"Ana kitabxanamız"a minnətdarlıq duyğusu ilə...

 

Ali məktəbin astanasına qədəm basdığımız ilk günlərdən hər birimiz üçün doğmalaşan, isti və mehriban yuvaya çevrilən, tələbəlik həyatımızın və gəncliyimizin ən şirin və unudulmaz günlərinin şahidi olan, imtahan həyəcanlarımızı bizimlə bölüşən, elmin dərinliklərinə enmək üçün öz zəngin xəzinəsini səxavətlərə arzulayanlara sərgiləyən və epitetlərini sadalamaqla bitməyən müqəddəc bir ocaq var: Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası!

Məncə, etiraz edən tapılmaz ki, elm yolunda az-çox irəliləyən hər kəsin uğur payında təhsil aldığımız universitetlərlə, biliklərini bizlərə öyrədən müəllimlərimizlə, elmi rəhbərlərimizlə yanaşı, Milli Kitabxananın da böyük payı vardır. Hamımızın "Axundov kitabxanası" adlandırdığımız bu elm-kitab yurdu və onun direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov başda olmaqla, xidmət işləri üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə xanım İsmayılovanın və kitabxananın bütün kollektivinin diqqət və qayğıkeşliyi yaşadığımız bu çətin günlərdə bir daha sübut olundu: necə ki, "Dost çətin gündə tanınar", - deyiblər!

Həyatını elmə həsr etmiş, ömrünün çox hissəsini kitablar arasında keçirmiş qələm əhlinin kitabxanasız qaldığı, kitablardan ayrı düşdüyü bu günlərin sıxıntısını, məncə, bu şirin "mərəzə" mübtəla olan hər kəs anlayar. Yarımçıq qalmış yazılarımızın qarşısında boynubükük qaldığımız belə bir vaxtda yenə Milli Kitabxana köməyimizə çatdı, bizləri naümid qoymadı.

Məlumdur ki, Kitabxananın fondunda olan qiymətli kitabların əksəriyyətinin elektron variantları artıq mövcuddur və biz böyük minnətdarlıq hissi ilə bu mənbələrdən asanlıqla istifadə edə bilirik. Ancaq hələ elektron variantları olmayan kitablar da az deyil. Milli Kitabxananın kollektivi oxucularına dəstək olmaq üçün hər kəsin daha çox "öz başının çarəsinə" qaldığı pandemiya dövründə sifariş verilən hər bir kitabın PDF variantını hazırlayaraq sifarişçinin elektron poçt ünvanına göndərmək əziyyətini öz üzərinə götürdü. Bu aylarda mən də bir neçə kitab sifariş vermiş və qısa zamanda da cavab məktubu (bunu böyük və qiymətli hədiyyə adlandırmaq daha doğru  olardı) almışam. Hər bir sifarişə göstərilən yüksək diqqət, qayğı, təbii ki, bu günlərdə daha da həssaslaşan qəlbləri riqqətə gətirməyə bilməz! Odur ki, mən həm özümün, həm də çoxsaylı oxucular adından bu məktubla Milli Kitabxananın bütün kollektivinə təşəkkürümü bildirməyi özümə börc bilirəm!

Azərbaycan xalqının ölməz qəhrəmanlıq dastanı "Koroğlu"da əsərin sonunda belə bir epizod var: Qocalmış Nigarla Koroğlu ürəkləri açılsın deyə Çənlibelin ətəyinə gəzməyə çıxırlar. Təsadüfən əlində tüfəng olan bir ovçu bunların yanından keçəndə Koroğlu maraqlanır və kişidən soruşur ki, əlindəki nədir? Ovçu Koroğlunu başa salır ki, bu, tüfəngdir, istənilən heyvanı, ya da insanı uzaqdan vurub öldürmək olar. Koroğlu inanmır, bir qədər aralıda otlayan öküzü göstərib deyir ki, onda bu heyvanı vur oldür! Ovçu deyir, əgər bunun pulunu sahibinə versən, öldürərəm. Koroğlu razılaşır, ovçu tüfəngi üzünə tutub atəş açmağıyla öküzün yerə sərilməyi bir olur... Koroğlu bu işdən çox məyus olub, "Tüfəng çıxdı, mərdlik getdi, ay haray!" misrası ilə başlayan məşhur qoşmasını deyir...

Bu epizodu xatırlatmaqda məqsədim - klassik kitabxana ilə e-kitabxana arasında müəyyən analogiya aparmaq idi; amma biz oxucular e-kitabxanaların çıxması ilə Koroğlu qədər xəyal qırıqlığına düşmürük; çünki bunların hərəsinin öz yeri var qədər ki, bilik təşnəsi olan insanlar var, kitabxanalar da bilik məbədi olaraq qalacaq!

İnsanlara xidmətin bu çətin şərəfli növündə bir daha "Ana Kitabxanamız"ın kollektivinə təşəkkürlərimizi çatdırır işlərində yeni uğurlar diləyirik!

 

Təhminə BƏDƏLOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

aparıcı elmi işçisi, filologoya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 16 may.- S.12.