin
50-ci illərində "Gəncə fəhləsi" qəzetində
müxtəlif vəzifələrdə
çalışmış, özünün dediyi kimi, bir
sıra əsərlərinin mövzusu jurnalist kimi fəaliyyət
göstərdiyi zaman müxtəlif yerlərdən oçerk
yazarkən ağlına gəlmişdi. Altay müəllim
ömrünün sonuna qədər Gəncə Dövlət
Pedaqoji İnstitutunda çalışdı, burada işlədiyi
dövrdə tələbələrin, gənclərin, müəllimlərin,
böyük hörmətini qazandı. 1970-74-cü illərdə
elmi işlər üzrə prorektor oldu. Ədəbi fəaliyyətə
1950-cu ildə "Ədəbiyyat" qəzetində dərc
etdirdiyi "Fəhləlikdən alimliyə" adlı
oçerklə başlamışdı. Həyat göstərdi
ki, fəhləlikdən alimliyə gedən yol elə Altay
müəllimin özünün taleyinə də
yazılıbmış. O, 1964-cü ildə professor Mir Calal
Paşayevin rəhbərliyi ilə "Cəfər
Cabbarlının "1905-ci ildə" dramı"
mövzusunda yazdığı dissertasiyaya görə filologiya
elmlər namizədi alimlik dərəcəsini
almışdır.
1958-ci ildə
işıq üzü görən "On birinci açar"
kitabı Altay Məmmədovun simasında nəsrimizə yeni
bir nəfəsin gəldiyindən xəbər verirdi. O, ilk
kitabından lirik hekayələr ustası olduğunu sübut
etdi. Ədəbi tənqid də gənc
yazıçının insanların mənəvi
dünyasına işıq sala bilmək
bacarığını, mövzularının həyatiliyini,
fikrini izah etmək tərzinin özünəməxsusluğunu,
dilinin şirinliyini xüsusi olaraq qeyd etdi. Ən vacibi bu əsərlər
geniş oxucu məhəbbətini qazandı. Ədəbiyyat
tariximizi dərindən bilən Altay müəllim hekayəçiliyimizin
inkişaf yolunu ayrıca araşdırmış, "Azərbaycan
hekayəsi" adlı sanballı bir monoqrafiya
yazmışdı. Bu əsərində o, hekayəçiliyimizin
şifahi xalq ədəbiyyatı nümunələrindən,
qaravəllilər, rəvayətlər və mənzum hekayələrdən
keçən ilkin mərhələsini izləmiş, mətbuatda
dərc edilən ilk klassik realist hekayənin Cəlil Məmmədquluzadənin
"Poçt qutusu" əsəri olduğunu göstərmiş,
onu Azərbaycan hekayəsinin manifesti
adlandırmışdı. Realist Azərbaycan hekayəsində
ədibin ən çox dəyərləndirdiyi həyatilik və
lakoniklik idi. Hekayələrində və yeganə romanında
Altay Məmmədovun Əbdürrəhim bəy Haqverdiyev,
İlyas Əfəndiyev və Ənvər Məmmədxanlının
lirik nəsrinin ənənələrini davam etdirdiyini
görürük.
Onun
bir-birinin ardınca meydana çıxan "İkinci məhəbbət"
(1960), "Məhəbbət və gülüş" (1963)
"Tökülən yarpaqlar" (1966) "Məhəbbətin
səsi" (1968) "Gülab nəfəsli" (1970)
"Yadigar bulaq" (1977) hekayə toplularında həmin
dövr insanının daxili aləmi, həyatdakı
bütün çətinliklərə baxmayaraq, mənəvi
simasını saxlamaq uğrunda mübarizəsi, bu mübarizədəki
qələbəsi və acı məğlubiyyəti əksini
tapmışdır. "Məhəbbətin səsi" hekayəsində
gənc həkimlə müğənni qızın bir-birinə
aşiq olmasından, oğlanın atasının təkidi ilə
müğənni qızdan imtina etməsindən, onun bundan
sonrakı vicdan əzablarından bəhs edilir. Gənc həkim
başa düşür ki, məhəbbətindən imtina etməklə
elə bir səhvə yol vermişdir ki, bu, onu
ömrünün sonuna qədər vicdan əzablarına
düçar edəcəkdir.
İndi
müğənni xanımın radio və televiziyadan səslənən
nəğmələri bütün dinləyicilərin sevincinə
səbəb olduğu halda həmin o həkimi kədərə,
qüssəyə qərq edir. Hekayə qəhrəmanın
acı etirafı, peşmançılığının
ifadəsi kimi səslənən sözləri ilə bitir:
"Oxu, bülbül, mənim kimiləri sənin qədrini
bilməzlər!" "Məhəmməd" hekayəsinin
qəhrəmanı həyatda ən böyük səhvinə,
həyat yoldaşına xəyanət etdiyinə görə
peşmandır, geri çağırsalar da, xəcalətindən
ailəsinə qayıda bilmir, tez-tez iki əli ilə
başına qapaz vurub "Başın batsın, Məhəmməd"
deməkdən başqa əlindən bir şey gəlmir.
Altay
müəllim yazıçının əsərinin qəhrəmanlarının
sevinc və kədərini, uğur və
uğursuzluqlarını qəlbindən keçirməli
olduğu, insanların həyatdakı səhvlərinin,
peşmançılıqlarının, etiraflarının bədii
ədəbiyyatın, nəsrin ən diqqətəlayiq
mövzularından biri kimi dəyəri barədə yazır:
"Əsl söz sənətkarının taleyi elədir ki,
istəsə də, istəməsə də, ətrafdakıların,
müşahidə etdiyi adamların sevinci ilə
yanaşı, kədərini də özününkiləşdirir,
bu dərdləri özünün iliyinə, qanına bələyir.
Dünyanın yaranışından xoşbəxtliklə bədbəxtlik,
uğurlu məhəbbətlə, nakam sevgi qoşa
addımlayır. Həyatın daha dərindən idrakı
baxımından həm uğura, həm də
uğursuzluğa sənətkar münasibəti həssas, hər
ikisindən çıxarılan nəticə insanların daha
düzgün yol seçmələrininə
yardımçı olmalıdır. Bəzən mövzu kimi
seçilmiş uğursuzluğun sənətkarın qüdrəti
baxımından təsiri qat-qat güclü olur. Həyatda həlledici
məqamlarda səhvlər buraxmış şəxsin
etirafları baş vermiş hadisəni daha da dramatikləşdirir".
Bu sözlər yazıçının həyat gerçəkliyinə
münasibətini, insan talelərini qələmə alarkən
ən çox dəyər verdiyi məqamları ifadə etməkdədir.
"Gülab
nəfəsli" hekayəsində qəza nəticəsində
əlacsız xəstəliyə tutulan bir mühəndisin həyatının
son günləri təsvir edilir. Həyat yoldaşı şikəst
ərinə qulluq etməkdən bezərək ailəni tərk
edir, anasıgilə köçür. Xəstə ata,
övlad və nənənin qəmli-qüssəli günləri
başlayır. Bu zaman xəstə mühəndisin tələbəlik
illərində sevdiyi Zərəngiz gəlib
çıxır və o, dünyasını dəyişənə
qədər, otuz dörd gün ərzində bu ailədə
qalır. Bircə gündə evin görkəmi dəyişir,
günəşə açılan pəncərələrdən
işıq şuaları otaqlara daxil olur, oğul, ata və nənənin
üzündə sevinc əlamətləri görünməyə
başlayır, qəm, kədər, ümidsizlik bu evi tərk
edir. Gülab nəfəsli Zərəngizdən gülab qoxusu
gəlir, otaqlardan da, onun bişirdiyi xörəklərdən
də gülab qoxusu gəlir. Mühəndisin
ölümündən sonra ən ağır, kədərli
günlərdə uşaq atasına, özünə, nənəsinə
mənəvi dayaq olan, onların həyatına göydən mələk
kimi enmiş Zərəngizə dünyalarca minnətdarlığını
sözlə ifadə edə bilmir.
Ürəyində
isə ona müraciətən deyir: "Niyə mənim anam sən
deyilsən". Fikrimcə, bu hekayədəki gülab nəfəsli
xanım mənəvi dünyası yaxşılıqdan
yoğrulan, müsbət auralı, ətrafdakılara müsbət
enerjisi ilə xoş əhval-ruhiyyə bəxş etməyi
bacaran bir insandır. Həyatda çox az olsa da, belə
adamlara rast gəlmək mümkündür, bu surətin də
prototipini yazıçı həyatdan
götürmüşdür.
Güclü
müşahidə qabiliyyətinə malik yazıçı qəhrəmanlarının
prototiplərini, müxtəlif situasiyaları həyatdan
götürür, bu uydurulmamış qəhrəmanlar və
situasiyalar vasitəsi ilə oxucuya çatdırmaq istədiklərini
çatdırır. Yazıçı ilə oxucu arasında
səmimi bir münasibət yaranır.
Fikrimcə,
görkəmli ədəbiyyatşunas alim Vaqif Yusifli Altay Məmmədovun
"Narınc" hekayəsini miniatür povest adlandırmaqda
haqlıdır. Doğurdan da bu əsərdə bir hekayəyə
sığmayan mətləblər əksini
tapmışdır. Burada əhvalat Gəncədə
doğulub boya-başa çatmış, ömrünü elmə
həsr etmiş bir akademikin dilindən nəql edilir. Onun
oxuduğu məktəbdə ən istedadlı, ən zəkalı
şagird Narınc adlı bir qız imiş. Hamı, müəllimlər
də, şagirdlər də "xurmayı hörüklü
saçlarının ucları dəftərin üstünə
düşən" bu qızın böyük gələcəyi
olacağını, onun elmin zirvələrinə
ucalacağını düşünürdülər, lakin
günlərin bir günü Narınc məktəbi tərk
edib bazarda ispanaq satmağa başlayır. İkinci dünya
müharibəsi illəri idi. Hər kəsin bir tikə
çörəyə ehtiyacı vardı. Narınc müharibə
qurtarsın, sonra oxuyaram - bəhanəsi ilə məktəbdən
uzaqlaşır, müharibə qurtarır, lakin o, təhsilə
qayıtmır, imkanlı adama çevrilir, on iki otaqlı ev
tikdirir, qapısında "Volqa" maşını durur,
uşaqları ali təhsil alır. Ötən
acılı-şirinli günlərin nostaljisi ilə
müşayiət edilən bu hekayədə müəllifin mətləbi
aydındır: əvvəl ehtiyac, indi isə var-dövlət
içində yaşayan, istedadlı, gələcəyin
böyük şəxsiyyəti olacaq insan maddiyyətin
qurbanı olmuşdur.
Yazıçının
1964-cü ildə yazdığı "Uvertüra" hekayəsində
Üzeyir Hacıbəylinin həyatının son günü
təsvir edilir. Dahi bəstəkar bütün dünya ilə,
tanıdığı görkəmli şəxsiyyətlər
Sabir, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə,
Bülbül, Səməd Vurğunla mənən
vidalaşır. Bu vidalaşma səhnələrində və
sonrakı məqamlarda Üzeyir sənətinə və şəxsiyyətinə
xalq məhəbbəti, onun Azərbaycan, ümumtürk
musiqisindəki rolu ifadəsini tapmışdır.
Böyük sənətkarın itkisindən doğan dərin
hüzn yerini nikbinliyə verir - Üzeyir ölməzdir, o,
yalnız səmalara ucalmışdır və sənəti ilə
həmişə bizimlə olacaq. Lirizmi ilə seçilən,
izahedilməz təsirə malik hekayə əslində, bir
şeir kimi yazılmışdır, sonluğu da əsl
şeir sonluğudur: "Səməndər quşu doğma
Azərbaycan torpağının üstündə qürurla
dövrə vururdu. Yerdən səslər gəlirdi:
"Eşq olsun Üzeyirə!" Dik-dik təpələr
görünürdü. İnsanlar oxuyurdu".
Yazıçının
1988-ci ildə çap etdirdiyi "Əlvida, gözəl
dünya" romanı qədim Gəncə tarixinin XX əsri əhatə
edən dövrünün bədii salnaməsidir. Əsərin
qəhrəmanı bütün qüvvəsini, həyatını
Gəncənin qədimliyini, memarlıq abidələrini
qoruyub saxlamağa həsr edir, ömrünün son məqamında
doğma şəhərinə, gözəl dünyaya "əlvida"
deyib gözlərini həyata yumur.
Doqquz səhnə
əsərinin müəllifi olan Altay Məmmədov həm də
görkəmli dramaturq olmuşdur. Onun ilk satirik komediyası -
həyatımıza, inkişafımıza mane olan
yerliçilik bəlasını tənqid edən "Həmyerlilər"
pyesi qırx ildən artıq Gəncə teatrının səhnəsindən
düşməmişdir. Ədibin Gəncə
teatrının yaşamasında, inkişafında rolu xüsusi
olaraq qeyd edilməlidir. O, bütün varlığı ilə
Gəncə teatrına bağlı olmuşdur. Nizami
poeziyasının təbliği məqsədi ilə Gəncə
Zərrabi Poeziya Teatrının yaradılmasının təşəbbüskarı
oldu, bu teatr üçün 11 ssenari yazdı. Dramaturqun sovet
dövründə bəzi bölgələrdə
qadınlarını işə göndərib özləri
tüfeyli həyat sürən kişiləri tənqid edən
ikinci satirik komediyası - "Kişilər"də
sözün həqiqi mənasında tamaşaçı məhəbbətini
qazandı, elə bu səbəbdən Azərbaycan
televiziyası "Həmyerlilər"lə bərabər,
bu əsərin də televiziya tamaşasını
hazırlamışdır. Onun komediyalarında xalqdan gələn
sağlam bir gülüş hakimdir. AMEA-nın müxbir
üzvü, professor Təhsin Mütəllibov bu
gülüş barədə yazır: "Altay Məmmədovun
oynaq yumorlu süjetləri diqqəti daha çox cəlb edir.
Şirin və ağıllı yumora malik olan sağlam
gülüşün qüdrətindən məharətlə
istifadə edərək mənalı həyatımızda mənasız
ömür sürən mənsəbpərəst, ictimai
mülkiyyətə, xalq malına vicdansız münasibət
bəsləyən tüfeyliləri öz əsərlərinin
tənqid hədəfinə çevirmişdir". Bundan
başqa, Altay Məmmədovun "Yadındamı",
"Ulduzlar görüşəndə", "Dəli
Domrul" pyesləri də tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanmışdır.
"Yadındamı" mürəkkəb insan münasibətlərindən
bəhs edən psixoloji dramdır. Əsas qəhrəmanlar
Zaur və Gülsün öncə öz daxillərindəki zəifliklərə
qələbə çalırlar, sonra maneələri aradan
götürərək neçə il öncəki səhvlərini
düzəldir, yenidən birləşirlər.
"Dəli
Domrul" pyesi "Kitabi-Dədə Qorqud" abidəsinin məşhur
boyundakı süjetin özünəməxsus şərhidir.
Tədqiqatçılar Dəli Domrulun quru çay üzərindən
körpü tikməsini müxtəlif cür izah edirlər
(Çayın əslində, quru deyil, sulu olduğunu iddia edənlər
vardır). Altay Məmmədovun şərhinə görə,
bu körpü əslində, köçərilikdən,
savaşlardan, yağmalardan dinc, oturaq həyata, qurub
yaratmağa, yeni həyat tərzinə keçməyə meyl
edən oğuzların seçiminin rəmzidir. Körpü
bir həyat tərzindən başqasına keçidi simvolizə
edir. Bu əsərdə də güclü bir gülüş
hakimdir.
Altay Məmmədovun
əsərləri rus, ingilis, ispan, ərəb, eston, tacik,
tamil, Vyetnam dillərinə tərcümə edilmişdir.
Yazıçının tərcüməçi kimi fəaliyyyəti
də diqqətəlayiqdir. O, Əbdülqahir İbrahimovun
"İlk busə", Otar İoselianinin "Araba hələ
aşmayıb", Vasili Şukşinin "Diribaş
adamlar" pyeslərini dilimizə çevirmişdir.
Jurnalist,
yazıçı, dramaturq, tərcüməçi, pedaqoq
kimi məhsuldar fəaliyyət göstərən Altay müəllimin
elmi əsərləri ayrıca mövzudur. Onun "Azərbaycan
hekayəsi" monoqrafiyasından danışdıq. Görkəmli
ədibin bir sıra digər dəyərli elmi əsərləri
də vardır. Onun "Kəngərlər", "Oğuz
səltənəti" monoqrafiyaları oğuz
keçmişimizin qədimliyini sübuta həsr edilib. "Kəngərlər"
kitabında müxtəlif mənbələr əsasında
oğuzların qədim, köklü qollarından biri olan kəngərlərin
tarixi, Azərbaycan, türk dünyasının
coğrafiyasındakı izləri araşdırılır.
1992-ci ildə çap edilmiş "Oğuz səltənəti"
adlı 300 səhifəlik kitabda
tarixşünaslığımızda, bir sıra tədqiqatçıların
əsərlərində özünə möhkəm yer
etmiş konsepsiyaya - türk mənşəli etnosların Azərbaycan
ərazisinə orta əsrlərdən gəlmələrini
iddia edənlərə qarşı ciddi elmi etiraz vardır. Əsərdə
Azərbaycan ərazisində eradan əvvəl VII əsrdən
yaşamağa başlamış, antik mənbələrdə
skif (iskid), Assur mənbələrində işquz adlanan
dövlətin oğuz türklərinin səltənəti
olduğu faktlarla, tarixi qaynaqlara əsaslanaraq sübut edilir.
Müəllif əsərinin girişində məqsədini
çox aydın şəkildə ifadə etmişdir: "Məqsədimiz
Azərbaycan (Şimal və Cənub bir yerdə, bəlkə
daha geniş) ərazisində 2665 il bundan əvvəl meydana
çıxmış İşquz (Skif) -İç Oğuz
dövlətinin yaranma, inkişaf etmə, Ön Asiyaya təsir
prosesini (və onun süqutunu), böyük bir regionunun, xəritəsini
dəyişməsini İ.M. Dyakonovun, İ.Əliyevin, A.M.
Xazanovun Midiya tarixinə, iskidlərin (skiflərin) sosial tarixinə
dair kitablarına, ana kitabımız "Dədə
Qorqud"a, Rəşidəddinin "Oğuznamə"sinə,
qədim dünya tarixinə aid əsərlərə,
türkologiya elminin son otuz ildəki nailiyyətlərinə əsaslanaraq
az və çox şəkildə
işıqlandırmaqdır. Təvazökarlıq nəyə
lazım? İlk Azərbaycan İşquz dövləti
Midiyadan qabaq, İrandan isə çox-çox əvvəl
yaranmış, adları çəkilən dövlətlərin
meydana çıxmasında bəlkə də həlledici rol
oynamışdır". Fikrimcə, Azərbaycan ərazisində
türk-oğuz qədimliyindən ciddi, fundamental əsər
yazanlar (məlumdur ki, bu məsələdə ən
böyük çətinlik tarixi faktların
azlığından ibarətdir) mütləq bu
monoqrafiyanın müddəalarını nəzərə
almalıdırlar.
Yazıçının
1999-cu ildə işıq üzü görmüş "Qəlbinur
poeziyası XXI əsrin astanasında" adlı kitabı
müəllifin cağdaş poeziyamızın gözəl
bilicisi olduğunu göstərməkdədir. O, istedadlı
şair Paşa Qəlbinurun yaradıcılığından bəhs
edərkən çağdaş poeziyanın mənzərəsinə
nəzər salmış, Qəlbinur
yaradıcılığının səciyyəvi cəhətləri
haqda fikir söyləyərkən ümumən ədəbiyyat
qarşısında duran vəzifələrdən
danışmışdır. Müəllifin şairin
yaradıcılığında bəyəndiyi cəhətlərdən
biri onun şeirlərinin pretmetsiz ritorikadan uzaqlığı,
burada ilk baxişda görünməyən zərif, şəffav
süjet xəttinin olmasıdır. Altay müəllim
araşdırmalarında mətləbini obrazlı dildə,
qısa və aydın şəkildə izah edə bilən tədqiqatçılardandı.
Şair Əli Kərimin XX əsr Azərbaycan
poeziyasının inkişafındakı rolundan, ədəbiyyatdakı
yenilikləri tətbiq etmə üsulundan danışan alim
fikrini obrazların köməyi ilə son dərəcə sərrast
ifadə etmişdir: "Əli Kərim pis mənada saray ədəbiyyatına
çox oxşayan sovet poeziyasının müəyyən
hörgü içərisinə alınmış qalın sədlərini
uçurub keçməyi bacaran ilk şairlərdəndir.
Ən maraqlısı və qəribəsi isə budur ki,
Əlinin o möhkəm divarları dağıdan
külüngünün səsi eşidilməmiş və bu
xilasedici proses sakit, səmirsiz keçmiş küylü olsa
idi, bəlkə də bədxahlar şairi yerindəcə
boğardılar. Bu qalın divarlara alınmış poeziya
zindanından xilas son illərdə meydana
çıxmış, qüdrətinin ölçü və
biçisi olmayan bir illüziyaçının divarlara
heç bir xətər toxunmadan Çin səddini yarıb
keçməsinə çox oxşayır. Əli də
bütün divarları yararaq poeziyasını
ucsuz-bucaqsız, üfüqləri görünməyən
düzə, çölə çıxara bildi".
Altay Məmmədov
memuar ədəbiyyatının gözəl nümunələrini
yaratmış yazıçılardandır. Onun 1974-cü ildə
çap edilmiş "Əşrəf Yusifzadə",
1976-cı ildə işıq üzü görmüş
"Ələkbər Seyfi" (Alp Ağamirovla) kitablarında
mədəniyyət tariximiz baxımından böyük maraq
doğuran xatirələri əksini tapmışdır.
Yazıçının 1987-ci ildə yazdığı,
ayrıca kitab halında çap edilmiş "Nazim Hikmət
Gəncədə" əsəri sadəcə N.Hikmətin
Azərbaycana, Azərbaycan ziyalılarının böyük
türk şairinə münasibətindən, məhəbbətindən
bəhs etmir. Əvvəla, orasını qeyd edək ki, bu
xatirələr yalnız şairin Gəncə səfərini əhatə
etmir. Altay müəllim Nazim Hikmətin müxtəlif
münasibətlərlə Azərbaycana, Bakıya gəlişi
zamanı onunla söhbətlərini xatırlayır. Nazimin
Altay Məmmədova səmimi münasibət bəslədiyini,
ona kiçik qardaş kimi yanaşdığını
görürük.
Maraqlıdır
ki, böyük türk şairinin bir çox sənətkarlarımızla,
yazıçılarımızla dostluq etməsinə
baxmayaraq, onun haqqında bizdə yazılan xatirələrin
azlığı diqqəti cəlb edir. Fikrimcə, onun
haqqında bütün xatirələri, şairin Azərbaycanlı
ziyalılarla məktublaşmalarını toplayıb şərhlərlə
bir kitab halında nəşr etdirmək (bu məsələdə
Moskvada yaşamış, uzun illər N.Hikmətlə dostluq
etmiş mərhum Əkbər Babayevin, bir sıra görkəmli
ziyalılarımızın arxivlərindən istifadə etmək
lazım gələcəkdir) tədqiqatçılarımız
qarşısında duran vacib vəzifələrdəndir.
Böyük istedada, geniş bilik dairəsinə malik,
bütün dünyaya, insanlara, eləcə də Azərbaycana
məhəbbəti aşıb-daşan Nazim Hikmət haqqında
bu xatirələr o qədər maraqlı, səmimi, təsirlidir
ki, oxumağa başlayıb kənara qoymaq olmur. Yalnız birnəfəsə
oxumaq mümkündür. Kommunist olduğu üçün
Türkiyədə təqib edildiyinə görə SSRİ-yə
mühacirət etmiş N.Hikmətin bu ölkədəki
gerçəklikləri çox yaxşı başa
düşdüyünü, yazılanlarla real həyatdakı
sosializm arasındakı fərqi anladığını
görürük.
Nazim Hikmət Tükiyə tarixini və
ədəbiyyatını bildiyi kimi, Azərbaycan tarixi və ədəbiyyatını
da gözəl bilən, kimliyindən asılı olmayaraq
ürəyində hər kəsə məhəbbəti olan,
ilhamı bulaq kimi qaynayan, zəngin bir mənəvi
dünyası olan şəxsiyyət kimi gözlərimin
önündə canlanır. Kimlər yoxdur Nazimi əhatə
edənlər arasında: Süleyman Rüstəm, Mehdi
Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, Nigar Rəfibəyli,
Mikayıl Rəfili, Mir Calal Paşayev, Əkbər Babayev,
Yevgeniy Yevtuşenko...
Düşünürsən ki, Altay
müəllimin bu xatirələri olmasaydı, mənəvi
dünyamızın böyük bir parçası
itib-batacaqdı. Özünü başqalarından seçməyi
sevməyən, sadə insallarla ünsiyyətdən xüsusi
ləzzət alan, Gəncədə çayxanalarda,
pitixanalarda vaxt keçirib adamlarla söhbət edən Nazim
Hikmətin Göygölü seyr etməsi əsərdə belə
təsvir olunur: "Şair ətrafa elə baxırdı ki,
sanki gözəlliyi gözləri ilə sovururdu, elə bil o
gedəndən sonra yerdə heç nə qalmayacaqdı.
Danışmırdı. Elə bilirdi ki, gözəlliyi
ürküdər". Xatirələrdən bir məqamı
da qeyd edək. Bakıda Füzuli yubileyində Nazim Hikmətin
çıxışından sonra türk alimi Agah Sirri Ləvənddən
başqa hamı əl çalır. Bundan qəzəblənən
Altay müəllim səbəbini şairdən soruşduqda o,
belə cavab verir: "Sən Türkiyəyə gedəsi
olsan, orada bir məclisdə Məhəmməd Əmin Rəsulzadə
danışsa alqışlarsanmı?" Bu sözlər
yaşanan həmin dövrün əhval-ruhiyyəsini aydın
şəkildə səciyyələndirir: Böyük
türk şairi Azərbaycanda alqışlandığı
halda Türkiyədə vətən xaini sayılır.
Azərbaycanın
böyük oğlu Türkiyədə
alqışlandığı halda, vətənində onun
adını çəkmək belə qadağandır. Kitab
belə sonluqla bitir: "Təkcə Nazim Hikmətlə
görüşmək, tanış olmaq, səsini eşitmək,
söhbətini dinləmək üçün də bu
dünyaya gəlməyə dəyərdi"
Altay Məmmədovun
430 səhifəlik "Tanıdığım Əli Kərim"
kitabı ölümündən sonra, 2012-ci ildə çap
edilib, bir növ yazıçının vəsiyyəti kimi səslənir.
Əli Kərimin sağlığında da, ölümündən
sonra da onun ən sadiq dostu Altay Məmmədov olmuşdur. Altay
müəllimin tələbəsi olmuş Sərvaz
Hüseynoğlunun bu barədə yazdıqlarına nəsə
əlavə etmək çətindir: "Bizə gün kimi
aydın idi ki, Altay müəllim ona verilmiş ömür
payı içində Əli Kərim ömrünü də
yaşayır. O, dolmuş fəvvarə kimiydi, himə bənd
idi ki, Əli Kərim fışqırsın. Belə
halında onun görkəmindən, sirayətedici gözlərinin
dibindən bir Əli Kərim boylanırdı. Əli Kərim
itkisini o, içinə çəkilmiş vulkan kimi
yaşadırdı və bizim Altay müəllimə olan
sevgimizin, marağımızın bir tərəfi də
Əli Kərimlə bağlı idi". Əli Kərim həyatının
mühüm məqamları, xasiyyəti, ailə üzvləri,
dostları, yaxınları, insanlara münasibəti,
dünyagörüşü, ədəbiyyat, mədəniyyət
barədə fikirləri, xeyirxahları və bədxahları,
ona paxıllıq edənlər (bunsuz, əlbəttə ki,
olmaz) barədə bir çox mətləblər həmin
kitabda işıqlandırılıb, necə deyərlər,
gələcək nəsillərə
çatdırılıb (Təəssüflə qeyd edirəm
ki, Əli Kərim haqqında xatirə yazmaqdan öz məqsədi
üçün istifadə edənlər də olmuşdur.
Yeri olmadığından bu məsələnin üstündən
sükutla keçirəm). Kitabda Əli Kərim əsərlərinin
ciddi tədqiqini görürük.
Altay
müəllim 1962-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin Gəncə filialına rəhbərlik etmişdi. Gəncədə
ədəbiyyata qədəm qoyanların əksəriyyətinə
"uğurlu yol" yazan, onlara xeyir-dua verən Altay müəllim
olmuşdur. Ədibin Gəncə ədəbi mühitində əvəzsiz
yeri barədə yazıçı-publisist Əhməd
İsyaev yazır: "Yazıçı-dramaturq həyatdan
köçdü. Onun adı, əsərləri isə Gəncə
ədəbi mühitinin inciləri sırasında
yaşayır... Çağdaş Gəncə ədəbi
mühitindən beş ad qalacaqsa, heç şübhəsiz,
biri Altay Məmmədovun adı olacaq. Dörd ad qalacaqsa,
üç ad qalacaqsa, iki ad qalacaqsa, yenə də əminliklə
Altay Məmmədovun adı yaşayacaq: yazıçı
kimi, dramaturq kimi, alim kimi".
Qayğıkeş
müəllim, gözəl pedaqoq olan Altay Məmmədov Gəncə
Dövlət Pedaqoji İnstitunun tələbələrinin
xatirəsindən heç vaxt silinməyəcəkdir. O,
tanıyanların yaddaşında təmkinli
görünüşü, ömrünün sonuna qədər
ağarmayan zil qara saçları, sirayətedici, mehriban, bir
az da qəmli baxışları, ətrafdakılarla hörmət
məsafəsi saxlayan ağayana davranışı, müsbət
aurası, hər kəsi cəlb edən şirin söhbətləri
ilə qalmışdır.
Yazıçı özündən sonra əsərlərini, haqqında xoş xatirələri, birdə ki, oğlanlarını qoyub getdi. Təəssüf ki, bütün həyatını ona həsr etmiş həyat yoldaşı Almaz xanım, dörd oğlundan ikisi - Elxan və Elşad aramızda yoxdur. Onu da deyim ki, həyat yoldaşı da, övladları da Altay müəllimin fikir, ideya yoldaşı idilər, onun əsərləri ilə yaşayırdılar. Həyatda olan oğlanları Elcan və Eldar, nəvələri (torpağı sanı yaşasınlar) bu gün də bu ənənəni yaşadırlar. Şərəfli bir ömür yaşamış Altay Məmmədov ömrünün sonuna qədər, ağır xəstə olanda da qələmi əlindən yerə qoymadı. Hətta yazmağa taqəti çatmayanda əsərlərini diktə edirdi.
Altay
müəllim 2003-cü ilin 15 iyulunda vəfat etdi. Görkəmli
yazıçı, dramaturq, alim, pedaqoq, ictimai xadim Altay Məmmədovun
həyatı xalqına, insanlara, ədəbiyyata, elmə təmənnasız,
fədakar xidmətin bariz örnəyidir.
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub
Paşa ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun direktor
müavini
525-ci qəzet.- 2020.- 13 may.- S.20-21.