İt kimi sevə bilməmək...
Laçının
işğalından 28 il ötür
"İt
kimi qorxmaq". Bu ifadə dilimizə hardan və necə
keçib bilmirəm, amma demək olar, bütün bölgələrimizdə
qorxunun ən yüksək həddi anlamında işlədilir.
Hətta gənc nəsil şairləri bu yazıq, heç nədən
xəbərsiz itdən fərqli məqsədlərə də
istifadə edirlər. “İt kimi darıxmaq”, “it kimi susamaq”
kimi ifadələri poetik hesab edib şeirlərinə də gətirirlər.
Əslində,
sıradan, mənasız bənzətmədən başqa bir
şey deyil. Biz uşaq olanda bu "it kimi qorxmaq" ifadəsinin
nə zaman işlətsək, atam dərin köks ötürər,
hətta elə ah çəkərdi ki, anam “ahın
dağlara” demədən dura bilməzdi. Uşaq idik, bu mənasızlığa
bir məna verə bilmirdik, sözün açığı,
heç buna çalışmırdıq da. Günlərin
bir günü nə olmuşdusa, bu söhbət yenidən
açıldı və atam eyni səhnəni dərin
üzüntü və təəssüflə yaşayanda
dözmədim. Biz atamızı mərd kişi bilirdik.
Qorxmaz, cəsur adam idi.
Hərdən
düşünürdüm ki, belə cəsur biri bizim kimi hər
şeydən qorxan, həm də it kimi qorxan oğulları var
deyə, dağları-daşları sızladan ah çəkir,
pis olur. Düşünmək isə içimi
parçalayırdı. Səbəbin soruşmalı idim və
soruşdum. Adi bir sözə verdiyi yersiz reaksiyanın, çəkdiyi
ahın, tökdüyü göz yaşının səbəbini
soruşdum. Kaş ki heç soruşmazdım. O günə
kimi xəyallarımda canlandırdığım,
hamının atasını döyər deyə, fikrəşdiyim
adamın qorxaq olduğunu, hətta itdən belə qorxaq
olduğunu öyrəndim.
Həmin
gün atama da nəsə olmuşdu. Sanki, göz
yaşlarına rəğmən danışmaq,
danışdıqca qorxaqlığını hər kəsə
bağıra-bağıra etiraf etmək istəyirdi. Atam o gün yenidən bir ah çəkdi
və sözə başladı:
- 1992-ci
ilin may ayı idi. Laçına hər tərəfdən od
yağırdı. Orduda xaos, dərəbəylik hökm
sürürdü. Bu dərəbəylik bəyləri dərəyə
yuvarlamış, gədələri təpəyə
qaldırmışdı. Laçın
laçınlıların sağalmaz yarasına çevrilirdi.
Göz görə-görə dəbə-baba
torpaqlarımız, doğulub boya-başa
çatığımız bu yerlər əlimizdən
ömür kimi süzülüb gedirdi. Heç nə edə
bilmirdik. Əlimizdən heç nə gəlmirdi. Elə
canımızı da yandıran bu idi – heç nə edə
bilməmək. Amma yox, bir yol var idi. Ən asan yol da o idi, ən
çətin də. Biz isə asanlqla ən çətin
olanı seçdik, qaçdıq. Ana dediyimiz yurdumuzu,
anamızı qoyduq qaçdıq. Elə qaçırdıq
ki, Hocaz dağının başına qalxanda birdən
yadıma düşdü ki, itləri
açmamışıq. Geri qayıtmaqda tərəddüd
edirdim. Lakin heç olmasa, son dəfə kişi olmalı
idim, qorxmamalı, geri qayıdıb itlərinin zəncirini
açmalı, elə özümü də onların yerinə
zəncirləməli idim. Hərdən düşünürəm
ki, kaş ki heç qayıtmayaydım. Bəlkə də
qayıtmasam, mənimlə bərabər qaçan
laçınlılara baxar, təsəlli tapardım. Amma mən
qayıtdım. Hocaz yalının başından geri
döndüm və itləri zəncirdən açdım. Elə
nə oldusa, bundan sonra oldu. Nə illah elədimsə, o itlərdən
biri də arxamca gəlmədi. İtlər bizdən cəsur
çıxmışdı. Qaçmaq yerinə, ölməyi
gözə almışdılar. Biz isə qorxmuşduq. Amma it
kimi qorxa bilməmişdik. Biz heç it kimi ölə də
bilmədik. Arxamıza belə baxmadan qaçdıq. Elə
qaçdıq ki, adımızı qaçqın qoydular. O
zirvəli dağlarda ən adi qonağına quzu kəsən,
bir quzu ilə doymayan laçınlılar yardım növbəsinə
düzüldülər. Siz siz olun, bir də mənim
yanımda it kimi qorxmaqdan danışmayın.
Danışırsınızsa, it kimi sevməkdən
danışın, it kimi ölməkdən danışın,
amma it kimi qorxmaqdan danışmayın. Qorxaq varsa, o da bizik, mənəm.
Səddam LAÇIN
525-ci qəzet.-
2020.- 20 may.- S.23.