“Şəhərim”
YAZIÇI GÜNEL ANARQIZININ
EYNİADLI HEKAYƏSİ ƏSASINDA
ÇƏKİLMİŞ FİLMDƏ İNDİ HƏM
DƏ İSTANBUL, PARİS, ROMA VƏ BERLİNDƏN BƏHS
OLUNUR
Yazıçı Günel
Anarqızının eyniadlı hekayəsi əsasında
çəkilmiş doğma Bakıdan bəhs edən “Şəhərim”
qısametrajlı filmini qısa müddət ərzində
dünyada 100 min nəfərdən çox
tamaşaçı izləyib. Dünyanı cənginə alan pandemiya dövründə film internetin
hüdudsuz imkanları sayəsində qeyri-adi surətlə
yer kürəsinin dördbir tərəfinə yayılıb,
qitələri dolaşıb, dünyanın ən ucqar guşələrində
belə doğma şəhərimizə rəğbət və
sevgi hissləri oyada bilib. Azərbaycan dilində yazılan bu
hekayəni müəllif əvvəlcə rus dilinə
çevirib, daha sonra isə ingilis və digər əcnəbi
dillərə tərcümə olunub. Hekayənin
və artıq “Şəhərim” adlı beynəlxalq layihənin
də müəllifi Günel Anarqızı bununla
bağlı fikirlərini “1news.az”la bölüşüb.
- “Şəhərim”
hekayəsi haqqında “1news.az”a verdiyim ilk müsahibədə
dediyim kimi, aprelin 5-də, axşamüstü - bizim doğma
Bakımızda karantin tədbirləri sərtləşdirilən
gün məni ağuşuna alan hisslərin ifadəsi olan və
bədahətən yazılan bu hekayəni qələmə
alarkən qətiyyən güman etməzdim ki, o,
dünyanın bir çox ölkələrində əks-səda
doğuracaq, tanımadığım insanların qəlbinə
yol tapacaq. Görünür, bu hekayə sıravi bir sakinin məktubu
kimi bir Şəhərə ünvanlansa da, əslində,
ayrıca götürülmüş bir ölkənin
insanlarının fikirlərini yox, bu gün koronavirus
pandemiyası ilə üz-üzə qalmış, Yer kürəsinin
müxtəlif guşələrində yaşayan bütün
insanların ümumi ovqatını əks etdirə bilib. Belə çıxır ki, biz yalnız bir ölkənin
deyil, öz evlərinə qapanıb qalan və doğma şəhərlərinin
küçələrinə çıxmaq imkanından məhrum
olan, bir planetin vətəndaşlarıyıq. Beləcə, bu düşüncələr içərisində
COVİD 19-dan daha çox zərər çəkmiş
Milan, Paris, İstanbul, Berlin, London şəhərləri
haqqında ayrıca film çəkmək ideyası
yarandı. Bizim beynəlmiləl komandamız bir aydan da az müddət ərzində çətin bir
işin öhdəsindən gələ bildi - hekayə
altı dilə tərcümə olundu, aparıcıların
köməyi ilə onu yeddi dildə səsləndirə bildik
və ayrılıqda hər bir filmə müvafiq
video-materialları montaj etdik, həmin filmləri
hazırlayıb ayrılıqda “YouTube”də yerləşdirdik.
“Şəhərim” əsərinə
Bakı Kamera Orkestrinin müşayiəti ilə musiqi bəstələyən
istedadlı bəstəkar Vüqar Camalzadənin işini
ayrıca qeyd etmək istərdim. Fürsətdən
istfadə edib həm Bakıda, həm də dünyanın
müxtəlif şəhərlərində yaşayan
dostlarıma və həmfikirlərimə - Yefim Abramov, Kamran Ağabalayev,
Fuad Axundov, İmdat Avşar, Moris Rufin, Təranə Paris
Bakı, Afaq Quliyeva, Samirə Patser-İsmayılova, Nikola
Müllers, Sandro Teti, Alessio Berqamo, Massimilyano Kutrera, Yeganə
Axundova, Bəhram Bağırzadə, Fuad Təhməzli, Teymur
Abdullayevə, habelə tərcüməçi və
redaktorlara yüksək peşəkarlıq və
dözümlülük nümayiş etdirdiklərinə
görə minnətdarlığımı bildirirəm.
Təbii ki, bu layihə bizi dostlarımızın hərtərəfli
dəstəklədikləri və dəstəkləməkdə
davam etdikləri üçün baş tutub. Hekayənin
başqa xarici dillərə, o cümlədən, ispan, ərəb
və Çin dillərinə də tərcüməsi və
səsləndirilməsi nəzərdə tutulub. Zənnimcə, indiki mərhələdə dayanmaq
olar və gözləmək lazımdır. Ola bilsin, ən yaxın vaxtlarda koronavirus və
uyğun olaraq, özünü izolyasiya mövzusu kəskinliyini
və aktuallığını itirsin, amma bu filmlər bizim
yaddaşımıza gözəl şəhərlərimiz
haqqında özünəməxsus sevgi himni kimi həkk
olunacaq.
Kamran Ağabalayev, hekayəni ilk dəfə
Azərbaycan dilində səsləndirən aktyor (Bakı):
- Mən
fiziki və mənəvi cəhətdən Bakıda
böyümüşəm. Basmaqəlib səslənsə
də, görünür, mənimlə mənim şəhərim
arasında hansısa gözəgörünməz mənəvi
əlaqə var. Onun mərkəzində ilk növbədə
anamla gəzintiyə çıxdığım küçələrin
xatirələri dayanır. Etiraf etməliyəm
ki, indi də həmin küçələrdə təkbaşına
gəzməyi xoşlayıram. Şəhərin
həmin küçələri mənə Məkkə qədər
müqəddəsdir. Məhz həmin yerlərdə
olarkən sanki anamın mənim suallarıma verdiyi
cavabları eşidirəm. Ola bilsin ki, bu,
bir qədər qəribə səslənsin, amma mənim
heç bir psixoloji problemim yoxdur. Əlbəttə,
mən Bakını çox sevirəm və özümə
hörmətlə yanaşıram. Əgər
Günel xanımın hekayəsi mənim könlümün
kövrək tellərinə toxunmasaydı, heç
şübhəsiz, bu layihədən imtina edərdim. Görünür, Günel xanım həmin telləri
riqqətə gətirməyin yollarını bilir. Mənsə bir daha əmin oldum ki, sıravi sakin kimi
öz doğma şəhərinə necə üz tutmaq olar.
İnanıram ki, bu layihə vasitəsilə
biz doğma şəhərimizlə bir-birimizi bir daha anlaya
bildik.
Yefim Abramov (İsrail) - rejissor,
dramaturq, hekayənin rus interpretasiyasında səsləndirəni:
- Mən
bakılıyam və bununla fəxr edirəm. Üstəlik,
Günel Anarqızının “Şəhərim” layihəsində
iştirakıma görə qürur duyuram. Bir çox insanların qəlbini riqqətə gətirən
bu heyrətamiz film beynəlxalq arenaya çıxmağa
layiqdir. O, başdan-ayağa sevgi ilə yoğrulub. Sevginin isə dili və sərhəddi olmur. Ən başlıcası, sevgi hamını birləşdirir.
Mən səmimi olaraq inanır və ümid
edirəm ki, bizim ayrı-ayrı insanlara, şəhərimizə
və doğma vətənimizə olan sevgimiz həyatımızı
yaxşılığa doğru dəyişəcək.
Fuad Axundov (Bakı) - tarixçi,
hekayənin ingilis dilinə tərcüməçisi və
ingilis interpretasiyasında səsləndirəni:
- Bu hekayə
çoxdan ürəyimdə özünə yer eləyən,
amma dilə gətirə bilmədiyim məqamlara toxundu. O,
sanki sadəcə, mənim fikirlərimi oxudu və
astarını üzə çıxardı. Öz
hisslərimə və açıqlamalarıma görə
peşimançılıq hissləri keçirmirəm.
Elə bil, bu həyat hekayəsi məni - özündən
qaçmaq arzusu ilə bu şəhəri tərk etmək istəyən
uğursuz bir emiqrantı bir növ dişinə vurdu və
anladım ki, özündən qaçıb yaxa qurtarmaq
mümkün deyil. İndi isə bu Zümrüd Şəhərə
qayıtmağın yollarını arayıram... Az da olsa, bələd
olduğum dilə çevirdiyim və səsləndirdiyim, həmçinin,
daha böyük auditoriyaya mesaj göndərmək istədiyim
“Şəhərim” filmində təkrarolunmaz, gözəl
Bakı, indi küçələri müvəqqəti olaraq
bir qədər adamsızlaşsa da, bir Zümrüd Şəhər
kimi təsvir edilir. Bu film adamda bir az həsrət
hissləri oyatsa da, bizdən bu “virus müdaxiləsindən”
sonra ona daha çox qayğı ilə yanaşmamızı tələb
edir.
İmdat Avşar (İstanbul) -
şair, hekayənin türk dilinə tərcüməçisi
və türk interpretasiyasında səsləndirəni:
- İnsanları birbaşa ürəyindən vuran
koronavirus bizim hamımızı doğma şəhərlərimizdən
aralı saldı. Şübhəsiz, bu, bizim tariximizin ən
dramatik hadisələrindən biridir. Bakıya
ünvanlanan “Şəhərim” hekayəsi, doğrudan da, qəlbimi
titrətdi. Filmə baxarkən mən
sevdiyim bir şəhərin bomboş və qəmli
küçələrini gördüm. Əslində,
dünyanın başqa şəhərlərində də vəziyyət
eynidir, sadəcə, Günel xanım bizə başqa günlərdə
şəhərlərimizin qədrini layiqincə bilmədiyimizi
xatırlatdı. Bakı haqqında
yazılan bu hekayə bütövlükdə dünyaya bir
çağırışdır. Müəllif
əslində, dünyanın bütün şəhərlərinə
və sakinlərinə müraciət edir. Ona görə də Bakıya həsr olunan bu hekayəni
türk dilinə uyğunlaşdırdım və İstanbula
ünvanladım. İnanıram ki, bu layihə
bütün dünya şəhərlərinin və sakinlərinin
həmrəylik missiyasını uğurla həyata keçirəcək.
Afaq Quliyeva (Bakı) - pedaqoq, layihənin
fransız variantının təşkilatçılarından
biri:
- Filmin
rus variantına baxdıqdan sonra bu layihədə iştirak etmək
qərarına gəldim və anladım ki, film qəlbimdə
toxunub. Mən bu layihəni müəllifin
bütün bəşəriyyətə müraciəti kimi nəzərdən
keçirirəm. O, bir daha xatırladır ki, xoşbəxtlikdən
darıxan adam xeyirxahlıq etməyi də
bacarmalıdır.
Moris Rufin (Paris) - Azərbaycandakı
Fransız İnstitutunun direktoru, hekayənin fransız dilinə
tərcüməçisi:
- Bu əsəri
oxuyarkən, əvvəlcə, Bakı haqqında fikirləşdim.
Bu şəhərə ürəkdən
bağlanan bir qonaq kimi Bakının köklü bir sakininin
onun şəhərinin necə də nadir, təkrarolunmaz və
əvəzsiz olması ideyasını anlaması xoşuma gəldi.
Axı, bəzi bakılılar öz şəhəri
haqqında xoşagəlməz ifadələrə də yer
verirlər və mən hər dəfə mübahisəyə
girişir, Bakının onların görə bilmədikləri
gözəlliklərini anlatmağa çalışıram.
Sonra fikirləşdim ki, mən də əslən Parisdənəm,
bəzən olur ki, ağına-bozuna baxmadan onu tənqid edir,
bütün günahları onun üstünə
yıxıram.
Çox vaxt məni böyüdüb boya-başa
çatdıran, az qala, onun bütün
dünyanı heyran qoyan gözəlliklərinə
qarşı ədalətsiz oluram. Bu mətn, əslində,
mənim hisslərimin tərcümanı idi, sanki doğma
Parisi tərənnüm edirdi və mən onu asanlıqla təbii
şəkildə tərcümə etdim.
Taranə Paris Bakı (Bakı-Paris) -
müğənni, aktrisa, hekayənin fransız interpretasiyasında
səsləndirəni:
- İlk növbədə bu layihədə diqqətimi
onun rəhbərinin Günel Anarqızı olması faktı
cəlb etdi. Qəribə də olsa, onun
yaradıcılığı ilə
tanışlığım ilk dəfə fransız dilində
oxuduğum “Qarabağ hekayələri”ndən başlayır.
Bu əsər məni valeh etmişdi. “Şəhərim” əsərini isə əvvəlcə
Azərbaycan dilində, sonra fransızca oxudum və
ağlıma ilk gələn o oldu ki, bu hekayə, deyəsən,
həm də Paris haqqında yazılıb. Bu isə məni bu layihədə iştirak etməyə
sövq etdi.
Sandro Teti (Roma) - naşir və
politoloq, layihənin italyan versiyasının təşkilatçılarından
biri:
- Hər
şeydən əvvəl hekayənin mətni və təsviri
xoşuma gəldiyi üçün bu layihə diqqətimi
çəkdi. Sonradan öyrəndim ki, hekayə İtaliya
şəhərlərinə uyğunlaşdırılacaq, mən
həmin an bu çağırışa
reaksiya verdim və dostum, teatr rejissoru Alessio Berqamonun bu layihədə
iştirak etməsini məsləhət gördüm. O da
öz növbəsində tanınmış İtaliya aktyoru
və rəqqası Massimiliano Kutreranı bu işə dəvət
etdi. Beləcə, İtaliya haqqında təsirli
bir süjet alındı. Mən bu layihəni
həm İtaliyanın Azərbaycandakı, həm də Azərbaycanın
İtaliyadakı səfirlərinə göstərdim. Səfir
Məmməd Əhmədzadə həmin an reaksiya verdi. İndi səfirliyin köməyi ilə
biz bu filmi “2020-ci il
İtaliyada Azərbaycan mədəniyyəti ili”
layihəsi çərçivəsində də geniş
nümayiş etdirmək istəyirik.
Massimilliano Kutrera (Roma) - teatr və
kino aktyoru, hekayənin italyan interpretasiyasında səsləndirəni:
- “Şəhərim” layihəsi məni bir daha
düşünməyə vadar etdi ki, izolyasiya bizim gündəlik
həyatımızı mürəkkəbləşdirməklə
yanaşı, həyatda birlikdə və ayrılıqda nə
üçün yaşadığımızı
götür-qoy etməyə imkan yaratdı. Sanki
gözümüzü açdı və adi günlərdə
fərqinə varmadığımız bir çox məsələlər
haqqında fikirləşməyə məcbur etdi. Məsələn,
öz qonşularımızı tanımırdıq, az qala, gündəlik həytımızda
tez-tez rastlaşdığımız adamları
görmürdük. Mən bənzərsiz
gözəlliyi olan Romada yaşayıram. Hətta
Romada yaşaya-yaşaya gündəlik iş-gücün və
qayğıların içində itib-bata bilərsən və
bu gözəlliyi görməzsən. Zənnimcə,
izolyasiya hər halda bu anlamda bizim həyatımızda
mühüm rol oynadı.
Alessio Berqamo (Roma) - teatr rejisoru, layihənin
italiyan variantının təşkilatçılarından
biri:
- Bu heyrətamiz
layihə diqqəti bizim şəhərimizə və eyni
zamanda, onun bizə olan münasibətinə yönəldir. Bizim yoxluğumuzda o bizə müracət edir, sanki
öz memarlığı və təbiəti haqqında
danışır, şəhərdə başqa cür
yaşamağı məsləhət görür.
Vurnuxmağı yox, təmiz yaşamağı, adam kimi yaşamağı tövsiyə
edir. Nəhayət,
mənim fikrimcə, bu layihə ekologiya və bütün
şəhərlilərin ürək genişliyi
haqqındadır.
Samira
Patser-İsmayılova (Köln) - Avropa Mədəniyyətlərarası
Əməkdaşlıq Forumunun sədri, layihənin alman
variantının təşkilatçısı:
- “Şəhərim” hekayəsi olduqca sanballı sənət
əsəridir. Bu hekayə yığcam olmaqla
yanaşı, eyni zamanda, təkcə müəllifin Vətənində
deyil, həm də onun hüdudlarından kənarda da minlərə
insanın şüuruna təsir gücündədir. Mən
həmişə Vətənimdə yaranan və Avropa ictimaiyyətinin
diqqətini çəkən maraqlı, istedadlı ideyalara və
layihələrə sevinmişəm...
Nikola Müllers (Köln) - Ədəbiyyatşünas,
aktrisa, hekayənin alman interpretasiyasında səsləndirəni:
- Məni
ilk növbədə hekayənin stilistikası, bir sakinin
öz şəhərinə müraciəti heyran etdi. Müəllif
yaşadığı hiss və duyğuları sanki bir anda mənə
ötürdü və bütün bunların ümumbəşəri
olduğunu anladım. Ona görə də bu
layihədə iştirak etməyi qərara aldım.
Vüqar Camalzadə (Bakı) - Layihənin
bəstəkarı:
- Bəri
başdan deyim ki, “Şəhərim” hekayəsindəki
sözlər və fikirlər mənə çox toxundu.
Hansı dildə səsləndirilməsindən asılı
olmayaraq, onlar ana dilində yazıldığı kimi gözəl və möhtəşəmdir.
Heç şübhəsiz, günlərin bir
günü biz, nəhayət, görəcəyik ki, dünyanını
lərzəyə salan koronavirus adlı bu dəhşətli bəla
şəhərlərimizdən çəkilib gedib.
Əlbəttə, o zaman bizim gündəlik həyatımızda,
ən başlıcası isə şüurumuzda bir çox dəyişikliklər
baş verəcək və biz köhnə stereotiplərdən
və alışqanlıqlardan sıyrılaraq dünyaya yeni gözlə
baxmağı öyrənəcəyik...
“1news.az”
(Yazını rus dilindən Akif
Əhmədgil tərcümə edib)
525-ci qəzet.- 2020.- 16 may.- S.14-15.