Heç kimi qınama...

 

hekayə

 

İmran həbsxana həyatına yenicə əlvida demişdi. Qərib şəhərdə hündür "türmə" divarları arasında yaşadığı illər, ölüm-zülümlə də olsa, başa çatmışdı. Bu illər ərzində şəxsi həyatı, çətinliklə dolanan ata-anası, özündən kiçik bacı-qardaşı, dostları barədə kifayət qədər düşünmək imkanı olmuşdu.

Gəncliyi çox tez ötüb keçməkdəydi. Saçına dən düşmüş,  əvvəlki həyat eşqi  yoxa çıxmışdı. Sevdiyi qızı da tez-tez xatırlayırdı. Xatırlayırdı deyəndə, əslində, onu yad etmədiyi gün yox idi. Amma çifayda, gözəl çöhrəsinə həsrət qalmışdı...

... İndi isə qohum-əqrəba, qonum-qonşu, dostları başına cəm olmuşdu. Görüşməyə gələn hər kəs ona "Kişinin başına iş gələr, keçmiş olsun" deyirdi.

Yemək masası boşalmış, çay süfrəsinə isə  ən yaxınları qalmışdı. Elə sorğu-sual da bundan sonra başlamışdı. Vaxtilə bir sinifdə oxuduğu Kərim:

- Gör neçə ilin həbsdə keçdi. O bədbəxt oğlu bədbəxt hardan yolunun üstünə çıxdı?!  Əsgərlikdəki oğlanı deyirəm ee...

İmranın  bu sözlərdən vücudu titrədi, kədər dolu gözlərini onunla qabaq-qənşər oturmuş kişilərin üzünə zillədi. Bir qədər susdu, sonra baxışlarını ona matdım-matdım baxan insanlardan yayındırıb qeyri-müəyyən istiqamətə tuşladı. Beynində o qədər qarışıq, kələfi dolaşıq düşən fikirlər vardı ki... Acılı-şirinli xatirələr sanki ayaq tutub yeriyir, xəyal köhləni dördnala çapırdı.

 

***

 

Beş yaşında ikən ailələri axar-baxarlı yurd yerindən Bakiya köçmüşdü. Atasının işi ilə bağlı bu qərarı vermişdilər. Üçuşaqlı ailənin ilki idi İmran. Bir qədər sonra məktəb zamanı gəlmişdi. İnsafən dərslərini yaxşı oxuyurdu, müəllimlərinin sevimlisiydi. Ona dərs deyənlər də, valideynləri də bu fərasətli oğlanın ali məktəbə  qəbul olunacağına ümid edir, əsl insan kimi yetişəcəyinə inanırdı.

Yay aylarında Novxanıdakı bağlarına köçür, dəniz kənarındakı bu xudmani yaşıl məkandan geri dönmək istəmirdilər. Bacı-qardaşı ilə birgə ata-anasına yalvarıb bağda bir az da qalmalarını xahiş edirdilər. Uşaqlıq xatirələri bu bağdan başlayırdı. Qonşu bağdakı yaşıdları ilə dostlaşmışdılar. İki dəstəyə bölünüb, sapsarı, kəhrəbatək qumun üstündə topaldıqaç oynayır, uduzanda məyus olur, səs-küyləri aləmi başına götürürdü. Yaxınlıqdakı quyudan vedrə ilə su çəkir, sal daşın üstündə əl-ayaqlarını yuyurdular. Bu dişgöynədən sudan doyunca içir, vedrədən ovuclayıb bir-birinin üstünə atırdılar. Qaş qaralanda isə bağ evlərinə dönər, bugünkü sərgüzəştlərindən ağızdolusu danışar, gülməkdən uğunub gedərdilər.

Rüfətlə sözü-söhbəti tuturdu. Onunla hər  mövzuda danışmaq, fikir bölüşmək mümkün idi. Rüfətin anası Tahirə xala İmranı görəndə onu öz balası kimi dindirib danışdırır, evə dəvət edir, uşaqlara çay süzürdü. Rüfət, dostuna böyük qardaşının öz avtomobili ilə qəza törətdiyini, vurduğu piyadanın həlak olduğunu nəql etmişdi. İmran onun  bu üzdən həbsxanada cəza çəkməsini çox ağrılı qarşılamışdı.

Rüfətgil atalarını erkən itirmiş, evin bütün ağırlığı analarının üzərinə düşmüşdü. Tahirə xala heç yerdə işləməsə də, xırda alış-verişlə evi dolandırır, ailəsini korluq çəkməyə qoymurdu.

Ailənin yeganə qız övladı Sevinc Rüfətin əkiz tayı idi. İmranla da yaşıd olan bu qonşu qız onuncu sinifdə oxuyurdu. Şux qaməti, gülərkən yanaqlarında sezilən kiçicik çökəklər, iri qara gözləri, tutaş kirpikləri ona xüsusi gözəllik verirdi. Asta danışığı, qarşısındakını ədəblə, səbrlə dinləməsi, mütaliəyə həvəsi onu yaşıdlarından çox fərqləndirirdi.

Sevinc açıq-çəhrayı qızılgüllərin ləçəklərini siniyə yığıb qayçıyla xırdalayaraq arıtlayırdı. Bakı kəndlərində "həmişəbahar" adlandırılan bu qızılgülün ləçəklərindən mürəbbə bişirəcəkdilər. Tahirə xala həmin gün uşaqları küləfrəngidə çaya qonaq eləmişdi. İmran şəhərətrafı bağların yaraşığı sayılan bu hündür, yelçəkən guşədə var-gəl edib sərinləyir, ən yuxarı pillədən aşağı boylanıb Sevinci gözdən qoymurdu. Bir müddət idi ki, qonşu qıza bəslədiyi məhəbbət ürəyində yuva qurmuşdu. İmranın baxışlarından duyuq düşən qızın  yanaqları allanır, oğlanı, ani də olsa, gözaltı süzürdü.

Anası bağdan dərdiyi gilənarı boşqaba yığıb Sevincə verdi:

- Küləfrəngiyə çıx, nübar payı uşaqlara ver, qızım, - dedi.

Qız azca duruxdu. Sonra anasının sözünü yerə salmayıb, boşqabı ondan alaraq pillələri qalxdı. Qonşu Kərəm dayının oğluyla nərd oynayan Rüfətin səs-küyündən qulaq tutulurdu. Sevinc ən yuxarı pillədə İmranla üz-üzə gəldi. Bir an baxışdılar. İlk ağlına gələni dilə gətirdi:

- Sən çox gözəlsən, Sevinc. Necə olub ki, hər yay səni gördüyümdə bunu anlaya bilməmişəm...

Yanaqları gilənar rənginə çalan qız həyəcandan özünü elə itirmişdi ki... Əlindəki boşqabı tezcə İmrana verib, bir göz qırpımında aşağı endi. Anası onun halətini duymasın deyə, meyvə ağaclarının yamyaşıl çətirində gözdən itdi.

 

***

 

İndi aşkar dinməkdə olan məhəbbət İmranın həyatına bir az öncə sakitcə, səssiz-səmirsiz gəlmişdi. Qəbul imtahanlarına hazırlaşdığı bir vaxtda bu sevgi onu hardan tapmışdı belə?! Fikrini toplaya bilmir, istəklisinin yaraşıqlı çöhrəsi hər an gözü önündə canlanırdı. Sevinci görmək, ona yetmək üçün yollar arayırdı. Bir gün bacısının telefon kitabçasında belə bir qeydə rast gəldi: "Bağ qonşumuz Sevinc". Gecə-gündüz arzuladığı qızla indi danışa bilərdi. Ürəyi quş kimi çırpınan İmran ertəsi gün Sevincə zəng edib  ona hər şeyi anlatmış, "Yollarımız birləşərsə, qovuşub xoşbəxt olarıq!" demişdi.

Qız isə əvvəlcə susmuş, sonra titrək səslə:

- Tanrı nə yazıbsa, o da olacaq, - demişdi.

İmran düşünürdü: "Deməli, sevgimiz qarşılıqlıdır. Hər ikimiz ali məktəbdə oxuyacaq, bir işin qulpundan yapışacağıq. Məhəbbətimizi qoruyacaq, sonra ailə quracağıq". O qədər sevinirdi ki, hər şeyi anasına danışmaq, atasına bildirmək istəyirdi.

 

***

Görəsən, valideynləri nə deyəcəkdi? Ürək sirrini öncə anası Nafisəyə söyləməyi düşünmüşdü. Xoş bir cavab alacağını zənn etsə də, gözlədiyinin əksini eşitmişdi:

- Oğlum, əvvəla, sənin hələ nə yaşındı, evlənmək eşqinə düşəsən. - Anasının gözləri az qala hədəqəsindən çıxmışdı. - İkincisi, məndən sənə əmanət: Eli hürküt, axsağından yapış!

İmran bu "nəsihətlərin" mənasını bir qədər sonra daha dərindən anlayacaqdı. Sən demə, Nafisənin  əndişəsi boşuna deyilmiş. Anasının belə yanaşması qəlbini qırsa da, fikirləşirdi ki, onun hirsi, hikkəsi tezliklə keçib gedər. Vaxt gələr, övladının könül məsələsinə münasibəti dəyişər. Heyhat!..

Son zəng çalınmış, məzunlar məktəb illəriylə vidalaşmışdı. İmran sənədlərini Neft və Kimya İnstitutuna vermişdi. Sevinc isə Pedaqoji İnstitutu seçmişdi, müəllim olmaq istəyi ilə  qəbul imtahanlarına hazırlaşırdı. Artıq vaxt-vədə yaxınlaşırdı. Kitabxanadan evə qayıdıb dərsliklərini bir daha vərəqləyirdi. Sevincgilə zəng edən Nafisənin gur səsi birdən otaqlara yayıldı:

- Tahirə, bu nədir, aaz, oğlumu tora salıbsınız?! Keçməz bu arzu-kamın! Öz kənd-kəsəyimdə qız qəhətdir bəyəm?

İmran bu sözləri eşidib tez qonşu otağa keçdi. Əsib-coşan anasına acıqlı nəzər salıb:

- Ana, sən nə edirsən, ayıbdır axı, - deyə bildi.

Yer-göy başına fırlandı. Bu cür təhqiramiz qınağa məruz qalan Sevincin halını düşündü. Anası iki cavanın sevgisini həzm edə bilmədiyi üçün bu köntöy addımı atmışdı  və beynində dolaşan fikirləri oğluna  söyləməkdən usanmırdı:

- Qardaşı "türemşik" olan qızı ala bilmərik. Anası alverçi olan qız da bizə heç gərək deyil. Oğluma öz kəndimdən qız seçəcəm!

Anası ilə söz güləşdirməyin mənasız olduğunu hələ ağlı kəsəndən anlamışdı. Heç atası Qadir kişi ona söz çatdıra bilmirdi, o ki qala övladları. Bu hökmlü, ədalı qadın ailədə söz sahibi idi.

Anasının çılğın hərəkətindən qəlbi qırılmış, qaşısıalınmaz arzusunun üstündən qara xətt çəkilmişdi. İmran evdə heç kəsə bildirmədən hərbi komissarlığa gedərək ərizə yazıb vaxtından əvvəl həqiqi hərbi xidmətə göndərilməsini xahiş etmiş və tezliklə ordu sıralarına qoşulmuşdu. Yola düşməzdən əvvəl Sevincə ünvanladığı məktubu bacısına verib ona çatdırmağı tapşırmışdı. Məktubda  yazılmışdı: "Mən orduya getdim. Səni çox sevirəm, Sevinc! Məni gözləyəcəyinə inanıram".

 

***

 

Uşaqlıq dostu Kərimin "Nə yaman xəyala daldın, ay İmran", - deməsi ilə sanki göydən yerə endi:

- Həə, yerdə qalanını isə az-çox bilirsiniz, - dedi. - Müstəqillik illəri bizə düşərli oldu. İndi cavanlarımız öz yurdumuzda, Milli Orduda xidmət edirlər. Mənim əsgərlik illərim isə sovetin hələ duruş gətirdiyi vaxtlara düşüb. Uzaq Şərqdə, Usinsk şəhərindəki hərbi hssədə xidmət etmişəm. Bölük komandiri idim. Bölüyümüzdə Gürcüstanın Marneuli bölgəsindən Səməd adlı bədəncə zəif, çəlimsiz bir əsgər də qulluq edirdi. Qarışıq millətlərdən olan bir neçə "dembel"in-tərxis müddəti yaxınlaşan əsgərlərin Səmədi  lağa qoymasını dəfələrlə görüb, onlara təpinmişdim.

Bir şaxtalı qış gecəsi yenicə yuxuya getmişdim ki, Səməd həyəcan içində məni silkələyib oyatdı. Onun üz-gözü qan içində idi. Dedi ki, məni həmin "dembel"lər döyüblər. Hövlnak yerimdən sıçrayıb hər dəfə "Səmədə toxunma" dediyim yekəpər əsgərin yaxasından yapışaraq ona necə zərbə endirdimsə, başı çarpayının tininə dəyib yerə yıxıldı. Özüm də bilmədən ona ağır bədən xəsarəti  yetirmişdim.

Bu xoşagəlməz hadisədən sonra məni qaupvaxta saldılar. Qarlı-çovğunlu bir gündə mən saxlandığım həbsxanaya  gəlmiş ata-anamı gördüm. Nə hisslər keçirdiyimi özünüz təsəvvür edin... Əllərimi don vurduğu üçün məni hərbi hospitala yerləşdirdilər. Barəmdə açılan cinayət işinin istintaqı üçüncü ay idi ki, davam edirdi. Valideynlərim mənə baş çəkmək üçün yenə Bakıdan Usinskə, müalicə aldığım hospitala  gəlmişdilər. Bir gün palatada danışıq səsinə oyandım. Yarıyuxulu vəziyyətdə  idim. Anam sakit səslə atamdan:

- Ay Qadir, görən tanış-bilişdən aldığımız borcun altından necə çıxacağıq - deyə soruşurdu. Sonra isə:

- Dünən ərzaq üçün şəhərə çıxanda yolüstü bir neçə mağazaya girdim. Münasib qiymətə qadın paltarları alıb şəhərimizdə bir az baha satsaq, borclarımızı ödəyə bilərik. Axı, bizim dükanlarda belə rəngarəng mallar yoxdur...

Atam razılıq əlaməti olaraq başını yelləməklə ona cavab verdi. Kişinin çiyinlərindən sanki dağ götürüldü. Məndən gizlətsələr də, eşitmişdim ki, atamın işləri elə də yaxşı deyil, ailədə dolanışıq çətinləşib.

İndi yanaşı oturub pıç-pıçla danışan valideynlərim bəlkə də güman edirdilər ki, hələ yatmışam. Üzümü onlara çevirib hal-əhval tutanda uşaq kimi sevindilər. Anam boynumu qucaqlayıb:

- Anan ölsün, a  bala, - deyib göz yaşlarını saxlaya bilmədi.

Məni dünyaya gətirən varlığı bağrıma basdım. Anamın solğun və pəjmürdə görkəmi vardı. Bəlkə də baş verən  olaylarda özünü günahkar  sayırdı.

Bir həftədən sonra keçirilən məhkəmə iclasında mənə Rusiya qanunları ilə hökm oxundu və dörd il həbs cəzası verildi. Cəza çəkdiyim dövrdə dünyanın ən böyük həqiqətini - Allahı dərk etdim. Anladım ki, uca Yaradanın hökmü olmadan heç bir istəyimizə yetə bilməz, mal, mülk, iş, vəzifə sahibi ola bilmərik. Amma anam nə vaxtsa nələr, nələr deyirdi... Bəs əvəzində nə oldu?         

Budur, zəif bir insanı müdafiə edərkən əlimdən çıxan xəta üzündən  adıma "türemşik" damğası vurulan həbsxanadan evə dönmüşəm. Dəmiryolu vağzalında məni ilk qarşılayan uşaqlıq dostum Rüfət oldu. Mənim nə vaxt qayıdacağımı atamdan öyrənibmiş. İllərin ayrılığından sonra doğma qardaştək görüşdük. İki oğul atası olduğunu, Tahirə xalanın ağır xəstəlikdən sonra dünyasını dəyişdiyini, bu günədək ailə qurmayan Sevincin isə anasından sonra qardaşı  Rüfətə sığındığını öyrəndim. Tale üzümə gülüb, həyatımın ən nisgilli sualına cavab almışam: O, hər şeyə rəğmən məni gözləyib!

Evə çatanda isə daha bir xoş xəbərə sevinmişəm: bacım Sevincgilin kəndindən olan bir cavanla ailə qurub, oğul-uşaq sahibidir. Görürsünüz, bütün bunlar Allahın möcüzəsi deyilmi?

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

 

525-ci qəzet.- 2020.-16 may.- S.23.