"Rəsul Rza sənəti ədəbiyyatımızda
yeniliyə açılan nəfəsdir"
ƏDƏBİYYATŞÜNAS
CAVANŞİR YUSİFLİ İLƏ YAZIÇI
ŞƏRİF AĞAYARIN XALQ ŞAİRİ RƏSUL RZANIN
YARADICILIĞI HAQQINDA SÖHBƏTİ
Mayın 19-da Azərbaycan ədəbiyyatının
böyük nümayəndəsi, Xalq şairi Rəsul
Rzanın anadan olmasının 110 illiyi tamamlandı.Hər
zaman bədii dəyərini, ədəbi
aktuallığını qoruyub saxlayan Rəsul Rza
yaradıcılığı bu yubiley günlərində də
fərqli yönləri, üstün poetik keyfiyyətlərilə
diqqət mərkəzindədir. Ədəbiyyatşünas
Cavanşir Yusifli ilə yazıçı Şərif
Ağayarın bir müddət öncə kulis.az saytında
yayımlanmış bu söhbətində Rəsul Rzanın
poetik irsi, sənətkarlığı ilə bağlı bir
sıra maraqlı məqamlara nəzər salınıb.
Həmin söhbətin
şairin yaradıcılığına birbaşa aid olan ən
mühüm hissələrini bu yubiley münasibətilə
oxucularımıza təqdim edirik.
- Azərbaycanda modernist şeir... Sizcə,
bu, hardan başlayır? Yadımdadır, son illərəcən
belə bir mübahisə vardı ki, bizim şeirdə
modernizm Mikayıl Rəfilinin məqalə və şeirlərindən
başlayır. Ancaq Rəsul Rza tərəfdarları bunu qəbul
etmirlər...
- Bəli,
elə bir yüngül mübahisə olmuşdu və zənnimcə,
yersizdir. Modernizm lokal yox, qlobal bir hadisədir.
Bu, sadəcə texniki məsələ deyildir.
Ədəbiyyatda məna
axtarışlarının daha dərinlərə işləməsi
üzdə gördüklərimizi alt-üst edir, dəyişdirir.
Bədii mətnlər zamanla dəyişir, bir tərəfdən
zamanın nəfəsi onu sıxır, digər tərəfdən
düşdüyü ərazini genişləndirir, bəzən
lap tanınmaz hala düşür, bu səbəbdən, məsələn,
Nizami Gəncəvinin hər hansı əsərinin filoloji tərcümələri
arasında yerlə-göy qədər fərq də ola bilər.
Təqribən
belə: kitabı oxuyursan, qaldığın yeri
qatlayırsan, qayıdanda görürsən ki, hər şey
dəyişib... İnsan hisslərinin dəyişməsi mətnlərə
güclü və qarşısıalınmaz təsir eləyir,
mətn özünə, içinə doğru
sıxılanda mahiyyəti, mənanı çox orijinal şəkildə
nümayiş etdirir, dediyim ərazi genişlənəndə
paralel mənalar "tarlasını" görürsən,
göz işlədikcə uzanır. Həm də
konkret mənanın işlənmə tarixi yaddaşın
ekranında nümayiş etdirilir. Modernist ədəbiyyat,
poeziya səsə qədər sıxılır, yəni dərinləşir,
"çılpaq sözlər" mənanı orijinal
biçimdə nümayiş etdirir.
Elə
mütəxəssislər var ki, Azərbaycan ədəbiyyatında
modernizm və postmodernizmin olmadığını iddia, həm
də "sübut" edirlər, sırf texniki səbəblərə
görə... Bu, hardasa hesabdar işinə bənzəyir.
"Filan şey olmalıydı, niyə yoxdu,
yoxdusa, demək danışmağa dəyməz". Ancaq Nizami Gəncəvinin əsərlərini tərcümə
elədikdən sonra Rəsul Rza, Səməd Vurğun və
Süleyman Rüstəmin yaradıcılığında
baş verən daxili təbəddülatlara baxın. Əsas mənadı, dərinlərə işlədikcə
onu "görmək" çətinləşir, sənin
üçün şərait yaranır ki, onu bütün
varlığınla hiss edəsən, görmədən təsəvvür
eləmək obrazı qavramağın yolunu dəyişdirir.
Şeirin içindəki qüssə,
yüngülcə sezilən kədər əslində, bədii
mətnin dərinliyində oynayan mənanın, mətnin təqdim
etdiyi yeni ideyanın yolunu kəsmir, əksinə, onun həssaslığını
daha qabarıq göstərməyə xidmət edir. Köhnə nəsə çıxıb gedəndə
yanıq yeri qalır, yeni olana qarışıb, orada qüssə,
kədər izləri buraxır.
Yəni köhnə forma aradan çıxsa da, onun
dilinin altında qalan sözlər danışmaqda davam edir. Baxın, Nazim
Hikmətdə klassik şeirin "kədəri" necə
ifadə olunur.
Mən məni bir daha ələ
keçirsəm,
Abi-həyat içirsəm, demirəm...
Yaxud Rəsul
Rzada:
Sevdim Səni:
Tarlada sıx sünbül kimi,
Düşmən nizələrini
yaran,
Qanlı cəbhələrdən
yaralı dostunu çıxaran
Vəfalı bir atı sevən
kimi.
Sevdim səni həyatı
sevən kimi.
Sevdim səni:
Eşqinin atəşli isitmələrilə
Aylı gecələrdə səni
Yuxudan oyandıran
Dilinə şirin gələn
Kölgəsində ruhun dincələn
əziz bir ad kimi.
Sevdim səni həyat kimi.
Sevdim səni:
Bəşər oğlunun
Xülyasında yaşayan,
əsrlər boyu insan beynini qaşıyan
uçmaq xülyası -
qanad kimi
sevdim səni həyat kimi.
Mikayıl
Rəfili, şübhəsiz ki, böyük alim, tədqiqatçı
və tərcüməçi idi. Həm də
şair. Nazim Hikmət necə yazmışdı:
şair ola bilərdin, professor oldun. Amma
böyük alim, bir məsələyə ən müxtəlif
yönlərdən baxa bilən hərtərəfli filoloq!
- Belə bir fikir də var ki, Rəsul
Rza Səməd Vurğunla rəqabətə dözmək
üçün yenilikçilikdən sadəcə istifadə
edirdi...
- İllər ərzində gedən prosesin bu şəkildə
ümumiləşdirilməsi gülüş doğurur.
O, Səməd
Vurğunla rəqabət aparmırdı, yeni şeir və ədəbiyyat
uğrunda mübarizə aparırdı, bu məqamda "Səməd
Vurğun məktəbi" ilə kəsişmələr
olurdusa da, bu mübarizə rəqabət çərçivəsinə
girmirdi, əksinə, yeni düşüncə və
forma-üslub axtarışlarına gətirib
çıxarırdı. Hər iki cəbhədə.
Birində zəif, o birində çox
güclü. İndi də nəticələr
göz qabağındadır.
- Söz yox ki, o, mütərəqqi
qələm adamı idi və bütün fəaliyyəti ilə
ədəbiyyatda yeniliyin tərəfindəydi...
-
Bütün yaradıcılığından
görünür bu. Mürtəce olsaydı, bu gün ondan bəhs
etməzdik. Azərbaycan ədəbiyyatı
tarixində, xüsusən sovet dövrü ədəbiyyat
tarixində Rəsul Rza qədər ədəbi anlamda inadkar
ikinci sima tapmaq qeyri-mümkündür. Yəni
düşünüb gördüyü yolu
qarış-qarış inşa etmək, özü də
keçmişin bütün gözəl nəsnələrinə
xələl gətirmədən, onlarla uğurlu sintezə
nail olmaq uğrunda çarpışmaq. Əslində,
Rəsul Rza sənəti Azərbaycan ədəbiyyatında
yeniliyə açılan bir nəfəsdir, ikinci "Axundov
işidir". Bunu belə izah eləmək
olar ki, sən sırf texniki improvizasiyalardan vaz keçib daxildən,
qəlbin bəlkə ən dəruni döyüntüləri
ilə milli ədəbiyyatın ruhu ilə təmasa girirsən,
ya da buna çalışırsan, məqsəd onu mahiyyətcə
davam etdirməklə ondan yerlə göy qədər fərqlənən
mətnlərin yaranmasına yön verməkdir. Təkrar
edirəm: yön vermək! Bu, əbədi
missiyadır. Rəsul Rza bu mənada həm də ədəbi
impulsdur, bəlkə özü səni məcbur edir ki, onu
inkar edəsən, ondan uzaqlaşıb nişan
verdiyi özəlliklərə doğru gedəsən. Rəsul Rzanın ilk şeirlərinə, həm də
hecayla yazdığı mətnlərə baxın. Fərqli
rayihə və təravət var. Məlum ənənə
çərçivəsində mətn, intonasiya modelləri
"başqalaşır", küy, gerçəklikdəki
küy misra-misra azalır, qayçılanır, qafiyənin fəlsəfəsi
başqalaşır. Onun məlum şeirindən bir misraya diqqət
edin: hər yazılan şeir deyil... Bunu
özü də bilirdi. Məqsəd eyni,
yaxud oxşar templərdən uzaqlaşmaq və bunu təlqin
etmək idi. "Ərk qalası" şeirinə diqqət
edək:
Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan, torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə - yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının
altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə
keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır
keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən
bir örtük çəkdi
torpağı qoruyub,
torpaqda dincələn
cənazələrə.
Şeiri oxuyursan, hərəkətin (intonasiyanın təlqin
etdiyi hərəkətin - !) nəfəsini hiss edirsən, hənirini
duyursan. İdeyanın, metaforanın libası çox fərqlidir.
Əşyanı hiss etdirmək keyfiyyəti tam fərqlidir. "Təbrizim" şeirində başqa bir hissetdirmə
mexanizmə təqdim edilir. Rəsul Rza
tonu, səsin trayektoriyasını fərqli biçimlərdə
əks etdirirdi, bəzən adi danışıq dilinin
ladına düşürdü. Pafosdan uzaq
nitqin içindəki sehrin bədii mətnə gəlişi
çox maraqlı eksperimentlərə yol açırdı.
Hansısa araşdırmada oxumuşam: şeirdən məqsəd
hansısa duyğunu ifadə etmək deyil, onu
çatdırmaq, davam etdirməkdir, yəni həmin bu
şeirdə olduğu kimi, ömrünü uzatmaqdır.
- Onun "Kərkük
bayatıları" kitabına yazdığı ön
sözü oxuyanda heyran qalmışdım.
Açığı, Rəsul Rzanın xalq dilini bu qədər
incəliklərinə qədər bildiyini, duyduğunu
düşünmürdüm. Şeirlərində də bunu
hiss etməmişdim. Həmin ön söz
fikrimi dəyişdi.
- Bəli,
xalq dilini, klassik ədəbiyyatı, klassik formalaraı
çox mükəmməl şəkildə bilirdi. Müharibə illərində əsgərlərin cəbhəyə
yola salınma mərasimində bədahətən əruzda
şeir demişdi. Səməd Vurğun
heyran olmuşdu. Bir var, bildiyin şeyi
yazmaq, bir də var, bildiyindən fərqli şeylər yazmaq.
Fərqli düşüncə tərzidir, yəni
həm də naturayla bağlı bir məsələdir.
O ki qaldı dil məsələsinə, deyək: bizdə dili
çox gözəl olan nə qədər şair,
yazıçı var, ancaq mətləb, ideya yoxdu, sadəcə
bezdirici "gözəl dil var".
- Bəs praktikada yeni şeiri necə
göstərə bilirdi? Bütün hallarda praktika çətin
olur...
- Rəsul Rza sadəcə sərbəst şeir
yazmırdı, şeirdə fərqli dünyaduyum və
dünyagörüşünü ifadə edirdi. Dediyimiz kimi, o, mükəmməl
şəkildə əxz etdiklərindən çox fərqli
şeylər yazmağa çalışırdı və buna
əksər halda nail ola bilirdi. Yazdığı mətnlərdə bu gün (elə
zamanında da!) adi görünən çox şeylər var,
ancaq onun sənəti keyfiyyət və xasiyyətcə fərqlənirdi,
misralarda və misralar arası boşluqlarda impressionist
düşüncə tərzini görməmək
mümkün deyildi. "Tac Mahal"a
həsr etdiyi şeirə baxın. Başqa bir
şeirində günəşin qırıq-qırıq
çaylaq daşları üzərində əksindən bəhs
edir. Günəş necə parçalanıb,
çiliklənib bu daş parçaları üzərində
paylanır, sonra necə bütövləşir, kiçik bir
mətndə hisslərin axını hansı incə
nüanslarla ifadə edilib... "Əl vurma, rənglənib..."
Bu da var. Ancaq əvvəlcə: "Gördüyümüzdən
artıq görmək istəməsək, hər rəng adicə
boyadır..." Bu mətnlərdə ənənəvi
şeirin bitdiyi, nöqtənin qoyulduğu yerdən təzə
mətləb başlayır. Ərazinin bu
şəkildə böyüməsi, genişlənməsi
dünya poeziyasına inteqrasiya məqsədi daşıyır.
Rəsul Rza poeziyası haqqında
"missiya" ifadəsini biz daha çox bu mənada işlədirik.
"Rənglər" silsiləsi haqqında
"mücərrəd, abstrakt" sözlərini işlədirdilər,
düz deyirdilər. yeni bir şeyə
avtomatik, düşünülməmiş cavab qismində. Yəni
bu şeirləri yazmaqda məqsəd konkret rəngi təsəvvürdə
canlandırmaq deyildi, rənglərin doğurduğu hissləri
yoxlamaq, şeir boyunca davam etdirmək, insan hisslərinin
subyektiv sferasından vaz keçib "dəruni məni",
dərinlərdəki mənanı kəşf etmək...
gerçəkliyi vurub-çıxmaq, onu ötmək qəsdini
daşıyırdı. Bədii mətnlərdə
üzdə olan hisslər artıq tapdaq edilmiş,
"avtomatik rejimə" keçmişdi, bütün
bunlardan vaz keçmək naminə ilk olaraq rənglərdən
başlamaq əbəs deyildi.
... Cansız barmaqlar arasında
Sönmüş siqaretin uzun
külü.
Vağam güllər -
selafona bükülü.
Boş günlər, boş ürəklər.
Həm elə, həm belə adam,
Vərdişlə könülsüz
gülüş...
Yəni
bunlar "mən şeirdə nöqtə, vergül
qoymuram", yaxud hipermodern tərzdə yazılan
"anlamsız şeir" deyildi, yuxarıda
vurğuladığımız kimi, ürəyə qədimlərdən,
"arxaik keçmişdən" süzülən səslərin
yeni çağda ifadəsi idi... Məncə,
şairi, onun böyüklüyünü bu məlum
ülgülərlə ölçmək olmaz. Rəsul Rza bir missiyanı yerinə yetirirdi, o missiya
hələ də bitməyib. Konkret, "Rənglər"
silsiləsinə qayıda və söhbətimizi davam edə bilərik.
İndi çoxları baxıb deyə bilər
ki, nə çətin işdi, bu şeirləri mən də
yaza bilərəm. Ancaq bir şey unudulur: sən
başqa, fərqli şeylər yazmalısan. Rəsul
Rza bunu unutmamışdı, qədim ədəbiyyatımızdan
qətrə-qətrə süzülüb gələn
missiyanı sezmiş və anlamışdı.
- O, intonasiya axtarışında
çox olub... Çox axtarıb... Çox zəhmət
çəkib... Ha düşünürəm, bizim şeirdə
Rəsul Rza qədər zəhmət çəkən ikinci
bir imza yadıma düşmür.
-
Razıyam. Bu barədə mən də fikirlərimi dedim. Bir
məqamı da qeyd edim: Rəsul Rza haqqında normal tədqiqat
əsəri hələ yazılmayıb... Onun
haqqında yazmaq çətindir, təhlil, baxış mənasında.
Rəsul Rza yaradıcılığı orijinal
metod, araşdırma üsulunun olmasını tələb
edir. Ədəbiyyat tarxini, müxtəlif,
fərqli axtarış yollarını dəqiq bilməlisən.
- Son olaraq Rəsul Rzanı yeni
dövr oxucularına necə təqdim edərdiniz və
günümüz üçün vacib, aktual olan hansı məziyyətlərindən
danışardınız?
- Rəsul Rzanın şair və düşüncə adamı kimi oxumaq, axtarmaq... Şeirdə baş verən bütün işlərdə bir nömrəli "təqsirli" şairin xəyalıdır. İllər keçir, bu nəsnə onu oxuyan oxuculara hakim kəsilir, xəyal ölmür, çürüyüb getmir, imkan olduqca səninlə təmasa keçir. Bax, onda duyursan ki, bu mətnlər sənindir və heç yadına düşmür ki, filankəs böyük şairdir, yoxsa yox...
525-ci qəzet.- 2020.- 20 may.- S.16-17.