"Qürbətdə keçən 15
ilimi itirilmiş sayıram"
XANƏNDƏ
ZAHİD QULİYEV: "QORXURAM Kİ, QARABAĞ DƏRDİ,
DOĞMA YURD HƏSRƏTİLƏ DÜNYADAN
KÖÇƏM..."
Son 15 ildən bəri Almaniyada
yaşayan tanınmış xanəndə Zahid Quliyev bu
günlərdə növbəti doğum gününü,
50-li yaşlarının sonuncusunu qeyd etdi və artıq 60
yaşın tam astanasındadır. Dəyərli sənətkarla
əlaqə saxlayıb, gələnlərdən-keçənlərdən,
vətən nisgilindən, Qarabağ həsrətindən,
arzularından danışdıq.
"Uşaqlıqdan
muğamlarımızı,
xalq mahnılarımızı ifa edirdim"
Ötən 59 ilin 10 ilini orta məktəbdə
oxumuşam. Bizim Cəbrayılın Söyüdlü kəndində
məktəb olmadığından qonşu Qazanzəmi kəndindəki
8 illik məktəbə gedərdik. Yay-qış
demədən, hər gün dağlardan, dərələrdən
keçib piyada dərsə yollanardıq. Sinifdəki
3 əlaçıdan biri idim. Orta məktəbin
qalan 2 ilinin birini Maşanlı kənd orta məktəbində,
o birini isə Cəbrayıl rayon mərkəzindəki internat
məktəbində başa vurmuşam. İnternat
məktəbinə keçirilməyim muğam və xalq
mahnılarını ifa etməyimlə əlaqədar idi.
İnternat məktəbindəki gənclər
üçün boş zamanlarda darıxmasınlar deyə mən
və musiqi alətlərində çala bilən gənclər
çalıb-oxuyardıq.
Cəbrayılda oxuyanda rayon mədəniyyət
şöbəsində fəaliyyət göstərən
“Çinar” ansambılı ilə el şənliklərində,
pambıq, üzüm tarlalarında zəhmətkeşlər
üçün konsertlər verərdik. Ədəbiyyat
müəllimim Kamil həm də gözəl qarmon
ifaçısı idi. Həftə
sonlarında məni toylara aparardı və haqqıma
düşəni verərdi (gülür). Cəbrayılda
oxuyanda professor Kamil Vəlinin atası, gözəl tar
ifaçısı Nəriman dayıgilə gedərdim, ondan
muğamın sirlərini öyrənərdim. Hətta bir dəfə Nəriman dayı mənə
təklif etmişdi ki, sən qal Cəbrayılda, artıq
burada tanınırsan, toylara, konsertlərə gedirsən.
Mən isə ali təhsil almaq
üçün Bakıya gedəcəyimi bildirmişdim. Asəf
Zeynallı adına musiqi məktəbinə
qəbul olundum. 5 il təhsil müddətində müəllimim
Sahib Şükürovdan əlavə, Hacıbaba Hüseynov, Nəriman
Əliyev, Ağaxan Abdullayev və Vahid Abdullayevin siniflərinə
də tez-tez gedib, muğamları öyrənirdim. 1982-ci ildə Azərbaycan musiqi məktəbləri
üzrə muğam müsabiqəsi keçirildi. Sonuncu turda iştirak etmək üçün Asəf
Zeynallıdan 3 nəfər Qarabağa göndərildi ki, biri
də mən idim. Bütün bölgələrdən
gələn tələblər arasında haqsız olaraq mənə
ikinci yeri verdilər. Birinci yerə layiq
görülən gənc isə sonra heç yerdə
görünmədi, oxumadı. Mənə
qarşı ədalətsiz münasibət o zamandan
başlamışdı. Sonra İncəsənət
Universitetinin musiqili komediya şöbəsinə daxil oldum.
Bu illərdə də müxtəlif
festivallarda, müsabiqələrdə, konsertlərdə
iştirak edib mükafatlarla təltif olunmuşam. 1986-cı ildə Cabbar Qaryağdıoğlunun 125
illiyi münasibətilə Azərbaycanda ilk dəfə
muğam müsabiqəsi keçirildi. Orada
Alim Qasımov birinci, mən və başqaları isə
ikinci, üçüncü yerə layiq görüldük.
Universiteti bitirdikdən sonra mənə burada
müəllim kimi çalışmaq təklif olundu, qəbul
etdim. 1990-2005-ci illərdə müəllim
kimi fəaliyyət göstərdim. Bu illərdə
paralel olaraq 4 il Opera və Balet Teatrında
işlədim. "Leyli və Məcnun"
operasında Məcnun rolunda çıxış edirdim.
Leylini oynayan Qəndab Quliyeva və Gülyaz Məmmədova
ilə bir səhnəni bölüşdük. Son 15 ilimi isə qəriblikdə, Almaniyada
yaşamalı oldum.
"Yaxşı
səs, xoş tələffüz Allahın verdiyi nemətdir"
Atam Aşıq Abdulla o bölgələrdə
Aşıq Qurban, Aşıq Pəri, Aşıq Humaydan sonra
sonuncu ən güclü aşıq olub. Həm də
Qazanzəmi kənd klubunun müdiri idi. Uşaqlıqda
atamla birgə el şənliklərində, toylarda iştirak
etmişəm. Erməni toylarında da
çıxış edərdik. Ermənilər
bizim muğamları, xalq mahnılarını çox sevərdilər.
Xüsusən mənim uşaq yaşımda belə
yüksək səslə ifa etməyim onları heyrətləndirirdi.
Erməni toyları ilə bizim toylar arasında
çox fərqlər vardı.
Erməni toylarında bəzən gizlində,
pıçıltı ilə söhbətləşənlərin
də şahidi olurdum. İndi başa düşürəm ki, onların hər
zaman bizə qarşı bir planları olub, ancaq biz bunu ya hiss
etməmişik, ya da fikir verməmişik. Son
hadisələrdə o pıçıltıların nəticəsi
oldu.
Ömrüm boyu apardığım müşahidələr
bunu deməyə əsas verir ki, ermənilərdə heç
vaxt muğam oxumaq üçün səs olmayıb. Səbəbini
öz təxminlərimlə izah edə bilərəm ki, bu,
danışıq dili ilə bağlı məsələdir.
Allah onlara elə bir dil verib ki, o dillə
muğam oxumaq uzlaşmır. Bizim dilimiz zərifdir,
ahənglidir, şeir, musiqi dilidir. Bu
yaxınlarda Rəşad Məcidin efirdə dediyi ilə mən
də razıyam ki, oxumaq üçün yaxşı səs,
xoş tələffüz Allah tərəfindən millətlərə
verilən nemətdir, ermənilərə bundan pay düşməyib.
"Azərbaycanda xalqın sevib
dəyərləndirdiyi sənətkar olmuşam"
Təvazökarlıqdan kənar olsa da deməliyəm
ki, Azərbaycanda yaşadığım müddətdə
xalqın sevib dəyərləndirdiyi sənətkar
olmuşam. Bu, mənim sənətimin yüksəkliyinin sayəsində
olub. 20 illik yaradıcılıq fəaliyyətim
nəticəsində xalq sevgisinə nail olmuşam. Dünya ölkələrində milli musiqimizi təbliğ
etməyim Azərbaycan mətbuatında, televiziyada geniş
işıqlandırılırdı. Fransada
konsertlərin birində oranın məşhur qəzetlərindən
birinin əməkdaşı və tanınmış
musiqişünası məndən müsahibə
götürdülər, muğamlarımız, ifa etdiyim qəzəllərin
məzmunu haqqında məlumatlar verdim. Geniş
məqalə dərc olunmuşdu. Məqalədə
yazılmışdı: "Zahid Quliyev fantastik sənətkardır.
Onun səsi əlçatmaz bir səsdir. Muğam dünya musiqisinin mənbəyidir. Bütün dünya musiqisi muğamdan bəhrələnir".
Fransada görkəmli bir rejissor tərəfindən
çəkilən "Dünyanın səsi" filmində
muğamlardan şöbələr ifa etdim. O film bu günə kimi
arxivimdədir, Azərbaycanda nə vaxt
yayımlanacağını gözləyir. Sonrakı illərdə
Mərakeşdə, 700 il əvvəl
yaşamış İbn Batuta adlı bir səyyahın
keşməkeşli həyatını səhnələşdirmək
üçün fransız rejissor Fransuaza Qründ tərəfindən
bir ssenari hazırlanmışdı. Ssenarinin bir
yerində səyyah İpək Yolu ilə Azərbaycandan
keçir. Burda muğamları dinləyir,
Şəkidə ipəkçiliklə maraqlanır.
Ssenarinin bu hissəsini səhnədə canlandırmaq
üçün rejissorun seçimi ilə biz - "Cabbar
Qaryağdıoğlu üçlüyü" olaraq Zahid
Quliyev, Möhlət Müslümov və Fəxrəddin
Dadaşov 45 gün Rabat şəhərində olduq.
İfa etdiyim muğamlar, xalq mahnıları, təsniflər,
bəstəkar mahnıları radionun Qızıl Fondunda
qorunmaqdadır. Xarici səfərlərdən əlavə,
dövlət tədbirlərində, el şənliklərində,
cəbhə bölgələrində və müxtəlif tədbirlərdə
daim iştirak etmişəm. Kiçik
yaşlarımda olan xidmətləri nəzərə almasaq,
25 illik professional musiqçi kimi sənətimi nümayiş
etdirib, milli musiqimizi təbliğ etmişəm. Görəsən, Zahid Quliyev daha nə etməliydiki,
bu dediklərimin 10 faizini də etməyən bəzilərinə
verilən dəyər, fəxri ad ona da verilsin?! Mənim
Azərbaycanı tərk etməyim bucür səbəblərdən
baş verdi. Sonralar fəxri
ad almağım üçün yenə imkan yarandı, amma
onda da mən imtina etdim. Yeri gəlmişkən,
qeyd etmək istəyirəm ki, son 15 ildə milli musiqimizə
diqqət olduqca artıb, bu sahədə əsl canlanma
yaranıb. Azərbaycanın Birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü, dəstəyi
və dövlətimizin rəhbərliyinin qayğısı
sayəsində bu istiqamətdə mühüm işlər
görüldü və hazırda da uğurla davam edir. Muğamlarımız UNESKO tərəfindən
qorunan Mədəni İrs Siyahısına salındı.
"Qarabağ xanəndələri" albomu
işıq üzü gördü. Cabbar
Qaryağdıoğlundan bu günə kimi yetişən
görkəmli muğam ifaçılarının həyatını
əks etdirən bu albomda mənim haqqımda da bir səhifənin
olması məni çox sevindirdi. Almaniyada
yaşamağıma baxmayaraq, mənimdə bu albomda təqdim
edilməyimdə rolu olanlara dərin təşəkkürümü
bildirirəm.
"Burada maddi çətinliyimiz
olmasa da,
mənəvi baxımdan qəriblik çox ağırdır"
Azərbaycandan getmək qərarım barədə deyim
ki, bunu xaricdə yaşayan bir neçə dostumla məsləhətləşmişdim. Amerikadan,
Kanadadan dostlarım yaşayışım və
yaradıcılığım üçün hərtərəfli
kömək etməyə hazır olduqlarını bildirdilər.
Ancaq Almaniyanı ona görə seçdim ki, Azərbaycana
daha yaxın idi. Eyni zamanda, Almaniyanın
daha düzgün, səliqəli ölkə olduğunu,
bütün qanunların, o cümlədən, sosial
qanunların, tibbi sığortanın daha mükəmməl
işlədiyini əvvəlcədən öyrənmişdim.
Bura ailəlikcə gəldik, 3 aydan sonra bizə
ömürlük yaşamaq, işləmək, təhsil almaq
icazəsi verməklə bərabər, 5 otaqlı yeni mənzillə
təmin etdilər. Bir müddət burada tar və kaman
çalan oğlanlarımla birlikdə müxtəlif şəhərlərdə
konsertlər verdik, azərbaycanlıların şənliklərində
çalıb-oxuduq. Sonra oğlanlarımda
başqa sahəyə meyl yarandı, bizneslə məşğul
oldular. İndi də ailəlikcə bu sahədə
fəaliyyət göstəririk. Amma mən
şəxsən muğamlarımızı ifa etməkdəyəm,
təklif olunan yerlərə gedirəm, Almaniyada fəaliyyət
göstərən diaspor təşkilatları ilə əlaqələrim
var. Onlar tərəfindən tədbirlərə dəvət
olunuram. Burada maddi çətinliyimiz olmasa
da, mənəvi baxımdan qəribliyin çox ağır
olduğunun fərqinə vardıq. 2005-ci
ilin soyuq fevral ayında sevimli vətənimdən necə
ayrılmağımı yada salanda indi də tüklərim
biz-biz olur, bədənim üşüyür. Bu, mənim üçün çox ağır qərar
idi. Övladlarım bu mühitə
alışsalar da, hər cür şəraitimiz olsa da, mənim
ürəyim Azərbaycanla döyünür. Ən çox da Qarabağ nisgili, Cəbrayıl həsrəti
üzür məni.
Qürbətdə keçən 15 ilimi mənasız və
itirilmiş sayıram. Əgər bu illəri Azərbaycanda yaşasaydım,
daha çox işlər görər, daha zəngin irs qoya bilərdim. Planımda var
ki, Azərbaycana gəlib muğam və xalq
mahnılarını bu yaşımdakı ürəyimlə,
ruhumla lentə yazdırım.
2016-cı
ildə Azərbaycana gəldim və o vaxtdan ardıcıl
olaraq hər il gəlirəm. Bir çox dostlar, millət vəkilləri, dövlət
xadimləri və sənətkarlarla
görüşmüşəm. Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin - indiki
Diasporla iş üzrə Dövlət Komitəsinin 17 illik
yubileyi münasibətilə təşkil olunan tədbirə,
el şənliklərinə xanəndə kimi dəvət
edilmişəm.
Ötən 15 il ərzində yeni nəsil dünyaya gəlib. Onlar məni bəlkə tanımazlar və haqları da var. Amma öncəki nəsillərin nümayəndələri, hesab etmirəm ki, məni unudublar. Çünki onlar sənət uğurlarımınəyani şahidi olublar. Digər tərəfdən,hesab edirəm ki, Fonddakı lent yazılarım məni unudulmağa qoymayacaq. Necəki, böyük şair Seyid Əzim Şirvani deyir:
Mövti-cismanı
ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm
aləmdə səsim var mənim.
"Vətənimiz kimi muğamlarımızı da qorumalıyıq"
- Muğam Azərbaycanın ən qiymətli mənəvi sərvətlərindən biridir ki, onun qorunmasında, Allah tərəfindən mənə də özümə görə bir missiya verilib. Vətənimizi qoruduğumuz kimi muğamlarımızı da qorumalıyıq. Dövlət tərəfindən bu sahəyə diqqət yüksək olsa da, muğamların tədrisində bəzi problemlər də özünü büruzə verir.
İndi mənim ən böyük arzum Qarabağın işğaldan azad olunması, kəndimizdə ermənilər tərəfindən dağıdılmış ata-anamın məzarını ziyarət etmək, onların baş daşlarını yenidən ucaltmaqdır. Qarabağın işğalı bu millətin sinəsinə çəkilmiş dağdır. Bu 30 ildə Qarabağ həsrətilə çoxları həyatdan getdilər. Qorxuram ki, mən də Qarabağ dərdi, doğma yurd həsrətilə dünyadan köçəm. Ancaq ümidimi ititrməmişəm. Yenə də inanıram ki, xalqımızla dövlətimizin birliyi, ordumuzun qüdrəti və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik.
Bütün xalqımıza əmin-amanlıq, can sağlığı, bu koronavirus bəlasının da tezliklə çəkilib getməsini arzulayıram.
ŞAHANƏ
525-ci qəzet.- 2020.- 16 may.- S.17.