Türkcənin 743 yaşlı ali vəsiqəsi
VƏ
DÖVLƏT DİLİMİZİN TARİXİ
İNKİŞAF YOLUNA DAİR QEYDLƏR
Qaramanoğulları Bəyliyinin qurucusu
və hökmdarı Qaramanoğlu Məhəmməd Bəy 13
may 1277-ci ildə verdiyi tarixi fərmanı ilə milli varlığımızın
ən önəmli ünsürü olan türkcəni ilk dəfə
olaraq dövlət dili elan etdi: "Şimden gerü hiç kimesne
kapuda ve divanda ve mecalis ve seyranda Türki dilinden gayrı dil söylemeyeler"
- "Bundan sonra heç kimsə dərgahda, divanda, məclisdə
və meydanda Türk dilindən başqa dildə danışmasın".Bu
fərmanla yeni həyat qazanan türk dili dövlət dilində
üstünlük təşkil edən ərəb və fars
dili qarşısında daha da möhkəmləndi.
743 illik keçmişə
malik bu fərmanın türk dilinin dövlətçilik
tarixi və ədəbiyyatda istifadəsində əvəzsiz
xidmətləri oldu, dilimizin inkişafı və gələcək
nəsillərə ötürülməsində böyük
rol oynadı. Müasir Türkiyədə
Türk Dili Bayramı kimi qeyd olunan tarixi gün, əslində,
bütün türk dünyası üçün dil
bayramına çevrilməyə haqq qazanıb. Çünki bu fərmanın ortaya
çıxmasının tarixi şəraiti və zəruriyyəti
ümumtürk tarixi və mədəniyyətinin ortaq
inkişafının nəticəsi idi. Qaramanoğlu Məhəmməd
Bəyin bu fərmanının izləri bütün türk
dünyasında dərin izlər qoyduğu kimi, milli
şüurun formalaşmasına da əsaslı şəkildə
təsir göstərdi.
Türk dilinin dövlət yazışmaları kimi
işlənməsinin ilk örnəkləri VIII əsrin əvvəllərinə
aid olan Göytürk kitabələridir. Bu abidələr
türk dilində türk əlifbası ilə ilk
yazılı nümunələr olduğu kimi, dövlət
anlayışı ilə bağlı olduğu
üçün ilk dövlət dili örnəkləri kimi də
dərk olunur. Göytürklərin dövlət dili kimi
türk dilini istifadə etmələri günümüzdəki
türk dövlətlərinə ilham qaynağı olacaq qədər
dəyərlidir:
"Türk
Oğuz Bəyləri, eşidin! Üstdə göy
çökmədikcə, altda yer dənizi deşmədikcə,
elini - mərasimi kim poza bilər.
Millətin adı yox olmasın deyə, Türk milləti
üçün gecə yatmadım, gündüz oturmadım. Az milləti
çox, ac milləti tox etdim... Yoxsul milləti zəngin,
dustaq milləti bəy etdim..."
XI əsrdə
"Kitabi-Dədə Qorqud" dastanları yazıya
alınmış, Mahmud Kaşğarlının
"Divanü Lüğət-it-Türk", Yusif Balasaqunlunun
"Qutadqu-bilik" kimi ortaq türk kültürünün
möhtəşəm əsərləri meydana
çıxmışdı. XIII əsr şairimiz, divanı
Azərbaycan və Rumda məşhur İzzəddin Həsənoğlunun
türk dilindəki qəzəlləri günümüz
üçün də çox aydın dildə ifadə
olunmuş türk dilinin işləkliyinin çərçivəsini
genişləndirib:
Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
And
içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim.
Hər nə
qədər daha çox fars dilində
yazsa da, böyük türk mütəsəvif şairi
Mövlana Cəlaləddin Rumi də türk kimliyini öz
rübaisində ifadə edərək farsdilli poeziyada da
türklüyünü qoruyurdu:
Yabançı bilməyin, mən də bu eldənəm.
Sizin
diyarınızda öz ocağımı
aramaqdayam.
Düşmən
kimi görünürəmsə də,
düşmən deyiləm.
Hindcə söyləyirəm, amma əslim
Türkdür.
Dövrün türk dilində yazan möhtəşəm
şairi Yunus Əmrə idi. Türk dilinin qədim
və zəngin ənənələrə dayanan bədii
yaradıcılıq dili bütün əzəməti və
aydınlığı ilə Yunus Əmrənin şeirlərində
əks olunurdu. Anadoluda türk
yazılı dilindəki şeirin banisi olan şair dərin fəlsəfi
ideyaları, təsəvvüf düşüncələrini
doğma türkcəsində səsləndirərək
türk dilinin imkanlarını da ortaya qoyurdu.
Anadolu
coğrafiyası XI əsrdə, 26 avqust 1071-ci il
tarixində baş verən Malazgird döyüşündən
sonra türk dəyərlərinin daha çox inkişaf etdiyi
bir məkana çevrildi. XIII yüzilliyin
ortalarında Böyük Səlcuq İmperiyası artıq zəifləmiş,
Anadoluda çox sayda bəyliklər meydana gəlmişdi.
Anadoli Səlcuq dövləti süquta doğru
getdiyi üçün monqol hücumları və daxili
hakimiyyət davaları qarşısında gücsüz idi.
Məmlük sultanı Baybars və
monqolların qarşı-qarşıya gəldiyi bu mühitdə
Qaramanoğlu Məhəmməd Bəy bir üsyançı
kimi dəyərləndirilirdi. Professor Kamal Arının
söylədiyi kimi: "Anadolunu özünə yurd etmək
mübarizəsi içindəki Türk bu dəfə öz
içindən özünü saran kültür imperializminə
qarşı daxili impulsları ilə ayağa qalxdı və
var gücü ilə hayqırdı: - Artıq, yetər. Türk öz vilayətində öz adətini belə
yaşaya bilməyən duruma gəlmişdir. Onu uçurumun kənarına düşmən
qılıncı deyil, bu düşüncəsizliyi gətirmişdi.
Dil olmadan adət, adət olmadan dil olurdumu?
Onun bu fərmanı ilə Anadolunu saran zülmət
qaranlıq bir anda işıqlanmağa başlamış,
addım-addım yurd səthini sarmışdır..."
Bir
çox yaxın Şərq ölkələri və türk
coğrafiyasında olduğu kimi, Səlcuq dövlətində
də elm dili ərəb, ədəbiyyat dili isə fars dili idi. Qaramanoğlu Məhəmməd
Bəy hərbi və dövlət siyasətini də milli
birlik və dil mədəniyyətinin inkişafına
doğru istiqamətləndirmişdir.
1264-cü ildən etibarən Anadolunun türkmən bəyləri
Qaramanoğlu Məhəmməd Bəyin ətrafında birləşmiş
və o, tədricən Göksu, Gülək vadilərini,
Aralıq dənizinin cənub və şimal sahillərindən
Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti
altında birləşdirməyə nail olmuşdu. Niğdə, Ağsaray,
Kayseri, Sivas, Ankara, Konya, Ağşəhər, Afyon və
Kütahya kimi ərazilər Qaramanoğlu Məhəmməd Bəyin
nəzarəti altına keçmişdi. Eyni
zamanda, Səlcuqlu dövlətinin ucqarlardakı ərazilərində
nəzarəti ələ ala bilmişdilər. Qaramanoğlu Məhəmməd Bəy monqol
istilası ilə əlaqədar olaraq böyük bir
qarışıqlığın hökm sürdüyü
Anadoluda Candar, Saruhan, Əşrəfoğlu və
Hatıroğlu kimi bir çox türkmən bəyliyini
ayağa qaldırmışdı. 21 yaşında bəyliyin
başına keçən Qaramanoğlu Məhəmməd Bəy
1261-1277-ci illərdə - 16 il hakimiyyətdə
oldu.
Qaramanoğlu Məhəmməd Bəy hərbi zəfərləri
ilə yanaşı, mədəni, elmi inkişafa, milli dəyərlərin
qorunması və gələcəyə ötürülməsinə
cəhd göstərirdi. Ətrafında elm və sənət
adamlarını toplayan Qaramanoğlu Məhəmməd Bəy
dil birliyinə çox mühüm önəm verirdi. Təsadüfi deyil ki, elm insanlarına hər zaman dəstək
göstərən və mədəni inkişafa önəm
verən Qaramanoğlu Məhəmməd Bəyin adını əbədiləşdirmək
üçün Qaramanda qurulan universitet və bir sıra təhsil
mərkəzləri onun adını daşıyır.
Bu fərman sonrakı əsrlərdə də türk
dövlətlərinin dil siyasətinə mühüm şəkildə
təsir göstərib. Ərəb səyyahı İbn Bətutə
1332-1333-cü illərdə Anadoluya səyahət etmişdi.
O, məşhur "Rehlətü-İbn Bətutə" -
"İbn Bətutə səyahətnaməsi" adlı əsərində
bir sıra dəyərli məlumatlarla yanaşı, türk
dilinin bu ərazidə dövlət səviyyəsində
işlədilməsinə aid örnəklər təqdim edir:
"Birki sultanı Aydınoğlu Məhəmməd bir
gün ikindi namazından sonra olduğumuz məkana gəldi. Müdərris əfəndi mərkəzi yerdə,
hökmdar onun sağında, mən də müdərrisin sol
tərəfində otururdum. Bu oturuş
şəkli türklərin fiqh alimlərinə hörmətinin
ən açıq ifadəsidir.
Uca Peyğəmbərin hədislərindən bir
seçim hazırlamağımı istədi. Dərhal
hazırladım. Müdərris
yazılarımı hökmdara təqdim etdi.
Hökmdar ayağa qalxdı və müdərrisə bu əsərin
türkcə izahını yazmağı əmr edərək
bayıra çıxdı".
Qeyd olunan oturuş tərzi ilkin dövrlərdən
türklərin adət və ənənələrində də
görülməkdədir. "Kitabi-Dədə Qorqud"
dastanlarında oturuş rituallarına tez-tez təsadüf
olunmaqdadır: "Sağdakı oturan bəylər, sol qolda
oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas
bəylər, qutlu olsun dövlətimiz".
Anadolu mərkəzli türk imperiyalarının ən
önəmlisi olan Osmanlı İmperiyasında tədricən
milli dildən istifadə ənənələri
formalaşmışdır. Məsələn, Osmanlı
İmperiyası aydınlarının
danışdığı Osmanlı türkcəsindəki ərəb
və fars kəlmələrinin ağırlığına
baxmayaraq, Fateh Sultan Məhməd Hindistanda türk dövləti
olan Babur Türk İmperatorluğuna və Türküstan mərkəzli
türk xaqanlarına göndərdiyi fərmanları
cığatay türkcəsində yazdırmışdı.
XV əsrdən
Osmanlı İmperiyasında dövlət
yazışmalarında ərəb və fars
dilləri üstünlük təşkil edirdisə, XVI
yüzilliyin əvvəllərində Şah İsmayıl Xətainin
qurduğu Səfəvilər dövlətində türk dili
rəsmi dövlət sənədlərində istifadə olunurdu.
N.M.Xudiyev "Azərbaycan ədəbi dilinin tarixi" (1995)
kitabında yazır ki, Şah İsmayılın 23 iyun 1512-ci
il tarixinə aid fərmanı Azərbaycan
dilində verilmiş ilk dövlət fərmanıdır,
"Fərman Musa Turqut oğlu adlı şəxsə
yazılmışdır. Musa Turqut oğlunun Qaramanlı
bəylərindən olması ehtimal edilir. Məktubda Əhməd ağa Qaramanlının
Şah İsmayıl tərəfdən oraya hakim təyin
edildiyindən bəhs edilir. Fərman bəhs
edilən dövrdə Şah İsmayılın Şərqi
Anadoluda böyük nüfuza sahib olmasını sübut
edir".
Şah
İsmayıl Xətai milli dili əcdadlarımızdan gələn
üç mühüm mirasdan biri kimi dəyərləndirir
və gələcək nəsillərə də onları
qorumağı vəsiyyət edirdi: Müdrik əcdadlarımızdan
miras qalmış üç şeyi sizə vəsiyyət
edirəm: Ana dilimizi, Vicdanımızı, Vətənimizi!
Şah İsmayıl Xətai milli dilə dövlət səviyyəsində
verdiyi dəyərlə yanaşı, öz əsərlərinin
də çox hissəsini türk dilində
yazmışdır.
Avropada XVI əsrin ortalarında güclənən
"milli dil şüuru" türklər arasında,
xüsusilə, XX əsrin əvvəllərində
özünü göstərməkdə idi. Osmanlı
İmperatorluğunun çöküşü əsnasında
yaşadığı "Milli Mücadilə" Türk
şüuru türk dünyasının
ziyalılarının, yazıçılarının və
ictimai xadimlərinin diqqət mərkəzinə
çevrilmişdi. Ziya Gökalpın
"Türkçülüyün əsasları" adlı
əsərində əsas çərçivəsini göstərdiyi
"Dildəki Türkçülük" ideyası
Atatürk tərəfindən "Yurdunu imperialistlərin
hücumundan qorumağı bilən Türk milləti öz
dilini də digər dillərin təzyiq və
hücumlarından qorumağı bacaracaq" şəklində
ifadə etmişdi. Yenə bu dövrdə "diləkləri
öz dilində diləmək, istədiklərini öz dilində
istəmək, ağzından çıxan sözlərin nə
mənada sözlər olduğunun özünü də bilmək
bizcə daha məqbul görünüyor" söyləyən
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd
Əmin Rəsulzadə və "bir millətə ən əvvəl
lazım olan üç şeydir: Əfkari-milliyə,
lisanı-milli, maarifi-milliyə" deyən İsmayıl
Qaspıralının sözləri çox əhəmiyyətli
idi.
Yeni qurulan türk dövlətləri də milli dil siyasətinə
önəm verirdi. Türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli
"Azərbaycanda türk dilinin dövlət dili elan
olunması haqqında qərar"ından
göründüyü kimi, modern dönəmdə türk
dilini rəsmi dil olaraq qəbul edən ilk dövlət Azərbaycan
Xalq Cümhuriyyəti olmuşdur.
Milli düşüncə bütün mərhələlərdə
yenilənir, lakin onun təməlində ilk qaynaqların izləri
hər zaman qorunub saxlanılır, müqəddəs tutulur. Milli irsin
ötürülməsi kökə bağlılıq,
ardıcıllıq, yeni dəyərlərin qazanılması
yolu ilə baş verir. Qaramanoğlu Məhəmməd
Bəy türklərin ana dilini qorumaq üçün türk
dilini ilk dəfə rəsmi dövlət dili kimi elan edərək
mədəniyyət və dövlətçilik tariximizdə
önəmli bir nailiyyətə imza atmış oldu. Bir millət olaraq birlikdə yaşamağın ilk
şərti kimi dil birliyinin qorunmasının vacibliyinə
inanan və bunun uğrunda mübarizə aparan Qaramanoğlu Məhəmməd
Bəy düşüncəsi günümüz
üçün də aktualdır.
Bəsirə ƏZİZƏLİ
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2020.- 13 may.- S.22.