"Mənim məxsusi şeir
"qarderobum" var"
GƏNC
QİRAƏTÇİ ELVİNA DÜNYAMALIYEVA:
"ŞEİR DEYƏRKƏN PAFOSDAN MÜMKÜN
QƏDƏR UZAQLAŞIB, HƏQİQİ DUYĞULAR
ÖTÜRMƏYƏ ÇALIŞIRAM"
Azərbaycanda bədii qiraət sahəsində
inkişaf müşahidə olunsa da, bu sənətin təmsilçilərinin
çoxu kişilərdir. Qadınlar şeir söyləməkdə,
nə səbəbdənsə, bir az arxa
planda qalırlar. Amma onların arasında da bu sahədə
seçilənlər, adını tanıtdırmağı
bacaranlar var. Gənc qiraətçi Elvina Dünyamalıyeva
(Rafiyeva) kimi...
Elvina xanımın, adətən, səsini
tanıyırlar. Sosial şəbəkələrdə
qiraətləri geniş yayılsa da, özünü şəxsən
tanıyan insan azdır.
Bu müsahibədə onunla
söhbətləşərək oxucularımıza səsindən,
ifalarından tanıdıqları Elvinanı daha yaxından
tanıtmaq istədik. Söhbətimizə
keçməzdən öncə müsahibimizi qısa şəkildə
öz dilindən tanıyaq:
- Mən
sosial şəbəkələrdə də özüm
haqqında, demək olar ki, heç bir məlumat yerləşdirməmişəm.
Çünki şəxsi özəlliklərimlə
deyil, ifa etdiyim şeirlərlə, seçimlərimlə
önə çıxmağa çalışıram. Bundan sonra da bu, dəyişməyəcək. Ona görə də özüm haqqında o qədər
də məlumat verməmişəm.
1993-cü ildə Quba rayonunda anadan olmuşam, ailəliyəm,
orta təhsilliyəm. Əsas marağım, sevgim
poeziyayadır. Şeir səsləndirməyi
çox sevirəm.
- Nə vaxtdan şeir deməyə
başlamısınız? Qiraətçilik nə
zamandan marağınızı çəkib?
- Təxminən,
beş ildir ki, şeir deyirəm. Ta
uşaqlığımdan şeir mütaliəsini çox
sevirdim. Özü də şeiri bir dəfə
oxumaqla yetinmirdim. Onu dəfələrlə
oxuyaraq hər dəfəsində daha da dərinliklərinə
getməyi, hər misrasını, hər sözünü hiss
etməyi sevirdim. Bir şeiri dəfələrlə,
ta ki, şeirdə nə deyildiyini, şairin nəyi vurğulamaq
istədiyini anlayana qədər oxuyurdum. Hər
şeir deyil, amma bəzi şeirlər olurdu ki, onun dərinliklərinə
endikcə heyrətlənirdim. Bu, məni çox həyəcanlandırırdı
və belə bir istək yaranırdı ki, özümün
bu şeirdə duyduqlarımı, anladıqlarımı, hiss
etdiklərimi ətrafımdakılara da izah edim, şairin demək
istədiklərini onlar da başa düşsünlər. Çünki sirr deyil ki, çoxu şeiri sadəcə
bir dəfə üzdən oxuyaraq keçir, geriyə isə
ilkin təəssürat və anladıqları bir-iki misradan
başqa heç nə qalmır. Buna
görə də qərara gəldim ki, bir özümü
yoxlayım, bəlkə alınar. Beləcə
başladım sevdiyim, seçdiyim şeirləri ifa etməyə.
- Qiraətçi bir növ şairlə
dinləyici arasında körpüdür, əlaqələndiricidir.
Sizcə, şairin hisslərini nə dərəcədə
ötürə bilirsiniz dinləyicilərə?
- Bunu nə
dərəcədə bacardığımı dinləyicilər
deyə bilər. Ancaq xoş sözlər,
razılıq bildirən rəylər çox alıram,
eşidirəm. Bu da yəqin onu göstərir
ki, müəyyən dərəcədə də olsa, bunu
bacarıram. Mənə elə gəlir ki,
kifayət qədər anlaşıqlı şəkildə
şeiri dinləyiciyə ötürə bilirəm. Əgər belə olmasa, qətiyyən o ifamı
paylaşmaram. Çünki özüm də
bir dinləyici kimi çox tələbkaram. Əgər qiraət məni
duyğulandırmırsa, o şeirin hissini mənə
ötürə bilmirsə, onu bir də heç vaxt dinləmirəm.
Eyni zamanda, özüm də istəyirəm və
çalışıram ki, ifa etdiyim şeirlərdə
söhbətin nədən getdiyini, duyğunun şiddətini
qarşımdakına, məni dinləyənə hiss etdirə,
anlada bilim. Öz ifalarımı təbii
ki, öncə özüm dinləyirəm, hətta dəfələrlə.
Əgər özüm o hissi alıramsa, sonra
paylaşıram. Buna sözün əsl mənasında
hədsiz diqqət edirəm.
- Hansı qiraətçiləri
sevirsiniz, kimlərdən öyrənirsiniz?
- Azərbaycanda
tanınmış qiraətçilər çoxdur. Onları əvvəllər dinləsəm də,
qiraətçiliyə maraq salandan və özümdə də
ifa etmək istəyi yaranandan sonra daha çox öyrənmək
məqsədiylə dinləməyə başladım. Xalq artisti Əminə Yusifqızı, Əməkdar
artist Ağalar Bayramov, gənclərdən Xəzər
Süleymanlı və başqalarını dinləyirəm.
Bu sənətkarlardan Ağalar müəllimi
xüsusi qeyd etməliyəm. Çünki
onun ifalarını dəfələrlə dinləyirdim.
Onun ifası mənə daha çox yaxın gəlirdi,
sanki şeir onun səsiylə ürəyimə işləyirdi.
Onu dinləyə-dinləyə özümü
də yoxlamaq istədim.
- İncəsənətə
marağınız necədir? Qiraət
aktyorluqla sıx bağlı sənətdir. İncəsənət Universiteti oxumaq istərdinizmi?
Yoxsa təhsil elə də rol oynamır istedad
varsa?
- İncəsənətə
sevgim elə şeirlə başlayıb deyə bilərəm. İncəsənət
dedikdə gözümün önündə istedadlı
insanlar canlanır. Nə vaxtsa o adlar
arasında, kiçik də olsa, bir yer tutmaq ehtimalı belə
məni həyəcanlandırır. Qismət
olarsa, planlarım arasında bunun təhsilini almaq da var.
Sözsüz ki, təhsil böyük rol oynayır.Təhsil və
istedad bir araya gələrsə, möhtəşəm işlər
görmək qaçılmazdır.
- İlk qiraət etdiyiniz
şeirlə hələlik son qiraətiniz arasında hansı
fərqləri sezirsiniz?
- İlk qiraətimlə bugünkülər arasında
çox böyük fərqlər var. Çünki insan hər
bir işə başlarkən öncə o işdə müəyyən
qüsurları, büdrəmələri olur. Bunlar da zamanla
və təcrübəylə öz yerini tutur. Zaman keçdikcə cilalanıb parıldamağa
başlayırsan. O zaman axınında mən də nələrisə
azaltdım, nələrisə çoxaltdım, nələrisə
ümumiyyətlə, çıxartdım və sonda istədiyim
ifaya gəlib çatdım. Bəlkə bu
gün də hansısa səhvlərim var, müəyyən
şeylər çatışmır, amma bu o demək deyil ki,
sondur. Çünki həmişə
öyrənirik və öyrəndiklərimizi tətbiq etdikcə
daha yaxşı işlər ərsəyə gəlir. Gələcəkdə də belə olacaq.
- Bu sənətdə, adətən,
kişilər daha çox məşhurdurlar. Səbəbi
barədə nə düşünürsünüz?
-
Bilirsiniz, xanımlar onsuz da kişilərə nisbətən
daha duyğusal olurlar və onların ifaları şeirdən
daha çox hüznə, üzüntüyə çevrilir.
Bu da bir az artıq pafosa səbəb olur. İlk başlarda mən də bu problemi çox
yaşadım. Həmin vaxt özümlə
mücadilə dönəmim idi ki, bunu bir kənara atmağa
çalışır, əslində, gərəkdiyi kimi ifa
etməyə səy göstərirdim. Ümumiyyətlə,
hər zaman çalışıram, şeir deyərkən
pafosdan mümkün qədər uzaqlaşım, saxta hisslər
yox, həqiqi duyğular ötürüm. Mənə
bununla bağlı müraciət edən xanım həmkarlarıma
da bildirmişəm ki, əgər siz o şeiri hiss etməsəniz,
misralar, fikirlər sizi duyğulandırmasa, alınmayacaq,
saxtalıq dərhal hiss olunacaq. Fikrimcə,
xanımların bu sahədə kişilərə nisbətən
uğursuzluğunun əsas səbəbi məhz budur.
- Şeir seçiminiz necə
olur?
- Bu, bir az qəribə prosesdir. Məsələn,
mənim məxsusi şeir "qarderobum" var. Şeirləri
toplu şəkildə bir yerdə saxlayıram və vaxt gəldiyi
zaman onları ifa edirəm. Vaxt gəldiyi
zaman deyəndə nəyi nəzərdə tuturam? Tutaq
ki, bir yerdə bir fon musiqisi eşidirəm,
o an ağlıma “qarderobumdakı” şeirlərdən biri gəlir
və deyirəm ki, aha, bax, həmin şeir bu fon musiqisiylə
üst-üstə düşsə, möhtəşəm bir
iş alınacaq. Beləliklə, qərar verirəm
ki, bu gün ifa edəcəyim şeir budur.
- Gənc şairlərin də
şeirlərinə müraciət edirsiniz. Onların
özlərindən şeir təklif edənlər olurmu?
Ya da belə deyək, dostluq xətrinə
şeirini oxuduqlarınız olubmu?
- Bəli,
gənc şairlərdən müraciət edənlər olur. Lakin mən onlara da bildirirəm ki, əgər o
şeirə öz istədiyimi qata bilməsəm, onu ifa etməyəcəm.
O şeiri götürürəm, alınacaqsa, ifa edirəm,
yox, alınmayacaqsa, müəllifə bildirirəm ki, bunu ifa
edə bilməyəcəm, gərək üzürlü
sayasınız.
- Ən çox sevərək,
daha böyük hiss və həyəcanla oxuduğunuz
hansı şeir olub və nə səbəbə?
- Xalq
şairi Ramiz Rövşənin "Qədrimi bilmədi bu adam mənim" şeirini ifa edərkən, həqiqətən,
çox duyğulanmışdım. Bir qadın
olaraq, bir insan kimi çox təsir etmişdi o şeir mənə.
Elə ifamda da xoş reaksiyaya səbəb
olmuş, çox maraqla qarşılanmış, insanlar tərəfindən
də sevilmişdi. Bütün ifa etdiyim
şeirləri sevirəm. Amma o şeirin və
o ifanın yeri mənimçün tamam ayrıdır.
- Bu sənətdən nə vaxtsa
pul qazanmaq üçün istifadə etməyi
düşünürsünüz?
- Qiraətlə pul qazanmağı heç vaxt
düşünməmişəm. Mənə
olub belə təkliflər. Heç qeyd etmədiyim
halda yazırdılar ki, şeiri neçəyə ifa
edirsiniz? Amma başqalarını deyə
bilmərəm, mən bunu qəbul etmirdim. Çünki pulun xətrinə, ödənişlə
şeir götürüb, onu hiss etmədən, duymadan bərbad
hala salmaqdansa, ödənişsiz, öz sevdiyim, bəyəndiyim
və ifa edə biləcəyim şeiri oxumaq, məncə,
daha yaxşıdır.
- Özünüzün də
şeir yazdığınız olub? Ümumiyyətlə,
ədəbi yaradıcılıqla aranız necədir?
- Ədəbiyyatı çox sevirəm. Həmişə bəyəndiyim
əsərlər məni təəccübləndirir: bir insan
necə bu sözləri yaza, bu duyğu selini yaşaya bilər
deyə. Bu mənada ədəbiyyat məni
sözün əsl mənasında həyəcanlandırır.
Özüm isə qiraətə başlamadan
öncə şeir yazırdım. Sonradan
yazmadım.
- Bəs niyə davam etdirmədiniz
şeir yazmağı? Öz şeirlərinizdən
səsləndirdikləriniz olub?
- Öz
yazdığım şeirlərdən də səsləndirmişəm.
Şeir yazmağı ikinci plana keçirmişəm
desəm, daha doğru olar. Yəni bəzən
cızma-qaralar edirəm. Lakin bunu daha mükəmməl
şəkildə icra edən yoldaşlar olduğu
üçün mənə də onlara səslə can vermək
düşər deyə düşünürəm.
- Təkcə şeir səsləndirirsiniz,
yoxsa nəsr - nağıl, hekayə və sair də səsləndirməyə
marağınız var?
- Bu
gün üçün sadəcə şeir. Lakin
bu, başqa işlər olmayacaq anlamına gəlməsin.
Dəyişiklikləri sevirəm, olması
üçün də əlimdən gələni edirəm.
Əgər məni dinləməyi sevən bir
toplum varsa, niyə də olmasın ki.
- Audio kitablar son zamanlar daha çox dəbdədir.
Sizə belə bir müraciət olubmu audio kitab
üçün əsər və ya şeirlər səsləndirəsiniz?
Olarsa, cavabınız necə olar?
- Xeyr,
olmayıb. Olarsa, təbii ki,bu barədə
düşünəcəm. Məncə, ortaya
çox maraqlı və eləcə də sevilən işlər
çıxar. Bir həqiqətdə var
ki, kitab səsləndirməklə şeir səsləndirmək
arasında fərq böyükdür. Bu, nə
dərəcədə mənim üçün doğru olar və
ya nə dərəcədə gözəl alınar bunu demək
hələ ki, tezdir.
- Demək olar ki, sosial şəbəkələrdən
tanınmısınız. Bu mənada sosial şəbəkələrə
münasibətiniz, yəqin ki, yaxşı olar...
- Sosial
şəbəkələrdən İnstaqramın aktiv istifadəçisiyəm.
Elə ən çox da orda tanındım.
Yutubdan istifadə edirəm. Hələ ki,
orada çox
aktiv olmasam da, gələcəkdə daha da genişləndirəcəyəm.
- Dinləyicilərdən şeir istəkləri
olur? Nəzərə alırsınızmı?
- Dinləyicilərin
istəkləri hər zaman olur. Bacardıqca nəzərə
almağa çalışıram. Hətta
çox vaxt özüm müraciət edirəm ki, növbəti
dəfə nə cür bir şeir istəyərsiniz və ya
kimdən oxuyum və sair. Ya da olur ki, bəyənmə
sayına baxıram, ən çox hansı istəklər,
hansı tələblər var deyə. Adətən,
bu cür davam edirəm. Çünki dinləyicilərin
istəkləri, fikirləri mənimçün çox
önəmlidir.
- Nə vaxtsa qiraət etdiyiniz
şeirlərdən ibarət disk buraxmağı
düşünürsünüzmü?
- Əlbəttə.
Tədricən bu işi daha professional hala gətirmək və
gələcəkdə özümçün yadigar olaraq bir
disk şəklində toplamaq, bəlkə də klip şəklində
müəyyən işlər görmək planlarım var. Sağlıq
olsun, gələcəkdə hamısını həyata
keçirməyə çalışacağam.
MEHRİ
525-ci qəzet.- 2020.- 20 may.- S.24.