Qəfəs
Hekayə
Zoopark, ya sirk, fərq etməz, adını
nə deyirsiz, deyin, mənə görə hər ikisi qəfəsdir. Biri aşkar, o biri qeyri-aşkar. Əslində, həyat da iki hissədən
ibarətdir. Hər şeyin çox
ideal göründüyü pərdənin bu tərəfi və real olan o biri üzü.
Bir növ klounlar kimi. Dünyanın ən rəngarəng çalarlarında kostyum geyinsələr də, ağızlarından qulaqlarına
qədər çəkilən
gülüşlə üzün
yarısını əhatə
edən qəmli gözlər tamamilə bir-birinin əksidir. Bəlkə, buna görədir ki, balacalar klounları ilk dəfə görəndə
qorxub ağlayırlar.
Onların bu təzadlı
görünüşləri balacaları diksindirir.
Biz böyüklər, bəzən balacaların ağlını lazımınca
qiymətləndirmirik. Onlara reallıqdan
uzaq həyat dərsləri veririk.
Halbuki onlar bizi dinləmək
məcburiyyətində olsalar
da, nəticədə
eynən bizim hərəkətlərimizi təkrarlayırlar.
Məsələn, sirkdə hər dəfə ayının necə velosiped sürdüyünü, itlərin
və ya pələngin necə yanar halqanın içərisindən hoppandığını
görəndə uşaqlarımızı
onların necə ağıllı olduğuna
və bu hərəkətləri necə
sevinərək etdiklərinə
inandırmağa çalışırıq. Lakin əgər
balacalarımız pərdənin
arxasında nələrin
baş verdiyini bilsəydilər, onlar əsla bizə tabe olub ora
gəlməzdilər. Çünki bizdən fərqli
olaraq onlar hələ saf və mərhəmətlidirlər.
Biz isə israrla şiddət göstərmək,
özünə tabe etmək, ağlayarkən gülmək məcburiyyətində
olmaq, kiminsə razılığını əldə
etmək üçün
onu güldürə bilmək kimi çirkin "həyat qanunlarını" onlara
aşılamaq istəyirik.
Demək
ki, cəmiyyət üçün aqressiv, diktator, təlxək, müti insanları biz özümüz hazırlayırıq.
Bir də məsələnin balacalardan
gizlədiyimiz başqa
tərəfi də var ki, bu
da "artist-heyvanlar"ın
öz insan kolleqalarından fərqli olaraq peşələrini könüllü seçməmələridir. Kim bilir, onlar bala
ikən nə əziyyət və acı ilə anasından ayrılıb gətirilib və azadlıqdan təmamilə
məhrum edilib, tək halda qəfəs həyatına
məhkum ediliblər.
O qəfəs ki, orada nə tam qalxa, dönə, nə də hoppana bilirlər. Bu şəraitdə çox darıxdıqları
üçün onlarda
o şəraitə uyğun
hərəkətlər formalaşır.
Özlərini dişləyir, qəfəs
boyu çırpınırlar
və yorulub təslim olurlar.
Böyük ölçülü heyvanlarda
isə heç çırpınmaq imkanı
da olmur. Məsələn, fillər, ayılar və s. Bu qəfəsdə
yaşamaqlarından başqa,
daha doğrusu, yaşamaq məcburiyyətində
olduqlarından başqa,
bir də onların bu qəfəslərdə tamaşa
üçün daşındıqlarını
düşünək. Düşüncəsi belə ürəkaçan
deyil. Bu daşınma-səyahət müddətində
şəxsi ifrazat tələbatlarını ödəmək
problemi yaratmamaları
üçün onlar
müvəqqəti yeməkdən
məhrum edilir, aqressiyalarını göstərməmələri
üçün bəzən
onlara psixotrop vasitələr də tətbiq edilir.
Səhnədə - manejdə əllərində
qamçı ilə dayanan dressirovşiki - məşqçini görəndə
uşaqları inandırmağa
çalışırıq ki, onlar heyvanların
dostlarıdır. Bəlkə istisna hallarda ola bilər.
Lakin "dost və qamçı" qəribə
bənzətmədi... Əslində, bu "yalançı dostluğu" qamçısız
yaratmaq mümkün deyil. Çünki vəhşi heyvanlar
üçün sirk hərəkətləri qeyri-təbiidir.
Odur ki, onlar xoşluqla və ya kiçik
ev heyvanlarında
olduğu kimi, bir parça şirniyyatla razılaşıb
tabe olmurlar. Onları tabe etməyin tək yolu onlara
qorxu hissini aşılamaq və yeməkdən məhrum etməkdir. Beləcə, uzun sürən
aclıqdan və döyülmək qorxusundan
zavallı heyvan istənilən hərəkəti
etməyə razılaşır.
Məsələn, belə
bir deyim var: "Fili necə bir ayaq
üstdə durmağa
ram etmək olar? Qalan üç dənəsini
vuraraq".
Rəqs
etmək üçün
mismarlı taxtalar üzərində gəzən
ayılar, tüfəngdən
atılan atəş səslərinə vərdiş
edilmiş göyərçinlər
və daha nələr-nələr...
Zooparkda da həyat gül-çiçək
içərisində keçmir. Düzdür, qaranlıq qəfəslərdəki
sirk "məhkumlarından"
fərqli olaraq onlar heç olmasa qəfəslərin arasından gün işığı görürlər.
Lakin qəmli gözlərindən
və nəticədə
həyatlarıyla barışmış
vəziyyətlərindən onların nə dərəcədə razı
olduqlarını görməmək
üçün ya kor, ya da
zalım olmaq lazımdır.
Bu gün karantin
müddətində olduqda
bəlkə bu zavallı canlıları daha yaxşı başa düşərik. Məsələn, cəngəllikdə qaçmaq
istəyən pələng,
yerimək istəyən
fil, uçmaq istəyən quşlar, üzmək istəyən
timsahlar. Onlar təbiətin
təbii gedişatında
qida tapmaq, yaşamaq və ölmək istərkən,
bu qaranlıq və natəmiz qəfəslərə məhkumdurlar.
Biz evimizdə əyləşib bəzəkli
qəfəsdəki quşlarımızdan
və ya akvariumlarımızdakı rəngarəng
balıqlardan və ya sirkdəki bizi məmnun etmək üçün
min əziyyətə qatlaşan
heyvanlardan zövq ala bilmək üçün
onları azadlıqlarından
məhrum edirik.
Bir də məsələnin başqa bir tərəfi var. Əgər o zavallı heyvanlar bilsəydilər ki, onların min cəfaya qatlaşıb göstərdikləri bu tamaşalara baxmaq üçün gələn balaca tamaşaçıları bütün tamaşa boyu çox az bir vaxtda onlara fikirlərini cəmləyir, qalan vaxt isə ya analarının aldıqları xırt-xuruşları yeyib bitirmək, ya tamaşadan öncə alınan işıldayan oyuncağıyla oynaya bilmək, ya da sadəcə qapalı məkanda oturmaqdan sıxılıb, ağlayaraq ananı təbii tələbatı olduğuna inandırıb zaldan çıxarmaqla keçir, bəlkə də heç o səhnəyə çıxmazdılar. Lakin onların heç bir halda seçim haqqı yoxdur...
Bu gün biz sağlamlığımız naminə evdə oturmaq məcburiyyətindəyik. Lakin bu fikir heç də ilin ən gözəl fəsillərindən birini pəncərədən baxaraq keçirməyə məcbur olduğumuza və nə qədər daxili böhran keçirməmizə rahatlıq vermir. Yəqin ki, bütün bu çətinliklərin sonunda bir-birimizə sağlamlıqla bərabər, hər zaman azad olmağı arzulayacağıq.
Bəlkə də, bu, təbiətin
idarəetməsini ələ almaq istədiyimiz
üçün bir ilahi ədalətdir. Kim bilir, bəlkə də...
Fidan MALİK
525-ci qəzet.- 2020.- 16 may.- S.15.