Sabahımıza Rəsul
Rza baxışı
Əsərləri
ilə həmişə gənc, müasir olan Xalq şairi Rəsul
Rzanın 110 illiyi tamam oldu və bu ilimiz həm də unudulmaz
sənətkarın yubileyi ilə əlamətdardır.
Bunu duyurmuş kimi, sanki sözlər
nəğmələrin qanadında onu xatırladır və onun
haqqında yazmağa sövq edir.
Qucağında Xəzərim
yatıb-dincələn Bakı...
Qarı,
çiskin-yağışı
əyri, köndələn Bakı...
Rəsul
Rzanın sözlərinə qoşulmuş bu həzin nəğmə
Bakıya layla çalır sanki və sən də uşaq
kimi ana qucağına sığınırsan. Bakı bir ana
kimi səni qoynuna alır, həzin küləkləri ruhunda
oynayır... Xalq artisti mərhum Şövkət Ələkbərovanın
məlahətli səsində Bakı daha da
doğmalaşır... Bəstəkar Vasif Adıgözəlovun
bu mükəmməl bəstəsini dinlədikdən sonra
mahnının sözləri ömürlük yaddaş dəftərinə
yazılır... Zaman keçdikcə və rüzgar əsdikcə
o nəğmə qəlbində oyanır...
Mən istəyirəm
buludlar ağlasın,
uşaqlar ağlamasın!
- deyən
Rəsul Rza cild-cild əsərləri - şeirləri,
poemaları, hekayələri, pyesləri, tərcümə əsərləri
ilə yanaşı, uşaqları da unutmayıb. Onun bu qəbildən
olan şeirləri ilə yəqin dərsliklərdən də
tanışsınız. Bunu arayıb-axtarmaq üçün
çox da uzağa getmədim. 4-cü sinifdə oxuyan
qızım fərəhlə Azərbaycan dili kitabını
açaraq şairin şeirlərini mənə göstərir.
Dəfələrlə oxuduğum şeirləri bir də yada
salıram... R.Rza balacalara yazdığı şeirlərdə
təbiətin gözəlliyi, xüsusilə heyvanlar aləmi
ayrıca yer tutur... Bu dərslikdə
də, onun "Tülkü", "Fil",
"Ayı" haqqında şeirləri yer alıb...
"Şanapipik" adlı şeiri isə hansısa məktəbə
hazırlıq kitabından yadımda qalıb.
Şanapipik, şanapipik!
Ala-bəzək, qara kirpik.
Üstü-başı zolaq-zolaq,
Balacaboy, nazik ayaq.
Daraq kimi pipiyi var.
Gah cüt olur, gah tək olur,
Onu gendən görmək olur.
Rəsul
Rza "İlkin məktəbə gedir", "Balacaların
təbiət ensiklopediyası", "Cücülər",
"Təranənin oyuncaqları" və sair uşaq
kitablarının müəllifidir. Bu kitablarda toplanmış
əsərlər öz aktuallığına görə bu
gün də yenidən nəşr edilərək
uşaqların ixtiyarına verilir...
R.Rzanın
əsərləri haqqında həmişə yazılıb və
bu yenə davam edir... Hələ ona həsr edilən
saysız-hesabsız şeirləri demirəm... Yəqin
bundandır ki, indiyədək onun haqqında bircə kəlmə
də yazmamışam. Bir yandan da, müəllif uşaqlar
üçün yazdığı əsərləri ilə mənə
daha doğma gəlir... Ümumiyyətlə, ötən illərdə
qələm əhlinin əksəriyyəti uşaqlar
üçün yazmağın nə qədər vacib
olduğunu hiss edərək bu işi sanki özlərinə
borc bilirdilər... Təəssüf ki, indi
yazarlarımızın çoxu
nəinki bu sahəyə yaxın düşür,
uşaq əsərləri ilə maraqlanmaq belə istəmirlər...
Sanki onlar könülləri fəth edən Rəsul Rza və
başqa böyük şairlərimizdən daha mühüm əsərlər
yazmaqdadırlar və uşaq ədəbiyyatına guya
vaxt-macal tapmırlar...
... Gecə qara, durdum
düşündüm bir az
Dedim, nədən ulu çinar
yıxılmaz?
Birdən çinar dilə gəldi
dedi: - Bax!
Bu torpaqda dərindən kök
salaraq,
Hər tərəfə
uzatmışam qolumu,
Övladlarım bürüyüb
sağ-solumu.
Belə məğrur dayanmağa
haqlıyam.
Mən kökümlə bu torpağa
bağlıyam.
Məncə,
Rəsul Rzanın "Çinar"ı söylədiklərimizə
özü bir ayna tutur...
Həmişə
fikri təzə, sözü gərəkli şairimiz,
doğum günün - 110 illiyin mübarək olsun! Bu misilsiz
misralarındakı kimi, mən də, mən də istəyirəm
ki:
Güllər
açılsın,
Güllələr
açılmasın!..
Mina RƏŞİD
525-ci qəzet.- 2020.- 20 may.- S.17.