"Altıncı hiss"

 

Bağışlama gedəni, çünki ən böyük haqqı

nahaqla dəyişmisən.

Səni kitab edəni sənə xitab edənə

haqla dəyişmisən?

 

Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki,

yar atmış ola bilməz.

Sən ayrısan, mən ayrı, ikimizi bir Tanrı

yaratmış ola bilməz.

 

Sən ki gündüz getmisən, məcburam ki, gündüzə

gecə deyim, əzizim.

Səni alana baxıb "səni verənə şükür" necə deyim, əzizim?

 

Bu sevda sevdadır, əvəzimə kor olub

məni yenə görməzlər.

Saçın ucun da hörsəm, gülü sulu da

dərsəm, səni mənə verməzlər.

 

Altıncı hissim susub, saat beşdə gedən qız,

dörd fəsildir itmisən.

Üç illik məhəbbəti iki gündə unudub

bir dəfəlik getmisən...

 

"Sənsizliyin baş hərfi"

 

Körpülərin yıxıldı, sən onu səhvlərindən

keçə-keçə unutdun.

Dünən ayaqlarına qaça-qaça sevirdin,

içə-içə unutdun.

 

O da səni unutdu, gedənlər ayrılığın

adını qismət qoyar.

Həyatdı da, gün gələr, xətrinə can qoyduğun

ətrinə həsrət qoyar.

 

Elə gözəl gedər ki, göydən düşən hər ulduz

gedəninə bənzəyər.

"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan

bədəninə bənzəyər.

 

Sənsiz edə bildi, gözlərinin yaşını

qurutdu, qurutmadı?

Daha sevməkdən keçib, ləçəkləri qopar, de:

"unutdu, unutmadı..."

 

Ya da bəlkə, hələ səni unuda bilmir

unutduğun həmin qız.

Kitabın arasında çiçəyin əvəzinə

qurutduğun həmin qız.

 

"Axır qəmim"

 

Səni seçən mən idim, özün seçən oğlanı

gözün kimi sevirsən.

Həyatdı da, əzizim, dünən kimi sevirdin,

bu gün kimi sevirsən...

 

Gözlərimiz danışdı, gözlərimin yağışı

gözlərinə dolmadı.

Təsəllilər axışdı, axır qəmim olan qız

axır mənim olmadı.

 

Gecələr danışmır, içə-içə ölmüşəm

gecənin ortasında.

Küçələrdə böyüyüb səni necə itirdim

küçənin ortasında?

 

Gözüm çəkilmir izdən, gəlmirsən, daha gəlmə,

saat heçə sən qalıb.

Dağ boyda eşqimizdən geriyə iki kəlmə

salam, necəsən qalıb.

 

Necə şeir gətirmir könlümdəki pərilər,

yoxsa, mənə qarşıdı?

Gecə xeyir gətirmir, gecənin xeyirindən

sənin şərin yaxşıdı.

 

"O qədər uzağıq ki..."

 

Nəfəs alıb dərindən ötüb keçən ayıma,

ilimə inanmışam.

Göz-qaşını görəndən qaşla göz arasında

ölümə inanmışam.

 

Gözlərimi zilləyib baxırdım uzaqlara,

sənsə getdin yağışla.

Sən yağışı sevirsən, güvəndiyim dağlara

qar yağarsa bağışla...

 

Canına od qoyduğun yoxluğunda Tanrını

Gözüylə zikr eylədi.

Tanrı səni yaradıb əlini göyə açdı,

Özünə şükr eylədi.

 

Gecə-gündüz demədən gözlədim ki, gələsən,

gəlməmisən hələ sən.

Tələyə düşmək arzum, çünki mənə tələsən,

mənəm sənə tələsən.

 

Ümidimə qar yağa, qardan həyat düzəldim,

dizi keçincə qayıt.

Sol qolumu dişləyib sənə saat düzəldim,

izi keçincə qayıt.

 

Gülümsəmir birinə sən gedəli gözlərim,

mənimlə üz-göz oldun.

Gülüm, sənin yerinə o qədər ölmüşəm ki,

artıq ölümsüz oldun.

 

Ay bəri bax, bəri bax..Mən tərəfdə od yanır

Kül olmağa hazıram.

Tanrının iki əllə yaratdığı qadını

Mən tək əllə yazıram.

 

Üzməyimi bilmirik, niyə bizi dərd boğur,

içimizdə kin yatır?

O qədər uzağıq ki, sən tərəfdə gün doğur,

mən tərəfdə gün batır...

 

"Məktub"

 

Sonuncu məktubunda düzü, gözlədiyimdən

bir az da çox yazmısan.

Getdiyin gün evimdən var, yox aparıb

" var, yox?" yazmısan.

 

Gecəm-gündüzüm olmur, gündüzlər oxuyuram,

gecə yata bilmirəm.

Məktubdu da, neyniyim, atsam, ata bilmirəm,

satsam, sata bilmirəm

 

Elə ağır yazmısan, gözümün gücü çatmır

bir az nəzər yetirsin.

Elə ağır yazmısan, quşların gücü çatmır

məktubunu gətirsin.

 

Məni yerə yıxmısan, barı, insafın olsun,

yanımdan keçmə, qaldır.

On bir il yazdıqlarım on bir sətir məktubun

yanında heçnə qaldı.

 

Məktubu bitirəndə kağızlarda yaşayan

qadını sığalladım.

Elə çarəsiz idim, məktubun sonundakı

adını sığalladım...

 

"Ağac"

 

İncimədi kağızım, indicə bir qələmlə

incidəni yazıram.

Həyatdı da əzizim, bir vaxt sənə yazırdım,

indi səni yazıram.

 

Həsrət bükdü belimi, barı, yanımda qalsan,

cəhənnəm, dik olardım.

O qədər ağlamışdım, kirpiyim oruc olsa,

cəhənnəmlik olardım.

 

Alnımda bir ləkə var, səbəbi , sirri ,

bəlkə bir tikə qaldım?

Alın yazım sən idin, tanrı səni pozanda

yerində ləkə qaldı.

 

Ağaca səni yazdım, yağış yerə düşdükcə

göyə buxarı qalxdı.

Hər ağac böyüdükcə ağacdakı adın da

bir az yuxarı qalxdı.

 

Qızarmış gözlərim adını çəkə bilmir,

çünki səni unutdu.

Üç dəfə qapımı döy, dördüncüdə açmasam,

bil ki, səni unutdum...

 

El Roman

 

525-ci qəzet.- 2020.- 20 may.- S.23.