Ozan-aşıq sənətimizi zənginləşdirən sənətkar

 

AŞIQ ƏHMƏD ŞEİRLƏRİNİN JANR MƏNZƏRƏSİNƏ BİR BAXIŞ

 

XX əsr Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi, yarım əsrdən çox müddətdə sazı və sözü ilə aşıq sənəti ənənələrini böyük sədaqətlə yaşatmış, şeirləri və bəstələri ilə Azərbaycan aşıq sənətinin inkişafında böyük rol oynamış, mahnıları bu gün də el məclislərinin yaraşığı olan Aşıq Əhmədin yaradıcılığı janr rəngarəngliyi baxımından geniş əhatə dairəsinə malikdir.

Aşıq Əhməd xalqın gün-güzəranına, ruhuna və ana dilinin incəliklərinə dərindən bələd olduğundandır ki, onun yaratdığı müxtəlif çeşidli şeirlər fitri qabiliyyətə malik bir sənətkarın dəst-xəttini, özünəməxsus poetik nəfəsini əks etdirir. Onun şeirlərində forma və məzmun vəhdəti elə sərrast qurulmuşdur ki, bunların biri o birini üstələyə bilmir, əksinə bu cəhətlər bir-birini tamamlayır.

Sənətkarın yaradıcılıq irsi öz gücünü, qüdrətini xalqımızın qəhrəmanlıq keçmişi, mənəvi dəyərlərimiz, cənnət misallı yurdumuzun gözəlliklərindən almışdır.Yaradıcılığının janr çevrəsi, əhatə dairəsi baxımından bu zəngin poeziyanı iki istiqamət üzrə ayırmaq mümkündür:1) aşıq poeziyasının davamı kimi; 2) klassik poeziyanın davamı kimi. Uzun illər Şirvan aşıq mühitinin sənət ənənələrini yaşadan və uğurla davam etdirən ustad sənətkar bu çətin poetik ehtiyatlardan faydalanmış, dərin məzmunlu, müxtəlif janrlı poeziya nümunələri yaratmışdır.

Aşıq Əhməd şəxsi mütaliəsi sayəsində şifahi ədəbiyyatla yanaşı, yazılı ədəbiyyat və onun görkəmli nümayəndələri ilə tanış olmuş, onları dərindən öyrənmişdi. Onun bu tipli yaradıcılıq istiqamətlərində həm nəsihət ruhlu klassik poeziya, həm də "tənqidi" ruhlu realist şeirin təsirləri görünür. O, şifahi və yazılı ədəbiyyata, keçmişə və bu günə, klassik irsimizə və müasirlərimizə tam bələd olan ustad aşıq və bənzərsiz şair idi.

Yazılı ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif kimi görkəmli simalarının poemaları və lirik şeirləri əsrlərlə aşıqlarımızın yaradıcılığına hopmuş, onların sazında, sözündə, el şənliklərində, toylarda xalqa çatdırılmış, müdrik kəlamlara çevrilmişdir. Təsadüfı deyil ki, bütün yaradıcı aşıqlar kimi Aşıq Əhməd də Nizami "Xəmsə"sinin, Füzuli qəzəllərinin, Xətai və Vaqif qoşmalarının vurğunu olmuş, onlardan bəhrələnmişdir:

Əhmədi eylədin hicran düşgünü,

Hər aşıq ömrünə yazdın beş günü,

Leyli-Məcnun, Fərhad-Şirin eşqini,

Qara torpaqlara qatdın, a dünya

Aşıq Əhməd yaradıcılığında klassik ədəbiyyatdan gələn qəzəl janrı da müşahidə olunur. Bu kimi örnəklər aşığı bir şair kimi də səciyyələndirməyə imkan verir:

Röyada yarım ilə qılmışam ülfət bu gecə.

O zavallım da məni yad edib, əlbət, bu gecə

Nizamidə:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı-nigar gəlmiş idi...

Digər nümunələrdə də qəzəl janrının klassik ədəbiyyatın təsiri ilə yarandığı görünməkdədir:

Məni tənha qoyub,

ey sərvi-sənubər, elə getmə!

İnsaf et, can quşumu eyləyib şikar,

elə getmə!

Bu tipli qəzəllərdə Nəsiminin, Füzulinin təsirlərini müəyyənləşdirmək mümkündür. Məlumdur ki, aşıqlıq funksional, işlək bir sənət sahəsidir. Bu sənət məclislərdə, şənliklərdə, toy mərasimlərində gerçəkləşir. Şirvan toylarında və başqa musiqi, şeir məclislərində muğamın geniş şəkildə yayıldığı məlumdur. Şirvan aşıqlarının söz repertuarına qəzəl janrının daxil olması məhz muğamla bağlıdır. Çünki muğam, əsasən, qəzəl üstündə oxunur. Bu səbəbdən də, Şirvan aşıqlığında qəzəl janrına da yer verilir. Aşıq Əhməd də ustad sənətkar və yüksək təbli şair kimi mükəmməl qəzəl nümunələri yaratmışdır.

Aşıq Əhməd yaradıcılığında yazılı ədəbiyyatla ortaq janrlardan biri də növhələrdir. Məlum olduğu kimi, növhə - Şərq şeirlərində mərsiyəyə oxşar matəm nəğməsidir. 1990-cı il 20 yanvar faciəsi ilə bağlı yazılmış şeirlərdə növhə janrına müraciət olunmuşdur. Aşıq milli faciəyə, haqsızlığa dözməmiş, ona münasibətini kədərli misralarında ifadə etmiş, günahsız "20 Yanvar" şəhidlərini müqəddəs şəhadət simvolu olan "Kərbəla şəhidləri" ilə müqayisə etmiş, bu mücadiləyə də eyni məna vermişdir:

Ayazlı şaxtalı, soyuq havada,

Elan edilməmiş qanlı davada,

On doqquz yanvarı salanda yada,

Gör nə şəhidi-şühadadır, Bakı!

Qətligahı - Kərbibəladır, Bakı!

Aşıq Əhməd yaradıcılığında mərsiyələrə də rast gəlinir. Azərbaycan folklorunda matəm, yas, kədər məzmunlu şeirlərə "ağı" deyilir. Ağıların xalq yaradıcılığında müxtəlif formaları (ağı-oxşamalar, ağı-laylalar və s.) mövcuddur.

Aşıq Əhməd yaradıcılığında mərsiyələrin çeşidli formaları vardır. Bu şeirlərdə daha çox folklor üslubu, xalq mərasimlərində söylənən ağı ruhu duyulur:

Gəl gör Kərbibəladə, nə qandı,

ya Mühəmməd!

Bu sirr Ali əbayə, əyandı,

ya Mühəmməd!

Həyalı Zeynəb balan üryandı,

ya Mühəmməd!

Xeymələrimiz oda qalandı,

ya Mühəmməd!

Gəl gör Kərbibəladə nə qandı,

ya Mühəmməd!

Özün yetiş haraya, amandı,

ya Mühəmməd!

Aşıq Əhmədin mərsiyələri məzmunundan da göründüyü kimi, müqəddəs imamlara, peyğəmbərin nəvələrinin faciəli ölümünə həsr olunmuşdur. Şirvanın şiə mühitlərində keçirilən Kərbəla faciəsinin ildönümünə həsr olunmuş matəm mərasimlərində Aşıq Əhmədin mərsiyələri çox populyardır və mərsiyəxanlar tərəfindən böyük şövqlə oxunur.

Azərbaycan folklorşünaslığında qəbul olunduğu kimi, xalq şeirinin ən geniş yayılan şəkillərindən biri qoşmadır. Qədim şeir şəkillərindən biri olan qoşma, eyni zamanda Azərbaycan yazılı poeziyasında da özünə möhkəm yer tutmuşdur. Aşıq Əhmədin yaradıcılığında 3, 4, 5, 6, 7 bəndlik qoşmalar geniş işlənmişdir. Klassik aşıqlarımızdan Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlının yaradıcılığında da qoşmaların daha çox bu şəkildə olduğunu çox müşahidə edirik.

Tale tərəqqidən salsa insanı,

Atılıb düşməyin nə mənası var?

Bir bulaq gözündən qurusa, onu

Min yerdən eşməyin nə mənası var?

Yüz rənglə naxış vur, min yolla bəzə,

Sabah köhnələcək bu günkü təzə,

Taleyin hökmüylə bağlanan gözə,

Qızıldan çeşməyin nə mənası var?

Hər kəsin taleyi xoş keçsə əgər,

Əyninə bez geysə, "atlas" deyərlər,

Bəxti kəm alimə nadan atsa şər,

İnciyib küsməyin nə mənası var?

Əhməd, el məsəlin gəl eşit sən də,

Daş düşər qürbətə yük əyiləndə.

Zərdən şeş istəyib, yek gətirəndə,

Qovrulub-bişməyin nə mənası var?

Bu dörd bəndlik qoşmada forma və məzmun vəhdətinin nə qədər mükəmməl olduğunu görmək olar. Şeir ustadnamədir, ustad sözüdür, insan və onun taleyi haqqında müdrik kəlamdır.

"Görmüşəm", "Dəyməz", "Eylər", "Eyləsin", "Getdi", "Gəlmək üçündü", "Ola biləydim", "Dilim", "Faydası yoxdur", "Səni", "Mərdi", "Olsun" və s. qoşmaların poetik sistemi mükəmməlliyi ilə klassik aşıq şeirindən seçilmir. Burada təkcə forma sabitliyi yox, həm də tərənnüm olunan ideyanın dəyişməzliyi müşahidə olunur. Yüksək mənəvi dəyərlər, əxlaq, ədəb-ərkan, saflıq kimi etik kateqoriyalar poetik formların içindən, məğzindən keçir. Müdrik kəlamlar, atalar sözü və zərb məsəllərin çeşidli növləri bu janrın qəlibləri çərçivəsinə daxil olur:

Bu sonsuz dünyanın qeylü-qalından,

Hər vərəqdə bir əfsanə görmüşəm,

Çox aşiq möhnətin ruzigarından,

Düşüb çöllü-biyabana, görmüşəm.

Aşıq şeirinin araşdırıcıları qoşma janrınm müxtəlif şəkillərinin olduğunu göstərirlər: qoşayarpaq qoşma, güllü qoşma, təkrar misralı qoşma, qoşma-müstəzad, əvvəl-axır zəncirləmə, ayaqlı qoşma və s.

Qoşayarpaq qoşmaya Aşıq Əhmədin poeziyasında da rast gəlinir:

Əhmədi yandıran, qaçıb yan duran,

Məhəbbət andıran, vüsal qandıran,

Boynunu gəc buran, baxıb göz vuran,

Ceyran duruşuna mail olmuşam.

Qoşma müstəzadın (ayaqlı qoşma) Aşıq Əhməd poeziyasında qoşma-müstəzad şəkli işlənmişdir:

Üzü qara, ağzı pərto, bədniyyət,

Pis danışdın, səndə qan, xəta var ha!

Yelmar kimi ora-bura sıçrama,

Bilginən, qarşında talxa da var ha!

Bir də əjdaha!

Xalq şeirində ən çox işlənən şeir şəkillərindən biri də gəraylıdır. Bəzən buna səkkizlik də deyilir. Qoşma ilə gəraylını fərqləndirən şəkli xüsusiyyət qoşmanın on bir, gəraylının isə səkkiz hecalı olmasıdır. Gəraylı şeir şəklindən istifadə etməyən şair-aşıq demək olar ki, yoxdur.

Aşıq Əhmədin yaradıcılığında gəraylı şeir forması geniş şəkildə işlənmişdir:

Cilvələnib tovuz kimi,

Saldın, ay qız, bəndə məni.

Hicranın yandırıb yaxır,

Ayrılıb gedəndə məni...

yaxud:

Aşıqlıqdır mənim peşəm,

Dəymə, sınar könül şüşəm!

Mən pərvanə, sən nurlu şəm,

Yanmaq üçün közə gəldim.

Aşıq Əhməd gəraylılarında daha çox 3, 4 və 5 bəndliklər müşahidə olunur və sevgi-məhəbbət, öyüd-nəsihət, dünya və insan haqqında fəlsəfi düşüncələr və s. bu kimi məzmun daşıyır. "Gəldim", "Olmasın", "Yalan", "Keçməsin", "Dilbər", "Görünürsən", "İncidər səni", "Nədi", "Yaşadar", "Dəyməsin", "Gəlmişəm", "Səni", "Zərnişan", "Məni" və b. gəraylıların hər biri poetik baxımdan mükəmməldir və klassik nümunələr səviyyəsindədir.

Folklorşünaslıqda müxəmməsin yazılı ədəbiyyatdan aşıq yaradıcılığına keçməsi ilə bağlı flkir mövcuddur. Həm klassik, həm də müasir aşıqların ən çox istifadə etdikləri müxəmməs formaları aşağıdakılardır: "müxəmməs", "orta müxəmməs", "müxəmməs qoşayarpaq", "müxəmməs təxmis", "cığalı müxəmməs", "duvaqqapma", "müxəmməs ustadnamə".

Aşıq Əhmədin yaradıcılığında müxəmməs forması bir neçə şəkli xüsusiyyətləri ilə müşahidə olunur.

Arzum budur bu dünyada,

Hamı mehriban yaşasın.

"Can" desin insan insana,

Şad və xuraban yaşasın.

Hər insanın sayəsində,

Milyon-milyon can yaşasın.

Nə dərd olsun, nə də azar,

Ürəklər cavan yaşasın

Elə ucal zəhmətinlə

Qüdrətini cahan desin,

Əhməd istər yer üzündə

Hamı firavan yaşasın.

"Yaşasın" rədifli bu müxəmməs alqış məzmunludur və xeyir əməlləri tərənnüm edir.

Cığalı müxəmməs:

KİVDF yeni müsabiqə elan edir

Bahardır seyrə çıxıb nazlı yarım

bağda gəlir,

Sanki, bir gül açılıb əbrişim budaqda gəlir,

Gah gülür, gah danışır,

hamıdan qabaqda gəlir,

Tovuz tək cilvələnib gör nə kef,

damaqda gəlir.

Gəl, maralım,

Dərdin alım,

Sor əhvalım,

Gül camalım,

Qurban olum.

Şux dilbərimsən, gülüm!

Təzə-tərimsən, gülüm!

Taci-sərimsən, gülüm!

Gözəl pərimsən, gülüm!

Bəxt ülkərimsən, gülüm!

Qoşayarpaq müxəmməs:

Ay mənim şux maralım,

mah camalım, ağrın alım!

Həyalı pür kəmalım,

əhli halım, ağrın alım!

Əlləri tər xınalım,

top cığalım, ağrın alım!

İqbalım, istiqbalım,

küllü malım, ağrın alım!

A sənə qurban olum,

gör necə bədbindi halım,

Gül, danış, ilham alım,

gah boşalım, gah da dolum,

Şənini vəsf eyləyim,

nəğmə qoşum, saz da çalım,

Rəhm qıl, aşiqinəm,

olma zalım, ağrın alım!..

Aşıq Əhməd poeziyasında müşahidə etdiyimiz janrlardan biri də bayatıdır. Məlumdur ki, bayatı şifahi xalq yaradıcılığının bir janrıdır. Lirik janrdır, 4 misralı, 7 hecalıdır. Bayatılarda atalar sözü, zərb məsəl öz lirik ifadəsini tapa bilir.

Aşıq Əhməd yaradıcılığında "bayatı"ları bir neçə qrupa ayırmaq mümkündür:

"Əzizim" xitabı ilə başlayanlar:

Əzizim, harasıdı,

Sinəm eşq yarasıdı.

Halıma təbib ağlar,

Gör işin harasıdı?!

Bu kimi şəkilləri "bayatı-cinas" adlandırmaq olar.

"Mən aşıq" xitabı ilə başlayanlar:

Mən aşıq, bu da yazdı,

Bu bahar, bu da yazdı.

Yar dedim yağı çıxdın,

Bil, mənə bu da azdı!

Qeyri-müəyyən xitabla işlənmələr:

Yetir karvana məni,

Tapşır sarvana məni.

Gözü yolda anam var,

Göndər Şirvana məni!

Qeyri-müəyyən xitablı bayatılarda Tanrıya, fələyə, sevgiliyə və s. müraciət olunur. Bu tipli bayatılar emosional vəziyyətin, mənəvi-ruhu yaşantıların ifadəsi kimi seçilir.

Aşıq şeirində təcnis adətən üç bənddən ibarət olur. Təcnislərdə qafiyələr cinas sözlər üzərində qurulur. Təcnisin mənası "cinaslar yaratmaq" deməkdir. Təcnisin dodaqdəyməz təcnis, cığalı təcnis, baş təcnis, gedər-gəlməz təcnis kimi 30-a yaxın növü məlumdur.

Aşıq Əhmədin təcnis sənətkarlığı da çox rəngarəngdir. Məsələn, aşağıdakı örnəyə diqqət edək

Nə müddətdir yenə görünməyirsən,

Şükür haqqa, gördüm, a Yəmən səni.

Xəzər sahilində qaş qaralanda,

Bənzətdim günəşə, ayə mən səni.

Şeirdə "a Yəmən", ayə mən" sözlərinin müxtəlif şəkildə birləşməsi ilə cinas yaradılmışdır. Cığalı təcnis:

Yanıram eşqində pərvanələr tək,

Çəkmisən sinəmə bu dağı yar, sən!

Əzizinəm buda yar,

Kəs, doğra, tök, buda, yar,

Səni mən tək sevənə,

Bil ki, azdır bu da, yar!

Məni Məcnundan da betər eyləyib,

Əgər dolandırsan bu dağı yar,

Yenə süzdü, axdı ala gözlərin,

Saldın aşiqi nə hala yar, a yar?

Qırdın ürəyini, aldın canını,

Çıxartdın köksündən yara-yara, yar!

Nümunələrdən də göründüyü kimi, Aşıq Əhmədin yaradıcılığı janr və şəkil baxımından da geniş əhatəlidir. Buraya təbii ki, aşığın "deyişmələri", "hərbə-zorbaları", "qıfılbəndləri" də daxildir.

Aşıq Əhmədin "deyişmə" formasında olan şeirlərində də forma və məzmun mükəmməlliyi özünü təsdiqləyir və varisi olduğu klassik Azərbaycan aşıqlığını layiqincə təmsil edir.

 

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı

Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

525-ci qəzet.- 2020.- 22 may.- S.13; 15.