Bədii söz imarətimizin sarsılmaz sütunu

 

Əbdürrəhim bəy Haqverdiyev-150

 

GÖRKƏMLİ YAZIÇI-DRAMATURQUN, MOLLA NƏSRƏDDİNÇİ ƏDİBİN HƏYAT VƏ YARADICILIQ YOLUNA BİR NƏZƏR

 

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamamlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mühüm tarixlə bağlı, ədibin yubileyinin layiqincə qeyd edilməsi məqsədilə 22 yanvar 2020-ci ildə Sərəncam imzalayıb.

 

Görkəmli ədibin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

17 may 1870-ci ildə Şuşada anadan olan Əbdürrəhim Əsəd bəy oğlu Haqverdiyev Şuşa və Tiflis realnı məktəblərində təhsil almışdı. Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmiş, Peterburq Universitetinin Şərq fakültəsində mühazirələr dinləmişdi.

Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı dövrdə milli özünüdərk, Vətənin istiqlalı, millətin oyanıb öz haqqını tələb etməsi, ana dilinin yad təsirlərdən qorunması, gözəl milli adət-ənənələrə sədaqət kimi amillərə diqqət artırırdı. Şübhəsiz ki, Əbdürrəhim bəy Haqverdiyevin də bədii yaradıcılığı bu amillərdən qaynaqlanırdı. Azərbaycan reallığının böyük simalarından və "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri kimi "Əbdürrəhim bəy Haqverdiyevin bədii yaradıcılığı xalqı ilə dərdləşmək və onu böyük tərəqqiyə, təkamülə yetirmək vasitəsi olmuşdur. Vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini qorumaq arzularının gerçəkləşməsi üçün Əbdürrəhim bəy Haqverdiyev bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın və xüsusilə "Molla Nəsrəddin" tribunasından məharətlə istifadə etmişdir.

Təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin qəflət yuxusundan oyanmasına güclü təsir göstərmiş "Molla Nəsrəddin" jurnalının özü və onun əsasında yaranan ədəbi məktəb və bu məktəbin nümayəndələri yüz illik tarixi dövrü aşaraq müasirliyini, aktuallığını bu gün də saxlamaqdadır. "Molla Nəsrəddin" ədəbi məktəbinin tanınmış nümayəndələri sırasında Əbdürrəhim bəy Haqverdiyevin də adı xalqımız və ədəbiyyatşünaslar tərəfindən böyük ehtiramla çəkilir.

Ədəbiyyatşünas Firudin Hüseynov yazır ki, "Molla Nəsrəddin" jurnalının azərbaycançılıq ideyasının daşıyıcıları - Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi və başqalarının durduğu cərgədə Əbdürrəhim bəy Haqverdiyevin öz yeri, öz xidmətləri var".

Əbdürrəhim bəy Haqverdiyev hekayələrində tipik obrazlar yaradır və həmin obrazlar vasitəsilə milləti özünü dərk etməyə, istiqlalını qazanmağa, inkişafa hazırlayır. O, milli koloritdən, milli məişətdən çıxış edərək ya bunu bəyənir, təbliğ edir, ya da köhnəliyi tənqid edib, yeni dünyaya, yeniliyi duymağa çağırır. Bu mənada ədibin portret yaradıcılığı üzərində dayanmaq olar. Məsələn, ədib tipik bir azərbaycanlını, - Şeyx Şəbanı elə canlı və real rəsm etmişdir ki, biz onu nə vaxtsa, hardasa görmüş kimi çox yaxından tanıyırıq. Şeyx Şəbanın azərbaycanlı xarakterini... bütün aydınlığı ilə görə bilirik.

Yazıçının digər əsərlərində yaratdığı ağ çuxalı, ağ arxalıqlı, Buxara papaqlı, gümüş kəmərli, baməzə təbiətli, məğrur Mirzə Səfər, qarasaçlı, qaragözlü və "qara telli" Haqq Mövcud, əynində qədim sazəndələrimizin milli geyimi olan sənət fədaisi tarzən Cavad, habelə ədibin zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə nəzərimizdə canlandıra bildiyi onlarla belə surətlər xalqımızın ictimai tarixindən, keçmiş məişət tərzindən, etnoqrafik əlvanlığından zəngin məlumat verir, öz zamanları haqqında maraqlı hekayələr danışırlar! Biz də bu surətlərin şəxsi xarakteri ilə çox yaxından tanış olduğumuz üçün onların taleyini bütün əsər boyu böyük maraq və həyəcanla izləyir, sevinc və kədərləri ilə yaşayırıq. Məhz belə orijinal surətlər silsiləsi, xarakterlər qalereyası Əbdürrəhim bəy Haqverdiyevi bədii yaradıcılıqda mahir portret ustası kimi şöhrətləndirmişdir. Ədib bədii portretdən mürəkkəb insan xaraekterinin tam açılmasında, psixoloji təhlildə əlverişli və qüvvətli bir vasitə kimi məharətlə istifadə etmiş, bəzən də onun ən səciyyəvi əlamətlərini məhz bu yolla aşkara çıxara bilmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin bu əsərdə yaratdığı tipik obrazlar bütöv bir xalqın mənəvi dünyasının bədii təqdimi kimi azərbaycançılıq ideyasına xidmət edir. Bədii əsərdəki ideyanın həllində ordakı surətlərin fərdi və ictimai taleləri, arzu və idealları, əməlləri başlıca vasitədir. Müəllif fikri, adətən, əsərdəki surətlər vasitəsilə öz ifadəsini tapmış olur. Sənətkar əsərinin ideyasını özü üçün konkretləşdirdiyi kimi, həmin ideyanın bilavasitə "icraçıları" olan surətləri də canlı bir insan kimi konkret və aydın şəkildə görməyi və göstərməyi bacarmalıdır. Çünki bədii əsərlər müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına dair ibrətli lövhələrdən, insanlıq haqqında sənətkar ideallarının bədii təcəssümündən ibarətdir. Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığın bu keyfiyyətlərini özündə yaşadan sənətkardır.

Qeyd edək ki, ədibin jurnalda fəaliyyəti mövzuları və problemlərin qoyuluşu baxımından birbaşa azərbaycançılıqla əlaqədardır. O, dövrü, zamanı, hadisələrin məcrasını çox gözəl anlayan bir ziyalı kimi redaksiyasına qədəm qoyduğu "Molla Nəsrəddin" jurnalının tribunasından maksimum istifadə etməyi bacarmışdı.

Bütövlükdə, mollanəsrəddinçilərin gücü onların böyük ictimai idealları ilə bağlı olduğu kimi, bu yazıçının da yaradıcılıq taleyi xalqla bağlıdır. Onun ictimai idealları sırasında Azərbaycanın azadlığı və müstəqilliyi, xalqın mənəvi inkişafı, milli adət-ənənələrin, ana dilinin qorunması ön sıralarda dururdu. Əbdürrəhim bəy Haqverdiyev öz xalqının potensial gücünə bələd idi. Çünki o, öz xalqını və torpağını, onun qədim mədəniyyətini, tarixini, ədəbiyyatını çox yaxşı bilən, bütün qabiliyyətini, istedadını, milli tərəqqi və intibah yolunda əsirgəməyən vətəndaş sənətkar olmuşdu... Əbdürrəhim bəy Haqverdiyev üçün bədii yaradıcılıq xalqı ilə dərdləşmək və onu böyük tərəqqiyyə, təkamülə yetirmək vasitəsi olmuşdur. O, özünün irili-xırdalı bütün əsərlərində millətinin mənəvi dəyərlərinin qorunması, onun zənginləşdirilməsi, dünya dəyərlərini saf-çürük edərək azərbaycançılıq amillərinin gücləndirilməsi problemlərini önə çəkmişdir. Əbdürrəhim bəy Haqverdiyev felyetonları və satirik hekayələri ilə öz ideallarının xalqda gerçəkləşməsinə cəhd göstərmişdir.

"Molla Nəsrəddin"in əməkdaşları sırasında xalqı yaxşı anlayan və onun dərdlərinə əlac axtaran bir ədib kimi Əbdürrəhim bəy Haqverdiyev sözü özünə silah seçmişdir. Jurnalın yaradıcısı və ideya rəhbəri Cəlil Məmmədquluzadə "Xatiratım"da yazırdı: "Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil, "Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam". Bu "ağsaqqal yoldaşın" yaradıcılıq işində ən çox söykəndiyi ədiblər sırasında Əbdürrəhim bəy Haqverdiyev xüsusi yer tutur. "Molla Nəsrəddin"in müqtədir nasirlərindən, bədii gülüş ustası Əbdürrəhim bəy Haqverdiyev Xortdan, Ceyranəli, Mozalan bəy imzalarını qəbul etmişdi. Onun Azərbaycan xalqının kamilləşməsi, pis adət və ənənələrdən uzaqlaşması məqsədi ilə qələmə aldığı "Cəhənnəm məktubları", "Marallarım" silsiləsindən satirik hekayələri, "Mozalan bəyin səyahətnaməsi" əsəri jurnalın səhifələrində işıq üzü görmüşdür.

Mollanəsrəddinçilərin hamısının əsas idealı Azərbaycan, onun inkişafı olmuşdur. Mövhumat, cəhalət, ədalətsizlik, insan hüquqlarının tapdanması, milli azadlıq uğrunda mübarizə, imperiya qüvvələrinin ifşası, savadsızlıq kimi mövzular bu ədiblərin qələmindən çıxıb insanı, cəmiyyəti yeniliyə aparırdı. Lakin elə mövzular da vardı ki, bunların bədii ifadəsi heç də hamıda uğurlu alınmırdı. Məsələn, insan azadlığı, azyaşlı qızların qoca kişilərə ərə verilməsi, çoxarvadlılıq, siğə və s. kimi pis adətləri ifşa edən ayrıca qələm ustaları vardı. Bu qələm sahibləri sırasında Əbdürrəhim bəy Haqverdiyevin də adı çəkilməlidir. Onun bu mövzularda olan felyeton və hekayələri böyük tərbiyəvi əhəmiyyət kəsb edir.

Əbdürrəhim bəy Haqverdiyevin jurnalda dərc olunan "Xortdanın cəhənnəm məktubları" öz cəsarəti, qaldırdığı problemləri, mövzu aktuallığı və nəhayət, bədii sənətkarlığı ilə fərqlənir. Onun "Molla Nəsrəddin"ə qədər də mətbu yaradıcılığı vardı. 1906-cı ildə "Həyat" qəzetində dərc etdirdiyi "Ata və oğul", "Ayın şahidliyi" hekayələrində insanın xislətində olan naqislikləri ifşa ilə onu kamilliyə çağırırdı. "Molla Nəsrəddin" kimi qüdrətli bir jurnalın fəaliyyətə başlaması isə onun bədii nəsrinə geniş meydan açmışdır.

Əbdürrəhim bəy Haqverdiyevin nəsr əsərləri azərbaycançılıq, vətənsevərlik ideyaları ilə zəngindir. İnsanı buxovlayan fanatizmə qarşı mübarizə, azadlıq, müstəqillik, bərabərlik arzuları, elmə, təhsilə, mədəniyyətə çağırış, Azərbaycan qadınının hüquqsuzluğuna və savadsızlığına etiraz məsələləri bu yaradıcılığın əsasını təşkil edir. Bədii söz sənəti, ümumiyyətlə, insanı kamil görmək missiyası daşıyır. Bu missiyanı həyata keçirmək üçün isə bədii söz sənətkarları iki mühüm yol seçirlər: Tənqid və ifşa etməklə, təqdir etməklə. Əbdürrəhim bəy Haqverdiyev özünün lirik-psixoloji nəsr əsərləri ilə bərabər, "Mirzə Səfər", "Çeşmək", "Qiraət", "Bomba", "Mütrüb dəftəri", "Acından təbib", "Pir", "Seyidlər ocağı" və başqa hekayələrində "Molla Nəsrəddin" ruhuna uyğun olaraq məhz ikinci yolu - ifşa yolu ilə kamilliyə çağırmaq yolunu tutmuşdur.

Ədibin "Xortdanın cəhənnəm məktubları" povesti ictimai xarakterinə, qoyduğu problemlərə və üslubuna görə "Molla Nəsrəddin" ədəbi məktəbinin misilsiz nümunəsidir. Bu povestdə yazıçı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan mühitinin bədii portretini yaratmışdır. Povestdə mühitin doğurduğu ictimai qüsurlar, eybəcərliklər satirik üslubda ifşa olunmuşdur. "Molla Nəsrəddin" jurnalında hissə-hissə dərc olunan bu povest artıq ədibin bir sənətkar kimi estetik ideallarının göstəricisidir. Bu ideallar sırasında isə povestin təqdim etdiyi millətin kamil millət olması arzusudur. Millətin oyanması, haqqı nahaqdan seçməsi, qanunsuzluqlara göz yummaması bir azərbaycançı yazıçı kimi onun təlqin etdiyi əsas qayə idi.

"Xortdanın cəhənnəm məktubları"nda müəllif xüsusi bir ustalıqla xalqın bir sıra hallarda özünün-özünə gətirdiyi bəlaların, pis adətlərin, ədalətsizliyin, qeyri-insani keyfiyyətlərin qrotesk ifşasının şahidi oluruq. Müəllifin o dünyaya səyahətindən əvvəl Bakıdan Şuşaya gedərkən yol boyu gördükləri rus inqilabçı-publisisti Aleksandr Radişşevin "Peterburqdan Moskvaya səyahət" əsərindəki eybəcərliklər qədər ağır və məşəqqətlidir. Bu yollarda insanların bir-birini aldatması, oğurluq, quldurluq, "möminlərin" fırıldaqları ifşa olunur.

Əbdürrəhim bəy Haqverdiyev nəsrinin poetikasını tədqiq edən professor Təhsin Mütəllimov doğru qeyd edir ki, "bu əsərdə əsas məqsəd feodal-patriarxal Azərbaycanın ən ciddi və tipik ictimai qüsurlarını, eybəcərliklərini konkret bədii lövhələr və obrazlar vasitəsi ilə göstərmək, siyasi-ictimai uyğunsuzluqların səbəb və səbəbkarlarını izah etmək, tanıtmaqdır". Müəllifə görə xalq bu səbəb və səbəbkarları görüb tanısa, onun sivil dünyaya qovuşması tez baş verər. XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan ziyalılığının əsas məqsədi isə azərbaycanlını sivil görmək arzusu olmuşdur. Bütün bunlar "Molla Nəsrəddin" ədəbi məktəbinin və onu təmsil edənlərin azərbaycançılıq ruhuna uyğun idi. Təsadüfi deyil ki, "Əbdürrəhim bəy Haqverdiyevin hekayəçilik fəaliyyəti... xüsusən, "Molla Nəsrəddin"in nəşrindən sonra başlanır.

"Xortdanın cəhənnəm məktubları" da həmin dövrün məhsuludur. Azərbaycanda özünü göstərən gerilik, varlı-yoxsul münasibətlərinin fəsadları, saxta din xadimlərinin bəd əməlləri tənqid edilir. Həm də bunlar tipik portretlər qalereyası ilə təqdim olunur.

"Xortdanın cəhənnəm məktubları" satirik portretlərlə zəngindir. Bu satirik portretlərdə milli xüsusuyyətlər - azərbaycançılıq keyfiyyətləri qabardılır. İstər müfəssəl olsun, istərsə müxtəsər, satirik portretlərin demək olar ki, hamısında ədibin surətə olan mənfi münasibəti, hətta kinayəsi çox aydın və qabarıq şəkildə özünü büruzə verir. Daha doğrusu, belə hallarda bədii portret həm də əlverişli ifşa vasitəsinə çevrilir. Məsələn, "Bu şəxs həm də Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boyunun gödəkliyindən başı iki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı".

Bu təsviri oxuduqda nəzərimizdə çox yöndəmsiz və eybəcər bir sima canlanır. Həmin surətin fiziki əcaibliyi geyimindəki yöndəmsizliyini çox yaxşı tamamlayır. Yerişindəki və danışığındakı lovğalıq onu daha gülünc göstərir. Lakin ədib özünün mənfi münasibətini daha kəskin deməyi lazım bilir və təsvirin sonunda onu açıq rüsvay edir.

Əbdürrəhim bəy Haqverdiyev obrazın təsvirində portret detallarından istifadə etməyi çox sevir. Belə hallarda surətin zahiri görkəminin mükəmməl təsviri verilmir. Yalnız ən zəruri, səciyyəvi əlamətlərindən bəzisi nəzərə çatdırılır. Bu üsula, əsasən, ikinci, üçüncü dərəcəli surətlərin təsvirində təsadüf olunur. Məsələn, "Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə də sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen". Xortdanın Ağdam bazarında rast gəldiyi usta Qulunun tamam tüksüz sifəti və bir sajenlik boyu oxucuda gülüş doğurur. Bu dəlləyin qarşısına çıxdığı kəndlilərin başını zorla qırxmaq adəti də nəql edilərkən o, daha gülünc görünür. Beləliklə, kiçik bir parçada surətin gülünc xarakteri və görünüşü haqqında çox yığcam və dəqiq təsəvvür yaranır.

Başqa bir misal. "Bir nəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış serqut, təxminən qırx sinində şəxs, qabağında bir istəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyüb burnunu çəkərək onunla yanaşı oturmuş tənuməd, yoğun, qarasaqqal bir hampa kəndli ilə mübahisə eləyirdi". Bu misalda işdən qovulmuş kənd "uçiteli" ilə bir hampanın çox xəsis detallarla təsviri verilmişdir. Kənd "uçiteli" "başı şapkalı" və "əynində bozarmış serqut" olması ilə seçilir.

Bu portret detallarının hamısı müəyyən bir məqsədə - azərbaycançılığa xidmət edir. Əslində, bütün bunlar azərbaycanlının özü-özünü tanımasına, çirkinliyini, eybəcərliyini görüb, ondan imtina etməsinə yönəlib. Bu isə azərbaycanlını qüsursuz, kamil görmək arzusundan, ədibin azərbaycançılıq niyyətindən irəli gəlir.

Ədibin "Molla Nəsrəddin"dəki başlıca mövzuları real həyatın və vaxtı keçmiş münasibətlərin tənqidindən ibarətdir. Öz vətəni olan Qarabağda, sonralar İslam Şərqində müşahidə etdiyi cəhaləti, haqsızlıqları kəskin satira atəşinə tutan, kəndli və əsnafın avamlığını təbii bir gülüşlə bizə söyləyən ədib böyük bir dövrü xarakterizə edən hekayələrində əlvan tiplər silsiləsi yaratmış və bunlara ümumi simvolik bir ləqəb verib "maral" adlandırmışdır. Əsərdən kiçik bir parça da onun haqqında təəssürat yaratmağa qadirdir: "Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım... Hacı marallarım, kərbəlayi marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım..."

Böyük tədqiqatçı-alim və yazıçı Mir Cəlal və ədəbiyyatşünas Firudin Hüseynov Əbdürrəhim bəy Haqverdiyevin "Marallarım" əsəri barədə yazıblar: "Bizim heç birimiz istəmirik və istəməzdik ki, ata-babalarımız bu əsərdə göstərilən dəhşətli aləmdə yaşamış olsunlar. Madam ki, bu, bir həqiqət imiş, biz cahil keçmişə, bizi gözübağlı saxlayanlara dərin nifrət edirik, qəzəblənirik. Biz ədibin hekayələrindən ayrı nəticə çıxarırıq: köhnə cəmiyyətin mirası olan o cəhalət dəhşətlərinə son qoymaq, onun qalıqlarını məhv etmək üçün camaata, lap avam camaata kömək etmək, ən uzaq və kənar guşələrdə, hətta ən geridə qalmış adamları da o köhnə həyatın cəngəlindən, qalıqlarından xilas etmək uğrunda daha inadla, daha kəskin mübarizə aparmaq lazımdır". Bu mübarizə millətin azad yaşaması uğrunda böyük savaşın tərkib hissəsidir.

Əbdürrəhim bəy Haqverdiyev XX əsrin əvvəlləri Azərbaycan tənqidi realist ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Nöqsanları ifşa yolu ilə aradan qaldırmağa üstünlük verirdi.

Əbdürrəhim bəy Haqverdiyev müəllim ruhlu, tərbiyə verməyi sevən, əxlaq üzərində çox düşünən yazıçıdır. Yalançı və fırıldaqçı adamların cəmiyyətə, məişətə gətirdiyi pozğunluğu ifadə edən "Qiraət" əsərində avam, sadəlövh, eyni zamanda, məsum, sədaqətli arvadını aldadıb "qiraət" öyrənmək adına aşnası Nataşanın yanına gedən və üstəlik "müctəhid" adına yazıq arvadına hazırlatdığı plovu da götürüb kef məclisinə aparan "Maşaduşka"nı (Məşədini) müəllif tipik bir surət səviyyəsinə təsadüfən qaldırmayıb. Müəllif Məşədi Qulamların bu əxlaqını ifşa edərkən elə onun öz dili ilə qanmazlıq məqamlarını da ortaya qoyur: "Allah kəssin müsəlmanın (azərbaycanlının - A.M.) evini, eşiyini, diriliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxarırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan, qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... Tfu... Gedirsən Nataşanın evinə, süfrə qardan , çəngəl-bıçağın şəfəqindən göz qamaşır... Ağ libaslı, döşlüklü qulluqçu, gözəl səliqə ilə xörəyi ortaya çıxarır. Nataşa özü paltarlarının ən lətifini geyib, gəlib əyləşir, ustolun başında... di gəl arvad ölmüş, hər nə yarar paltarı var geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üst-başından bozbaş iyi gəlir..." Bu bədii parça azərbaycanlını məişət məqamında başqa xalqlarla müqayisədə çox tipik ifadə etməkdədir.

Əbdürrəhim bəy Haqverdiyev "Molla Nəsrəddin"ə sədaqətli olduğunu jurnalın Bakı dövründə də sübut etmişdir. Cəlil Məmmədquluzadə ilə məslək dostluğunu həmişə saxlamış, jurnalın müdafiəçisi olmuşdur. Onun sovet dövründə yazdığı əsərlərinin mayasında mollanəsrəddinçilik ruhu yaşayır. Ədibin "Ağac gölgəsində", "Ədalət qapıları", "Köhnə dudman", "Yoldaş Koroğlu" pyeslərində, "Söhbət", "Diş ağrısı", "İanə" hekayələrində cəmiyyətdə olan mənfi hallar kəskin tənqid olunur. Yazıçının dili aydın, rəvan və şirindir. Əsərləri folklorla zəngindir.

Əbdürrəhim bəy Haqverdiyev ictimai həyatdan tutmuş məişət həyatınadək bütün məqamlarda azərbaycanlını yüksəkdə görmək arzusu ilə yazıb-yaratmışdır. O, əsərlərində mollanəsrəddinçiliyə daim sadiq qalmış, vətənin azadlığına, xalqın oyanışına, müstəqil düşünməsinə, haqqı nahaqdan seçməsinə, ana dilinin geniş yayılmasına yardımçı olmağa səy göstərmişdir.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Hələ 90 il bundan əvvəl əməl dostunun 60 illik yubileyi ərəfəsində mollanəsrəddinçilərin ağsaqqalı Cəlil Məmmədquluzadə yazırdı: "Əbdürrəhim bəy Haqverdiyev hər şeydən qabaq "Molla Nəsrəddin" məcmuəsinin ibtidasından... məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçilərindən hesab olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini "Molla Nəsrəddin" öz bayramı kimi alqışlayacaqdır".

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Allahverdi MƏMMƏDLİ

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2020.- 16 may.- S.20-21.