Tofiq Rüstəmov təmənnasızlığı...
LƏYAQƏTLİ
MÜƏLLİM VƏ XEYİRXAH İNSAN HAQQINDA ÇOX
GECİKMİŞ ETİRAF
1980-ci
ilin isti bir iyul günü...
O vaxt Azərbaycan
Dövlət Universiteti adlanan indiki Bakı Dövlət
Universitetinin idman zalı. Sənəd qəbulu
gedir.
Mən
bir qədər həyəcanla sənədlərimi jurnalistika
fakültəsinə vermək üçün masaya
yaxınlaşıram...
O vaxt
jurnalistika fakültəsinə sənəd verənlər mətbuatda
dərc edilmiş yazılarının surətini də təqdim
etməliydilər. Hərbi xidmətdən təzəcə
qayıtmışdım. Sənədlərimə
Rusiyada hərbi qəzetlərdə dərc edilmiş xeyli
yazı da əlavə etmişdim.
Qovluğumu götürən Bəsirə xanım sənədləri
diqqətlə gözdən keçirəndən sonra
yazılarımı yanında sakitcə əyləşmiş
tanımadığım kişiyə ötürdü. O da həmin yazıları
atüstü gözdən keçirəndən sonra rus dilində
yazılmış yazılardan birini götürüb dedi:
- Bu məqalənin
məzmununu rus dilində danış.
Bu "imtahan" mənim üçün gözlənilməz
olsa da, özümü itirmədim, danışmağa
başladım. Sonra başqa bir məqaləni
götürdü. Onun da qısa məzmununu
danışandan sonra yazıları Bəsirə xanıma
qaytardı və mənim sənədlərim jurnalistika
fakültəsinə qəbul üçün
götürüldü. "Sağ
olun", - deyib zalı tərk etdim.
Amma narahat idim. Bu yazılara baxan kişi kim idi? Mənim rus dilində biliyimi nə məqsədlə
yoxlayırdı? Axı hələ qarşıda iki
yaradıcılıq imtahanı, dörd qəbul imtahanı
var idi və mənə qiymət məhz həmin
imtahanların nəticəsinə uyğun veriləcəkdi...
Sənədlərin qəbul edildiyi idman zalını tərk
edib bir kənarda gözlədim. Sənəd qəbul edən
xanımın yanında oturan tanımadığım adam durub harasa çıxanda Bəsirə
xanıma yaxınlaşdım:
- Üzr
istəyirəm, Bəsirə xanım, - deyə bir qədər
narahatlıq və ehtiyatla soruşdum, - burda əyləşən
müəllim kim idi? Mənim rus dilində
yazdığım yazılara niyə maraq göstərirdi?
Bəsirə
xanım dedi ki, Tofiq Rüstəmovdur, bizim fakültənin
dekanı...
Kənddən gələn bir abituryentin jurnalistika
fakültəsinin dekanını tanımaması qəbahət
deyildi. Hardan tanıya bilərdim ki?
Sonra Bəsirə xanım yavaşca əlavə etdi ki,
bu günlərdə Mərkəzi Komitənin plenumu olub. Plenumda Heydər
Əliyev ictimai-siyasi mətnlərin tərcüməsi sahəsində
nöqsanlardan danışıb, tərcüməçi
kadrların hazırlığına xüsusi diqqət yetirməyi
tapşırıb. Ona görə sizin rus dilində
biliklərinizi yoxlayırdı, bu, hər halda xeyrinizə
olar...
Doğrusu, bu məlumat xoşuma gəldi. Amma yenə də
düşündüm ki, nə xeyri ola bilər?
Mən imtahandan "kəsilsəm",
qarşısını alacaq? Əlbəttə, yox...
Hər halda universitetin binasını bu fikirlərlə
tərk edib avtobus dayanacağına tərəf getdim. O vaxtlar indiki Elmlər
Akademiyası metrosuna (onda metro yox idi) çatmamış yolun
solunda kitab mağazası var idi. Mağazaya
dönüb Mərkəzi Komitənin son plenumunun
materiallarından ibarət balaca kitabçaya 20 qəpik verib
götürdüm. Elə avtobusdaca Heydər
Əliyevin məruzəsində Bəsirə xanım deyən
hissəni tapdım. Doğrudan da məruzədə
bir abzas ictimai-siyasi ədəbiyyat tərcüməsi sahəsində
olan problemlərə həsr edilmiş, bu nöqsanların
aradan qaldırılması barədə bir neçə
quruma, o cümlədən, universitetə, xüsusən
jurnalistika fakültəsinə bu cür kadrların
hazırlanmasına xüsusi diqqət yetirmək
tapşırılmışdı.
Bu, nədir?
Təsadüf?
Bilmirəm.
İşin düz gəlməyi?
Yenə də anlamıram. Amma onu bilirəm ki,
iş stajım olmadığına görə iki il filologiya
fakültəsinə sənəd vermişəm (o vaxt
jurnaltikaya iki il iş stajı olmayanların sənədləri
götürülmürdü).
Elə
belə... Boş qalmamaq üçün. Və hər ikisində də müsabiqədən
keçməyərək hərbi xidmətə getməli
olmuşam.
Bu, üçüncü cəhddir. Və deyəsən, bu dəfə
qarşımda ilk yaşıl işıq yanmağa
başlayır...
Amma yenə də xüsusi arxayınçılıq
yaranmır. Məni
ilk dəfə görən, təxminən 10-15 dəqiqə
söhbət edən dekanın mənə
nə köməyi dəyə bilər ki?
O vaxt da
sirr deyildi, indi də heç kimə sirr deyil ki, həmin illərdə
ali məktəblərə qəbul zamanı, əsasən, pul işləyirdi.
Deyək ki, hüquq fakültəsinə (elə
o biri fakültələrə də) qəbul edilən 25 nəfərdən
azı 20 nəfəri pul və ya tanışlıq
hesabına daxil olurdu. Qalan 5-6 nəfər, necə deyərlər,
öz gücünə...
Mənim ali təhsil sistemində tanış və ya
qohumum yox idi. Qəbul olunmaq üçün pul vermək
imkanım isə heç yox idi...
Düzdü,
valideynlərim iki il Bakıdan "əliboş"
qayıtmağımdan narahat olub, borc-xərc nəsə eləmək
barədə düşünmüşdülər, amma mən
qəti etiraz etmişdim. Çünki əsas
çətinlik arxada qalmışdı, hərbi xidməti
başa vurmuşdum. Əmin idim ki, bu il
də olmasa, növbəti il qəbul olunaram.
Bununla belə,
dekanın mənə isti münasibəti
ürəyimdə bir arxayınlıq işığı da
yandırmışdı...
Qəbul imtahanlarından əvvəl keçirilən
iki yaradıcılıq imtahanından uğurla keçdim. Yazılı imtahanda "Mənim
ordu həyatım" adlı inşa yazmışdım...
Şifahi imtahana gələndə Tofiq müəllim
yazdığım inşanı - ordu həyatımı bəyəndiyini
hiss etdirmişdi. Şifahi imtahandan da keçdim və qəbul
imtahanları başladı.
İlk iki imtahandan "dörd" almışdım. Artıq şansım var
idi...
Amma
üçüncü imtahan - ingilis dili bir az
narahatlıq yaradırdı. Orta məktəbdə ingilis
dilini fasilələrlə keçmişdim...
İmtahanı iki qadın müəllimə
götürürdü. Bileti çəkdim, cavab verməyə...
cəhd göstərdim. Alınmadı.
Daha doğrusu, özüm də hiss etdim ki,
müəllimləri qane edə bilmirəm. Onlardan biri
soyuqqanlı şəkildə dilləndi:
- Bala,
bilmirsən. Bu dəfə səni "kəsirik",
hazırlaşıb gələn il gələrsən...
Mən nələrsə mızıldanmağa
başladım. Amma neyləmək olardı ki? Bir halda ki, "iki" yazmaq istəyirlər, mənim,
necə deyərlər, şələ-küləmi
yığıb kəndə qayıtmaqdan başqa yolum yox idi.
Və elə
bu vaxt...
İmtahan
otağının qapısı açılır, Tofiq
Rüstəmov içəri girir və müəllimlərdən
biri imtahan kağızımı götürüb
"iki"ni ora həkk eləmək istəyəndə
dekanı görüb deyir?
- Tofiq
müəllim, bu oğlanı "kəsirik". İngilis dilindən zəifdir. Gələn il gələr...
Cəmi bir dəfə 10-15 dəqiqə mənimlə
söhbət eləmiş Tofiq müəllim nə desə
yaxşıdır?
Özünəməxsus
təbəssümlə stola yaxınlaşır, zalda oturan o
biri abituriyentlərin eşitməməsi üçün
yavaşca deyir:
- Niyə
"kəsirsiniz"? Bu oğlan əsgərlikdə
yaxşı qulluq edib...
Mənə olduqca xoş gələn bir jest olsa da,
özüm də çaşdım. Bu nə deməkdir?
Əsgərlikdə yaxşı qulluq edənə
orden verərlər, jurnalistikaya, imtahana, xüsusən ingilis
dilinə bunun nə dəxli?
Sonra Tofiq
müəllim bir az da aşağı əyilib
müəllimənin qulağına, mənim güclə
eşitdiyim, səhv etmirəmsə, belə bir cümlə
dedi: "Oğlanlar az qalıb, rektorun acığı
tutub"...
Bu da mənim xeyrimə olan arqument idi.
Amma hələ gözləyirəm. İmtahan vərəqəm
- taleyim müəllimənin əlindədir...
Bu vaxt həmin
qadınlardan biri qabağıma bir kağız atıb
çoxmənalı şəkildə dedi:
- Bir halda
ki, dekan deyir... Al bunları köçür!
Tələsik sualların qabağında boş
qoyduğum yerləri doldurmağa başladım, Tofiq müəllim
isə otağı tərk elədi.
Mənə bir, necə deyərlər, "itaparan"
"üç" yazdılar. İmtahan
otağını qəribə hisslərlə tərk elədim.
Bu nə möcüzəydi?
Tofiq Rüstəmov auditoriyaya niyə məhz mən cavab
verəndə, daha doğrusu, mən "kəsiləndə"
daxil olmuşdu?
Təbii ki, o qapının arxasında məhz mənim
cavab verəcəyim dəqiqəni gözləyib içəri
girməmişdi.
Bu, bir təsadüf idi.
Amma bunun təsadüf olduğunu bircə mən bilirdim. Və bir də yəqin
Tofiq müəllim...
İmtahan
götürən müəllimlər isə ömründə
bunun təsadüf olduğuna inana bilməzdilər!
Əgər
bu söhbəti imtahan bileti çəkmək
üçün auditoriyada qalan 8-9 nəfərdən (təxminən
bu qədər uşaq qalmışdı) kimsə
eşitmişdisə, onların da bunu təsadüf sayması
qeyri-mümkün idi!
Bu təsadüf
mənim yox, başqa bir abituriyentin bəxtinə
çıxsaydı, təbii ki, mən də bunu təsadüf
saymazdım!
1980-ci ilin yayıydı. Universitetə, elə o biri ali məktəblərə də müəyyən
pul müqabilində tələbə qəbul etdirmək
praktikası geniş yayılmışdı və bunu
hamı bilirdi. Və məhz mən imtahan verəndə dekanın içəri girməsini və "əsgərlikdə
yaxşı qulluq etdiyimi" əsas gətirməsini
heç kim təsadüf hesab etməzdi! Və hamı da
haqlı olardı...
Elə imtahan götürən müəllimələrdən
birinin "Bir halda ki, dekan deyir..." replikası da bunun bariz
təsdiqi idi.
Yəni dekan deyir ki, səni "kəsməyək"!
Dekan tanımadığı bir kənd
uşağına görə bunu niyə deyir?
Təbii
ki, o kənd uşağının ödədiyi pula görə...
Bu mənzərənin
başqa izahı yox idi!
Amma bir mən,
bir Tofiq Rüstəmov və bir də Allah bilirdi ki, belə
deyil!
Onun
otağa girməsi təsadüfdür!
Bir də
həmin anda mənim sadəcə bəxtimin gətirməsi...
Vəssalam.
Dödüncü imtahandan da "dörd" aldım. Qəbul
olunmaq şansım yaranıb, amma hələ də məsələm
sual altındadır.
Artıq qəbul edilənlərin siyahısının
asılmaq vaxtı çatdığından yenə də qəbul
komissiyasına gəldim. Tofiq müəllim də ordaydı.
Dedi hələ siyahı təsdiq edilməyib. Və sonra da əlavə
etdi ki, əgər sən əyani şöbəyə qəbul
olunmasan da, narahat olma, biz səni qiyabiyə götürəcəyik...
Bu da yaxşı xəbərdir. Heç olmasa qiyabi
şöbədə oxuya bilərəm.
Növbəti
gün siyahı asıldı və mən adımı əyani
şöbəyə qəbul olunanların siyahısında
görə bildim...
Kəndə qayıtdım. Valideynlərimə,
yaxın qohumlarıma başıma gələnləri
detalına qədər danışdım.
Nə məsləhət versələr
yaxşıdır?
O kişi sənə yaxşılıq edib, onun
hörmətindən çıxmaq lazımdır!
Necə?
Hansı formada?
Ona
aparıb bir qədər pul vermək... Qəbul
imtahanı üçün tələb edilən miqdarda olmasa
da, yüngülvari hörmət etmək.
Dedim nə
danışırsınız? Mən o boyda dekana pulu harda, necə
verə bilərəm? Bu, mümkün deyil!
Onda növbəti təklif gəldi. Heç
olmasa, bir qoyun kəsək, dərs başlayanda apar ver evinə.
Yenə də yaxın qoymadım. Mən o
adamın evini necə tapım? Nə deyim?
Necə deyim?
Beləcə sentyabrda dərsə gəlib oxumağa
başladım.
İxtisaslar üzrə bölgü olanda Tofiq müəllim
özü məni dərs dediyi tərcümə qrupuna
yazdı.
Beş il müxtəlif təmaslarımız, söhbətlərimiz
oldu. Amma bir
dəfə də olsun nə o, nə də mən həmin
isti iyul günü baş verənlərə
qayıtmadıq.
O, niyə
qayıtmadı, bilmirəm, mən sadəcə, utandım. Nə deyim? Necə
xatırladım?
Oxuduğum
beş il müddətində bu mövzunun
üstünə gəlməyə heç vaxt imkan olmadı.
Sonralar mən "Azərnəşr"də işlədim,
orda ilk kitabım çıxdı. Yadımdadır ki,
kitabın siqnal nüsxəsi çıxanda birinci Tofiq müəllimə
verdim. Kitabın içində təxminən belə bir
cümlə ilə başlayan avtoqraf yazmışdım:
"Jurnalistika fakültəsində mənə yaşıl
işıq yandıran Tofiq müəllimə və s..."
Həmin
iyul gününə görə təşəkkür mənasında...
Çox sonralar, mən "Azərnəşr"də
redaktor olduğum günlərin birində görüşərkən
nəşriyyatda bizim Əliş müəllim Nəbilinin
kitabının çapının niyə ləngiməsi ilə
maraqlandı.
Təxminən belə cavab verdim ki, mən Əliş müəllimin
kitabının çapını tezləşdirmək
gücündə olan adam deyiləm
axı... Sadə bir redaktoram...
Bax onda illərdən bəri narahat olduğum, onunla müzakirə
etmək istədiyim mövzu açıldı. Özü də
Tofiq müəllim açdı.
Dedi ki, qəbul
imtahanın yadındadırmı?
Tofiq müəllim, necə yadımda olmaya bilər?
Və başladım o tarixçəni, ondan sonrakı
düşüncələrimi, qohum-əqrəbanın ona
hörmət etmək barədə məsləhətlərini
danışmağa.
Diqqətlə
dinlədi, arada özünəməxsus təbəssümlə
nələrsə dedi və sonda:
- Müsəllim,
o vaxt bəlkə daha cavan olubsan, anlamayıbsan. İmtahan götürən xanımın "bir
halda ki, dekan deyir..." replikası yadındadır?
- Əlbəttə, yadımdadır, Tofiq müəllim.
- O
replikanın nə demək olduğunu anladın?
- Yüz
faiz, Tofiq müəllim. O demək idi ki, mən sizə pul
vermişəm...
- Bəli.
Amma sən bilirdin ki, belə söhbət yoxdur.
Mən də bilirdim ki, yoxdur, o xanımın nə
düşünməsindən asılı olmayaraq vicdanım
təmizdir. Mən sadəcə,
anlamışdım ki, sən jurnalistika fakültəsində
oxumağa layiqsən, amma hər hansı xırda bir nüans
səni kənarda qoya bilər. Ona görə mən sənə
sadəcə, yaxşılıq etmək istədim...
Sonra əlavə
elədi:
- Mən
universiteti bitirəndən sonra işsiz-gücsüz evdə
otururdum. Günlərin birində Abbas Zamanov məni
çağırıb dedi ki, "Uçitelskaya qazeta"da
iş var, səni tapşırmışam, get işə
götürəcəklər. O vaxt Abbas Zamanov mənə təmənnasız
bir yaxşılıq elədi. O yaxşılığı mən
də sənə etdim. Sən də kiməsə edərsən...
Doğrusu, kövrəldim. Tofiq müəllim bu
söhbəti indi haqq dünyasında olan Əliş Nəbilinin
kitabına qayğı göstərmək kontekstində
açmışdı.
Sonralar
kimlərəsə gücüm çatan qədər
yaxşılıq etməyə çalışdım...
Və Tofiq müəllimin yaxşılığı barədə
yazmaq istədim. Hətta bir dəfə özünə də dedim ki,
yazmaq istəyirəm. Onda Tofiq Rüstəmov
"Kommunist" qəzetinin redaktoru idi.
Dedi ki,
indi yazma, indi mənim vəzifəm var, kimlərsə səni
qeyri-səmimilikdə qınaya bilər. Mən vəzifədən
gedəndən, hətta bəlkə də, həyatdan gedəndən
sonra yazsan, daha təbii olar...
Tofiq müəllim bu dünyadan vaxtsız getdi. 1998-ci ildə...
Dəfələrlə yazmaq istədim, niyəsə
alınmadı. Gah əhvalım o əhval olmadı, gah
yaza bilmədim. Olur belə şeylər.
Amma bu yazı illərdən bəri çiynimdə
ağır bir yük kimi gəzdi. Bu günlərdə hörmətli
müəllimim Akif
Rüstəmov Tofiq müəllimin ad günü ilə
bağlı Feysbukda paylaşım edəndə oturub birnəfəsə
bunları yaza bildim...
O rəhmətliyin
ruhu qarşısında ehtiramımı bildirmək
üçün. Gec də olsa...
Allah başda Tofiq Rüstəmov olmaqla bütün
yaxşı adamlara rəhmət eləsin.
Həyat
yaxşı adamlarla və yaxşılıqlarla gözəldir...
Müsəllim
HƏSƏNOV
525-ci qəzet.-
2020.- 20 may.- S.12-13.