Tarixçə

 

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

 

Cümə Azərbaycanda istirahət günü olub. 1941-ci ilə qədər...

 

Bilirdinizmi ki, 1941-ci ilin iyun ayına qədər Azərbaycanda istirahət günü cümə olub?

Bütün SSRİ-də bazarın istirahət günü olması ilə əlaqədar bu fərq ciddi problemlər yaradıb. Ona görə də Azərbaycan K(b)P MK bu uyğunsuzluğu aradan qaldırmaq üçün Moskvaya müraciət edib.

Bundan sonra SSRİ Xalq Komissarları Soveti qərara alır:

"Azərbaycan SSR ərazisində bazar gününün qeyri-iş günü elan edilməsi barədə Azərbaycan K(b)P MK-nın təklifi təsdiq edilsin.

SSRİ XKS-nin sədri İ.Stalin. 25 iyun 1941-ci il"...

 

Bakının "İngilis bağı"

 

Bilirdinizmi ki, Milli İncəsənət Muzeyinin yanındakı (6 nömrəli məktəblə üzbəüz) kiçik bağ vaxtilə "Anqliyski sad" ("İngilis bağı") adlanıb?

Xatırlayırsınızsa, Vaqif Mustafayevin Heydər Əliyev haqqında silsilə sənədli filmlərindən birində Ulu öndər cavanlıqda Zərifə xanımla "Anqliyski sad"da görüşdüklərini xatırladır...

Bu bağ niyə "Anqliyski sad" adlanıb?

1918-ci ilin noyabrında general Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil olur. Həmin ilin dekabrında o vaxt "Qukasovun evi" kimi tanınan indiki muzey binası Britaniya qoşunlarının qərargahına çevrilir.

İngilis əsgər və zabitlər siqaret çəkmək və istirahət üçün bir qayda olaraq bu bağda gəzişib, dincəliblər.

Bax o vaxtdan parkda çoxlu ingilis görən bakılılar bu bağı "Anqliyski sad" adlandırmağa başlayıb...

 

Lenin adına... "İsmayiliyyə" sarayı?

 

Bilirdinizmi ki, milyonçu Ağa Musa Nağıyevin pulu ilə tikilən və el arasında "İsmayiliyyə" kimi tanınan bina Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Mədəniyyət sarayı" adlandırılıb?

Bu, hələ harasıdır...

1924-cü il yanvarın 21-də Vladimir Lenin vəfat edir. Yanvarın 25-də, necə deyərlər, Moskvada hələ Leninin meyiti soyumamış Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti qərara alır: Unudulmaz rəhbərin, dünya proletariatının böyük müəllimi, əzilən xalqların xilaskarı, yoldaş Vladimir İliç Ulyanov - Leninin xatirəsini əbədiləşdirmək məqsədilə Mədəniyyət Sarayına (keçmiş "İsmailiyyə" binası)... Vladimir İliç Ulyanov-Leninin adı verilsin.

İmza: Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Ağamalıoğlu

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini Bünyatzadə

Azərbaycan MİK-nin katibi T.Şahbazi

25 yanvar 1924-cü il.

 

Sovet səfirinin maaşı etalon kimi

 

Bilirdinizmi ki, sovet dövründə xaricdə beynəlxalq təşkilatlarda çalışan SSRİ vətəndaşlarının aylıq maaşı sovet səfirinin aylıq əmək haqqından yüksək ola bilməzdi?

Tutaq ki, SSRİ-nin ABŞ-dakı səfiri ayda 3500 dollar alırdı. Nyu-Yorkda BMT-də işləyən sovet adamının maaşı 5 min dollar idisə, həmin vətəndaş səfirdən çox aldığı pulu (5000-3500=1500) sovet dövlətinə təhvil verməli idi.

Bu tarixçəni vaxtilə Parisə səfərlərimizdən birində dostumuz, tanınmış diplomat və tədqiqatçı Ramiz Abutalıbov danışmışdı.

Bildiyiniz kimi, Ramiz müəllim uzun illər Parisdə UNESCO-nun baş ofisində işləyib. Və təbii ki, onun aylıq əmək haqqı SSRİ-nin Fransadakı səfirindən yüksək olub. Ona görə də digər sovet adamları kimi, hər ay əmək haqqını alanda dərhal səfirliyə gəlib maaşının səfirinkindən çox hissəsini dövlət kassasına təhvil verib.

Qayda belə idi...

Sovet qaydaları...

 

"Parapet" "Karl Marks"a çevriləndə...

 

Bilirdinizmi ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan dərhal sonra indiki Fəvvarələr bağında Karl Marksın büstü qoyulub və o vaxta qədər "Parapet" adlanan park Karl Marks meydanına çevrilib?

Amma birja işbazlarının və maklerlərin proletariatın "müəllimi"nin adını daşıyan bu bağda toplaşması, necə deyərlər, bağı alver yerinə çevirməsi, xüsusən öz elanlarını büstün üstünə yapışdırması hökumət nümayəndələrinin narazılığına səbəb olur.

Ona görə də 1921-ci ilin noyabrında Bakı İcraiyyə Komitəsi xüsusi qərar qəbul edir: "Karl Marks" meydanında (keçmiş Parapet) birja və digər kommersiya əməliyyatlarının aparılması, habelə birja işbazlarının, maklerlərin və ümumiyyətlə, alverlə məşğul olanların ora toplaşması qadağan olunur".

Bu qərarı yerinə yetirməyənləri 5 milyona qədər cərimə (o vaxt inflyasiya çox güclü idi) və ya ay yarım həbs cəzası gözləyirdi...

 

Vladimir Lenin Tağıyevi tanıyırdımı?

 

Bilirdinizmi ki, V.İ.Lenin əsərlərində iki dəfə Hacı Zeynalabdin Tağıyevin adını çəkib?

Təbii ki, xeyriyyəçi kimi yox, iri burjuaziyanın nümayəndəsi kimi...

Hansı kontekstdə?

Bu, uzun bir tarixçədir. Qısaca nə demək olar?

Çoxları bilir ki, 1911-ci ilin mayında H.Z.Tağıyev öz evində mühəndis Lütvəli bəy Behbudovu döydürüb (ailə söhbətinə görə). Təxminən bir ay sonra Behbudov məhkəməyə müraciət edir. Və 1912-ci ildə Bakıda sensasion məhkəmə prosesi başlanır. Çünki müttəhimlər kürsüsündə Tağıyev kimi nüfuzlu bir milyonçu və onun bir neçə dostu və qohumu oturur.

Məhkəmə Tağıyev barəsində iki il yarım azadlıqdan məhrumetmə cəzası çıxarır. Amma dərhal apellyasiya şikayəti verilir. 1913-cü ilin yanvarında Tiflis apellyasiya məhkəməsi əvvəl qəbul edilmiş qərarı ləğv edir, Tağıyev və yaxınları barədə bəraət hökmü çıxarır.

Məhkəmə prosesini az qala bütün Rusiya mətbuatı işıqlandırır.

Məhkəmədə H.Z.Tağıyevin hüquqlarını Rusiyanın iki məşhur vəkili, Rusiya Dövlət Dumasının iki deputatı  - kadet partiyasından seçilmiş V.Maklakov və ifrat sağ siyasi qanadın təmsilçisi G.Zamıslovski müdafiə etmişdi.

Bu tarixçə, necə deyərlər, Leninin də qulağına çatır...

Və o, "Kapitalizm və "parlament" (iyun, 1912), eləcə də "Demokratiyaya daha bir hücum" (sentyabr, 1912) adlı məqalələrində həmin deputatları ifşa etmək məqsədilə bu faktdan yararlanır...

O dövrdə Tağıyevin adını hətta L.Trotski də məqalələrinin birində məhz bu kontekstdə çəkir...

Dünyanın qəribə işləri çoxdur...

 

Şıxəli Dadaşov Nobellərə hansı şərtlə borc vermişdi?

 

Bilirdinizmi ki, Bakının tanınmış milyonçularından olan Hacı Şıxəli Dadaşov Nobel qardaşları şirkətinə borcu hansı şərtlə verib?

1894-cü ildə Bakıda neftlə zəngin yeni dövlət torpaqları hərraca çıxarılır. Nobellərin Bakı kontoru da torpaq sahəsi almaq istəyir. Peterburqda olan Emmanuel Nobel Bakıya pul göndərir, amma o pul vaxtında çatmır.

Hərraca bir gün qalmış Nobellərin Bakı kontoru borc pul üçün məşhur gəmi sahibkarlarından olan Hacı Şıxəli Dadaşova müraciət etmək məcburiyyətində qalır. Şirkətin Bakı kontorunun rəhbəri K.Hagelin köməkçisini Hacının yanına göndərir.

K.Hagelinin xatirələrindən: "... Karasayev saat yarım sonra Şıxəli Dadaşovun oğlu Əliəkbərlə qayıtdı. Özü də çamadan dolu pulla...

Biz çamadanı açıb pulları saydıq. Mən iltizam yazmaq istəyəndə Ələkbər dilləndi:

- Atam dedi ki, iltizam yazmağa ehtiyac yoxdur. Biz sizə inanırıq..."

Xatirələrində bütün bunlardan məhəbbətlə söhbət açan K.Hagelin yazır: "Şıxəli Dadaşov bizə həm də ona görə kömək elədi ki, bizim alacağımız torpaq sahələri onun əbədi düşmənlərinə - ermənilərə qismət olmasın!"

 

Bakını tutmaq üçün 5 gün vaxt verilir, amma...

 

Bilirdinizmi ki, 1920-ci ilin aprelində XI Qırmızı Orduya Bakı quberniyasını tutmaq üçün beş gün vaxt verilmişdi?

Amma ordu sərhəddi aprelin 27-də keçir və elə həmin axşam Bakıya çatır...

Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivində Qafqaz Cəbhəsinin komandanı M.Tuxaçevskinin 21 aprel 1920-ci il tarixli əmri saxlanılır:

"Azərbaycanın əsas qüvvələri öz dövlətlərinin qərb sərhədlərində erməniləri qırmaqla məşğuldur. Kəşfiyyat məlumatına görə, Yalama stansiyası rayonunda Azərbaycan qoşunlarının kiçik bir hissəsi yerləşdirilib. Aldığım direktivi qiymətləndirərək əmr edirəm: XI ordunun komandanı bu il aprelin 27-də Azərbaycan sərhəddini keçsin, sürətli hücumla Bakı quberniyasının ərazisini tutsun. Yalama-Bakı əməliyyatı beş gün müddətinə başa çatdırılsın. Yardımçı süvari dəstələri Zaqafqaziya dəmir yolunun Kürdəmir stansiyası rayonunu tutmağa göndərilsin".

Bu əmrə əsasən, aprelin 27-ə keçən gecə saat 00.05-də XI ordunun tərkibinə daxil olan dörd zirehli qatar iki desant rotası ilə Azərbaycan sərhəddini keçir və... axşam saat 21.00-da Xırdalan stansiyasına çatır...

Onda artıq Cümhuriyyət parlamentinin son iclası başlanmışdı...

 

Üzeyir bəy Tağıyevin şərəfinə marş yazıb

 

Bilirdinizmi ki, Üzeyir Hacıbəyov 1910-cu ildə H.Z.Tağıyevin şərəfinə marş yazıb?

Həmin ilin dekabrında "Nicat" cəmiyyəti Bakıda teatr binasının tikilməsinin 30 illiyi ilə əlaqədar Tağıyev teatrında təntənəli tədbir təşkil edir. Teatrın əsasını qoyan H.Z.Tağıyevin qalxdığı pilləkən boyu düzülən "Nicat" cəmiyyətinin üzvləri onu alqışlarla qarşılayırlar. Hacı teatr sənəti sahəsində müsəlmanların inkişafı barədə xoş sözlər deyir, tədbir təşkilatçılarına təşəkkür edir.

Teatrda pərdə açılan kimi Üzeyir bəyin rəhbərlik etdiyi orkestr "General Tağıyev" marşını səsləndirir...

Niyə general?

1907-ci ildə H.Z.Tağıyev Rusiya imperatorunun fərmanı ilə həqiqi mülki müşavir rütbəsinə layiq görülmüşdü.

Bu mülki rütbəyə layiq görülənlər orduda general-mayor, donanmada isə kontr-admiral rütbələrinə bərabər imtiyaz sahibi sayılırdılar...

 

Müsəllim HƏSƏNOV

 

525-ci qəzet.- 2020.- 16 may.- S.9.