Kəngərli
ocağından boy
verən Füzuli
vurğunu
Haqqındakı ilk yazılı
bilgilər Kaşğarlı Mahmudun "Divanu
lüğat-it-Türk" əsərinə gedib
çıxan Kəngərli tayfasının bütün
dünyaya yayılıb, ancaq daha çox qədim
Naxçıvan torpağı ilə bağlı olan müxtəlif
uruqlarından onlarla böyük şəxsiyyətlər
çıxıb, bu qədim nəslin adını zaman-zaman
şərəfləndiriblər.
Humanitar elmimizin ədəbiyyatşünaslıq sahəsində
Kəngərli ocağının sayılıb-seçilən
nümayəndələrindən biri də Gülşən
xanım Kəngərlidir. Görkəmli ədəbiyyatşünas-folklorşünas
alim, professor Aybəniz Əliyeva-Kəngərlinin və
zooloq-alim Teymur Əliyevin isti ocağında nəşvü
nüma tapmış Gülşən xanım ədəbiyyata,
sənətə uşaq yaşlarından maraq göstərib,
bu sahədə istedadını erkən büruzə verib.
Ali məktəbi
sənətşünaslıq sahəsində başa vurduqdan
sonra taleyini klassik Azərbaycan poeziyasının
çağdaş Azərbaycan poeziyasına təsirini
araşdırmağa bağlamış Gülşən Kəngərli
elə ilk sanballı monoqrafiyası olan
"Çağdaş poeziya və klassik ədəbi irs"
("Azərnəşr": Bakı, 2000) monoqrafiyasında ədəbiyyatda
ənənə və novatorluq, ədəbi-mədəni
inkişafda kəsilməzlik kimi maraqlı problemləri
araşdırmaqla çoxəsrlik Azərbaycan ədəbiyyatının
əslində, vahid bir proses məcrasından
çıxmadığı, müxtəlif ədəbi nəsillərin
öz keçmişinə üzvi şəkildə
bağlı olduğu, paradiqma-obrazların zaman-zaman yeni
biçimdə ədəbi-bədii təsərrüfata
qayıtması müddəasını zəngin faktik-nəzəri
material əsasında detallı şəkildə
araşdırmağa nail olub. Məhz bu əsərin
əsasında duran dissertasiyasına görə Gülşən
Kəngərli layiq olduğu elmi dərəcəni alaraq indiki
terminlə desək, filologiya üzrə fəlsəfə
doktoru olub.
Elə
ilk sanballı monoqrafiyasından özünü klassik Azərbaycan
poeziyasının, xüsusi halda dahi Azərbaycan şairi və
mütəfəkkiri Məhəmməd Füzuli irsinin dərindən
bilicisi kimi göstərən alim, xüsusi bir tədqiqatçı
erudisiyası və intuisiyası, yetkin alim fəhmi ilə
çağdaş poeziya nümayəndələrinin klassik
irsdən istifadə yollarını və üsullarını
sistemli şəkildə araşdıraraq ədəbiyyatşünaslıq
elmimiz üçün maraqlı nəticələr əldə
edib. Qərb şərqşünaslığında
"Qəlb şairi" kimi tanınan Məhəmməd
Füzulinin xüsusilə lirikasının çağdaş
poeziyaya necə güclü təsir göstərdiyini konkret
poetik örnəklər əsasında üzə
çıxaran monoqrafiya müəllifi bu təsirin həm birbaşa,
həm də şüuraltı mexanizmini səriştəli
formada təqdim etməyə nail olub. Bu isə
onun sonrakı tədqiqatlarında da öz elmi üslubunu və
dəst-xəttini davam etdirəcəyinə, ədəbiyyatşünaslıq
elmini öz töhfələri ilə zənginləşdirəcəyinə
ədəbi-elmi dairələrdə dərin inam yaradıb,
sonrakı elmi fəaliyyəti ilə o, bu inamı
doğruldub.
Sonrakı
elmi axtarışlarında da Məhəmməd Füzulinin
ölməz irsinə dərin məhəbbətini qoruyub
saxlayan Gülşən Kəngərli çox zəngin ənənələrə
malik olan Azərbaycan
Füzulişünaslığının keçdiyi uzun və
şərəfli yolu gərgin əmək və səmərəli
axtarışlar nəticəsində izləyərək
növbəti sanballı monoqrafiyasında gəldiyi elmi qənaətləri
sistemli şəkildə ümumiləşdirmişdir. Alimin doktorluq dissertasiyasının əsasını
təşkil edən bu monoqrafiyada konkret bir ədəbi şəxsiyyətin
simasında elmin zənginləşmə və dərinləşmə
yollarının araşdırılması öz sistemli əksini
tapmışdır.
Dünya
Füzulişünaslığının aparıcı
qollarından biri, hətta birincisi olan Azərbaycan
Füzulişünaslığı şairin hələ
sağlığından başlayaraq 500 ilə yaxın bir
dövr ərzində özünəlayiq məhəbbət və
hörmətlə araşdırılmış,
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq bu sahədə qələm
çalmış hər bir tədqiqatçının xidmətləri
müasir elmi səviyyədə yetərincə dəyərləndirilmişdir.
Tədqiqatda
maraq doğuran cəhətlərdən biri də budur ki,
dövrünün ensiklopedik zəkası kimi bir çox elm
sahələrindən xəbərdar olan Məhəmməd
Füzulinin özü də bir ədəbiyyatşünas,
şeirşünas kimi nəzərdən keçirilmiş və
bu cəhətdən bu elm sahəsinin elə Füzulinin
özündən başlanması kimi orijinal və
inandırıcı bir qənaət irəli
sürülmüş və sübuta yetirilmişdir. Doğrudan da, Azərbaycan humanitar elminin bir çox
sahələri kimi, ədəbiyyatşünaslıq və
poetika elminin də başlanğıcı özünü
yurdumuzun böyük şairlərinin və söz-sənət
adamlarının əsərlərində göstərməyə
başlayır. Bu baxımdan Məhəmməd
Füzulinin dahi sələfi Nizami Gəncəvi orta əsrlərin
ən böyük ədəbiyyatşünaslarından biri
hesab edilə bilər. Eynilə
Füzulinin də yaradıcılığında poetik
sözün nəzəri-estetik problemlərinə həsr
olunmuş bir çox elmi fikirlərə təsadüf etmək
mümkündür.
Monoqrafiyanın rus və türk dillərinə tərcümə
edilərək yayılması, Azərbaycan
Füzulişünaslığının nailiyyətlərinin
daha geniş elmi dairələrdə təbliği
üçün möhkəm zəmin yaratmaqdadır. Xüsusən
nəzərə alsaq ki, Azərbaycandan sonra Məhəmməd
Füzuli yaradıcılığını ən çox
Türkiyə alimləri araşdırıblar,
monoqrafiyanın türk dilinə tərcüməsinin və
Türkiyədə yayılmasının necə böyük əhəmiyyət
daşıdığı aydın olar.
Professor
Gülşən Kəngərlinin Azərbaycan
Füzulişünaslığı qarşısında
böyük xidmətlərindən biri də Füzuli irsinin
gələcək tədqiqatçılarının işini
yüngülləşdirmək məqsədilə
çoxcildli "Azərbaycan
Füzulişünaslığının qaynaqları"
toplusunu gərgin zəhmət sayəsində tərtib edərək
nəfis şəkildə çap etdirməsi və klassik
poeziya mütəxəssislərinin, eləcə də
Füzulisevərlərin ixtiyarına verməsidir. Şairin müasiri və həmyerlisi Əhdi
Bağdadinin "Gülşənüş-şüəra"
təzkirəsindən tutmuş ta son dövrlərədək
Məhəmməd Füzuli haqqında yazılmış demək
olar ki, bütün əsərlər ərəb
qrafikasından, kiril əlifbasından transliterasiya edilərək
xronoloji prinsiplə düzülüb-qoşulmuş və bu
topluda öz əksini tapmışdır.
Adətən klassik ədəbiyyatla məşğul
olan tədqiqatçılar çağdaş ədəbiyyatın,
ədəbiyyat nəzəriyyəsinin aktual problemlərinə
o qədər də dərindən bələd olmur, yaxud da bu
problemlərə vaxt ayırmağı vacib saymırlar. Gülşən
Kəngərlinin tədqiqatlarında biz bunun əksini
görürük; belə ki, o, həm çağdaş
poeziyanın faktik materialına yaxşı bələddir, həm
də poetika problemlərini professional səviyyədə
araşdırmağı bacarır. Onun
"Poetika problemləri" monoqrafiyası məhz malik
olduğu bu bilikləri poetik materialın əsasında
araşdırılmasına həsr edilmişdir. Bu zaman həm klassik poetika əsərlərindən,
həm də çağdaş nəzəri ədəbiyyatdan
yerli-yerində istifadə edilmişdir.
Uzun illər
ərzində apardığı səmərəli
araşdırmalar və topladığı zəngin
materialı elmi-nəzəri ədəbiyyat əsasında
ümumiləşdirən professor Gülşən
Əliyeva-Kəngərli "Bədii düşüncə:
tarixi gerçəklik və estetik ideal" ("Təhsil":
Bakı, 2011) adlı fundamental monoqrafiyasında tarixi
inkişaf və formalaşma prosesində
götürülmüş bədii düşüncə
fenomeni təkcə yaradıcılıq prosesi kimi deyil, həm
də fəlsəfi-estetik aspektdə alınaraq təhlilə
cəlb edilmişdir. Monoqrafiyada maraq doğuran cəhətlərdən
biri də yaradıcılıq psixologiyası, onun fərdi təzahür
formaları, sosial-mənəvi həyatda funksiyası və
rolu haqqında fikirlərin öz əksini tapmasıdır.
Çoxprofilli bir alim kimi tanınan Gülşən Kəngərli
Azərbaycan folklorunun nəşr tarixi ilə bağlı
monoqrafiyasında zəngin Azərbaycan şifahi xalq ədəbiyyatının
toplanması, sistemləşdirilməsi və çap edilməsi
ilə bağlı topladığı elmi faktları sistemli
bir şəkildə elmi ictimaiyyətə təqdim
etmişdir.
Sovet
dövründə daha çox dünyəvi motivləri
qabardılan Azərbaycan klassik ədəbiyyatı həm də
özündə zəngin sufi motivləri
ehtiva etməkdədir. Müstəqillik illərində klassik ədəbiyyatımızın
məhz bu yöndə araşdırılmasına
yaranmış ehtiyacı nəzərə alaraq, professor Gülşən Kəngərli də
bu sahədəki zəngin təcrübəsini ayrıca bir
elmi monoqrafiyada ümumiləşdirərək maraqlı elmi nəticələr
əldə etməyə nail olmuşdur. Onun
2014-cü ildə nəşr etdirdiyi "Sufizm"
monoqrafiyası məhz bu problemin elmi təhlilinə həsr
edildiyinə görə mütəxəssislər arasında
böyük marağa səbəb olmuşdur.
Məlum olduğu kimi, sufizm haqqında təkcə Azərbaycan
ədəbi-fəlsəfi fikrində deyil, ümumilikdə
dünya ədəbi-fəlsəfi fikrində bir-biri ilə o
qədər də uzlaşmayan, bəzən daban-dabana zidd olan
müddəa və qənaətlər mövcuddur. Əlbəttə, bu cür
mürəkkəb elmi mənzərədə doğru yolu
tapmaq tədqiqatçıdan təkcə zəngin bilik deyil,
həm də kifayət dərəcədə elmi erudisiya və
intuisiya tələb edir ki, Gülşən Kəngərlinin
sufizm probleminə həsr edilmiş monoqrafiyasında məhz
bu elmi məziyyətlərin özünə yer
tapmasının şahidi olmaq və əsərin bu cəhətindən
faydalanmaq mümkündür.
Klassik ədəbiyyatı gözəl bilməsi nəticəsində
professor Gülşən Əliyeva-Kəngərli Nəsimişünaslıq
sahəsində də qələmini uğurla
sınamış və Azərbaycan və dünya ədəbiyyatının
ən böyük humanistlərindən biri olan Nəsiminin
poetikasına dair öz orijinal elmi fikirlərini
"Hüsnü cəmal, əqlü kəmal (Nəsimi
poetikasından incilər)" adlı monoqrafiyasında
oxuculara və mütəxəssislərə
çatdırmışdır. Bu əsər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ili Azərbaycanda "Nəsimi ili" elan etməsi
haqqında Sərəncamına uyğun olaraq görülən
layiqli işlərdən biri kimi qiymətləndirilə bilər.
Monoqrafiyanın əsas məziyyətlərindən biri
kimi, onun quru akademik elmi üslubda deyil, elmi-bədii, populyar,
axıcı və rəvan bir üslubda
yazılmasıdır. Əsərin elə ilk cümləsindən bunu
aydın görmək və yetərincə qiymətləndirmək
mümkündür:
"Nəsimi yaradıcılığı vulkana bənzəyir. Ona yaxınlaşmaq
mümkün deyil, alovu qarsıyır, püskürüb
dağı-daşı yandırır, vulkanın
ocağında yüksək enerji və hərarət
olduğu kimi, Nəsimi poeziyasının nüvəsində də
insanlara məxsus olan vulkanik enerji, dahilərə xas ilham var.
İlahidən pay almış bu 48 yaşlı dahi Məğrib
və Məşriqin qibtə edəcək bir fədakarlıqla
poeziyanın zəncirini öz əlində saxlayır".
Əlbəttə, İmadəddin Nəsimi irsini, onun
mayasını-məğzini dərindən bilmədən,
klassik ədəbiyyatın sirlərinə vaqif olmadan dahi
şair haqqında bu cür orijinal epitetlər işlətmək
qeyri-mümkün olardı. Əsəri oxuyanda aydınca
görmək olur ki, müəllif "Nəsimi vulkanına"
yaxınlaşmaqdan qorxmamış, bu dəryanın dərinliklərinə
baş vurmaqdan çəkinməmiş və nəticədə
onun poeziyasından kifayət qədər parlaq incilər
çıxarmağa nail olmuşdur.
Elmi işlə pedaqoji fəaliyyəti istedad və
bacarıqla birləşdirən professor Gülşən Kəngərli
bitirdiyi Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində doktorantlıqdan
prorektorluğa qədər şərəfli bir yol
keçmişdir. Bir müəllim kimi tələbələrin
sevimlisi olması eyni zamanda, onun yüksək pedaqoji istedad və
qabiliyyətindən də parlaq şəkildə xəbər
verməkdədir.
İndi adlı-sanlı ədəbiyyatşünas-professor
olan Gülşən Kəngərlinin bütün ömrü
gözlərim qarşısında keçdiyindən, onun
hansı zəhmət və əziyyətlər bahasına bu
yüksək məqama gəlib çıxdığına
şahidlik etmək mənə nəsib olmuşdur. Bu baxımdan
onu sözün tam mənası ilə məsuliyyətli və
zəhmətkeş bir alim adlandırsam, yanılmaram.
Kəngərli ocağının layiqli nümayəndəsi
kimi, Gülşən Kəngərlinin istedad və qabiliyyəti
yalnız məhdud bir sahəni əhatə etmir. Bu, heç kimə sirr deyil
ki, klassik irsin araşdırıcıları dahi şairlərin
yaradıcılığındakı humanist ideyalardan,
sözün müsbət mənasında "yoluxur",
özləri də bu yüksək mənəvi ideyaların təsiri
altında insan aşiqinə çevrilirlər. Bu mənada qətiyyətlə
demək olar ki, professor Gülşən Kəngərli
də, hər şeydən öncə, gözəl insan,
xeyirxah yoldaş, ədalətli həmkardır. Məhz bu cəhətlərinə görə
içərisində olduğu ədəbi-elmi mühitin,
işlədiyi kollektivin sevimlisinə çevrilən
Gülşən Kəngərli həm də gözəl
övlad, nümunəvi ana və nənə, qeyrətli və
yüksək şüurlu vətəndaşdır.
Professor Gülşən Kəngərli
ömrünün və yaradıcılığının
çiçəklənmə dövrünü keçirir. İnanıram
ki, bundan sonra da onun xoş sorağını elindən-obasından,
yurdundan-ocağından eşidəcəyik. Ona görə
də mənalı həyat və fəaliyyətinin bu hesabat
çağında bağırımıza basıb
böyük sevinc və fərəh duyğusu ilə deyirəm:
Əziz
Gülşən xanım!
Qoy Ulu
Tanrının nəzəri həmişə
üstünüzdə, canınız sağ, qələminiz
iti, ürəyiniz sevgi dolu, yurdunuz abad, xalqınız xoşbəxt,
dövlətiniz ali, ailəniz mutlu,
könlünüz şad, huzur dolu olsun!
Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin Ev
Muzeyinin
direktoru, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2020.- 16 may.- S.19.