Beynəlxalq aləm:
ziddiyyətlər,
münaqişələr, müharibələr
(Əvvəli ötən şənbə
sayımızda)
Arıların və qarışqaların
davranışlarının dəqiqliyi, əmək
bölgüsü, intizamı, zəhmətsevərliyi
heç bir müqayisəyə sığmır və bunun bəzi
cəhətlərini yalnız nadir adamlarda tapmaq olar. İnsanın
istəkləri, marağı, ehtirası, qərar qəbul etmək
qabiliyyəti vardır. Onlar bəzən
irrasional hərəkətlər üçün də istifadə
olunur. Axı mühit də insan
davranışına güclü təsir göstərir və
onu arzuolunmaz hərəkətlərə sövq edir. Sirklərdə tamaşa üçün vəhşi
heyvanlar, həmçinin, pişiklər, itlər təlimçi
tərəfindən vəhşicəsinə işgəncələrə
məruz qalmaqla məşq etdirilir, məhz bu yolla gələcək
səhnə modeli hazırlanır. Bəzi
ölkələrin sirklərində bunu nəzərə
alaraq, məsələn, sirkin çox populyar olduğu Çində
heyvanlarla tamaşa göstərilməsinə icazə verilmir,
nömrələr yalnız artistlərin qabiliyyətinə və
texniki vasitələrə əsaslanır. Zaman və mühit adlanan təlimçi isə daha
amansız olur, insanları mənəvi və fiziki işgəncələrə,
ağır sınaqlara, digər növ cəzalandırmalara məruz
qoymaqla, onların xarakterini dəyişdirməyə müvəffəq
olur, cəmiyyəti bütünlüklə poza bilir.
Cəmiyyətdə
prioritetlər ierarxiyasına həsr olunmuş Maslou nəzəriyyəsi
başqa cəhətləri, insanların ən
aşağı, fizioloji tələbatlarından tutmuş mənəvi
tələbatlarına qədər olanları, onların cəlb
olunma xüsusiyyətlərini əhatə etməklə
öyrənir. Onun köməyi ilə tələbatın,
insan maraqlarının nə olduğunu anlamaq
mümkündür. Aşağı silkə
mənsub olanlar Maslou piramidasının ilk pilləsində
dayanırlar. Lakin cəlb olunma problemini və
insanın tanınması yolunu bu nəzəriyyə həll
etmir. Həmin nəzəriyyədən
göründüyü kimi, insanların ən
aşağı və ən yuxarı tələbatlarında
da mühüm fərqlər vardır və onlar cəmiyyətin
mənəvi səviyyəsinə təsir etməmiş
qalmır. İnsan bütövlükdə sirli aləmə
malikdir, onun ləyaqətləri ilə yanaşı, ziddiyyətləri
və qüsurları da az deyildir. Bunlar isə həm də cəmiyyətin təbiətində
özünü büruzə verir.
Qədim məsləhət unudulmur
İlk dəfə
Qay Yuli Sezar tərəfindən dilə gətirilən və
Qədim Romada dövlət prinsipi səviyyəsinə qalxan
"divide et empera" - "parçala və hökm
sür" şüar rolunu oynayırdı. Bu
siyasət Roma ekspansiyası üçün münbit şərait
yaradırdı. Müasir dünyada qüdrətli
dövlətlər öz rəqiblərinin gücünü
parçalamağa səy göstərir və buna
nail olduqda, sonrakı qələbəyə də əminlik
yaranır.
Birinci Dünya müharibəsi ərzində Britaniya
Almaniyanın müttəfiqi olan Osmanlı imperiyasını məğlub
etmək üçün ərəb qiyamını meydana gətirdi. Bu, müharibədəki
tarazlığı Müttəfiqlərin xeyrinə dəyişdirdi.
Hindistanda isə Britaniya imperiyası müxtəlif
etnik qruplar arasında regional sərhədləri dəstəkləyirdi.
Ərəblər Britaniyanın oyununda alət
rolunu oynadilar.
Ərəblərin Osmanlı imperiyası idarəçiliyindən
olan narazılığından fayda götürmək
üçün britaniyalılar 1915-ci ildə Məkkə və
Mədinə əmiri Şərif Hüseyn ben Əli əl-Haşimi
ilə gizli razılaşma imzaladılar. Britaniya osmanlıların
Suriyada məğlub edilməsindən sonra Qırmızı dənizə
və Persiya körfəzinə, Dəməşqdən Məkkəyə
qədər uzanan Ərəb dövlətini yaratdı və
1916-cı ildə Hüseyn Osmanlılara qarşı
müharibə elan etdi və beş ay sonra isə
özünü Hicaz kralına çevirdi.
1918-ci ildə
ABŞ prezidenti Vudro Vilson özünün 14 maddəsini nəşr
etdirdi, onlar məğlub edilənlərlə Versal müqaviləsi
bağlananda sülh danışıqlarının əsas
bazası olmalı idi. On ikinci maddədə qeyd
edilirdi ki, ərəblər, Osmanlı imperiyasına tabe olan
digər xalqlar kimi "şübhə edilməyən həyat
təhlükəsizliyinə və muxtar qaydada inkişaf
imkanına heç bir narahatlıq hiss etmədən əmin
olmalıdırlar".
Şərif Hüseynə məlum oldu ki, Britaniya ona
verdiyi vədləri pozmuşdur. London həmçinin,
Əbduləziz əl-Səud ilə müqavilə
imzalamışdı, həmin şəxs həm də İbn
Səud kimi tanınırdı. Bu
müqaviləyə görə, Britaniya ona hər ay iri məbləğdə
pul vermək şərti ilə də
razılaşmışdı. Səud Məkkənin
və Mədinənin müqəddəs yerlərini tutdu və
indiki Səudiyyə Ərəbistanı dövlətini
yaratdı.
Həm də britaniyalılar qəsd vasitəsilə Səudilərin
bütün Ərəb yarımadasını birləşdirmələrinin
qarşısını aldı. Bu birlik Persiya körfəzi
vasitəsilə Hind okeanına çıxa bilərdi.
2014-cü ildə özünü İraq-Şam
İslam Dövləti, sonralar sadəcə İslam Dövləti
adlandıranlar bu iri adla kifayətlənməyib, xilafət
yaratdıqlarını elan etdilər. Bununla onlar
böyük Ərəb dövləti qurmaq istəyirdilər.
İngiltərə, Fransa, ABŞ və Rusiya belə
dövlətin qurulması şansını sıfıra
endirdilər.
1920-ci ildə
üç iri Avropa dövləti - Fransa, Böyük Britaniya
və İtaliya təkcə Osmanlı imperiyasından azad
olunmuş torpaqlara şərik olmaqla kifayətlənməyib,
Şərqi Anatoliyanı (Anadolunu) ermənilər və
kürdlər arasında bölməyə cəhd etdilər. Kürdlər mərkəzi Diyarbakır olmaqla Cənubdakı
əraziyə sahib olmalı idilər və Osmanlı
imperiyasından bütünlüklə müstəqil olmaqla,
ilk dəfə öz dövlətlərini yaratmaq imkanına
malik olurdular. Lakin onların ümidləri
puç oldu. 1923-cü ildə Mustafa Kamal
Atatürk Türkiyə Respublikasının prezidenti
seçiləndə, onun ilk dekretlərindən biri kürdlərin
müstəqil dövlət arzularını bütünlüklə
ləğv etmək oldu. Avropa dövlətləri
buna cavab olaraq Türkiyəyə müdaxilə edəcəklərini
vəd etsələr də, kürdlər üçün bu,
boş sözdən başqa bir şey olmadı.
Avropanın vahid orqanizmdə birləşməsi də
mümkün olmur. Müasir dövrdə ABŞ Avropanın əsl
birləşməsinə imkan verməmək üçün
hər amildən istifadə edir. Çünki
belə birləşmə Vaşinqtonun başlıca geosiyasi
və iqtisadi maraqlarına ziyan vurmuş olardı. Hegemon dövlət kimi isə ABŞ zəifləyən
Avropa və Çin, Hindistan və Rusiya kimi dövlətlərə,
həm də dünyanın qalan hissəsinə öz təsirini
artırmaq istəyir.
İkinci Dünya müharibəsi başa
çatdıqdan sonra ABŞ-ın Dövlət katibinin
adı ilə adlanan Marşall planı Avropanı diriltməyi,
müharibənin yaralarını sağaltmağı nəzərdə
tuturdu. Almaniya şəhərləri bombardmanlardan viran
qalmışdı, əhali böyük ehtiyac içərisində
idi. Əvvəlki dünya müharibəsində
olduğundan da acınacaqlı vəziyyət
yaranmışdı, çünki I Dünya müharibəsində
Almaniya məğlub olsa da, düşmən əsgərinin
ayağı ölkənin torpaqlarına dəyməmişdi.
1945-ci ildə isə Almaniya ərazisi
bütünlüklə işğal olunmuş, Sovet
qoşunları Berlində Reyxstaq üzərində qələbə
bayrağı sancmışdılar.
ABŞ-ın yeni tədbiri heç də altruist xarakter
daşımırdı, Vaşinqton qitəni yenidən qurmaqla
Avropanın hökmən onun müttəfiqi olacağına
ümid edirdi.
Birləşmiş Ştatlar qitəni
birbaşa idarə etmək bacarığına malik idi. Onun strateji maraqları da bu məqsədə xidmət
edirdi.
Modernləşmənin özü də,
göründüyü kimi, heç də sadə məsələ
deyildir, onunla birlikdə ölkəyə həm də digər
mədəniyyətin çox sayda elementləri daxil olur, yeniləşmə
bu yolla, əslində, Troya atı rolunu oynayır. Odisseyin bu hiyləgər
kəşfi Troyanın işğalına, əhalisinin
qırılmasına və əsir götürülməsinə
səbəb olmuşdu. Ona görə də
müasir dövrdə də "qloballaşma"
amerikanlaşmanın sinonimi kimi görünür,
çoxları neoqlobalizmi də neokolonializm (yeni müstəmləkəçilik)
adlandırır.
Təkcə
Amerika bu istiqamətdə hərəkət etmir, Çin də
birbaşa idarəetmə üsuluna can atır. Onun
mədəni müdaxiləsi də birbaşa idarə etmək
strategiyasının tərkib hissəsi olmaqla,
özünün xeyrinədir. Çinin
sıçrayışla inkişaf etmiş, göydələnlərinə
görə az qala heç də Nyu-Yorkdan geri qalmayan şəhərlərini
müşahidə etdikcə, adamda belə təsəvvür
yaranır ki, qısa müddətdə belə tərəqqiyə
malik olan ölkə və xalq çox ustalıqla
dünyanı da idarə edə bilər. Çin
hay-küyə, güc nümayişinə yol vermədən
düşmənlərini özünə tabe etmək və qələbəyə
döyüşsüz nail olmaq istəyir. Çin
nailiyyətləri ilə öyünmür, texnologiyada, elmdə,
kosmosda əldə etdiyi yenilikləri təbliğat vasitəsinə
çevirmir, dünya qarşısında lovğalanmağa əl
atmadan sakitcə öz nəhəng proqresini davam etdirir. Başqa bir xalq belə nailiyyətlərinə
görə özünə vurular, dünyaya meydan oxuyardı,
çinlilər isə təmkinlərini pozmadan böyük
quruculuq işi görür və göstəricilərinin
unikallığı ilə dünyanı heyran edir. Çinlilərdə nartsizm xəstəliyinə
qarşı izah olunmayan bir immunitet vardır. Oyanmış şir kimisə ovlamaq fikrindən
uzaqdır və anlayır ki, tam üstün qüdrətə
malik olduqdan sonra digərləri nəinki onun əldə etdiklərini
etiraf edəcək, bununla kifayətlənməyib, hökmən
savanna şahının kölgəsinə
sığınacaqlar. İşlər belə
davam etsə, XXI əsrin ortalarına qədər dünyada
qüvvələr nisbətini əsaslı qaydada dəyişən
bu metamorfozanı artıq gizlətmək mümkün
olmayacaqdır, bu, bütün bəşəriyyətin
gözü qarşısında baş verəcəkdir.
ABŞ isə öz ekspansiya siyasətində mədəniyyət
və incəsənətdən var gücü ilə və
böyük ustalıqla istifadə edir. Amerikada icad
olunan adı qida məhsulu və ya içki qısa müddətdə
bütün dünyanı dolaşdığı, ən
istehlak olunan qida məhsuluna çevrildiyi kimi, Amerika mədəniyyəti
də özünün təlqin etmə xüsusiyyətlərinə
görə çox asanlıqla yayılır və
bütün dünyanı fəth etməyə müvəffəq
olur. Hansı ölkədə
"Makdonalds", KFC şəbəkələri yoxdur,
hansı xalq Koka-kola və ya Pepsi-kola içməkdən
imtina edir? Mədəniyyət növləri
də onun kimi. ABŞ-ın qaradərili
musiqiçiləri Avropada 1930-cu illərdə cazı geniş
yayırdılar. Onlar Parisin konsert
salonlarını doldurmuşdular. Hollivudda
istehsal edilən filmlər - əlbəttə, onların
yüksək bədii dəyərini, əla sənət əsəri
olduqlarını da etiraf etməmək mümkün deyildir,
amerikan dəyərlərini bütün dünyaya
yaymaqları ilə seçilirlər. Kinofilmlərdə
ölkədəki ədalət modelləri, təhsilin,
hökumət quruluşunun şübhəsiz demokratikliyi və
istehlak nümunələri amerikan
dünyabaxışını ixrac edir, onlarda xeyirin və ya
şərin tanınması heç də ikimənalı və
ya məchul bir şey deyildir. Hollivudun
yaratdığı incilər içərisində klassik film
kimi şöhrət tapmış "Küləyin
sovurduqları" və "Roma kanikulları"nda amerikan həyat
tərzi, Cənubda qaralara xoş münasibət bəslənməsi,
amerikan jurnalistinin Romada azmış avropalı prinsessaya
kömək göstərməsi, bu gözəl qıza öz
evində təmənnasız sığınacaq verməsi və
bu vaxt öz davranışında köməksiz incə bir
varlığa qarşı münasibətdə heç bir
sui-istifadəyə yol verməməsi, alicənablığı
hesabına sevgisindən də vaz keçdiyi göstərilir.
Bir gün davam edən xoş macəraların təsiri
altında prinsessa da jurnalistə vurulur və ondan böyük
qüssə keçirməklə ayrılır. Vicdanlı gənc qız kimi öz səfirliyində
bu sevgini yalnız kral taxt-tacının şərəfini nəzərə
alaraq tərk etdyini dolayısı ilə etiraf edir.
Amerikanlar, ən çətin anda belə doğma torpağını sevən, onda əziyyətə qatlaşmağa hazır olan, əvvəllər isə əksinə, həyata yüngül baxan, ərköyün gənc qadının timsalında, kimsəsiz kimi görünən qızın ləyaqətinə xələl gətirməyə yol verməməklə öz nəcibliyini nümayiş etdirən jurnalistin şəxsində mənəvi cəhətdən zəngin, əxlaqi cəhətdən saf insanlar kimi təsvir olunurlar. Yaxud "Sıravi əsgər Rayanı xilas etmək!" filmində qardaşları İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş, anasının yeganə oğlu kimi qalan sıravi əsgərin nə əziyyətlər hesabına axtarılması, tapılması və cəbhədən uzaqlaşdırılması və anasının yanına qaytarılmasında amerikan ədalətinin, hətta müharibənin də acı təbiətinə baxmayaraq işləməsi, zəfər çalması göstərilir. Normandiya desantından sonra Qərb cəbhəsində amerikanlar ölüm-dirim döyüşləri apardıqları bir vaxtda, adi bir sıravi əsgəri axtarmağa bütöv ordu cəlb edilir.
Filmlər amerikanlar haqqında ən yüksək fikir
yarada bilir. Belə ki, "Yaşıl millər" filmində
dustaqxana nəzarətçiləri insana nifrət simvoluna
çevrilən xidmət yoldaşlarının iyrənc hərəkətlərinə
dözmür, hətta onun incitdiyi məhbusların tərəfində
çıxış edirlər. Ən dəhşətli
cinayətkarların, real və səhvən bu ittihamla təqsirləndirilib
cəzalandırılan qatillərin mühafizə nəzarətçiləri
xidmətçiləri, əqli cəhətdən xəstə
olan bircə nəfərdən savayı zindanın
ağır şəraiti müqabilində də öz
insanlıqlarını itirmirlər, dustaqlara mümkün qədər
mərhəmətlə yanaşırlar. Amerikan
filmləri çox şeyi öyrədir, lakin daha vacib amil
kimi fövqəl qaydada amerikan xarakterinin yüksəkliyini və
həyat tərzinin əlçatmazlığını təbliğ
edir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 16 may.- S.22.